İşdən gəlirdim. Parkın yanından keçəndə gördüyüm mənzərə, sanki məni sehrlədi. Dayandım. Parkın içərisində kənd həyatının bir parçasını görürdüm.
Onlar üç nəfər idi. Üçü də eyni yaşda olardı. Yaşlı idilər. Bəlkə də, mənə elə gəlirdi. Bəlkə də, nə bilmək olar, çəkdikləri dərd, qəm, kədər yükü onları elə yaşlı göstərirdi. Üçünün də əynində nimdaş pencək, şalvar vardı. Görünüşlərindən açıq-aydın hiss olunurdu ki, kənd adamlarıdı. Bakının havası onların yanaqlarındakı qızartını avazıtsa da, tamamilə silib apara bilməmişdi. Yazın ilk günləri idi. Günəş şüalarını yerə səpələsə də, hava sazaqlı idi. Sanki qış lövbər saldığı yerdən tərpənmək istəmirdi. Hər vəchlə yazın gəlməsinə mane olmağa çalışırdı. Bu sazaqlı havada üçü də nazik geyimdə idi. Hətta onlardan biri papağını çıxarıb ağacdan asmışdı. Cib dəsmalının uclarına düyün vurub, papaq kimi başına keçirib yer belləyirdi. İkincisi qayçı ilə ağacların qurumuş, lazımsız budaqlarını kəsirdi. Üçüncüsü isə belin sapını sinəsinə dayaq verib fikrə getmişdi.
Ağacdan üç bağlama asılmışdı. Çay, çörək bağlaması. Ağacın dibində isə özlərinə oturmaq üçün yer düzəltmişdilər. Yəqin, bir azdan günortaya çıxacaqlar. Üçü də, sanki bir-birilə qaradinməz idi, dinib-danışmırdılar. Adətən kənd adamları belə məqamlarda – əkin-biçinlə, bağ-bağçayla məşğul olanda, başlarına gələn, həyatda gördükləri maraqlı, gülməli hadisələri bir-birinə danışar, işləyə-işləyə gülüb əylənər, yorğunluq hiss etməzdilər. Ancaq baxıram, bu xına o xınaya bənzəmir. Açıq-aydın hiss olunurdu ki, onlar cismən burada olsalar da, ruhən tamamilə başqa yerdədirlər. Harada? Həmişə yaşlılara xüsusi diqqətim, marağım olub, indi də məni maraq götürmüşdü. Görəsən, onlar nə düşünür, yaşadıqları müddətdə zaman, vaxt onlara nəyi verdi, nəyi aldı? Onlara qalan nə oldu? Üzlərinə baxanda hiss edirdim ki, bunlara qalan elə də ürəkaçana oxşamır. Qarşılarında olduğum halda məni nə görür, nə də hiss edirdilər. Nəsə demək istəyirdim, üzlərindəki topa-topa bulud karvanını görüb susdum, sanki dodaqlarım bir-birinə pərçim edilib möhürlənmişdi. Bu zaman yaxınlıqdan keçən bir qadın ayaq saxlayıb: – Ay kişi, neynirsən, ağacı niyə kəsib tökürsən? Belə də ağac budanar? Üçü də qadına tərəf baxsalar da, dinmədilər. Onların dinmədiyini görüb, qadın deyinə-deyinə yoluna davam etdi. Qadına bir söz deməsələr də, incik bir-birinin üzünə baxıb, sonra başlarını bulayaraq işlərinə davam etdilər. Onlar işləyir, mən isə onları müşahidə edirdim. Elə bil həyatdan küsmüşdülər. Öz-özümə söz verdim, onlarla həmsöhbət olmadan, hal-əhval tutmadan buradan bir yana gedəsi deyiləm. Birdən elə bil daxilimdən mənə bir təpər gəldi, qeyri-ixtiyari: – Yorulmayasız, əmi – dedim. Bu kəlmə üçünün də xəyal mürgüsünə, sanki soyuq su çilədi. Ayıldılar, çaşqın-çaşqın üzümə baxdılar. Onları sərsəm etdiyim üçün özümü danladım. Elə bu zaman onlardan biri: – Sağ olasan, qızım, günün-baxtın ağ olsun, – deyib məni danlağımdan qurtardı. Sonra mənə diqqətlə baxdı. Hər ikimizin kəlməsi elə bil aramızda ünsiyyət üçün körpü yaratdı. Əlindəki beli torpağa sancıb, xahiş edirmiş kimi: – Qızım, tələsmirsən ki? Gülümsünüb – xeyr, – dedim. Özləri üçün düzəltdikləri oturacaqda mənə yer göstərdi. Oturdum, özü də qarşımdakı daşın üzərində əyləşdi. Qızım, soruşmasan da, öyrənmək istədiyini gözlərindən oxudum. Yəqin, deyirsən ki, bu binəvalar kimdi? Nəçidi? Eşit, bil, qızım.
Əzizinəm, qəribik,
Yurdu viran qəribik.
Dərd üstə dərd yüklənən,
Ağır yüklü qəriblik.
Mənə təxminən aydın olanı bu misralar daha da aydınlaşdırdı. Bu dörd misra, sanki ürəklərin dərd, qəm qapısının açarı idi. Gözləri doldu. Mən də qəhərləndim. Hiss edirdim ki, bu ayaq açandan sonra da söhbəti haradan, necə başlayacağında çətinlik çəkir. Sağa-sola boylandı, elə bil nəsə axtarırdı. Birdən, sanki axtardığını tapdı, tələsik: – Mənim adım Səməd, Əli qayçıyla kənddə oxumamış, bütün ağacların dilini bilən, dərdini anlayan aqronom Əhəd deyərdilər. Sonra səsini tamam alçaldıb, o da Həmiddir. Bu mənim diqqətimdən yayınmadı. Qəribədir, onların görünüşləri də, adları da, taleləri də necə də bir-birinə bənzəyirdi. Ancaq hiss edirdim, xaraktercə bir-birindən fərqlidirlər.
