Rəssam dostum Nadir Bayrışova ithaf
Yalnız emalatxanın iri pəncərələrində günəşin işığı sönəndə molbertin qabağından çəkildi, fırçanı palitranın yanındakı masanın üstünə qoyub otağın işığını yandırdı.
Bir də elektrik işığında baxdı son əsərinə. İndi yadına düşdü ki, bütün günü çalışıb, günortanın necə keçdiyini duymayıb.
Payız onun üçün də bəhrəliydi.
Rəssamlar binasında, hər rəssamın yaxın düşə bilmədiyi bir yerdə fərdi sərgisini açmışdı. İyirmi gün əsərlərinin qabağında gedən mübahisələri dinlədikcə ömrünün xoşbəxt anlarını yaşamışdı.
Sərgiyə qədər ora-bura qaçmaqdan yorulmuşdu, çəkmək bir işdir, tabloları çərçivələrə salıb mövzular üzrə düzmək, yeddinci mərtəbədən ehtiyatla düşürüb sərgi salonuna daşımaq, orda divarlara asmaq ayrı bir iş. Buna görə adətən sərgidən sonra bir müddət işləmək həvəsin qaçır. Ancaq bu dəfə belə olmamışdı; araya salıb sifarişçilərin bir-iki portretini çəkmiş, köhnə eskizləri gözdən keçirmişdi. Onlara baxmaq işləmək həvəsini coşdurur.
Sonra çoxdan bəri kətan üzərində karandaşla təxmini kompozisiyasını qurduğu tablosuna qayıtmışdı. Fırçanın kətana ilk toxunuşdan hiss eləmişdi ki, bu işə nə isə ayrı cür yanaşır, elə bil yavaş-yavaş zirvəyə qalxır və qalxdıqca önündəki mənzərə də, üfüqlər də genişlənir. "Narahat dünya" adını boşuna seçməyib. İnsanların və dünyanın indi çəkdiyi acılar, öz dərdləri də qarışıq, hamısı bu əsərdə əksini tapacaq.
Yaxınlaşıb pəncərəni açdı. Köhnə Qubernator və ya Filarmoniya bağının üstündən əsib gələn gilavarın ilıq nəfəsi otağa doldu.
İşləyəndə qapı-pəncərənin örtülü olmasına vərdiş eləmişdi. Yoxsa İstiqlaliyyət küçəsinin, "İçərişəhər" metrosunun və Filarmoniya meydançasının səs-küyü içəri dolur, fikrini dağıdır. Dərindən nəfəs alıb yavaş-yavaş öz narahat dünyasından Bakının payızına enməyə başladı.
Filarmoniya ilə dış-dış qala divarlarının arasını dolduran bu bağ uşaqlığının keçdiyi meşələri xatırladır və indi də elə meşə kimi kəsik-kəsik, parça-parça saralırdı. Fırça bir uşaq əlinə dəymiş, necə gəldi yazıb bağın yaşıllığını.
Bir azdan çinar və şabalıd ağaclarının iri, ağır yarpaqlarının budaqlardan necə qopduğunu, küləkdə bağarası yollarla necə xışıltıyla sürükləndiyini yeddinci mərtəbənin ucalığından seyr edəcək, kədərlənəcək.
Eskizlər tökülüb qalıb, sifarişçiləru bu gün-sabaha salmaqdan yorulub; ilişib qalıb molbertdəki rəsmdə, heç cür ayrıla bilmir bu narahat dünyasından. Əslində, bir cənnət görüntüsü, xoşbəxtlik mənzərəsi yaratmaq istəyir. İşin çoxu görülüb. Ancaq musiqidəki kimi burda da son akkordlar vurulmalıdır.
Mənzərə, rəsm deyəndə söz yox ki, Bottiçellinin "Bahar", ya da Ejen Delekruanın "Azadlığa aparan xalq" rəsmlərinə bənzər bir şey yaratmayacaq. Belə bir xam xəyala düşməz.
