Azərbaycan xalqının dövlətçilik tarixində, hərbi, dini, ədəbi həyatında müstəsna xidmətlərə malik olan və hər zaman da qürurla xatırlanan Şah İsmayıl Səfəvi fenomenal keyfiyyətləri ilə insan zəkasını heyrətdə saxlayan bir sima kimi yalnız Azərbaycan xalqının deyil, bütünlükdə bəşər tarixinin yetişdirdiyi çox görkəmli dahilərdən biridir. Ona görə də Şah İsmayılın həyat və şahlıq taleyi həm sağlığında ikən, həm də sonradan çoxlu sayda qaynaqların, salnamələrin, elmi tədqiqat araşdırmaların mövzusu olmuşdu. Belə çoxsaylı əsərlərin əksəriyyətində Şah İsmayılın çox tez başa çatan ömrünün son anları da qələmə alınmış və onun dünyasını dəyişməsinin səbəbləri barədə bəzən bir-birindən fərqli olan fikirlər ortaya qoyulmuşdur. Bu fikirlər arasında ehtimallar da mövcuddur və şübhə etmək olmaz ki, bu ehtimallar Şah İsmayılın həyatının qısa olmasının və gözlənilmədən başa çatmasının səbəblərini axtarıb tapmaq cəhdləri ilə bağlı idi.
Şah İsmayılın həyatının tez başa çatmasının səbəbləri ilə bağlı elmi-tarixi ədəbiyyatda daha çox iki fikir üstünlük təşkil etməkdədir. Onlardan biri Çaldıran döyüşündə qarşıya çıxan uğursuzluğun ağır bir yük kimi Şah İsmayıla dərd gətirməsi və bu dərdə dözə bilməməsi, digəri isə Çaldıran döyüşündən sonrakı dövrdə şəraba ifrat aludəliyi Şah İsmayılın səhhətini korlaması fikridir.
Tarixdən bəllidir ki, Çaldıran döyüşü Şah İsmayılın həyatında çox ciddi bir iz buraxmışdı. Bu döyüşün aparılmasına xüsusi hazırlıq işləri görülməsə də Şah İsmayıl onu qələbə ilə başa çatdıracağına şübhə etmirdi. Belə olmasaydı o heç həmin döyüşə getməzdi də. Amma Səfəvi qoşunları Şah İsmayılın inamını doğrulda bilmədi və bu da ağır nəticələrə yol açdı. Lakin bu heç də o demək deyildi ki, Şah İsmayıl bu döyüşdən sonra özünü fəal həyatdan təcrid etdi. Qılıncı hünər göstəricisi sayan Şah İsmayıl anladı ki, sərkərdə və hökmdar kimi, dövrün daha müasir müharibə silahlarına üz tutması heç də dini normaların, müqəddəslərin istəklərinin əksinə getmək deyildir. Ona görə də o, Çaldıran döyüşündən sonra Osmanlı qoşunlarının artilleriya potensialına müqavimət yarada biləcək yeni silahların əldə edilməsi üçün Avropa dövlətləri ilə münasibətlər yaratmağa çalışdı, bu məsələdə kifayət qədər təkid də göstərildi. Amma Avropa dövlətlərinin də öz maraqları və məqsədləri var idi və nəticədə Şah İsmayılın sağlığında Səfəvi ordusunu artilleriya ilə təmin etmək mümkün olmadı. Buna görə də Şah İsmayıl Osmanlı qoşunlarına qarşı yeni döyüşlərə girməyi məqsədəuyğun saymadı. Çaldıran döyüşündən sonra Şah İsmayıl daha çox səltənət daxilində dövlətçiliyin möhkəmləndirilməsi, elmin, mədəniyyətin, ədəbiyyatın inkişafı ilə məşğul oldu və bu sahələrdə dəyərli irs miras qoydu.
Şah İsmayılın şəraba münasibətinə gəlincə isə qeyd edilməlidir ki, onda şərab içməyə bir meyil var idi. Lakin o bu məsələdə ifratçılığa yol vermirdi və şərab içməsinə görə dövlətçilik məsələlərinin ikinci plana keçirilməsi ilə bağlı Şah İsmayılı ittihamlandırmaq da mümkün deyil. Əyləncəyə ayırdığı vaxtının daha çoxunu isə o, ov mərasimlərinə həsr etməyi xoşlayardı və onun həyatının son günləri də elə ov mərasimi ilə bağlı idi.