– Ay qızım, yəqin, düşünürsən ki, bu binəvalar ixtiyar yaşlarında əllərində bel, qayçı, nə düşüblər bu torpağın, ağacların canına, yeməyə bir parça çörək tapmırlar? Şükür, ac-susuz qalmırıq. Söhbət yeyib-içməkdə deyil, qızım, biz gözümüzü açandan torpağla, bağ-bağçayla əlləşmişik. İndi dörd divar arasına uşaqlı-böyüklü doluşub, arvad-uşağın əl-ayağına dolaşa-dolaşa qalmışıq. Qapı yazıq bir dəqiqə dabanının üstündə durmurdu. Nə qədər eşiyə çıxıb, içəri girmək olardı? Həm də istəyirdik ki, Həmidi evdən çıxaraq, aynı bir az da olsa açılsın. Bədbəxt Həmid o hadisələrdən sonra iki il sərasər danışa bilmədi, dili tutuldu. Bir ildi Allahın istəyi, həkimlərin köməyi ilə danışır. Sözü bir yerə qoyub, özümüzə bel, tənək kəsən qayçı alıb, düşdük bu torpağın, bu ağacların canına, dibini eşələyib, başlarını kəsib, qoyduq yerə.
Səməd əmi dərindən ah çəkib: – Qızım, üçümüz də Ermənistanın ağlar qalan Çinarlı kəndindənik. Ermənistan deyəndə dilim od tutub yanır. Rəhmətlik babam danışardı: – Bizim yaşadığımız dövrdə nə ermənilər vardı, nə Ermənistan. Havadarları dünyanın hər yerindən erməniləri təmtəraqla yığıb gətirdilər, ən gözəl təbiəti olan torpaqlarımıza yerləşdirdilər. Sonra da sahibləndilər. Nuh əyyamdan əcdadlarımızın yaşadığı vətənimiz Ermənistan oldu. Neçə dövlətlərə torpaq iddiasında olsalar da, heç birindən ala bilmədilər. Öz əlimizlə biz verdik, necə verdik, niyə verdik, orasını deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, düşməni yuxarı başa özümüz çıxardıq. Onlar da “Ayağımıza yer edərik, gör sizə nələr edərik” – deyib, əsrin əvvəlindən bu günə kimi nələri edə-edə gəlirlər. Başımıza açdıqları müsibətlər, faciələr nə kitaba sığandı, nə dəftərə. Niyə? Nə günahın yiyəsiyik? Nə suçun sahibiyik? Bir millət neçə dəfə kökündən vəhşicəsinə qoparılar. 1948–50-ci illərdə yurd-yuvamızdan, ev-eşiyimizdən uşaq olsam da, necə qovulduğumuzu öz gözlərimlə gördüm. Bizi yayın cırhacırında heyvan kimi, əşya kimi “tavarnı” vaqonlara doldurub, Azərbaycanın göydən od yağan rayonlarına atdılar. Pambıq əkib-becərmək üçün yaşamağa nə evimiz vardı, nə də sığınacağımız. Var olsun millətimiz, bizə sığınacaq verdilər, evlərinə yerləşdirdilər. Qızım, bizim millətin xislətindədir, pis gündə, yaman gündə bir-birinə əl tutmaq, dayaq durmaq.
Dağın başında dağ havasına öyrəşmış insanlar aran rayonlarında isti havaya dözə bilmədi. Çoxu dünyasını dəyişdi, az hissəsi çox çətinliklə geri döndü. Geri dönənlərin başı sığallanıb, xoş gəldin deyilmədi. İllərcə zəhmət çəkib tikdikləri ev-eşiklərinə artıq gəlmə ermənilər sahiblənmişdilər. Çox ağır idi. Fikirləşirəm, ermənilərin xaricdəki havadarlarını başa düşmək olar. Onlar pərpətöyün toxumu kimi dünyaya səpələnib, min oyundan çıxıb özlərinə arxa, qahmar insanlar tapıblar. Bəs sovetin bizə münasibəti niyə ögeydir? Sovetin qazanını çalışıb, zəhmət çəkib dolduran biz, boşaldan ermənilər.
Sovet ermənilərə Almaz zavodu tikəndə bizə də xala-xətrin qalmasın deyə, neftayırma, dəri-gön zavodu tikdi. Ermənilər almazı kefləri istədiyi kimi kəsib-tökdülər. Kəsib-tökdükləri ilə varlandılar, pullandılar. Biz Sibirin neftini, dərisini, gönünü təmizləyib, o çirkabı torpağımızın üzərinə axıtdıq, nəfəsini kəsdik. Həmişə bizə qarşı çox haqsızlıqlar olub – istər xaricdən, istərsə də daxildən. Haqdan, hüquqdan danışan ölkələr bu haqsızlığa baxırlar, amma görmürlər, ya da görmək istəmirlər, susurlar. Bu günə kimi alçaqlar torpaqlarımızı parça-parça, tikə-tikə əllərinə fürsət düşən kimi qarmalayıblar, di gəl, gözləri doymur ki doymur. İstədiklərini əldə etmək üçün hər cür hoqqadan çıxdılar. Sumqayıt hadisələri də başımıza bu müsibətləri gətirmək üçün alçaqların hiyləgər planları idi. Nə istəyirlər, onu da edirlər. Qarşılarını kəsib “ho” deyən də yoxdur. Gəlmələr havadarlarının köməyi ilə Qarabağa doluşdu. Yerlərini bərkidəndən sonra muxtariyyət davası döydülər, aldılar. O muxtariyyət başımıza bəla oldu. Bizə niyə vermədilər Göyçədə, Zəngəzurda, Borçalıda? Elə o muxtariyyətdən yapışıb kökümüzdən qopmazdıq. Pələsəng, didərgin olmazdıq. Bu niyələr gecəli-gündüzlü, uşaqlı-böyüklü hamımızı oxumamış siyasətçi edib. Deyirlər, hər şərin içərisində bir xeyir yatır, gərək onu oyatmağı bacarasan. İnşAllah başımıza gətirilən bu qədər şərlərin içərisində yatan xeyri oyatmağı bacararıq.
