Cəlaləddin Rumi deyəndə onun dünya ədəbiyyatı xəzinəsinə bəxş etdiyi "Məsnəvi"si ilk öncə göz önünə gəlir. Rumi Nizami Gəncəvidən sonra XI-XII əsrlər Şərq intibahının yetirdiyi Nizami ədəbi məktəbinin davamçısı ən böyük simalarından biri olub, fəlsəfi düşüncələri poetik yaradıcılığında təcəssümü bədii sözün yüksək emosional ifadəsi ilə tərənnümündə vəhdət təşkil etmiş, teologiyası Aristotel, Platon kimi dərin və bəşəri səciyyə daşımış, mövzu zənginliyi, poetik formalarının kəsb etdiyi novatorluğu ilə seçilmişdir.
"Məsnəvi" C.Ruminin sufi təlimlərini əks etdirən, bir sıra dillərə tərcümə edilən və geniş yayılın əsəridir. Burada bitkin süjet və struktur olması da əsər poetik forma və məzmun baxımındın vəhdət təşkil edir.
"Burada əsəri hərəkətə gətirən səbəb, onun canlılığını həmişəyaşarlığını təmin edir: azadlıq-fikir, ruh azadlığı, ifadə azadlığı, assosiasiya azadlığı" (Radiy Fiş). Qeyd etdiyimiz C.Ruminin baxışlar sistemini bədii şəkildə əks etdirən əsər dünya ədəbiyyatının şedevrlərindəndir. Şairin qırx illik mükəmməl həyat təcrübəsindən doğan fikirlərini bədii dillə əks etdirməsi onun ədəbiyyata verdiyi ən yüksək qiymət olub, oxucularının ağlına hakim kəsilmişdir. Onun sözləri qəlbindəki Eşqi o dərəcədə parlaq bəlağət və fəsahətlə izah etdi ki, həmin kəlmələrlə sevginin arasındakı pərdə ortadan qalxdı, bu sənət özü sevgiyə döndü. O, haqqa olan eşqini şeir ilə ifadə etmişdi, "anaşı eşq olan, sevgidən doğan" şairin şeiri də Eşqin meyvəsidir. Sözün dəyəri isə kəsb etdiyi mənaya görədir. İnsan həyatının formalaşmasında ən kəsərli alim varlığın mənasını dərk etməkdirsə, bu mənanı bəşəriyyətə dərs verən sözdür.
Söz mənadən doğub ona xidmət etdiyi kimi, məna da söz (yazılı və şifahi) vasitəsilə yaşayır. Söz əməl ağacının meyvəsidir, çünki o, əməldən doğdu. Ulu Tanrı aləmi söz ilə yaratdı və "ol" ("kon") deyincə o da olur. (C.Rumi).
C.Ruminin insan amilinin mərkəzində Eşq dayanır. İlahi Eşq onun həyatında olduğu kimi, əsərlərində də vəhdət təşkil edir, bunun daha geniş ifadəsini, Kişvəri, Həbibi, Xətai yaradıcılığında görürük. Nəsimi yaradıcılığında Eşq özünün sözü və məntiqə sığmayan ən yüksək, fəth olunmamış poetik zirvəsində tapdı. Bütün sufi mütəfəkkirlərinin əsərlərində olduğu kimi (daha sonralar hürufilərdə) hər şey (Cismani sevgi) Allahın insana sevgisindən doğmuşdur. C.Rumi yaradıcılığında eşqin aliliyi insanın sevmək qabiliyyətinin yalnız İlahi varlığa yönəldilməsindədir.
Onun eşqi də, sənəti də Eşq şərabından sərxoşluğu da həqqə çatmaq üçündür. Bu sənət (kamillik - M.Ə.) həqiqi eşqin, insan olmağın müəllimidir.
Nəsimidə isə cismani (dünyəvi) sevgi ilahi eşqin bir parçasıdır, ilahi sevgiyə arxalanan, bəzə də dayaq olan bu sevgidən dünya gözəlləşir. Nəsimi və sonrakı dövr şairlərinin yaradıcılığında ilahi və real sevgi vəhdəti halındadır.