Səfəvi tarixinin mötəbər mənbələrindən sayılan "Xülasüt-təvarix" əsərinin müəllifi Əhməd Quminin verdiyi məlumata görə, Şah İsmayıl həyatının son Novruzunu (1524-cü ildə) Naxçıvanda keçirdi. Havalar istiləşəndə isə o, Şəki tərəflərə yollanmağı və orada ceyran ovu ilə məşğul olmağı qərara aldı. Mənbə müəllifinin məlumatına görə, Şah İsmayılı Şəkidə bu vilayətin hakimi Həsən bəy qarşıladı və o, Şah İsmayıla bir daha öz itaətini bəyan etməklə ona çoxlu sayda hədiyyələr də verdi. Amma ceyran ovu böyük enerji və gərginlik tələb etdiyi üçün Şəki hakimi təklif etdi ki, bəlkə Şah İsmayıl özünü belə bir əziyyətə salmasın. Lakin Şah İsmayıl bu təklifi qəbul etmədi və ovun gedişində bir neçə ceyran ovlamaq da ona nəsib oldu. Adıçəkilən mənbədə o da bildirilir ki, ov mərasimi başa çatandan sonra Şah İsmayıl və onun ətrafındakılar Göytəpə adlanan bir məkana yollandılar. Burada olduqları zaman Şirvan hakimi Şeyxşah Şah İsmayılın görüşünə gəldi. Həmin məkanda isə Şah İsmayıl tezliklə Ərdəbilə qayıtmaq və Şeyx Səfiəddinin məzarını ziyarət etmək istəyini bildirdi. Şah İsmayıl Ərdəbil ziyarətini başa çatdırıb Sain tərəfə yola düşdü və orada da dünyasını dəyişdi.
Bu məlumat bu və ya digər məzmunda dövrün mənbələrin əksəriyyətində təkrar olunmuşdur. Bu məlumatlarda qabardılan bir fikrə görə, Şah İsmayıl həyatının sona çatmaqda olduğunu duyubmuş kimi, yaşadığı dünyanı əcdadlarının məzarını ziyarət edəndən sonra tərk etməyi qərarlaşdırmışdı.
Həsən bəy Rumlu özünün "Əhsənüt-təvarix" adlı əsərində Şah İsmayılın həyatının son günləri haqqında belə yazırdı: "Şikar havası və bahara tamaşa etməyin həvəsi savaş cıdırı şahsüvarının (Şah İsmayılın) başında peyda oldu. O, Təbrizdən köç edib Şəki tərəfə hərəkət etdi. Ali göstəriş verildi ki, qazilər və əyanlar dayandıqları yerdən ceyranları (cüyürləri) qovub o bölgənin mövqelərindən birində toplasınlar. Onlar şahın əmrini icra etdilər. Elə ki cərgə tərtib olundu, cüyürləri tutdular. O əsnada Şəki valisi Həsən bəy bol peşkəşlə asiman nişanlı dərgaha gəldi və [şahın] kimya kimi təsirli nəzəri qarşısına çıxdı. O həzrət (Şah İsmayıl) ovdan qayıdıb ata-babasını ziyarət etdikdən sonra Səraba yönəldi və Sayın-gədiyində dayandı. Həmin məqamda o həzrətin səhhəti pozuldu".
Digər mənbələrdə olan məlumata görə isə hələ Şəki ətrafında olarkən Şah İsmayılda ağır xəstəliyin əlamətləri özünü göstərməyə başlamışdı. "Rövzətüs Səfəviyyə" əsərinin müəllifinə görə, Şah İsmayılın xəstəliyi onun qara ciyər ilə bağlı idi. Adıçəkilən mənbənin məlumatına görə, bu xəstəlik qısa müddət ərzində xeyli şiddətləndi. Şah İsmayıl elə bir hala düşdü ki, yemək də yeyə bilmədi. Hətta bişirilən yeməklərin qoxusu Şah İsmayılın burnuna çatanda özünü narahat hiss edirdi. Şah İsmayılın həyatının son günlərində yaxınları onun yanında yemək yeməz və yemək vaxtının çatmasına da işarə etməzdilər. Yemək mərasimləri də ondan xəbərsiz keçirilərdi. Onun təbibləri xəstəliyin müalicəsinə çalışsalar da buna nail ola bilmədilər. Şah İsmayıl səfərini yarımçıq saxlayıb Ərdəbil yolu ilə Təbrizə üz tutdu. Ərdəbildə olarkən onun səhhəti bir qədər yaxşılaşdı. Bu da onun sağalacağına bir ümid yaratdı. Lakin Sərab yaxınlığındakı Sain Gədiyi ("Tarix-e elçi nizam şah" əsərindən bu məntəqənin adı Savalan kuh - Savalan dağı göstərilmişdir) adlanan yerdə Şah İsmayılın hərarəti birdən-birə xeyli yüksəldi və 1524-cü il may ayının 23-də həmin məntəqədə dünyasını dəyişdi. Dünyasını dəyişəndə Şah İsmayılın 37 yaşı var idi. Bu ömrünün 24 ilini o, Səfəvi dövlətinin şahı olmuşdu.
"Rövzətüs Səfəviyyə" əsərinin məlumatına görə, Şah İsmayılın dünyasını dəyişməsi insanları və bütün səltənət əyanlarını üzüntülü bir dərdə bürüdü, ümumi bir çarəsizlik və hərəkətsizlik hamıya sirayət etdi. Lakin səltənətin tanınmış əyanlarından olan Div sultan Rumlu, Köpək sultan Ustaclı və digərləri baş vermiş bu itki ilə barışmağı və Şah İsmayılın dəfn edilməsinin qaçılmaz olduğunu insanlara anlatmağa çalışdılar. Bundan sonra Şah İsmayılın dəfn mərasiminə başlandı.
