Muzeyə çevrilən şəhid otaqları - Nə yaxşı var gül balalar! - Sevinc ELSEVƏR

Sevinc ELSEVƏR

Hər şəhid anası üçün indi yeganə təsəlli itirdiyi, torpaq uğrunda qurban verdiyi balasının adının unudulmaması, insanlar tərəfindən tez-tez xatırlanmasıdır. Onlar xatırlandıqca, igidlikləri, adları öyüldükcə ana ürəyi az da olsa təsəlli tapır. "Şəhidlər unudulanda ölürlər" - deyimini bu qədər dərindən başa düşmürdüm. Ancaq xalamın balası şəhid olandan sonra bu fikrin nə qədər dəqiq və yerində deyildiyinin fərqinə vardım.

Övladı cəbhədə olanda hər gün onu itirmək qorxusu ilə yaşayan, dualar edən, dualarının eşidilməsi üçün yalvaran ana indi onun xatirəsinin unudulmaması üçün çalışır ancaq. Ana qorxur ki, birdən oğlu yaddan çıxar, insanlar onu unudarlar. Unudulsa, oğlu ölər. Axı o, ölməyib, şəhid olub. Şəhidlər isə ölmür.

Unudulsalar... bircə unudulsalar ölə bilərlər. Məhz buna görə də unutmaq olmaz. Unutdurmaq olmaz!

Saatlı rayonunun Qaralar kəndinin şəhidi Oqtay Səfərovun cəmi 27 yaşı vardı. Pandemiya bitsəydi, müharibə olmasaydı, toyu olacaqdı. Anası Zülfiyyə xanım ona bəy otağı ayırmışdı. Həmin otağı təmir elətdirmişdilər ki, Oqtay evlənib gəlinini gətirsin. O otaqda oğlunun yasını quran ana indi həmin otağı muzeyə çevirib. Oqtayın şəkilləri, sənədləri, məktəb vinetkaları ilə yanaşı, şəxsi əşyaları o otağa toplanıb.

O muzeyə daha bir şəkil əlavə etdik. Ancaq bu dəfəki şəkil fərqlidir, Bakıdan Saatlıya yol alıb gəlib. Rəssam Vüsal Tərlanoğlunun işlədiyi portreti özümlə aparmışam.

Əvvəlcə onu maşının yük yerinə qoymaq istəyirik. Ancaq şəkil ora sığışmır. Elə bil orda getmək istəmir, orda nəfəsi darıxır. Arxa oturacaqda oturub portreti qucağıma alıram, bərk-bərk qucaqlayıram ki, maşın hərəkət elədikcə ora-bura dəyib ziyan görməsin.

Portreti qucaqlayıram, mənə elə gəlir ki, bu qucaqladığım körpə Oqtaydır. Axı mən onun ən çox körpəliyini xatırlayıram. Rayondan çıxdığım 24 ildir. Onda onun cəmi 4-5 yaşı vardı. Daha sonra bütün doğmalar kimi onunla da az-az, toydan-toya, yasdan-yasa görüşmüşəm. Hər dəfə də tünlük içində, qaça-qaçda.

İndi neynəsəm də, gözümün qabağına 4-5 yaşlı o uşağın siması gəlir. Bircə bunu deyə bilirəm: "Can, körpə!"

Hərdən portretin arxasında gizlənib ağlayıram. Yol azaldıqca, kəndə yaxınlaşdıqca xalamla görüşmək gözümə durur. Dəfn günündən gedənəm, sonra Korona bəlasına yoluxduq deyə, kəndə gələ bilmədik.

Xalamla hər telefonda danışanda axırı ağlamaqla qurtarır. Ürəyimdə qara-qara düşünürəm ki, telefonda elə ağlayan, görəsən, məni görcək necə ağlar! Üstəlik, portretə verəcəyi reaksiyadan da qorxuram. Ancaq bu portret də xalamın öz arzusudur, onu da Oqtay qardaşımızın otağındakı muzeyə əlavə eləmək, xatirələrini çoxaltmaq istəyir. Oqtayın xatirələri çoxalanda xalamın ürəyi sakitləşir, ona indi bu nişanələr təskinlik verir.