Əhəd əmiyə baxdım. Əlləri iş görsə də, fikri bizim yanımızda idi. Nəhayət, əlindəki işi qurtarıb, yanımıza gəldi. Əhəd əminin daradığı ağac elə yaraşıqlı görünürdü ki, qeyri-ixtiyari: – Əllərin-qolların var olsun, Əhəd əmi – dedim. Elə gözəl iş görmüsünüz ki, əsl sənət əsəridi. – Çox sağ ol, qızım, dəyər verdiyinə görə. Sonra acı-acı gülümsünüb: – Dünən bir nəfər mənə məsləhət verir: – Qardaş, görürəm kənd adamısız, əkin-biçinlə, bağ-bağçayla məşğul olmusuz. Axı sizin nə işiniz var şəhərdə? Deyirəm: – Ay qardaş, onu böyüklərdən, başbilənlərdən soruş. Bizim nə işimiz vardı şəhərdə. Ömrü boyu əkin-biçinlə, bağ-bağçayla məşğul olmuş adamlarıq. Ermənistanda dağların sinəsində, dərələrdə, təpələrdə elə bağlar, bağçalar saldıq. Üzüm bağlarımızda hansı üzüm növü desən var idi. Elə meyvələrimiz var idi ki, Miçurinin meyvələri onun yanında nə idi? Meyvələrimizin dadı, tamı eldən-elə, dildən-dilə gəzirdi. Hansı meyvədən desən var idi. Görəsən, o bağlara noldu? Onları əlimizin zəhməti, alnımızın təri ilə becərmişdik. Erməni nə qanır torpaq nədir, bağ nə, bostan nə!
Qardaş, bir söz də deyim, xətrinə dəyməsin, axı ağacı çox kəsirsən, elə də budamaq olar? Məni gülmək tutdu. Dedim, qardaş, mən ağacı darayıb, sığallayıb formaya salıram. Qurumuş budaqlarında başqa elə sağlam budaqlar var, ağacın içərisinə hava işləməsinə mane olur, onları kəsib götürürəm ki, ağac meyvə gətirəndə içərisində hava oynasın. Onda meyvə sağlam, dadlı, rəngi xoş olur. O ki deyirsən, ağacı budamaq, dəli ha döyləm, ağacı budayam. Biz tərəflərdə budamaq döyməyin ən ağır formasıdı. Əlinə nə keçdi, qarşındakının harası gəldi vurmaqdır. Mən qış yuxusundan duran ağacı sığallaya-sığallaya darayıb formaya salıram. Necə ki, insan yuxudan duranda sığallanıb, daranıb, saçını formaya saldığı kimi. Mənim dediklərimdən sonra qardaş bir söz demədi. Bilmirəm, dediklərim beyninə batdı, ya yox. Nə deyim, ay qızım, bildi, bilmədi, biri kərə, o birisi kürə. Nə deyirlər, desinlər. Özümüzünkü özümüzə bəsdir. Elə dərd, qəm şəlaləsi ilə yüklənmişik ki, nə tərpədə bilirik, nə qaldıra. Yurd-yuvamızı, el-obamızı itirməyimiz bir yana, adımızı da itirmişik. Adımız köçkündü, qaçqındı, didərgindi, gəlmədi. Gəlmə ermənilər yerli oldu, həm ordakı torpaqlarımıza, yurd-yuvamıza yiyələndilər, həm buradakı. Köçəri tayfa olan ermənilərin nə dövləti olub, nə milləti. Dövlət vətən torpağında qurulur, vətəndə yaranır. Vətən – əzizlərimizin, ulularımızın əmanət verdiyi, uyuduğu torpaqdır; Vətən – canını verdiyin, qanını tökdüyün torpaqdır; Vətən – alın tərini axıdıb, əkib-becərdiyin torpaqdır. Ona görə Vətən əzizdir, müqəddəsdir. Ermənilər yoğurmayıb, yapmayıb hazırdan torpaq qarmalamaqla o torpaqda vətən olmaz. Hər dəfə vətənimizin xəritəsinə baxanda ürəyim od tutub yanır. Vəhşilər quzğun kimi torpağımızı parçalayıb, caynağına alıb. Şükürlər olsun ki, tamamilə yox etməyə gücləri yetməyib, Azərbaycan adlı vətənimiz var. Azərbaycan qürurumuz, fəxrimizdir. Ancaq doğulduğun, boya-başa çatdığın, yaşadığın yurd-yuva başqadır, onu heç nəyə dəyişmək mümkün deyil. Allah heç kəsi yurdundan, yuvasından, kökündən ayırmasın. Qızım, sən qarşındakı ağaca fikir ver, yaşı çox olar, onu çıxar görüm necə çıxaracaqsan, başqa yerə basdır, görüm necə bitirəcəksən. Onu nə çıxarmaq mümkündür, nə başqa yerdə bitirmək. Ona görə ki, onun kökləri yerin yeddi qatına işləyib. O kökləri yerin yeddi qatından çıxarmaq mümkün deyil. İnsan da elədir, yerin yeddi qatında elə qiymətlilərimiz qaldı ki..