"Tarix-e elçi nizam şah" əsərinin müəllifi Şah İsmayılın dünyasını dəyişməsi ərəfəsində başqa mənbələrdə təkrarlanmayan bir məqama da toxunmuşdur. Belə ki, Şah İsmayıl Şəki vilayətində ovda olarkən səltənətin divan əmiri olan Çayan sultan Ustaclı dünyasını dəyişmişdi. Şah İsmayıl ona böyük hörmət və ehtiramla yanaşırdı və Çayan sultan nüfuzlu qızılbaş əmirlərindən biri idi. Şəkidən ovdan qayıdandan sonra Şah İsmayıl özünə yaxın saydığı sədaqətli əmirinin dünyasını dəyişməsi xəbərini eşidib çox qüssələndi. Adıçəkilən mənbənin məlumatına görə, Çayan sultanın vəfatının yaratdığı üzüntünü yaddan çıxarmaq üçün Şah İsmayıl şəraba üz tutmalı oldu ki, o da onun səhhətinə pis təsir göstərdi. Sərab yaxınlığındakı Savalan dağı ətrafında olarkən Şah İsmayılın səhhəti xeyli korlandı və aparılan müalicələr də bir səmərə vermədi. Yəni Şah İsmayıl özü də hiss etdi ki, tutulduğu mərəzdən xilas yolu artıq yoxdur və onun haqq dünyasına qovuşmasına artıq saylı günlər qalmışdır. "Tarix-e elçi nizam şah" müəllifi sonra yazır ki, həyatının sonuna yaxınlaşdığını hiss edəndə Şah İsmayıl əyan və əmirləri başına topladı, onlara son vəsiyyətlərini etdi. Bu mənsəb sahibləri qarşısında Şah İsmayıl böyük oğlu Təhmasib Mirzəni səltənət varisi elan etdi və bütün mənsəb sahiblərinə də tapşırdı ki, onun vəliəhdliyini qəbul etməklə, iradəsinə tabe olsunlar. Div sultan Rumlu da Təhmasib Mirzənin atabəyi elan edildi və mənsəb sahiblərinə həm də Div sultanın iradəsinə itaət etmək tapşırıldı. Adıçəkilən mənbədə olan məlumata görə, Şah İsmayılın vəsiyyətlərini dinləyən mənsəb sahibləri onun iradəsini həyata keçirəcəklərini vəd etməklə, həm də onun xəstəliyinə yardım edə bilmədiklərinin dərin üzüntüsünü yaşadılar. Bundan sonra hafizlər "Quran" tilavətinə başladılar. Bildirilir ki, Şah İsmayıl rəcəb ayının 19-da, düşənbə (bazar ertəsi) gününün səhəri bu dünyanı tərk etdi. "Tarix-e elçi nizam şah" müəllifi sonra yazırdı ki, elə səhəri günü, yəni rəcəb ayının 20-də səltənət sədri (dini işlər üzrə rəhbər) Əmir Camaləddin Astrabadinin rəhbərliyi altında Şah İsmayılın cənazəsi dəfn üçün Ərdəbilə yola salındı.
Həsən bəy Rumlu isə öz əsərində Şah İsmayılın düşənbə gecəsi gözünü yumduğuna işarə etmişdir. Çox güman ki, o da əslində, düşənbəyə açılan günün gecəsini nəzərdə tutmuşdur:
"Şah İsmayıl ibn Sultan Heydər ibn Sultan Cüneyd ibn Şeyx İbrahim ibn Sultan Xoca Əli ibn Sultan Sədrəddin ibn Sultan Şeyx Səfiəddin. Bu il onun zatının cövhərini xəstəlik bürüdü. Məsih nəfəsli həkimlər və məharətli təbiblər hərçənd müalicə etsələr də, fayda vermədi və saatbasaat onun qüvvəsi zəiflədi, təbiəti (vücudu) buna müqavimət göstərməkdən aciz oldu. Xülasə, düşənbə gecəsi, rəcəb ayının 19-da (23.05.1524) iqbal səmasının günəşi cah-calal bürcündən yoxluq məğribinə qürub etdi və səltənət asimanının nuru izzət və kamal zirvəsindən zaval sərhədinə köçdü. ...Əmir Cəmaləddin Məhəmməd Sədr Astrabadi seşənbə gecəsi, rəcəbin 20-də (24.05.1524) o həzrətin misilsiz bədəninə qüsl verdi və daha sonra onun cəsədini Ərdəbilə aparıb öz uca məqamlı ata-babasının yanında dəfn etdilər".