Nəhayət, maşın taybatay açıq həyətə girir. Uzaqdan görürəm ki, xalamın yoldaşı həyətin o başında heyvanların yanındadır. Bu heyvanları, danaları, inəkləri də Oqtay almışdı. Min bir zəhmətlə, şəhərdə ağır işlərdə çalışa-çalışa. İndi onlar da Oqtayın yadigarlarıdır. Ona görə heyvanlara xalam da, xalamın əri də gözü kimi baxır. Uşaqlıqdan Oqtay özü də heyvanları sevirdi. Həyətlərindəki iki it, qapılarının pişiyi də adamı kövrəldir indi. Heyvanlar da ailənin kədərini duyur, baxırsan ki, onlar da kədərlidir. İtlər heç hürmür, pişik gəlib ayaqlarıma sırmaşmır, inəklər də səssiz-sədasız başlarını aşağı salıblar.

İtləri görüb bir xatirəni xatırlayıram. Nənəm dayımın oğlu ilə məni götürüb kəndə, xalamgilə aparmışdı. Xalamgilin qapılarına yaxınlaşan kimi yarıaçıq qapıdan it çıxıb üstümüzə cumdu. Dayımoğluyla üzü geriyə qaça-qaça qışqırmağa başladıq:

- Oqtay! Oqtay, kömək elə!

Oqtayın onda 7-8 yaşı vardı. Gülə-gülə qapılarında göründü, iti geri çağırdı. Qorxudan ayaq üstə ölmüşdük yoxsa.

Az qalıram soruşam ki, bu həmin itdirmi? Ancaq soruşmuram.

Maşından düşəndə qabağıma dayımın yoldaşı gəlir, əlbəttə ki, gülümsəyə-gülümsəyə. Bərk-bərk qucaqlaşırıq, yenidən görüşümüzün sevincini dadırıq. Sonra qapıda xalam görünür. Gülüşüm üzümdə donur, dayımın yoldaşı da özünü yığışdırır. Xalamın yanında gülməkdən utanırıq, gülməyə ürəyimiz gəlmir. Xalam çatan kimi məni qucaqlayıb hönkürür. Bircə saniyə qabaq gülən adamdım, mən də ona qoşuluram.

"Balam evinə gəlib" - xalam ağlaya-ağlaya deyir, portreti maşından çıxarıb evə aparırıq. Üzünə vurulmuş kartonları sökməyə başlayır dayımın oğlu. Xalam kirimişcə durub baxır. Xalam qızları Könüllə Günelsə ağlamağa başlayıblar. Qapqara hicabda, uzun qara libasda Könül "Dədə Qorqud" filmindəki qırx incə belli qızları xatırladır.

Şəklin üzü açılır, dayımoğlu portreti divara söykəyir. Xalam qəfildən yerə çökür, iməkləyə-iməkləyə şəklə sarı gedir və elə bir ağlamaq ağlayır ki, sözlər acizdir təsvir eləsin. Elə yana-yana ağlayır, bir anlıq mənə elə gəlir qadın həqiqətən alışıb yanır, ancaq oduna yaxın düşmək də olmur. Xalam elə ağlayır, elə bil oğlunun tabutu təzədən gəlib evə.

Rəssam portreti olduqca canlı, gerçək yaradıb. Xalam portretə baxıb deyir: odur, özüdür, Oqtaydır, ancaq bu da mənimlə danışmır!

Elə bil portretin dil açıb danışacağını gözləyirmiş ana. Bağrımın başı qana dönür. Elə bilirəm portretin dil açıb danışmamasının günahkarı mənəm. Sanki əlimdən gələn bir işi xalamdan, onun balasından əsirgəmişəm. Suçluluq duyğusunun altında əzilib haldan-hala qalıram. Xalamı qucaqlayıb duzlu göz yaşlarından öpürəm. Ağladıqca əlləri, barmaqları göz yaşlarına bulaşan xalam şəklin üzünə də toxunur. Kənardan kimsə deyir ki, şəklin üzünə toxunmasın. Qorxur ki, barmaqlarıyla şəklə xətər yetirər, sonra barmaqlarını havada gəzdirir eləcə, ağlayır, suallar verir.

Portretdən kədərlə baxan Oqtay isə susur.

Xalam ağlayıb doyandan sonra şəkli götürüb Oqtayın otağına aparır. Dalınca gedirik. İçəri girəndə qəribə hisslər yaşayıram. Sanki Oqtay elə burdadır. Üstünə bayraq örtülmüş çarpayısına qoyurlar portreti. Xalam oğlunu oxşayır, "gəlib çıxdın evinə, öz otağına?"

