Sərhədləri keçmək olmaz. Bütün dünyada həyat yaranandan bəri bütün sərhədlər cızılıb və müəyyənləşib. Necə ki, dünyanın yaranışından dünya hansı kodlarla idarə olunacaqsa, mən də əzəldən... Yəni dünyanın təsis olunmasında müəyyən ilkin varlıqlar var ki, onlar inkarolunmazdır və əsasən də onlar göy cisimləri ilə əlaqələndirilir. Görünür, bütün dünyanın təsisi onlara həvalə olunub. Mən həmişə belə düşünmüşəm ki, müəyyən ölkələrlə bütövlükdə götürsək, bütün dünya da bəzi adamların çiyinlərində dayanır. Qalanlar zibil qutularına atılmağa belə layiq deyillər.
Mən bir şeirimdə yazmışdım. Buna iltifatən deyirəm ki, həyatda haqq aramaq özü də haqsız işdir. Hər ölkənin, hər millətin sevgisi də, dost münasibətləri də, iş münasibətləri də özünə oxşardır. Yəni bir məhkəmə cəhənnəmdə keçirilirsə, ordan ədalət umma.
Belə düşünürəm ki, hər bir fərd, hər bir insan ayrıca bir hadisə, ayrıca bir dünyadır və onu dərk etmək, onu anlamaq o biri dünyanın işi deyil. Əslinə qalsa, biz bir dünyanın adamı olsaq da, əslində, ayrı-ayrı dünyalarda, ayrı-ayrı zamanlarda, ayrı-ayrı hadisə labirintlərində yaşayırıq. Belə götürsək, əslində, ayrı-ayrı zamanlarda da yaşayırıq, çünki dünyadərk, dünya durumu zaman məsafələrini tam bir hadisədir. Belə götürəndə hamı eyni illərdə yaşayır, amma onların dünyaya baxışı, həyat hadisələrinə münasibəti bambaşqa bir dünya münasibəti kimi görünür. Belə deyək, biri əslində, ibtidai icma quruluşunda, biri sosializm quruluşunda, bir kapitalist dünya quruluşunda, biri neososializm quruluşunda yaşayır. Yəni insanın hansı illərdə yaşaması yox, təfəkkürünün, həyata baxışının müstəvisində yaşayır. Həzrət Əlinin çox gözəl bir təsbiti var, "...insanlar ata-analarının deyil, yaşadığı zamanın övladlarıdırlar". Deməli, indiki dünyada belə bir elmi-fəlsəfi tezis var ki, insan öz yaratdıqlarının əsiri olur. Belə deyək; əgər bir əşyanı indiki dövrdə bir internet məkanını insan yaradıbsa, onun əsirinə çevrilir, ona məhkum olunur.
Yəni insan yaratdıqlarının əsirinə çevrilir. Həyat ədəbiyyatdır, ədəbiyyat həyatdır. Onlar bir-birinə bağlıdır, hətta eynisidir. Əslində, ədəbiyyat bu dilemmanın qarşısında qalır. Bu dilemmanın uğrunda mübarizə aparır və onun üzərində dayanır. Mən belə düşünürəm. Mən düşünürəm ki, ədəbiyyat həyatdan çox-çox irəlidir. Çünki belə olur. Biz ədəbiyyatı nədən öyrənirik? O adamlardan, o alimlərdən, o fəlsəfi fikirlərdən ki, biz çox-çox sonralar ora gəlib çatırıq, demək, həyat ədəbiyyatın arxasınca, ədəbi-fəlsəfi fikrin arxasınca gedir.
Həyat ədəbiyyatı yaratmır. Ədəbiyyat həyatı yaratmağa cəhd edir. Dərk etdirməyə çalışır ki, həyat belə olmalıdır. İstər fəlsəfi fikirlər olsun, istər həyati proseslər olsun, hamısı bir-birilə bağlıdır. Zamandan irəli gələn fikir elə ədəbiyyatdır. Əslində isə həyatın özü ilə ədəbiyyatdakı həyat arasında paralellik işarəsi ilə bərabər açılmaz bir divar, keçilməz bir sədd var. Ədəbiyyatdakı həyat yaşanan həyatın tam ifadəsi deyil, nə qədər çaba sərf etsə də, həyatı tam şəkildə ehtiva edə bilmir. Belə götürəndə, ədəbiyyatın öz həyatı, təbirə caizsə, həyatın da öz həyatı vardır. Hər biri öz axarı ilə davam edir. Belə bir sonluğa varmaq mümkündür ki, bütün sənət əsərləri insan və həyat mürəkkəbliyini tam şəkildə əks etmədə aciz qalır. Biri o birini təyin etmir, yaradılmış olanla əbədi bir mücadilədən keçir.