Onlarla müqayisədə balaca bir rəsm çəkir, ancaq elə onun əsərində bir bahar ovqatı olacaq və orda da ürəkləri azadlıq sevgisiylə dolu doğma insanlar canlanacaq.
Sadə bir görüntüdür. Bir neçə qadın, yanlarında uşaqları boy-boya, nigaranlıq içində dayanıblar, ya kimlərisə gözləyirlər, ya harasa gedəcəklər. Baharın gözəlliyi onların üzündəki gözəlliyi boğa bilmir.
Çox ilhamla başlamışdı işə. İki aya yekunlaşdıracağını düşünürdü. Bu kompozisiyanı qurmaq üçün bir qalaq vərəq işlədib, karandaşla çəkimiş eskizlər molbertin arxa tərəfində döşəməyə səpələnib.
Bəlkə də yeni tablosu onun şah əsəri olacaq, ona yaradıcılıq həyatının ən böyük şöhrətini gətirəcək.
Yenidən pəncərəni bağladı. Fırçanı götürüb bardağın suyunda təmizlədi, masanın üstündəki ağ parçayla tələsmədən qurulayıb, gül dəstəsinə bənzəyən fırçaqabına qoydu. Hava birdən-birə qaraldı. O, şəklin üzünü örtüb emalatxanadan çıxdı. Gün boyu evdən xəbər tutmayıb, ordakı payız qasırğasına düşmək istəmirsə tez getməlidir.
...Dünən işi tamamlamaq üzrəydi. Əsərdəki boyalar canlanıb danışırdı onunla. Oturub bu boyaların danışığını, hekayətini yaza bilərdi. Günah özündə oldu. Son cizgini vurmadan fırçanı yerə qoymamalı idi. Ancaq gələn qonağı buna imkan verməmişdi.
Yox, Zöhrənin gəlişi gözlənilməz deyildi. Təxminən bir il olardı emalatxanaya ayaq açmışdı. Rəssam onun gəlişinə təəccüblənmirdi. Nə vaxt istəyir qoy gəlsin, ona xoşdur. Susqun həyatına bir nəğmə kimi dolub, təklikdən, sıxıntıdan qurtarıb onu.
Bir yandan da əsl sənətşünasdır zalımın qızı. Yazsa, rəssamın əsərlərinin ən dəqiq dəyərini o verərdi. Buna görə də yeni, hətta yarımçıq işlərini ondan gizlətmirdi. Molbertdəki tablonu də açıq saxlayırdı. Qoy baxsın, fikri maraqlıdır. Zöhrə də divanda yerini rahatlayır, rəsmə baxa-baxa bir-iki qədəh şərab və ya viski içir, durub dodaqaltı "Lalələr"i oxuya-oxuya emalatxananı dolaşır...
Sonra da eləcə dodaqaltı oxuya-oxuya çıxıb gedir. Qapıdan çıxarkən rəssama xəbərdar etməyi də unutmur.
- Başqa naturşitsa axtarma ha, sabah özüm gələcəyəm!
Nə deyəcəyini bildiyindən rəssamın cavabını da gözləmir.
Dünən də getməzdən öncə eyni sözləri təkrar etmişdi:
- Başqa naturşitsa axtarma ha, özüm gələcəyəm!
Lakin qapını örtməzdən öncə geri dönüb doluxsunmuş bir halda:
- Arxayın ol, sabah gəlməyəcəyəm, bəlkə heç tamam gəlmədim. Xaricə gedirəm, işlərim düzəlsə, qayıtmayacağam. - demişdi.
Onun cavabına və mübahisəyə yer saxlamadan pillələri enib getmişdi.
Rəssam qızın dediklərini zarafat saymışdı.
İndi axır ki, dincələ bilər. Sabah açılacaq, bir neçə zərif cizgi, vəssəlam, iş bitdi.