"Xüld-bərin" əsərinin müəllifi isə Şah İsmayılın dünyasını dəyişməsi haqqında məlumat verərkən bildirirdi ki, 1524-cü ilin yazı başlayanda Şah İsmayıl ova yollanmaq qərarına gəldi. Şah İsmayılın ova getməsi məsələsindən söz açan mənbələrin heç birində onun yola düşməzdən əvvəl səhhətində hansısa bir problemin olmasına toxunmamışlar. Bu o deməkdir ki, ova yollanmaq ərəfəsindən onun səhhəti kifayət qədər yaxşı idi. Şəkiyə yollanmaqla isə Şah İsmayıl daha çətin bir ovun seçimini etmişdi. Çünki çöl atlarını ovlamaq ovçudan kifayət qədər cəldlik və yorulmazlıq tələb edirdi. Yuxarıdakı məlumatdan göründüyü kimi, Şəki hakimi Həsən bəy, hətta bu ovun təhlükəli ola biləcəyini də Şah İsmayıla çatdırmışdı. Yəni Şah İsmayıl böyük fiziki gərginlik tələb edən bir ova yollanmışdı və onun səhhətində bir problemi olsaydı belə, bir gərginliyi də öz üzərinə götürməzdi. "Xüld-bərin" əsərində də istər bu ov zamanı, istərsə də onun Ərdəbildə ziyarətdə olması zamanı səhhətində bir problemin olmasından söz açılmır. Bu əsərdəki məlumata görə, Şah İsmayıl bir də Ərdəbildən ziyarətdən dönərkən Sain gədiyində özünü pis hiss etdi. Səltənətin təcrübəli həkimləri və təbibləri onun müalicəsi üçün nə qədər çalışsalar da bir nəticə əldə etmək mümkün olmadı. "Xüld-bərin" müəllifi yazırdı ki, bir neçə gün ərzində ağrılar onun bütün əzasını sarıdı, xəstəlik bütün bədəninə yayıldı. Bu ağrıların da nəyə gətirib çıxardığı artıq məlumdur.
"Aləmara-yi Şah İsmayıl" əsərinin anonim müəllifi isə yazırdı ki, Şah İsmayıl Şirvana yollananda onu bu vilayətin hakimi Şeyxşah qarşıladı və onun xidmətində dayandı. Şahın gəlişində məqsəd ova çıxmaq olduğu üçün Şirvanşahın əmri ilə ov heyvanları qovularaq bir məntəqəyə toplandı ki, səhəri gün həmin məntəqədə ov edilsin. Həmin gecə Şah İsmayıl yuxusunda atası Sultan Heydəri gördü. Yuxuda Sultan Heydər ona dedi ki, ey övlad, yanımıza gəl, sizin şərəfli qədəmlərinizin intizarındayıq. Şah İsmayıl yuxudan ayıldıqdan sonra ağ libas geyindi və bütün gecəni dua və minacat deməklə məşğul oldu. Səhər açılanda isə Şah İsmayıl həmin libasda xidmətçilərinin və əyanlarının qarşısına çıxdı. Əmirlər yaxınlaşıb ondan ağ libasda olmasının səbəbini soruşdular. O da cavabında yuxuda eşitditlərini onlara çatdırdı və sonra da əlavə etdi ki, onun son səfərinin yaxında olduğu hiss olunur. Ona görə ov səfəri də təxirə salındı və Şah İsmayıl Ərdəbilə yollanmaq barəsində göstəriş verdi. Mənbə məlumatına görə, Şah İsmayıl Şirvandan hərəkətə başlayanda Olumə Sultan adlı əmirinə tapşırıq verdi ki, Herata gedib oğlu Təhmasib Mirzəni tez Təbrizə gətirsin. Təhmasib Mirzə o zamanlar Herat hakimi idi. Bildirilir ki, Şah İsmayıl hələ Ərdəbilə daxil olmamışdan əvvəl Təhmasib Mirzəni onun hüzuruna yetirmək mümkün oldu (215).
Göründüyü kimi, "Aləmara-yi Şah İsmayıl" əsərində yuxarıdakı mənbə məlumatlarından fərqli olaraq Şah İsmayılın Şirvanda ov etmək istəyindən söhbət açılır. Onun ov üçün Şəkiyə getməsi barəsində burada məlumat verilməmişdir. Digər tərəfdən, bu əsərdə də Şah İsmayılın səhhətində hər hansı bir narahatlığın olması haqqında bir qeyd yoxdur.
Müəllifi bəlli olmayan "Aləmara-yi Səfəvi" əsərində bu məsələ bir qədər fərqli şəkildə təsvir olunmuşdur. Bu əsərdə bildirilir ki, Şeyxşah yüksək səviyyədə qarşılanma mərasimi təşkil etdi və Şah İsmayılı Şamaxıya gətirdi. Elə həmin gecə Şah İsmayıl yuxusunda atası Sultan Heydəri gördü. Gecə yuxusunda gördüyü atası Şah İsmayıla belə dedi: "Ey fərzənd, gəl ki, sənin qədəmlərinin intizarındayam". Şah İsmayıl yuxudan ayılandan sonra padşahlıq və cahangirlik yaraqlarını kənara qoydu və ağ libas geyindi. Əmirlər maraqlananda, Şah İsmayıl dedi: "Məni bu fani dünyadan əbədi dünyaya çağırdılar. Daha bizim ova getməyimiz aradan qalxır. Gedin o ovları da azad edin". Şirvanı tərk edəndə isə Şah İsmayıl saray əmirlərindən olan Olumə Sultana belə bir məktub yazdı: "Durmuş xan, Təhmasib şahı götürüb tez və təcili Darül-irşad Ərdəbilə yola düşsün". Şahın bu göstərişi vaxtında yerinə yetirildi və o, Ərdəbilə daxil olmamış Təhmasib Mirzə Ərdəbilə çatdırıldı (216).