Nizami Gəncəvinin ardıcılı olmaqla C.Rumi də bütün mövcudatın Eşqdən yarandığını söyləyir. Düzdür, XII əsr Azərbaycan renessans mədəniyyətindən qaynaqlanan Nizami düşüncəsində Eşqin davamlığı, izahının əhatə dairəsi daha geniş olub materalist yaxındır, burada dini-mistik təlimlər pərdə arxasında qaldığından şairin yaradıcılığında nikbin ruh özünü daha güclü göstərir. Günəş sistemi planetlərində bu simmetriya və əlaqənin gözlənilməsi, kəhrəbanın samanı, maqniti dəniz zənciri özünə çəkməsinin təbii yozumu rəmzi olaraq eşqlə bağlanır. Poemasının əvvəlində verilən 56 misralıq ricətdə Nizami insan eşqinin böyüklüyü və dərinliyini göstərməklə, onu kainatda baş verən hadisələrlə bağlayır, paralellər kifayət qədər oxşar və güclüdür.
C.Rumidə "Can" sözü özünün belə ifadəsini tapır ki, bədəndə yerləşən can insanın fiziki ölümündən sonra Tanrıya qovuşanda o "ruh"a çevrilir. Ruminin təlimində laməkan zaman və məkan olmayan, ancaq yaradılanlara aid olan sonsuzluqdur.
C.Rumi dünyagörüşünün ən dəyərli cəhəti kamil insan problemidir, bütün yaradıcılığı ona xidmət etməklə əxlaqi-didaktik səciyyə daşıyır. "Məsnəvi" yə bəzən sufi ensiklopediyası, bəzən də "folklor ensiklopediyası" deyirlər.
"Bir padşahın Kənizə asiq olması"... mənzum hekayəsində dərin məna çoxqatlığı, çıxarılmış məntiqi nəticə bir daha təsdiqləyir ki, Rumi dövrünün əxlaq qaydaları, didaktik problemlərini önə çəkərək cəmiyyətin, nəsillərin əxlaqi saflığını islami dəyərlər və sufi təlimləri mövqeyindən izah etmiş, oxucusunu buna inandıra bilmişdir. Bəzi epizodları İbn Sinanın loğmanlıq fəaliyyəti ilə səsləşən (Böyük loğmanın nəbzi tutmaq yolu ilə eşq oduna tutulmuş gənci sağaltması) həmin mənzumədə Ruminin cəmiyyət üzvlərinə təlqin etdiyi ideyalar insanı pis əməllərdən çəkindirmək, əxlaq, saflıq, ilahi eşq sevdasından ibarətdir. Səmərqənddən gətirilən zərgərin ilahi təbib tərəfindən öldürülməsinin məntiqi nəticəsi belədir: təbib ona edilən etibardan sui-istifadə etmişdir. Cismani sevgini ilahi eşqdən yüksək tutaraq nəfsini qoruya bilməmişdir. Xızır peyğəmbərin məsləhəti ilə o, ölumə məhkum edilmişdir.
Dünyanın fəlsəfi dərki, Ruminin həyati müşahidələri, qələmə aldığı mövzudan çıxardığı fəlsəfi nəticələr çox maraqlı və heyrətedicidir. "Baqqal və onun dükanında yağ dağında tutisinin hekayəti adlı mənzum hekayəsində Rumi dövrünün fəlsəfi təlimlərini dərindən öyrənən bir alim kimi belə bir nəticə çıxarır ki, insan əhatə olunduğu mühitdə əşya və hadisələrə zahiri görkəminə görə deyil, daxili xislətinə, kefiyyətinə görə, onun insanlığa bəxş etdiyi töhfələrinə görə qiymət verməlidir. Gül yağı dağıtdığı üçün cəza alıb başı keçəl olan tutinin keçəl dərvişlə müqayisəsi buna misaldır.
Rumi qeyd edir ki, zahiri oxşarlıq, daxili, mənəvi eynilik deyil. İki çür ceyran vardır, hər ikisi ot otlayır, biri müşki-ənbər (ətir), digəri üfunət saçır...