Allah böyük yaradıcıdır. Eyni zamanda Allahın bu qüdrəti yaradıcı insanlara da bu və ya digər şəkildə keçmişdir. Bəlkə bu səbəbdəndir ki, böyük yaradıcı olan ilahi güc öz imkan və bacarıqlarını insanla paylaşmaq istəmir...
...Bütün yaranışdan ucasan belə,
Səni arzu-arzu yapıb-yoğurdum.
Torpaq hara, arzu hara? -
Bu şeirin müəllifi açıq-aydın İlahi qüvvə ilə özünü müqayisə edir. Və pıçıldayır ki, arzu adlı yapıb-yoğurduğu insanla Allahın torpaqdan insanın müqayisəsində insan öz yaratdığını daha önəmli sayır. Elə yaradıcılığın özü yaranışı yenidən yaratmaq, belə demək mümkünsə, "Həyat" əsərini redaktə etmək kimi bir şey idi. Hər halda, həyat bütün elmi-fəlsəfi, bədii düşüncələrdən böyükdür. Əgər belə olmasaydı, həyatı dərk etmək üçün bu əqli araşdırmalar gün üzünə çıxmazdı. Əgər belə olmasaydı, min illərdir insanlıq həyatı dərk etməklə məşğul olmazdı. Amma həyat heç nəyi vecinə almadan öz axarı ilə davam edir. Bu, həyatın əbədi və əzəli qanunudur. Biz həyatı dərk etməklə məşğuluq, amma bu, o demək deyil ki, biz nəyisə tapırıq. Heç nəyi tapmırıq. Sadəcə, həyatda olan bəzi şeyləri belə deyək, gözümüz açılır, görürük.
Marqaret Tetçerin sözüdü, səhv etmirəmsə. Demək, üzgüçülüyün rekordsmeni olan bir adam əgər suyun üzərində qaçırsa, ona deyəcəklər ki, suda boğulacaqdı, üzməyi bilmir. Ona görə də dünyada heç kəsə fikir verməyib suyun üzündə yüyürmək lazımdır. Bizdə bir hadisə var. Həmişə belə düşünürük ki, bizim düşüncələrimiz dünyanın ən mötəbər, ən ağıllı və yaxud hətta xarakter etibarilə, şəxsiyyət etibarilə, düşüncə etibarilə alt düşüncə etibarilə, hətta psixoloji ruhi xəstələr belə, düşünürlər ki, bunlar dünyanın ən ağıllı və ən düşüncəli adamlarıdır. Dostoyevskinin "Cinayət və cəza"sındakı qəhrəman belə, kimisə öldürməyində özünü haqlı sayır. Adam Dostoyevskinin o əsərlərini oxuyanda doğrudan da düşünür ki, insanı öldürmək olar, baxır hansısa mənafedən ötrü. Və həmin situasiyada o haqlıdır. Burda haqq və haqsızlıq aramaq əslində, özü absurd bir məsələdir. Nəyin haqqın arayırsan, nəyin haqsızlığın arayırsan. Sən bir insan öldürmüsən. Burda haqq aramaq anormallıqdır. Dostoyevski sadəcə, situasiyanı göstərir. Nisbilik nəzəriyyəsini kəşf edən Eynşteyn deyir ki, Dostoyevskinin əsərində həmin nisbilik nəzəriyyəsi də öz funksiyasını, öz işləkliyini itiribdir.