Əzizinəm, o üzdə.
Varım, yoxum o üzdə,
Mən gətirə bilmədim
Hər şey qaldı o üzdə.
Üzümə baxdı, gözləri dolmuşdu. Cibindən dəsmalını çıxarıb gizlicə göz yaşlarını sildi. Elə bil axıtdığı göz yaşlarına görə məndən utanırdı. Çalışırdı, axan göz yaşları üzünə deyil, içərisinə axsın, kimsə görməsin. Özünü toparlayıb: – Çox şeylərimiz qaldı, qızım, hansını sayım.
Əzizinəm, qalıbdı,
Dözəmmirəm qalıbdı.
Mən burada olsam da,
Köküm orda qalıbdı.
– Çox çətindir, qızım. Hər şeyimiz qaldı. Üstəlik, ürəyimiz də orda qaldı. Bura quruca canımızı gətirmişik. Yaşamaq təkcə yemək, içmək, nəfəs almaq deyil, yaşamaq yeri gələndə gərək ürəkdən gülməyi, ağlamağı bacarmaqdır. Ürək yoxdursa, necə güləsən, necə ağlayasan? Biz tərəflərdə gözəl bir kəlam var: “Axırın xeyir olsun”. Bizim ixtiyar vaxtımızda, ömrümüzün qürub çağında axırımız xeyirli olmadı. İnşAllah dünya belə getməz, sizinki xeyirli olar.
Əhəd əmi dərindən ah çəkib acı-acı gülümsündü. Yeddinin yeri göynəyir, qızım. Bu vaxtlar yazın burnu dəliləndə təmtəraqla, yaşlılar, uşaqlar yaylağa hazırlaşardıq. Cavanlar aranda qalardı. Əkin-biçinlə, bağ-bağçayla məşğul olardı. Yaşlılar mal-qaralı Cubuqlu yaylağına çıxardıq. Cubuqlunun gözəlliyinə heç bir yaylaq tay ola bilməz. Biz yaylaqdan köçənə kimi dağların dərələrində qar tarları əriməzdi. Qar tarlarından sındırıb sapaq yarpaqlarına büküb arana göndərərdik. O vaxtlar soyuducu nə gəzirdi. Buz bağlamış qar parçalarını birbaşa kalxozun sahələrinə aparıb camaata paylayardılar. Onlar da bizə aran sovqatı göndərərdilər. Cubuqluya Cəlaloğlundan keçib gedərdik. Cəlaloğlu Cubuqlunun astanası idi. Babam danışardı: – Cəlaloğlu igid, mərd oğullarımızdan biri olub. Cubuqlunun astanasını nəsil, nəcabətinə məskən seçib, Cəlaloğlu adını verib. Cəlaloğlu meşənin ətəyində yaşıllığın, gülün-çiçəyin içərisində tayı-bərabəri olmayan gözəl bir məkan idi. O qədər sağlam, dadlı suyu vardı ki, içməklə doymaq olmurdu. Kimin boğazı ağrısaydı, həmin sudan içən kimi sağalırdı. Ermənilər özlərinə xas üsulla əvvəlcə sənədlərdə, sonra da aşkarda Cəlaloğlu adını elə sildilər ki, sanki Cəlaloğlu adında şəhər yox imiş. Cəlaloğlunun adını dəyişdirib, otuz min azərbaycanlını qanına qəltan edən Stepan Şaumyanın adını verdilər. Elə bil ad qoymaq üçün başlarına şəhər qəhət idi. Beləliklə, bizim ürəyimizə od vurub, Cəlaloğlu Stepanavan oldu. Cəlaloğlundan sonra dayanacağımız Suqarışan idi. Əhəd əmi danışırdı. O danışdıqca xəyalım məni məndən alıb birbaşa Suqarışanın qarşısındakı balaca, çiçəkli təpənin üzərinə qoydu. İstəyirdim saatlarca, günlərcə oturub Suqarışanın sehrli mənzərəsini seyr edim. Gözlərimin önünə dağların sinəsində poqquldayan, hərəsinin öz dadı, öz tamı olan, kövrək, titrək axışı ilə dərələrdəki çaylara qovuşmağa tələsən irili-xırdalı bulaqlar gəldi. Dərələrdən axan çaylar bir ana nəvazişi ilə bütün bulaqları öz qoynuna ala-ala, zümzümə edə-edə Suqarışana tələsirdi. Bütün dağların dərələrindən axan çaylar, sanki bir-birilə bəhsə dururdu. Suqarışana tez çatmaq üçün. Çaylar Suqarışanda bir-birinə qovuşub, bir-birinə qarışırdı. Bu qovuşmadan necə bir ilahi mənzərə, necə ilahi bir səs yaranırdı. Bu mənzərə, bu səs sənin bütün varlığını əlindən alır. Sanki sehrli bir məkanda sənə janrı, adı bəlli olmayan, möhtəşəm simfonik bir orkestrin ifasında əzəmətli bir musiqi dinləyirsən. Bu musiqidə Suqarışana axan suların səsindəki həzinlik, kövrəklik, etiraz, çağırış, coşqu vardı. Onlar bir-birinə qovuşanda coşub qayalara çırpınan sularının səsində yeni bir musiqi sədası yaranırdı. Bu musiqi mübarizlik simfoniyası idi. Bu simfoniyanın içərisində haqsızlığa meydan oxuyan Koroğlunun nərəsi vardı. Bu simfoniyanın içərisində cavabını ala bilmədiyimiz sualların cavabı vardı. Bu simfoniyanın içərisində yatan bir uğuru, bir xeyri yolu göstərirdi. Bizi o uğurlu yola – mübarizə yoluna səsləyirdi.