Ruminin "Məsnəvi"si hər şeydən əvvəl islami dəyərlərə görə arxalanan, dövrün əxlaq məcəlləsi, qanunlar toplusudur. Bu səbəbdən də əsər "Məsnəviyi Mənəvi" adlandırılmışdır. Məsnəvi bu mənada dövrün, zamanın sınaqlarından çıxmış, fəlsəfi qanunların, kainası dərk etmə imkanlarının geniş təcəssüm tapdığı bir güzgüdür. Burada qədim hind, yunan və Şərq fəlsəfəsinin bədiiləşdirilmiş əksi, epizodları dünya vətəndaşının yoluna işıq saçır.
"Məsnəvi"də verilmiş "Xəlifənin Leylini görməsi", "Vəzirin həsəd etməsi", "Nəsranilərə məxsus on iki nəslin bəyanı", "Vəzirin padşaha hiylə öyrətməsi", "Hud zamanında Ad qövmünü həlak edən küləyin hekayəti" və s. əxlaqi saflığı, ədaləti, elmi, hikməti, dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar arasında dostluğu, qardaşlığı, qarşılıqlı hörmət və ehtiramı təblığ edən əsərlərdəndir.
"Fihi-ma-fih"([bizim]) içimizdəki içimizdədir əsəri C.Ruminin oğlu Sultan Vələd və digər müridləri tərəfindən tərtib edilərək hələ sağlığında ikən ona bağışlanmış əsərdir.
Adından göründüyü kimi kitab sufi rəmzlərindən olan "Küntü-kənzü" (sirli xəzinə) işarə edilərək yazılmışdır. Əsərdə dünya və axirət görüşləri, sülük (təriqət davamçıları), dərvişlik və mürid-mürşüd əlaqələrindən, eşq, əməl, əxlaq, ibadətdən və s. danışılır. Bəzi məqamlarda burada Ruminin şeirdən bezdiyi, məcburən şeir yazması haqqındakı qeydləri əks olunmuşdur. Lakin C.Ruminin söz sənəti və ümumilikdə ədəbiyyat haqqındakı ədəbi-nəzəri görüşlərindən aydın görmək olar ki, o, şeirdən deyil, sözün mənasını kiçiltməkdən qorxur. "Mənim nəzərimdə şeirdən pis şey yoxdur, onun ötəri dilə gətirdiyi sözdür".
Lakin araşdırıcıların kitabın adı haqqında rəy müxtəlifliyinə rast gəldiyimizdən haqqında bir neçə kəlmə söz demək istərdik. Elmi ədəbiyyatda əsərin adı bəzən "Onların içindəki içindədir" şəklində verilir.
Məlumdur ki, "Fih" sözü ərəbcə olub, "haqqında danışılan" deməkdir. "Fihi-ma" izafət birləşməsi isə (ma - biz deməkdir) bizim onun haqqında danışdıqlarımız deməkdir. Daha doğrusu, "onun haqqında danışılanları danışırıq" mənasındadır.
Burada C.Rumi haqqında danışılanlardan söhbət gedir.
Bizim fikrimizcə, burada C.Ruminin "kamil insan" konsepsiyasına, bütövlükdə isə sufi təlimlərində əsas ideya kimi qabardılan "insan amili"nə gizli eyhamın olması ehtimalını önə çəkmək lazımdır. Sufi təlimlərinə görə, hər bir insan dünyaya gəlməmişdən qabaq onun cövhərində ilahi varlıq tərəfindən "küntü-kənzü" ("sirli xəzinə") qoyulur ki, bu da onun gələcək taleyinə, həyat yoluna, şəxsiyyətinin formalaşmasına istiqamət verir.