***
Qarışıq duyğulardan, hal usandıran fikirlərdən qətiyyən qorxmaq lazım deyil. Bəzən insanın elə ruh halı olur ki, o, durna qatarı kimi eyni səfə, bir inci kimi eyni sapa düzülə bilmir. Olur belə şeylər. İnsan çox ağıllı görünəndə, müdrik görünəndə elə bilir ki, hamı buna dəyər verir. Əslində, insan orda rol oynayır; müdrik rolu, ən müqəddəs insan rolu, ən yaxşı insan rolu. Niyə bu rolları oynayırsan? Sadəcə olaraq özün ol. Özün kimi yaşa. Belə yaşamaq daha rahatdır, daha gözəl deyilmi? Xoşbəxtliyin özü elə budur. Yəni həmişə həyatın boyu qonum-qonşuya görə, ətrafına görə, kütləyə görə, kim nə deyəcəyə görə rol oynamaq, artıq fərd olmaq deyil, bu, kütlə olmaqdır. Bu, kütlə psixologiyasıdır. Yəni mən qonşuma görə ev tikirəm, nə bilim kiməsə görə özüm belə davranmalıyam... O zaman sən nə şəxsiyyətsən, nə "mən"sən, nə özünsən... Demək, özün yoxsan bu həyatda. Hamı necə düşünürsə, ona uyğun şəkildə hərəkər edirsənsə, artıq sən yoxsan. Yəni özün deyilsən, başqalarının diqtəsi ilə, başqalarının kuklası olaraq yaşayırsan. Elə də özünü göstərirsən. Bu, ikiüzlülükdü, bu, özünü aldatmaqdı. Bu, yalançı bir həyatdır. İnsan, fərd, şəxsiyyət, özünəməxsus, özü olmalıdır. Ona görə də insanlar sağ olsun. O adamlar ki, özlərinin koloriti var, özlərinin dünyagörüşü var, öz davranışı var, öz hərəkətləri var.
Mən bir dəfə belə bir yazı yazmışdım: "Yaz duyğularının xaotik simfoniyası"... Amma mən indiki zamanda belə düşünürəm ki, həyat indiki zamanda xaotik bir simfoniyaya çevrildi. İqlim dəyişikliyinə, cəmiyyətin dəyişikliyinə... Hər şey bir dəyişim dövrü yaşayır. Bu dəyişim dövrü kimləri irəli aparacaq, kimləri geridə qoyacaq, kimləri həyatdan məhrum edəcək, kimlərə həyat verəcək, əslində, bu da bir müharibə dövrüdür. Bu bir pandemiya müharibəsi deyim, biotik müharibə deyim, bir dövrdür. Bu müharibə qurtarandan sonra daşlar yerinə oturacaq, hər kəs öz yerində olacaq, ölkələrin nüfuzları, hara qədər nüfuz edir o bilinəcək...
Dünyanın tək rəngini görmək üçün düşünülmüş rənglər, məsələn, göy qurşağı kimi. Göy qurşağı yağışdan sonra 7 rəng çıxır. 7 rəng əslində, dünyada yoxdur. Dünyada iki rəng var - ağ və qara və bütün dünyada rənglər o iki rəngdən sonra gəlir. Bizim gördüyümüz rəngləri quşlar başqa, ilanlar başqa, heyvanlar başqa rəngdə görürlər. Yəni bütün yaranışlar eyni rəngi görmür. Yəni biz nəyi görürüksə, elə bilirik ki, o rəngdədir. Onlar heç biri öz rəngində deyil. Onlar bizim baxışımızla olan, əks-səda verən rəngdir. Necə ki güzgüyə baxırıq bizim əksimiz görünür, eləcə də rənglər bizim baxışımızla, göz bəbəyimizlə bağlı olan fiziki və bioloji bir hadisədir. Eləcə də insanlara baxışımız da elədir. Belə düşünürük ki, filankəs, məsələn, bu çərçivədə olan adamdır. O adam o çərçivədə deyil, o, ayrı bir adamdır. Biz sadəcə olaraq belə düşünürük. Biz öz düşüncəmizi improvizə edib düşünürük ki, hamı budur və mənim düşüncəm mütləqdir. Anormallıq burda başlayır. İnsanın impatiyası, simpatiyası və s. burda başlayır. Çünki o axı sən deyilsən, sənin kimi heç kəs baxmır həyata. Dünyaya gəlib-gedən müxtəlif adamlar dünyaya müxtəlif şəkildə baxırlar. Və bunu düşünəndə rahatlana bilərsən. Sənin də düşüncən ola bilər, bu da sənsən. Amma sən mütləq deyilsən. Mütləq olan heç Allah da deyil. Yəni hər kəsi ittiham edə bilməzsən. Yəni bu qarmaqarışıq mövzular, qarmaqarışıq söhbətim heç kəsə açıq, qıcıq, mübahisə doğurmaq üçün deyil. Sadəcə olaraq elə-belə söhbətdir elədim. Elə bilirəm ki, mən hamı ilə söhbətə açıq adamam.
İllüstrasiya: Vinsent van Qoq "Arl fonunda qarlı peyzaj" (1888)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!