Oğlu Təhmasib Mirzə hüzura yetişib təzim edəndə Şah İsmayılın gözlərindən yaş axmağa başladı və onu ağuşuna alıb qucaqladı. Əmirlər bu dəfə də göz yaşlarını saxlaya bilməməsinin səbəblərini Şah İsmayıldan soruşdular. Şah İsmayıl isə bildirdi ki, o, 14 yaşında olarkən müqəddəslərin köməyinə çatmaq üçün Gilandan hərəkata başlamış, Xəta hüdudlarından Hələb hüdudlarına və Durna çayının sahilinə kimi olan əraziləri ələ keçirmiş, Əlaüddövlə Zülqədəri, Türküstanın padşahı Şeybək xanı qətlə yetirmişdi. Şah İsmayılın dediyinə görə, indi o, ehtiyat edirdi ki, bu zəhmət və əziyyətlə əldə etdiklərinin hamısı zay olsun və Təhmasib Mirzə səltənət şahlığının öhdəsindən gələ bilməsin. O istisna etmirdi ki, qılıncının zərbindən qorxub dağlarda gizlənmiş hakimiyyət həvəskarları onun dünyasını dəyişməsindən sonra hərəkətə gələcək və qızılbaş qoşunlarına qarşı ədəbsizlik nümayiş etdirəcəklər. Şah İsmayıl sonra əlavə etdi ki, qızılbaşlar arasında elə bir adam görmür ki, onu Şah Təhmasibin vəkili etsin və bununla din və dövlət də əldən getməsin. Şah İsmayıla görə, qızılbaş əyanları arasında səltənət vəkili vəzifəsinə Div Sultandan yaxşı namizəd yox idi və bu fikrini o, saray əyanlarına və əmirlərinə də açıqladı. Sonra da Div Sultana buyurdu ki, onu oğlu Təhmasib Mirzənin vəkili təyin edir. Şah İsmayılın buyuruğuna əsasən, Div Sultan 7 il vəkili-mütləq olmalı, bütün saray əmirləri, qızılbaş qoşunları, sufiləri birmənalı şəkildə ona itaət etməli idilər. Amma bu şərtlə ki, gərək Div Sultan qızılbaş qoşunlarını incitməyəydi və qoşun əhlini narazı salmayaydı. Təhmasib şah 18 yaşına çatandan sonra isə dövlət idarəçiliyini bütünlüklə ona təhvil verilməli idi.
"Aləmara-yi Səfəvi" əsərində isə Şah İsmayılın son vəsiyyətini etməsi belə təsvir olunmuşdur: "Baxıram ki, Div sultandan başqa, kimsə oğlumun vəkilliyini edə bilməyəcəkdir. Div sultana üz tutub dedi ki, səni kamil və halal bir insan kimi tanıyıram. Amma gərək mənim xatirimə öz tündlüyünü kənara qoyasan, qızılbaşlarla məhəbbətlə və mehribanlıqla dolanasan. Əgər Bəlxdəki Xanan sultan burda olsaydı yaxşı olardı. İndi ki, sən burdasan, səni yeddi il müddətinə əziz övladımın səlahiyyətli vəkili təyin edirəm. Övladım on səkkiz yaşına çatanda onu artıq öz başına burax".
Bu əsərdəki məlumata görə, Div Sultan bu sözləri eşidəndən sonra Şah İsmayılın qarşısında təzim etdi və bir daha itaətini bəyan etdi. Şah İsmayıl sonra qızılbaş əmirlərinə də öz vəsiyyətini çatdırdı və onlara tövsiyə etdi ki, heç bir zaman öz aralarında nifaq etməsinlər. Qarşılıqlı anlaşma və ittifaqda olmağı o, sufiliyin tələblərindən biri kimi dəyərləndirdi. Şah İsmayılın fikrincə, qızılbaşlar öz aralarında ittifaqda və qarşılıqlı anlaşmada olduqları təqdirdə dörd tərəfi bürüyən düşmənlər də onlara heç nə edə bilməzdilər. Sonra Şah İsmayıl qızılbaş əyanlarına çoxlu nəsihətlər etdi və onlara bildirdi ki, nə qədər aranızda ittifaq var, heç bir padşah sizin üstünüzə hücum etmək iradəsinə malik deyil. Çünki onların hamısı qızılbaşlardan qorxurdular: "O həzrət zəfər aqibətli böyük əmirləri və qoşun başçılarına buyurdu ki, sufiliyin tələblərindən biri nifaq etməkdən əl çəkib ittifaqda olmaqdır. Belə olsa dörd tərəfinizdə olan düşmən heç bir iş görə bilməz. Aranızda birlik yaransa, heç bir padşah qızılbaşlarla müharibəyə girməyə cəsarət etməz. Çünki onların hamısı qızılbaşlardan qorxurlar".