C.Ruminin oğlu Sultan Vələd və müridləri həmin kitabı hazırlayarkən bu barədə heç bir məlumat verməmişlər. Bir sirrin "açarını" biz Nəsimi yaradıcılığında tapa bildik. C.Rumi yaradıcılığındakı sufi təlimlərini diqqətlə öyrənən şair "içindədir" sözünün geniş tutumlu, fəlsəfi mənasını özünün yazdığı dörd "İçindədir" rədifli qəzəlində verərək kainatda (hər iki cahanda) əşya və hadisələrin, əlamətlərin bir-birilə bağlı olduğu, biri digərini doğurduğu və tamamladığı kimi keyfiyyətlərin fəlsəfi dərki və izahını verərək bu "sirri" açır. Bədii sözün emosional, ecazkar təsir qüvvəsindən böyük məharətlə istifadə edən şair söz vasitəsilə nəinki bu təlimləri yada salmış, izah etmiş, hətta özünün fəlsəfi-estetik baxışları ilə bu təlimləri daha da genişləndirmiş və zənginləşdirmişdir. Nəsimi düşüncəsinə görə "içindədir" çox geniş, dərin fəlsəfi tutumu olan bir söz-məfhumdur. Şairin Rəcəz bəhrinin III növündə (müftəilün-məfAilün, müftəilün, məfaAilün) yazdığı bu şeirlərdə (İ.Nəsimi divanının İraq nüsxəsi, B.2018, s.55, 56, 57, 58) nə qədər geniş söz ehtiyatına, bədii ifadə və təsvir vasitələrinə, ədəbi dilimizin poetik üslubu və məqamlarına dərindən bələdliyinin şahidi oluruq. Burada dərin fəlsəfi-psixoloji düşüncələr selində real cismani sevgi ilə ilahi məhəbbətin vəhdəti, onların tamlığı, real, cismani sevginin romantik çalarlarla ilahiləşdirilməsinə rast gəlirik.
Vəslinə kim ki, irmədi, dərdü-əzab içindədir.
Ləlini kim ki, sormadı təşnə sərab içindədir.
Könlüm içində surətin can kimi qılmışam yerin
Gövhəri "küntü-kənzü" gör kim, nə xərab içindədir...
İkinci qəzəlində isə Nəsimi Eşqi vəhdət halında təqdim edir:
Zülməti-hicrü firqətin misli-cəhənnəm atəşi
Mənzəri ali vüslətin nuri-əzim içindədir.
Abi-həyatə irişən haldu həyati-cavidan
Zülmət içində qalanı "əzmü-rəmim" içindədir.
Aydın olur ki, Nəsimi C.Ruminin görüşlərinə yaxından bələd imiş...
Nəsiminin həmin şeirlərində, Rumidən fərqli olaraq təkcə Allah eşqi deyil, insani sevgi, gözəllik nuru, xoşbəxtlik haqqında fikirlər dərin məntiq və fəlsəfi ümumiləşdirmə yolu ilə, həyati sevgi ilə, sufi eşqi vəhdətdə verilir, onlar bir-birinə dayaq olur.
Nəsimidə insani gözəllik ilahi gözəlliklə birlikdə, ilahi gözəlliyin insani camalındakı təcəssümü kimi qəbul olunur; belə bir gözəllik sahibinə olan sevgi ilahi sevginin bir zərrəsidir. Bu sevgi olmasaydı həyatın özü də olmazdı. Nəsimidə tərənnüm edilən Eşq dini-mistik deyil, sufi-panteist eşqdir, o, həyati sevgiyə daha yaxındır. Nəsimidə gözəllik təsəvvürü klassik düşüncənin bütün kanonlarını özündə birləşdirir. Real gözəlliyin romantik poetik üslubdakı təsviri və tərənnümüdür. Nəsimidə həyat nəşəsi daha güclüdür.
İlahi eşqlə həyati eşq Nəsiminin "İçindədir...", yəni daha geniş və sirli mətləblərdən xəbər verir. Bu sözü müxtəlif söz birləşmələrinin II tərəfi kimi işlədərək o, fəlsəfi ümumiləşdirmələr aparmış, kainat, cahan haqqında öz düşüncələrini əks etdirmişdir. I şeirdə "içindədir" rədifindən əvvəl işlədilmiş qafiyələrə nəzər salaq:
Fəğan içindədir, can içindədir, dərdi-nihan içindədir, kövnü-məkan içindədir, abi-rəvan içindədir, nuri-duxan içindədir, ziyan içindədir, güman içindədir, qan içindədir, cahan içindədir, səhni-cinan içindədir, zaman içindədir.
Şərq şeirinin kanonlarına, qafiyə təlimlərinə dərindən yiyələnən şair təkrarolunmaz, zəngin və dolğun qafiyə sistemi yaratmışdır; aləmin fəlsəfi dərkinin poetik dillə vəsfində misilsiz sənət nümunəsi yaratmışdır.