Otaq şəkillərlə doludur, burda Oqtayın hər yaşda çəkilən şəkilləri var. Masanın üstündə uşaqlıq şəkilləri, orta məktəb dövründə çəkilən fotoları qoyulub. Balaca ölçüdə bir fotonu götürürəm, Oqtay burda həmişə xatırladığım yaşdadır.

Kitab oxuduğunu, kitablara marağının olduğunu bilmirdim, axırıncı dəfə Oğuz Atayın "Tutunamayanlar" kitabını oxuyurmuş.

Bir neçə qol saatı yan-yana düzülüb. Sonuncu saat sınıqdır. Xalamqızı bu saatın şəhid olarkən qolunda olduğunu deyir. Üstündən götürülən yeganə əşyadır. Beynimdə müxtəlif ssenarilər qururam saata dair. Hamısını da dərhal unutmağa çalışıram.

Divarın dibində bir neçə ayaqqabısı, idman alətləri qoyulub. Divarlardan birindən hərbi xidmətdən qayıdanda əynində gətirdiyi hərbi forması asılıb.

Böyük xalam qulağımın dibində kiçik xalamın qarasına deyinir: "neynirsən saxlamısan bu formanı? Elə bil ki, bu gün üçün saxlayıbmış!"

Sanki hər şey elə bu formanın günahıdır?!

Divara vurulan şəkillərin arasından bir şəkli xüsusilə göstərirlər. "Sevdiyi qızdır!" - deyirlər. Bərabər şəkil çəkdirməyə imkan da tapmayıblarmış. Sonradan qoşalaşdıqları bu fotoya baxıb susuram, artıq heç bir sözün mənası yoxdur.

Süfrəyə dəvət edirlər. Ancaq otaqdan çıxmaq istəmirəm. Elə bilirəm biz bu otaqdan çıxanda Oqtay burda tək qalıb darıxacaq. Elə bilirəm bizim arxamızca baxır.

"Nə yaxşı var gül balalar!"

Xalamın qız nəvələri ortalıqda qaçışır. Günelin oğlunu çağırıb çantamda gətirdiyim uşaq jurnalını verirəm, ancaq tapşırıram ki, hələ hərfləri təzə öyrənən bacısına da oxusun. Könülün oğlu balaca Nüsrətin dili elə bil baldır. Şirin, istiqanlı uşaqdır, iki dəqiqədən sonra Elsevərin qucağına çıxır, hətta əlindən plov yeməyə başlayır. Müharibə dövründə doğulan balaca qızı isə gah mən alıb oynadıram, gah dayımın oğlu. Kəndlərinin üstündə düşmən uçağı vurulan gün tələsib dünyaya gəlib balamız. Silah səsinə diksinib anasının bətnindəcə! Arzumuz budur, bir də ömrü boyunca silah səslərinə diksinməsin, silah səsləriylə oyanmasın, qorxmasın!

Elə dayısı da bu yolda fəda olub. Fəda olub ki, gül balalar aydın sabahlarda oyansın, gecələri rahat yatsın!

Ancaq nəvələri ilə danışanda xalamın hərdənbir dodağı qaçır. Onda elə sevinirəm ki!

Şirindilli Nüsrət nənəsini danışdırır, eynini açır, heç kimsənin bacarmadığını bacarır.

Böyük bacı, gündən-günə şam kimi əriyən, rəngi kağız kimi ağarıb qalan Günel həyatda daha onun üçün heç nəyin, heç kimin mənasının qalmadığını deyir. Təsəlli verməyə belə qorxuram, sözlər aciz qalır. Ancaq bir azdan balaca Nuray anasına yaxınlaşır, hardasa qollarını suya batırıb. Anası toxunan kimi hiss edir, qəfil sıçrayır, "sənə soyuq olar!" - deyir, Nurayın paltarını dəyişmək üçün içəri otağa aparır. Baxıram ki, ancaq uşaqlar xalamı, xalamın qızlarını adi, gündəlik həyata qaytara bilir, onları yenidən həyata bağlaya bilir, gələcək barədə ümidlər oyadır.

Nə yaxşı var gül balalar! Onlar olmasaydı, həyat necə çətin, necə dözülməz olardı deyə düşünürəm. Allah bütün balalarımızı qorusun və onları da müharibəylə, çörəklə, xəstəliklərlə sınağa çəkməsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!