Dünən emalatxananı tərk edərkən buna arxayın idi.
Lakin bu gün də iş tamamlanmadı. Axşama qədər çalışdı, necə deyərlər, nəfəs dərmədən. Fırçası kətanın üzərində süzür, boyaların qarışığı ağlagəlməz yeni çalarlar yaradır, kətan fotoplyonka kimi yavaş-yavaş aydınlaşır, bir dəstə insan canlanır. Hamısı sevdiyi insanlardır, həyatın sınağa çəkdiyi, qırıb məhv etməyə çalışdığı, lakin bacarmadığı insanlar.
Axşamüstü, hər gün xanım qonağının gəldiyi vaxtda dünən onun ayrılıb gedərkən dediyi söz yadına düşdü və birdən-birə anladı ki, Zöhrə doğrudan da, bir daha heç vaxt gəlməyəcək. Yəni onun narahat dünyasından daha bir doğma insan uçub gedir və sən onu saxlaya bilmirsən, nəinki saxlaya bilmirsən, heç buna cəhd də eləmirsən və heç bu emalatxanada onun yerinin görünəcəyi barədə bir-iki xoş söz də demirsən. Özünə hirsləndi və iş yarımçıq qaldı...
Növbəti iş gününün sonunda telefonunun səsinə diksindi. "Zöhrə ola bilər!" - deyə düşündü, ancaq o da yadına düşdü ki, Zöhrə bu telefona heç vaxt zəng vurmayıb. Telefon divarın o üzündə, elə bir isti münasibəti olmayan qonşularla paralel idi. Daha çox onlara gəlirdi zənglər. Ona görə də dəstəyi nadir hallarda götürürdü. Onu axtarsalar, ya divarı döyür, ya da qırıq-qırıq təkrar zəng gəlirdi.
Bu dəfə telefon susmur. Yadına düşdü ki, qonşular yarım ay evdə olmayacaqlar və telefonu birdəfəlik onun tərəfinə keçiriblər.
Dəstəyi qaldırdı.
O başdan "Şükür!", - dedilər - telefonu niyə götürmürsünüz?
- Kimi istəyirsiniz?
Kişi səsi eşidəcəyini gözləmirmiş. Bir az ara verib sonra yenə əvvəlki cingiltiylə:
- Bağışlayın, Gülnarı olar telefona?
- Gülnargil evdə yoxdurlar!
Sonra yadına düşdü ki, qonşuda heç Gülnar adlı adam yoxdur.
Zənglərdən divar qonşularının adlarını əzbərləmişdi.
- Hardadırlar? Bilmirsiniz? - qızın sorğusu davam edir.
- Dincəlməyə gediblər, deyəsən. Bəlkə də rayona.
- Gülnar da gedib?
- Vallah, məncə, orda Gülnar adlı xanım yaşamır.
- Hardan bilirsiniz? Bu telefonla danışmışıq axı.
Rəssam söhbəti yekunlaşdırmaq istəyir.
- Ola bilər.
Qız güldü:
- Siz orda yaşamırsınız bəyəm?
- Burda yaşayıram, ancaq onlarla yaşamıram.
- Bəs siz harda yaşayırsınız?
- Göyün yeddinci qatında - deyən rəssam bu ciddi olmayan cavabla sorğu-sualın bitəcəyini gözləyir. Lakin qız inadcıldır:
- Oy, nə gözəl! Bu telefonu necə çəkiblər göyün yeddinci qatına?
Söz oyunu uzanır.
Artıq qız bir rəssamla danışdığını bilir və bu onun marağını artırır:
- Siz də qadın portretləri çəkirsiniz?
- Arabir!
- Məsələn, mən istəsəm mənim şəklimi çəkərsiniz?
- Üzünüzü deyə bilmərəm, amma səsinizin şəklini çəkə bilərəm. Səsiniz gözəldir.
- Təkcə səsim? Bəlkə, özüm də gözələm!