Suqarışan Çubuqlu dağlarının, sanki keçid qapısı idi. Çubuqluya gələnlər, ilk öncə bu qapının önündə ayaq saxlar, dayanıb Suqarışanın gözyaşı kimi tərtəmiz suları ilə bütün varlığını yuyub təmizlər. Sonra Çubuqlunun təmiz havasını sinəsinə çəkə-çəkə Güllü dərəsindən, Öküzucandan, turş bulağından, çiçəklisindən qalxa-qalxa Çubuqlunun ən uca dağının zirvəsi olan Yəhərin ağzının ətəyinə, yurd yerlərinə çatardın. Dağların üzərinə, sanki rəngbərəng güllərdən toxunulmuş xalılar sərilib. Baxdıqca doymaq olmurdu. Yaldakı güllər başqa bir gözəllik aləmi idi. Güllərin gözəlliyi insanı elə məftun edirdi ki, bilmirdin hansını dərib dəstə tutasan. Məxmərgülü, sorulan gül, tənəgülü, günəbaxan gülü, çobanyastığı və adını unutduğum nə qədər güllər. Birdən elə bil kimsə məni silkələyib güclə xəyalımdan ayıltdı. Əhəd əmi danışırdı. Üzündə elə xoş ifadə vardı ki, görən onu xoşbəxtlərin xoşbəxti sanardı. Əhəd əmi, sanki mənim sınan xəyalımı öz xəyalına calayıb davam edirdi.
Hələ mən qayaların sinəsini yarıb çıxan boğçagülünü demirəm. Gəlinlər, qızlar ondan ətir kimi istifadə edirdi. Dəstə tutub boğçalarına qoyardı. Ona görə də o gülə boğçagülü deyərdilər. Boğçagülü sıldırım qayaların üzərində bitdiyinə görə hər kəs o qayalara çıxa bilməzdi. Kimin əlində boğçagülü görsəydik, ona qəhrəman kimi baxardıq. Hansı subay oğlan o güldən yığsaydı, istəklisinə göndərərdi. Qızım, o güldən mən də yığmışdım... Əhəd əminin səsi titrədi. Gözləri doldu. Bir qədər susduqdan sonra, Yəhərin ətəyində elə dadlı moruq, çiyələk, qoyun gözü, qarağat, sapaq, baldırğan, əvəlik olardı ki, dadı damaqlardan getməzdi. Dağların sinəsində bitən kəkotusunun ətrinə heç bir dağın kəkotusunun ətri çatmazdı. Çubuqlunun kəkotusu çox ətirli idi. Əhəd əmi başını qaldırıb, yüksəkliyə baxdı. Qızım, Yəhərin ağzı Çubuqlunun bütün dağlarının zirvəsinin zirvəsi idi. Yəqin, dədələrimiz o zirvəyə yəhərə bənzədiyinə görə “Yəhərin ağzı” adını veriblər. Hiss edirdim, Əhəd əmi o zirvəyə qalxırdı. O qalxdıqca mən də onunla bərabər qalxırdım. – Qızım, o zirvəyə hər adamın ağzı deyildi çıxsın. Bir dəfə güc-bəla ilə mən də çıxdım. Göyün yeddinci qatı sən demə, elə “Yəhərin ağzı” imiş. Zirvədən baxanda adama elə gəlirdi ki, dünya sənin ayağının altındadır. Sən də atın belində, yəhərin üstündə, zirvədə at çapırsan. Hərdən meh əsdikcə elə gözəl qoxu yayılırdı ki, az qalırdı adamı bihuş etsin. Bu ətrin hansı gülə, hansı ətirli ota aid olduğunu seçmək olmurdu. Mən zirvədən düşüb Əhəd əmiyə baxırdım. Əhəd əmi o sehrli ətri ciyərlərinə çəkə-çəkə hələ də zirvədə at çapırdı. Uşaq kimi necə də sevinirdi. Yaşarmış gözləri par-par parıldayırdı. O danışırdı, mən susurdum. Xəyalən də olsa, onu Çubuqlu dağlarının zirvəsindən endirmək istəmirdim. Birdən-birə Əhəd əminin əhvalı dəyişdi. Yerə çökdü. Üzümə yazıq-yazıq baxdı. Dərindən ah çəkib elə yazıqlaşdı ki; – Bilirsənmi nə istəyirəm, ay qızım, nə olaydı bircə dəfə Çubuqlu dağlarına gedəydim, dağları qarış-qarış gəzəydim, dadlı, tamlı buz bulaqlarından qurtum-qurtum su içəydim. Yurd yerlərini gəzəydim, yalda bitən o gözəl güllərdən sənə bir qucaq gətirəydim. O güllərin gözəlliyini öz gözlərinlə görəydin. O gözəlliklər, dağlarımız, yurd yerlərimiz gör kimlərə qaldı. Erməni nə qanır yaylaq nədir, qışlaq nə. Aran nədir, dağ nə. Düşünürdüm, bu an Əhəd əminin qarşısına dünyanın malını, mülkünü, sərvətini töksən, gözünün ucuyla baxmaz. Onun baxıb görmək istədiyi ancaq torpağı, yurdu-yuvası, eli-obasıdır. Sən demə, torpaq, vətən, yurd sevgisi belə olurmuş. Dərdimiz çox ağırdır, qızım, hərəmiz bir cür çəkirik. Dərd gələndə kiminin dilinə söz verir, kiminin əlinə saz. Yoxsa dərd insanı caynağına alıb didib parçalayar.
