Riyakarların səmimiyyəti - Esse - Fərid HÜSEYN

Fərid HÜSEYN

 

Ketrin Randelə və Tanrını "layihələşdirənlərə" ithaf olunur...

Nədənsə, aşağıdakı suallar ətrafında zaman-zaman düşünməli olmuşam:

- Nəcə olur ki, təpədən-dırnağa çirkaba bulaşmış bəzi insanlar pak, müqəddəs şəxsiyyətləri sevirlər?

- Nəyə görə əli istedadının qanına bulaşanlar öz bəşəri düşüncələrini, xarakterlərinin qurbanına çevrilmiş dahilərin vurğunudurlar?

- Səbəb nə ola ki, bəzi haramzadələr dünya malında zərrəcə gözü olmayan, nəfsi və gözü tox müdrikləri daim ehtiramla yad edirlər?

- Hansı səbəbdən bəzi suyu üfürə-üfürə içən danosbazlar əqidəsi uğrunda qurban gedən böyük cəsarət sahiblərini guya özlərinə örnək seçib, gecə-gündüz onlar haqqında yazır, yaxud da danışırlar?

Axı həmin naqis, haramzadə, rəzil insanlar, bəlkə də, həyatlarında bircə gün də pak, müdrik, müqəddəs insanlar kimi yaşamayıblar. Hamı şahiddir ki, onlar üçün pul, vəzifə, kiminsə yanında bir pillə ucalmaq müqəddəs kitablardan, görkəmli şəxsiyyətdən, ali dəyərlərdən qat-qat üstündür. Əgər belədirsə, onlar üçün klassikləri tədqiq etmək, yeri gəldi-gəlmədi onlardan söz salmaq, özlərini onların varisləri saymaq sadəcə gözə-kül üfürmək üçündürmü?

Yəqin, dahilərin və pak ideyaların arxalarında həmin bədəməllər, mənəvi göreşənlər həqiqi kimliklərini gizlədir və beləcə öz saxta simalarını faş olmaqdan öz aləmlərində hifz edirlər. Amma zaman keçdikcə gördüm ki, axı ətrafda onların bu simalarını üzə çıxarmağa heç böyük əksəriyyət cəhd etmir, bəzi hallarda cəmiyyət onları təqdim olunduqları kimi qəbul edir, hətta bəzən dəm vurduqları ideyaların daşıyıcıları kimi tanıyırlar. Bu məntiqlə pərdələnməyə, gözə kül üfürməyə, əslində, dərin qatda ehtiyac yoxdur. Digər tərəfdən, başqa bir sual da meydana çıxır; cəmiyyətlə onların qarşılıqlı münasibətini bir qırağa qoyaq, ola bilməzmi ki, həmin insanların özləri psixoloji, mənəvi, əqli cəhətdən, yaxud sırf şəxsi planda pak ideyaları dəstəkləsin, müdrik kəlamlardan həzz alsınlar?

Çoxsaylı suallarıma isə bu əsəri oxuyarkən cavab tapdım: Ketrin Randelin "Canavar xilaskarı" romanında belə bir fikir var: "Əksəriyyət özünü heyvansevər kimi göstərir, amma onlar heyvanların özünü yox, heyvan ideyasını sevirlər. Əsl heyvan elə kir-pas deməkdir". Yəni heyvanlara qayğı göstərməyin yaxşı bir şey olduğu cəmiyyət tərəfindən təqdirlə qarşılanan bir ideyadır. Şüurlu olan hər kəs həmin qəbul edilmiş ideyanı dəstəkləyir. Amma bu maraq hələ tam mənada heyvanlara qarşı həqiqi sevgi demək deyil. Bu, sadəcə, cəmiyyətdə insani düşüncədə heyvanlara aid düşüncəyə - mövcud ideyaya hörmətdən doğan meyildir. Heyvana əsl sevgi onu saxlamaq, onun qayğısına qalmaq, onun tökdüklərini təmizləmək, xəstələnəndə əlac tapmağa çalışmaq və s.-dir. Yəni paklığı sevən pak olur, pak olmayan isə cəmiyyət tərəfindən rəğbət görən  paklıq ideyasını "sevənlərdir".

Rəzil, haramzadə, naqis insanların saf ideyalara, müdriklərə, dahilərə, Allaha, dinə münasibəti də məhz həmin ideyaya vurğunluq səviyyəsindədir. Məsələn, biri var Məhəmməd Əmin Rəsulzadəni sevmək, onun kimi dürüst yaşamaq, xalqının xoşbəxtliyini öz səadətindən uca tutmaq, öz ömrün daxilində onun prinsiplərinə əməl etmək, bir də var ətrafındakı hər kəsin taleyinə biganə qalmaq, ortada yeyib qıraqda gəzmək, haqqı tapdananın gözünə görünməmək, amma söz düşəndə Rəsulzadə haqqında ürəklə danışmaq, onun əsərlərini təhlil etmək, ideyaları barədə fikir yürütmək, şəxsiyyətinə maraq göstərmək - bunlar cəmiyyətin nəzərindəki Rəsulzadə ideyasını "sevməkdir". Bu, bir həvəsdir, meyildir, elə bir həvəs, elə bir meyil ki, ideya vurğunları məqam düşəndə ondan çox asanlıqla vaz keçə, onu tapdalaya da bilirlər.

Riyakarların sevgilərinin səmimi tərəfi bundadır; Onlar üçün müqəddəs dəyərlər, ali şəxsiyyətlər nə keçmişdədir, nə gələcəkdə, onlar üçün bütün dəyər daşıyıcıları bu günlərinə aiddir. Sanki hər kəs və hər şey onlarla başlayır, onların özləri ilə də bitir. Çünki "ideyanı sevənlər", adətən zamanın övladı olurlar.

Və mən əvvəllər bir cür danışıb, başqa cür hərəkət edənləri, yaxud ali dəyərlərdən dəm vurub hər cür xırdalanmağı özünə rəva görənləri, Allaha, müqəddəs dəyərlərə, seçkin şəxsiyyətlərə layihə gözü ilə yanaşanları sadəcə riyakar sayırdımsa, indi onların səmimiyyətinə qətiyyən şübhə etmirəm. Çünki onlar haqqında danışdıqları şəxsiyyətlərin, əməllərin özünə yox, onun cəmiyyətin nəzərindəki ideyalarının vurğunlarıdırlar. Axı uşaq da bilir ki, "heyvanlara qayğı göstərmək" yaxşı işdir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!