Rəssam duruxdu.
- Yəqin ki! Bu səsin sahibi də gözəl olar.
Sonrakı iki gün axşamlar eyni saatda qız yenə zəng vurdu. Elə bil, Zöhrənin yerinə vurulurdu bu zənglər. Bəlkə elə o danışdırırdı qızı onunla?
Sonra birdən zənglərin arası kəsildi. Bu gün, sabah, biri gün. Rəssam hər növbəti günə yenidən cingiltili, ürəyə işləyən səsi eşidəcəyini gözlədi. Lakin telefon inadla susurdu.
Aradan iki həftə keçmişdi və rəssam artıq zəng gözləmirdi, telefonunun susmasına öyrəşmişdi.
İlk günlər itiyi itmiş adamlar kimi emalatxanaya sığmırdı. Sonra öyrəşdi və yenidən diqqəti molbertdəki son işinə cəmlədi.
Sanki qızın səsi ona güc vermişdi, axşamadək yorulmaq nədir, bilmirdi. Hər gün "bu gün bitirəcəyəm!", - deyə həvəslə fırçanı əlinə alır, tablo gündən-günə canlanırdı.
Günlər keçdikcə öz istədiyi kimi, kompozisiyanın mərkəzindəki obraz qabarıb önə çıxır, dəstədən seçilirdi. Dəstənin içindən boylanıb narahatlıqla ətrafa baxan bu qadın indi o səsin də gözəlliyini canına hopdururdu. Yox, bu rəsm nə Mikayıl Abdullayevin çayçılarına, nə Maral Rəhmanzadənin Xınalıq qadınlarına, nə də Tahir Salahovun fırtınalı dənizin sahilində daşa dönüb yoldaşlarının dənizdən qayıtmasını gözləyən Abşeron qadınlarına bənzəyir. Rəssam o işlərin hamısını sevir, ancaq onun dünyası və qadınları başqadır. Özəlliklə əsas qəhrəmanı!.. O, təhlükəni duyub ətrafa boylanan ana maralı xatırladır, hər gün rastlaşdığımız gözəl xanımlarımızdan biridir, ancaq üzündə ayrı bir dünyadan, göydən, ilahidən gələn və onu mələklərlə bağlayan ayrı bir işıq da var...
Düz iki həftə sonra telefon yenidən cingildədi. Rəssam dəstəyi götürməmiş hiss etdi ki, bu, unutmaqda olduğu qızın zəngidir.
- Alo!
- Tanıdınız?
Rəssam susub nə deyəcəyini bilmir. Qız onun cavabını gözləmədən danışır:
- İncimisiniz, bilirəm! Ancaq mən etibarsız adam deyiləm. İş belə gətirdi. Görüşəndə səbəbini deyərəm.
Rəssam mövzu tapdı:
- Çox arxayınlıqla deyirsən görüşəcəyik sözünü...
- Əlbəttə, görüşəcəyik. İstəyirsən elə indi en göyün yeddinci qatından! Mən Filarmoniya bağında, Vahid poeziya evinin yanında gözləyirəm.
Rəssam nə edəcəyini bilmir. Bütün günü molbertdən ayrılmayıb. Əlləri boyalı, iş paltarında, saqqal basıb, bir yandan da sızıldayan dişi sir-sifətini dəyişib, üzündən zəhrimar tökülür. Ancaq getməyə bilməz. Bu gözəl səsin sahibini görməli idi. Özünü bəyəndirməyə getmir ki! Bəlkə, qız doğrudan da, rəsm çəkdirmək, naturaçı olmaq istəyir. Bu fikirlə tez fırçanı və əllərini təmizlədi, üzünə su vurdu, alnına tökülmüş sıx saçlarına daraq çəkib, emalatxanadan çıxdı.
Sarılıq bütün bağı bürümüşdü və axşam küləyi filarmoniyaya doğru uzanan yolda xəzan yarpaqlarını oynadırdı.