II şeirdə də həmin mənzərənin şahidi oluruq: burada daha yeni və əlvan qafiyə sistemi ilə rastlaşırıq: eyşi-nəim içindədir, cəhim içindədir, nuri-əzim içindədir, "əzmü-rəmim" içindədir, səlim içindədir, rənci-əlim içindədir, küfrü-səqim içindədir, eyşü-müqim içindədir.
III şeirdə də həmin ustalıqla şair yeni-yeni qafiyə çələngi ilə oxucusunu heyran qoyur: ahü-fəğan içindədir, bu can içindədir, dərdi-nihan içindədir, kövnü-məkan içindədir, abi-rəvan içindədir, nuri-duxn içindədir, ziyan içindədir, zənnü güman içindədir, nə qan içindədir, iki cahan içindədir, səhni cinan içindədir, bu zaman içindədir.
IV şeirdə Nəsimi böyük söz ustası, zəngin söz xəzinəsinə sahib olduğunu, sözlə böyük mənalar yaratdığını nümayiş etdirir: "içindədir" söz-rədifin "tərəf-müqabilinə yeni sözlər qoşaraq şeirin məna yükünü, ecazkarlığını daha yüksəklərə qaldırır: mah içindədir, əbri-siyah içindədir, zilli-ilah içindədir, bu rah içindədir, nikah içindədir, sipah içindədir, gülah içindədir, günah içindədir.
Beləliklə, C.Ruminin "fihi ma-fih" əsərində qoyulan ideya təxminən 150 illik dövrdən sonra Nəsimi tərəfindən daha ətraflı şərh edilir.
Şairin qəzəllərində rədif kimi işlədilən "içindədir" məcazı əslində, Nəsiminin və ondan əvvəl Ruminin (əslində, müridlərinin) niyyətində tutduqları fəlsəfi mahiyyətin məna tutumunu özündə saxlayır. Dörd şeirdə Nəsimi "içindədir" rədifinə 40 həmqafiyə söz qoşaraq işlətmiş, forma və məzmun novatorluğu ilə özünün fəlsəfi-əxlaqi baxışlarını şərh etmişdir.
Bu qafiyələrin 12-si birinci şeirdə, 8-i ikincisində, yenə 12-si üçüncü, 8-i isə dördüncü şeirdə işlənmişdir.
Şairin "Divani-Kəbir" ən geniş həcmli əsəri kimi 24 divandan ibarət olub, ona bəzən "Divani-Şəms Təbrizi" də deyirlər ki, burada Ruminin təsəvvüfi görüşləri əsas yer tutur. Buradakı qəzəllərdə Rumi 71 dəfə dostu Şəmsin adını çəkir.
C.Ruminin "Məcalüs Səba" əsəri də müridləri tərəfindən tərtib edilmiş əsərlərindəndir. Şairin apardığı məclislərdə (yeddi məclisdə) vəzlərinin məcmusudur, Allahın tərifi ilə başlayır, dini şeirlər, əxlaqi mövzular, sufi şeirləri, hekayələri verilmişdir. Məlum olur ki, dini-təsəvvüfi mahiyyətdə olan bu əsəri dostu, zərgər Səlahəddin zərqübi vəz etməyi ondan xahiş etmişdir.
Şairin Səlcuq dövlətinin rəhbərlərinə, vəzirlərinə əmir və digər dostlarına yazdığı 145 məktubu onun "Məktubat" əsərində toplanmışdır. Bu məktublar onun həyatı və mühiti, şəxsiyyəti və dünyagörüşü haqqında müfəssəl məlumat almağa kömək eidr.
Nizami ədəbi məktəbindən qaynaqlanan C.Rumi Yaxın və Orta Şərq xalqları, türk müsəlman ədəbiyyatına, o cümlədən Azərbaycan klassik ədəbiyyatının, Nəsimi, Füzuli, Kişvəri, Həbibi, Xətai, S.Ə.Şirvani, Ə.Nəbati, A.Bakıxanov, Q.B.Zakir yaradıcılığına təsir göstərmiş, yeni mövzu və janrların yaranmasına kömək etmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!