Həmin anlarda Şah İsmayılın hərarəti xeyli dərəcədə yüksəldi və sonrakı 2-3 gün ərzində də bu hərarət enmədi. Vəziyyəti o qədər ağırlaşdı ki, Şah İsmayıl, hətta namazı da oturduğu yerdə qılmağa məcbur oldu. Ətrafına əmirlərin və əyanların toplaşdığı günlərin birində Şah İsmayıl bəyan etdi ki, üç gündən sonra dünyanı tərk edəcəkdir. Şah İsmayıl onu da əlavə etdi ki, Əmirəl-möminin də yuxuda ona Təhmasib Mirzəni şahlıq taxtına çıxarmağı buyurmuşdur. Çünki Şah İsmayılın övladları içərisində yalnız Təhmasib Mirzə bu qabiliyyətə malik idi.
Dünyasını dəyişməsi ərəfəsində Şah İsmayıl bütün böyük əmirləri, ağsaqqalları, qızılbaş qoşunları əmirlərini yanına topladı, onların yanında şahlıq tacını Təhmasib Mirzənin başına qoydu, belindəki kəmərini onun belinə bağladı, boynunu qucaqladı, əcdadlarından eşitdiyi öyüdləri onun qulağına söylədi, sonra da onun adına xütbə oxudu.
"Aləmara-yi Şah İsmayıl" əsərindəki məlumata görə, bu mərasimdən sonra bütün əmirlər Şah İsmayılın olduğu otağı tərk etdilər. Təhmasib Mirzə onun yanında qalmaq istəyəndə, Şah İsmayıl onun da otaqdan çıxmasını istədi. Təhmasib Mirzə də göz yaşları ilə bildirdi ki, belə bir vəziyyətdə onu tərk edə bilməz. Şah İsmayıl etiraz etməsə də, elə bu vaxt onun halı daha da pisləşdi. Təhmasib Mirzə atasının çarpayısına yaxınlaşanda artıq onun dünyasının dəyişdiyinin və həyatını pərvərdigara bağışladığının şahidi oldu. Onun ah-fəğan etməsini eşidəndə Div sultan və digər böyük əmirlər otağa daxil oldular. Adıçəkilən əsərin verdiyi məlumata görə, bütün əmirlər ah-zar etməyə başladılar, qarşılaşdıqları bu müsibətə görə yaxalarını didib-parçaladılar, qoşun əhli arasında qiyamət qopdu.
"Aləmara-yi Səfəvi" əsərində Şah İsmayılın dünyasını dəyişməsi anı ilə bağlı bəzi xırda təfərrüatlar da vardır. Bu əsərdəki məlumata görə, həyatının son anlarında Şah İsmayıl böyük əmirlərin hər biri ilə vidalaşdı və sonra da onlardan xahiş etdi ki, çadırı tərk etsinlər və onu tənha buraxsınlar. Bütün əmirlər Şah İsmayılın olduğu çadırı tərk etdilər. Sonra Şah İsmayıl oğlu Təhmasib Mirzənin də onu tək qoymasını istədi və ona dedi: "Ey gözümün işığı oğlum, sən də çıx bayıra". Təhmasib Mirzə isə ona belə cavab verdi: "Ey möhtərəm ata, sənə qurban olum! İcazə ver, mən qalım". Təhmasib Mirzə hiss etdi ki, Şah İsmayıl nə isə demək istəyir. Qalxmaq istəsə də özündə güc tapa bilmədi. Sonra o əlini dodaqlarına aparmaq istədi. Yenə gücü çatmadı, əli yanına düşdü və Şah İsmayıl özündən getdi. Təhmasib Mirzə (mənbələrdə o artıq Şah Təhmasib kimi təqdim olunub) ona yaxınlaşıb gördü ki, Şah İsmayıl daha dünyasını dəyişib. Şah Təhmasib başındakı tacını yerə qoydu və haray çəkərək göz yaşı axıtdı. Onun səsinə digər böyük əmirlər də gəlib Şah İsmayılın keçinməsindən xəbər tutdular. Mənbə məlumatlarına görə, əmirlər və qızılbaş qoşunları arasında bir qiyamət yaşandı, haray və inilti ətrafı bürüdü. Yas əlaməti olaraq heyvanların yalları və quyruqları qırxıldı.
Şah İsmayılın dünyasını dəyişməsi səltənət daxilində dərin bir hüzn ilə qarşılandı, şəhərlər və yaşayış məntəqələri qaraya boyandı. Bəzi məlumatlara görə, Şah İsmayılın ölüm xəbərini alan Səfəvi müridləri əyinlərinə kəfəni xatırladan ağ libas geyinib başlarını xəncərlə yaralayır və sonra da al qana boyanırdılar. Belələrindən, hətta dünyasını dəyişənlər də olmuşdu.