Əzizinəm, qaldı hey,
Varım-yoxum qaldı, hey.
Çubuqlu yaylağında
Yurd yerləri qaldı, hey.
Əhəd əminin ürəyindən qopan bu yanıqlı misralar, dağları çən, duman bürüyən kimi bütün varlığımızı bürüdü. Hiss edirdim ki, Həmid əmi çox təsirləndi. Əlindəki beli torpağa sancıb, ağır addımlarla bizə tərəf gəldi. Əhəd əmi tez qalxıb yerini ona verdi, özü isə ağacın kəsilmiş budaqlarını toparlayıb üzərində oturdu. Hiss edirdim ki, onlar Həmid əmiyə xüsusi həssaslıqla yanaşırlar. Niyə? Hələlik bunun səbəbini bilmirdim. Həmid əmi pencəyini soyundu. Hava soyuq idi. Narahat oldum: – Həmid əmi, köynəkdə sizə soyuq olar. Narahat olma, qızım, içimdə elə ocaq qalanıb ki, soyuq nə təsir edəcək ki?! Nəhayət, hiss etdim ki, Həmid əmi iç dünyasının qapısını aralamaq istəyir. İçində qalanan ocaq onu korun-korun yandırıb yaxırdı. Üzünü qərbə tərəf tutub gözlərini səmaya dikmişdi. Başına gələn müsibətləri, faciələri bizə yox, gözə görünməzə danışırdı. Deyirlər, Allah dərdi verəndə o dərdi çəkmək üçün güc də verir. Bizim dərdimiz, müsibətimiz Allahdan deyildi, qızım, bunları bizə çəkdirənləri adlandırmaq üçün söz də tapa bilmirəm. Söz onların etdiklərini ifadə etməkdə aciz qalır. Son yüz ildə başımıza açılmayan müsibətlər qalmadı. Üç dəfə kökümüz baltalandı. Haqsızlığın bu dərəcəyə çatacağına heç cür inanmazdıq. Bütün azərbaycanlılar Ermənistanın şəhərlərindən, kəndlərindən vəhşicəsinə didərgin salındı. Yeganə qalan kənd bizim Çinarlı kəndi idi. Kənd camaatı sözü bir yerə qoyub, nə olur, olsun, kəndi tərk etməməyə söz vermişdik.
Son on-on beş ildə kəndimiz o qədər dəyişmişdi, o qədər gözəlləşmişdi ki, baxan heyran qalırdı. Sanki şəhərin ən mənzərəli bir guşəsi idi. Kənd camaatı bəhsə-bəhs düşüb, birmərtəbəli evi olan ikimərtəbəli; ikimərtəbəli evi olan üçmərtəbəli saraylar tikdirirdi. Kəndimiz dörd tərəfdən çinarlarla əhatə olunmuş, evlər isə meyvə bağlarına, gül-çiçək bağçalarına bürünmüşdü. O həndavarda ən mənzərəli, yaraşıqlı kənd Çinarlı idi. Ermənilərin də gözü bizim kənddə idi. Kəndə baxdıqca ürəklərini sürtə-sürtə qalırdı. Əlimizdə olanı, qazandığımızın hamısını daşa-dəmirə verib o sarayları tikdirmişdik. Hər gün dəhşətli xəbərlər eşidirdik. Müsibətlə kəndlər boşalır, şəhərlərdə azərbaycanlıları vəhşicəsinə qovurlar. Bu xəbərləri kəndin həndavarından içəri buraxmırdıq. Şəhərləri, kəndləri tərk edən həmvətənlərimizi qınayırdıq. Hələlik bizə dəyib-toxunan da yox idi. İndi düşünürəm, onlar tikililərimizin tamamlanmasını gözləyirmiş. Kənd camaatında bir inam yaranmışdı. Bizi heç kəs yerimizdən tərpədə bilməz. Bu inam nədən yaranmışdı, onu bilmirdim. Kimə, nəyə güvənirdik?