Şah İsmayılın dəfn mərasiminə Astrabaddan olan dini işlər sədri Əmir Camaləddin Məhəmməd rəhbərlik edirdi. Ölkənin ən nüfuzlu, ən hörmətli din xadimləri, dövlətin əmirləri, əyanları, sufi xəlifələri və müridləri bu mərasimdə iştirak edirdilər. Əmir Camaləddinin rəhbərliyi altında Şah İsmayılın nəşi yuyulub kəfənə büründü və dəfn namazı qılındı. Sonra da Şah İsmayılın nəşi Əmir Camaləddinin rəhbərliyi, pak sufilər dəstəsinin və qorçuların müşayiəti ilə Ərdəbilə yola salındı. O, Şeyx Səfi türbəsində ulu əcdadı Şeyx Səfiəddinin qəbri yanında dəfn edildi.
Şah İsmayıl mənsub olduğu sülalənin hökmdarları arasında yeganə hökmdardır ki, Ərdəbildə, Şeyx Səfi türbəsində dəfn edilmişdir. Şübhə etmək olmaz ki, əcdadlarının türbəsində dəfn edilməsi onun öz istəyi və vəsiyyəti əsasında baş vermişdi. Onu da ehtimal etmək olar ki, dünyasını dəyişməsi ərəfəsində Şeyx Səfi türbəsini ziyarət edərkən Şah İsmayıl elə bu vəsiyyətini etmişdi. Şah İsmayıl ulu əcdadı Şeyx Səfiəddinin məzarının kənarında, ayrıca dəfn edilmiş və Şeyx Səfiəddinin günbəzindən Şah İsmayılın məzarı üzərində tikilmiş günbəzə keçid qoyulmuşdur. Şah İsmayılın bu məkanda dəfn edilməsi həm də Çaldıran döyüşü şəhidlərinin böyük bir hissəsinin Şeyx Səfi türbəsi ətrafında dəfn edilməsi ilə bağlı ola bilərdi. Şah İsmayıl burada dəfn olunmaqla həm əcdadlarının, həm də onun üçün xatirəsi əziz olan əmirlərinin və döyüşçülərinin ruhlarına qovuşmuşdu.
Sonradan Şah İsmayılın məzarı üzərində sənduğə qoyulmuş və günbəz ucaldılmışdır. Bu günbəz və sənduğə bütünlükdə Şeyx Səfi türbə kompleksinin tərkib hissəsi kimi yüksək sənətkarlıq nümunəsidir və burada dövrün bir sıra sənət sahələrinin ən yaxşı ənənələri öz əksini tapmışdır. Şah İsmayılın günbəzi və məzarüstü sənduğəsində arxitekruranın, tikinti işinin, kaşı işlərinin, rəngkarlığın və rəssamlığın, xəttatlığın, oyma sənətinin dəyərli izləri və nümunələri ilə üzləşmək mümkündür. Başqa sözlə, bu sənət abidələri Səfəvi dövründə memarlığın, rəngkarlığın, tətbiqi incəsənət sahələrinin yüksək inkişafının əyani təsdiqidir. Bu sənət nümunələrinin icra üsulu və keyfiyyəti elə indinin özündə də mütəxəssislərin müzakirə və heyrət obyekti olaraq qalmaqdadır. Şeyx Səfinin günbəzi və qəbri ilə Şah İsmayılın günbəzi və qəbrinin yaradılması fərqli dövrlərdə baş vermişdir - birincisi teymurilər hakimiyyəti dövründə, ikincisi isə səfəvilər hakimiyyəti dövründə. Lakin bu əsərlər həm sənətkarlıq baxımından, həm də üslub və məzmun baxımından bir-birini üzvi şəkildə tamamlayır. Bu sənət əsərləri arasında, eyni zamanda bir dini-ideoloji vəhdət də özünü göstərməkdədir.
Şah İsmayılın məqbərəsini öyrənmiş Qərb və Şərq mütəxəssisləri birmənalı şəkildə bildirirdilər ki, bu Səfəvi şahının qəbirüstü sənduğəsi elə bir sənət əsəridir ki, onun oxşarının yaradılması mümkün deyildir. Xüsusilə, belə bir cəhətə diqqət yetirilir ki, qəbirüstü sənduğənin əsasını ağac materiallar təşkil edir və bu material üzərində zərif oyma işlərinin, şəbəkə işlərinin aparılması üçün ən mahir ustaların və sənətkarların cəlb edildiyi şübhəsizdir. Nəbati təsvirlərin çox kiçik ölçülərdə oyulması və həkk edilməsi son dərəcə incəlik və zəriflik tələb edən şəbəkə işlərində həndəsi ölçülərin son dərəcə dəqiqliklə gözlənilməsi və bu zaman təsvir gözəlliyinin qorunması Şah İsmayılın qəbirüstü sənduğəsini əsl sənətkarlıq nümunəsinə çevirmişdir.
Şah İsmayılın qəbirüstü günbəzinin və sənduğəsinin tikilməsi onun oğlu Şah Təhmasibin hakimiyyəti illərinə təsadüf edir. Şah Təhmasib bütünlükdə, Şeyx Səfi türbəsinin abadlaşdırılması və onun əzəmətinin qaldırılması istiqamətində xeyli işlər görmüşdü. O, türbə kompleksinə aid olan məscidin və qəndilxananın tikilməsinə, kompleksin elementləri arasında əlaqə yaradılmasına, Şeyx Səfi xalçası kimi nadir sənətkarlıq nümunəsinin hazırlanmasına müvəffəq olmuşdu. Elə onun hakimiyyəti illərində də Şah İsmayılın yüksək sənətkarlıq nümunəsi olan günbəzinin və qəbirüstü sənduğəsinin hazırlanmasına başlanmışdı.
Xarici görünüş baxımından Şeyx Səfiəddinin qəbirüstü sənduğəsi ilə Şah İsmayılın qəbirüstü sənduğəsi arasında bir oxşarlıq vardır. Baxmayaraq ki, türbədə çoxlu sayda digər qəbirlər və qəbirüstü sənduğələr vardır, oxşarlıq yalnız bu iki sənət əsəri arasındadır. Şah İsmayılın qəbirüstü sənduğəsi ölçülərinə görə çox azacıq fərqlə Şeyx Səfiəddinin sənduğəsindən kiçikdir.
Şah İsmayılın qəbirüstü sənduğəsinin üzərindəki yazıdan görmək mümkündür ki, bu sənət əsərinin yaradıcısı Maqsud Əli adlı bir sənətkardır. Mütəxəssislərin fikrincə, bu sənətkar elə bir üslub, texnika, məharət nümayiş etdirmişdir ki, hətta Şeyx Səfiəddinin qəbirüstü sənduğəsinin də sənətkarlıq səviyyəsini üstələyə bilmişdi. Yəni Şah İsmayılın qəbirüstü abidəsi bu Səfəvi hökmdarının, böyük sərkərdənin və söz ustasının əzəmətini tamamlayan bir sənət əsərinə çevrilmişdir.
Şah İsmayıl ilə Şeyx Səfiəddinin qəbirüstü sənduğələrində dini-ideoloji məzmun baxımından da müəyyən fərqləri görmək mümkündür. Bu da onunla bağlıdır ki, Şah İsmayıl artıq fərqli bir məzhəbə mənsub idi və bu məzhəbi öz dövlətinin də rəsmi məzhəbi elan etmişdi. Şah İsmayıl bu məzhəbə dərin etiqad bəsləyirdi və bunun əlamətlərini həm qəbirüstü sənduğənin kitabələrində, həm də qəbirüstü günbəzin kitabələrində görmək mümkündür. Şeyx Səfiəddinin Ərdəbilinin qəbirüstü sənduğəsi üzərində yalnız "Quran" ayələri yazılmışdır. Şah İsmayılın qəbirüstü sənduğəsi üzərində isə "Quran" ayələrindən başqa, Allah, Məhəmməd və Əli sözlərinin bəzək elementləri formasında təsvirlərinə də rast gəlmək mümkündür. Şah İsmayılın qəbirüstü günbəzinin çöl tərəfdən yuxarısında isə imamların adları və onlara salavat ayrıca kitabə halına salınmışdır.
Bu mənada, Şah İsmayılın qəbirüstü sənduğəsi və günbəzi yalnız bir sənətkarlıq nümunəsi deyil, həm də islam və məzhəb dəyərlərinin əks olunduğu abidələridir.
Mütəxəssislərin apardığı araşdırmaya görə, Şah İsmayılın qəbirüstü sənduğəsinin müxtəlif hissələrində "Quran"ın üç surəsindən, Qaf, Əl-Müzəmmil və Əl-İnsan surələrindən 23 ayə həkk olunmuşdur. Bu ayələrdən 12-si tam şəkildə, 11-i isə natamam olaraq kitabə şəklinə gətirilmişdir. Tam şəkildə həkk olunmuş ayələr - Qaf surəsinin 1-ci ayəsi, Əl-Müzəmmil surəsinin 6-cı, 7-ci, 8-ci, 9-cu, 12-ci və 20-ci ayələri, Əl-İnsan surəsinin isə 3-cü, 4-cü, 16-cı, 25-ci, 26-cı ayələridir. Natamam şəkildə həkk olunmuş ayələr isə Qaf surəsinin 2-ci ayəsi, Əl-Müzəmmil surəsinin 2-ci, 10-cu 11-ci, 13-cü və 14-cü ayələri, Əl-İnsan surəsinin isə 2-ci, 17-ci, 27-ci, 30-cu, 31-ci ayələridir. Bu ayələr məzmun baxımından Şah İsmayılın dini-ideoloji inanclarının ifadəsi olub yazılış baxımından da qəbirüstü sanduğənin sənətkarlıq mənzərəsini tamamlamışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!