Neçə illərdi ailəmizin həsrətində olduğu gün, nəhayət, gəlib çatmışdı. Sabah darısqal əl damından, ikimərtəbəli, səkkizotaqlı evimizə daşınacağıq. Uşaqlı, böyüklü ailəmiz sevinc içində idi. Həsrətlə sabahı gözləyirdik. Qəmərin istəyi ilə köçməmişdən əvvəl qonaqlığa hazırlaşırdıq. Qonaqlıq üçün lazım olan ərzaqları bir-bir nəzərdən keçirdim, hər şey artıqlaması ilə idi. İkinci mərtəbəyə qalxdım. Qəmər otaqları bir-bir gəzir, əşyaları yenidən düzəldir, əlləri ilə sığallayıb, oxşayırdı. Mən gecəni təzə evdə gecələmək istəsəm də, Qəmər razı olmadı: – İnşAllah, qonaqlıqdan sonra hamımız birlikdə gecələyərik. İstəyirəm ilk qədəmləri qonaqlar atsın. Evimiz həmişə qonaqlı-qaralı olsun. Qonaqlı ev ruzili olur, – dedi. Razılaşdım. Bu gecəni də əl damında gecələməli oldum. Yerimə uzandım. İlan vuran yatdı, mən yatmadım. İçimdə bir narahatlıq, bir sıxıntı vardı. Hiss edirdim, Qəmər də narahatdı. O da yatmır. Düşünürdüm, yəqin, sabahkı qonaqlıq üçün narahatdı. Alatoran yerimdən durdum. Qəmər məndən əvvəl durmuşdu. Tez-tez ikinci mərtəbəyə qalxır, aşağı enirdi. Sevindiyindən az qalırdı qanad açıb uçsun. Hava işıqlanar-işıqlanmaz qonşular, yaxın qohumlar gəldi, hərəsi bir işin qulpundan yapışdı. Bozartma qazanlar ocağa açıldı, kabablar közün üzərinə düzüldü. Çox keçmədi, bozartmanın, kababların, löyün-löyün yeməklərin ətri həyəti bürüdü. Həyətdə bir büsat vardı ki, sanki gəlin qarşılamağa hazırlaşırdıq. Zalda yüz nəfərlik süfrə açılmışdı. Qəmər tez-tez ikinci mərtəbəyə qalxır, süfrənin əyər-əskiyinə nəzər yetirir, hər şeyi öz əli ilə düzürdü, istəyirdi süfrə bol, ürəyincə olsun. – Həmid əmi sözünün arxasını gətirə bilməyib susdu. Biz də susurduq. Onun çəkdikləri mənə tam aydın olmasa da, artıq hiss edirdim, bu eşitdiyim fırtınadan əvvəl ləpələrin yavaş-yavaş sahildəki qayaları döyəcləməsinə bənzəyir. Dərindən ah çəkdi. Başını aşağı salıb, sanki nəyisə axtarırdı. Tapdı. – Qonaqlar yavaş-yavaş gəlməyə başladı. Birdən yadıma düşdü ki, Pələşə yemək verilməyib, baxdım yerində yox idi. Uşaqlar bildirdi ki, səhər yadlarından çıxıb, onu bağlamayıblar. Sağa-sola boylandım, görmədim. Onu tapmalıydım. Bir azdan başım qarışacaq. Pələş ac qalardı. Dilxor onu axtarırdım, bir də gördüm ki, bağçanın bir küncündə, gözədəyməyən yerdə dal ayaqlarının üzərinə çöməlib, sakitcə gəlib-gedənə baxır. Mənə elə gəldi ki, Pələş də bizim sevincə qoşulub, o da sevinir. Ancaq səs salıb, atlanıb-düşüb bu büsatı pozmaq istəmir. Başqa vaxt olsaydı, bir insanı həyətə buraxmazdı, səsi aləmi götürərdi. Pələşin yeməyini verib, hər ehtimala qarşı yerinə bağladım. Rahatlaşdım. Geri döndüm. Yerimdə donub qaldım. Həyətdəkilərin üzündə elə dəhşətli ifadə vardı ki, sözlə demək mümkün deyildi. Ermənilər kəndi tərk etməmiz üçün üç saat vaxt verib. Hamı bir-birinin üzünə baxıb, kimin nəsə deməyini gözləyirdi. Ancaq heç kəs dinmirdi. Birdən həyətdəkilər ocağın başına tərəf yüyürdülər. Mən də getmək istədim, ancaq yerimdən tərpənə bilmədim. Mağmın-mağmın olanlara baxırdım. Qəmər silahlı ermənilərin kəndi mühasirəyə aldığını eşidən kimi ocağın başında ürəyi tutub yerə sərilmişdi. Qonşular, qohumlar nə qədər əlləşdilərsə, Qəməri gedər-gəlməz yoldan qaytara bilmədilər. Mən bu dəhşətli hadisəni kənardan seyr edirdim. Mənə elə gəlirdi ki, bu gördüyüm ya yuxudur, ya da kinoda təsvir olunan bir hadisədir. Çalışırdım, bu dəhşətli yuxudan ayılım, ayıla bilmirdim. Bütün bədənim ölmüşdü. Diri qalan gözlərim idi. Diri gözlü ölü idim. Deyirlər, bəd xəbərin ayağı yüyrək olar. Bir anda bütün kənd camaatı həyətimizə axışdı. Məndən nəsə soruşurdular, deyiləni nə dərk edə bilirdim, nə cavab verirdim.
Kəndin yolu erməni silahlıları tərəfindən tutulmuşdu. Qəbiristanlıq kənddən aralı olduğu üçün ora getmək mümkün deyildi. Dəhşətli anlar idi. Ermənilərin verdiyi vaxt daralırdı. Qəməri dəfn etməyə hazırlaşırdılar, ancaq harada? Düşünməyə vaxt yox idi. Ağsaqqallar belə qərara gəldilər ki, bağımızın bir küncündə dəfn edilsin. Fikrimi soruşurdular, cavab verə bilmirdim, nıtqım tutulmuşdu, dillənə bilməyib matım-matım üzlərinə baxırdım. Qəməri bağımızın bir küncündə, moruq kolunun altında dəfn elədilər. Qəbir yerdən o qədər də hündür deyildi. Üzərinə ağacların qurumuş yarpaqlarını səpələdilər. Dəfndə iştirak edənlərdən başqa kimsə orada qəbir olduğunu əsla bilməzdi. Mən dəfn mərasimini bir yad adam kimi izləyirdim. Ayaq üstə çətinliklə dayanırdım. Uşaqlar dəfndən sonra məni həyətə gətirib, palaz salıb üstünə uzatdılar. Bir anda həyətdə bir nəfər də qalmadı, ailəmizdən başqa. İki saat bundan əvvəl həyətdəki toy-büsatdan əsər-əlamət yox idi. Sanki hər şey – evimiz, eşiyimiz, həyət-bacamız – hər şey ağlayırdı. Həmid əmi söhbətinə ara verdi. Hiss edirdim ki, onun üçün çox ağır idi, olanları yenidən yaşamaq, danışmaq. – Qızım, çox şeylərimizi itirdik. Mən Qəmərdən sonra hər şeyimi itirdim. Qəmər mənə təkcə ömür-gün yoldaşı deyildi, yeri gələndə mənə ana, bacı, dost, sirdaş olurdu. Hansı işə əlimi atırdımsa, yağı da daşsa əlindəkini yarımçıq qoyub yanımda hazır olardı. Ailənin bütün çətinliklərini birlikdə həll edərdik. Hər işə əlini uzadardı. Bu ağır gündə məni tək qoyub getdi. Yaşlı vaxtı qadınını itirən kişi uşaq kimi yetim qalır, hər şeyini itirir. Həmişə deyərdi: – Allah məni səndən əvvəl aparsın, sən məndən əvvəl getsən sənin yoxluğuna dözə bilmərəm. Məni sən urvatlayıb yola sal. Bərk hirslənərdim. Onun istədiyi oldu! Məndən əvvəl getdi. Nə apardı? İllərlə zəhmət çəkib bağ-bağça saldı, saray tikdirdi. Kimlərə qaldı. Məndən tək bir istəyi vardı, onu da yerinə yetirə bilmədim. El sağ olsun. O ağır gündə, o çətin vəziyyətdə onu el urvatladı. El torpağa tapşırdı. Hanı indi o el, hərəsi bir dərədə qaldı. Nə dirimizə hay verə bilirik, nə ölümüzə vay deyirik. Qəmər getdi, içimdə bir ocaq qalayıb getdi. Bu ocağa başımıza açılan müsibətlər, dərd hərəsi bir yanar kösöv atır, sönməyə qoymur. Bu günə kimi məni alovsuz, tüstüsüz içimi korun-korun yandırıb- yaxır.
Həyatımda bu qədər təsirli hadisə eşitməmişdim. Kövrəldim. Həmid əmi üzümə baxıb peşman olmuş kimi: – Qızım, mən istəmirdim dərd-sələmdən sənə də yükləyim, səni də kövrəldim. Bu günə kimi dərdlərimi içimdə, məni əzə-əzə daşıyıram. Mən etiraz etdim: – Siz nə danışırsız, Həmid əmi, bu dərd təkcə sizin yox, hamımızın – bütün millətimizin dərdidir. Dərd yükünü paylaşıb yüngülləşməliyik. Dinləyib çarə tapmalıyıq. İnşAllah özümüz dərdimizə çarə taparıq. Həmid əmi elə bil mənim bu sözlərimdən sonra ürəkləndi. Söhbətini davam etdirdi: – Güllə səsləri camaatın elliklə verdiyi kəndi tərk etməmək sözünü öz-özünə üşələyib tökdü. Hamı bir-birinə dəymişdi. Kənd yerindən oynamışdı. Elə dəhşətli an idi. Həmid əmi yenə susdu. Bir neçə dəqiqədən sonra özünü toparlayıb: – Heç kəs nə etdiyini, nə edəcəyini bilmirdi. Hamı susqun vurnuxurdu. Birdən elə bil dəhşətli bir burulğan camaatı caynağına keçirdi. Kənd yerindən qopdu. Uşaqlar tələsik Pələşi bağından açdı. Pələş bağdan açılan kimi tez yanıma qaçdı. Üzümə baxıb elə bil nəsə hiss edirdi. O tərəf, bu tərəfimə keçib, burnunu palazın altına salıb məni qaldırmaq istəyirdi, qaldıra bilmədi. Tez qaçıb bağa getdi. Çox keçmədi, bağdan ağır-ağır, sürünə-sürünə gəldi. Ayaq ucumda çömbəlib yazıq-yazıq üzümə baxırdı. Birdən başını göyə qaldırıb elə dəhşətli səslə uladı ki, yer-göy lərzəyə gəldi. Bu yaşıma gəlmişdim, itin belə uladığını nə görmüşdüm, nə eşitmişdim. Pələş üzünü göyə tutub, bizə, sanki kömək istəyirdi. Sonra birdən-birə yoxa çıxdı. Uşaqlar tələsik axtardı. Tapa bilmədilər. El yerindən tərpəndi. Yurd-yuvamızdan quruca canımızı götürüb, yolumuz bağlı, üzümüzü dərələrə, təpələrə tutub kəndi tərk edirdik. Şəhər kimi kəndimizi, cənnət kimi bağlarımızı, bağçalarımızı, illərlə zəhmət çəkib, itirdiyimiz saraylarımızı, hər şeyimizi ermənilərə qoyub çıxdıq.
Əzizinəm, köçəndə.
Qarabquşlar köçəndə,
Dünya başıma uçdu
El yurdundan köçəndə.
Uşaqların köməyi ilə güclə də olsa, yeriməyə çalışırdım. Həyətdən çıxanda gözüm ocağın üzərinə düzülmüş qazanlara ilişib qaldı. Qəmərin qonaq qazanlarının ağzı örtülü, süfrəsi açıq, qonaqlarını gözləyə-gözləyə qaldı. Nə qonaqlar vardı, nə qonaqları qarşılayan ev sahibi. Həyətdən xeyli aralandıq. Çalışırdım, geri dönüb baxmayım. Birdən elə bil arxadan kimsə məni çağırdı. Uşaqları dayandırıb, geri çevrildim. Gördüyüm səhnə məni yerə pərçimlədi. Heç zaman evimizin həndəvərində belə dolaşmayan Pələş pilləkanlarla ikinci mərtəbəyə qalxıb, dal ayaqları üzərində çöməlib, qabaq ayaqları ilə gah sağ, gah da sol gözyaşlarını silirdi. Həmid əmi başını qaldırıb yazıq-yazıq üzümə baxdı: – Qızım, Pələş niyə ağlayırdı?! Qəhər məni boğdu. Cavab verə bilmədim. Yəqin, cavab verən tapılar, Pələş niyə ağlayırdı?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!