Qızı görəndə onu tər basdı. Bu görkəmdə, bu saqqalda belə gözəl xanımın qarşısına çıxarlar? Ancaq qız onun geyimini görmürmüş kimi:
- Sizsiniz, naməlum rəssam?
- Mənəm!
- Mən də Gülnaram!
Rəssam təəccübləndi. Qız eynilə telefondakı kimi gülərək:
- Hə, adım doğrudan da, Gülnardır. Özümü soruşurdum sizdən! - sonra rəssamın ad sorğu-sualını gözləmədən özü sordu:
- Dəvət edirsiniz məni göyün yeddinci qatına?
Bu təklifi gözləmirdi. Yeni tanışı onu sıxıntıdan qurtarmışdı. Tez qayıdıb emalatxananın divarları arasında gizlənmək istəyirdi.
Xanım dəmir pilləkəni ehtiyatla qalxır, tez-tez dayanıb aşağı baxırdı.
Rəssam ürəkləndi:
- Eybi yox, öyrəşərsən!
Bu dəfə xanımın səsi dəyişir:
- Tez-tez gələcəyimə əminsiniz?
Rəssam özünü o yerə qoymur:
- Hər halda rəsm bitənə kimi gəlməlisən.
Gülnar yalnız pilləkənin başında gülərək:
- Bu pilləkən naturşitsa olmaq həvəsimi qaçırtdı! Rəsm çəkdirmək zarafatdır, sizinlə tanış olmaq istəyirəm, sərginizə gəlmişdim, - dedi.
O, dinib-danışmadan saatlarla divar dibinə qoyulmuş tablolara, masaların üstünə atılmış eskizlərə baxdı. Bəzi işlər barədə suallar verdi və nəhayət, rəssamın çay təklifindən sonra divanda oturdu. Rəssam yeni dəmlədiyi çayı onun önünə qoyub qarşısında divara söykənib dayandı.
Xanımın gəlişi emalatxananın havasını dəyişmişdi. Çayı içəndən sonra pəncərəyə yaxınlaşdı. Rəssam da ona yanaşdı. Gülnar saralan bağa, arxada qala divarlarının ağaran dişlərinə, metronun qabağında qaynayan adamlara baxıb:
- Doğrudan da, göyün yeddinci qatıdır - dedi.
Özləri hiss etmədən çiyin-çiyinə sıxılıb durmuşdular, rəssamın ürəyinə payız axşamının qəribliyi dolurdu.
Bundan sonra Gülnar tez-tez gəlməyə başladı, alışmışdı, rəsmlərə baxıb ərklə fikrini deyirdi. Rəssam hələ də onun nə işlə məşğul olduğunu bilmirdi.
Hər keçən gün daha da yaxınlaşırdılar. Gülnar gözəl qızların təsvirlərinin onu əsəbiləşdirdiyini gizlətmirdi.
Rəssam qızın gətirdiyi havayla işini bitirmək üzrəydi.
Ancaq bu gün işləmək həvəsi qaçmışdı. Səbirsizliklə qızın gəlişini gözləyirdi. Onu qapıda qarşılayan kimi özünə sıxdı, dodağı dodağına yapışdı. Qız, sanki bunu gözləyirmiş. Eləcə bir-birinə sarılmış halda divanın üstünə sərildilər.
Rəssam xoşbəxt idi. Dünyanın heç bir naturaçısı, heç bir gözəllik ilahəsi Gülnarı əvəz edə bilməzdi və günün birində mütləq onun rəsmini çəkəcəkdi.
Ertəsi gün emalatxanaya gələn kimi molbertin qabağına keçdi. Bu gün rəsmə imza atıb işini bitirəcək, axşam qızdan rəsmini çəkməyə icazə istəyəcəkdi.
Lakin rəsmə baxan kimi qanı dondu. Fırça əlində qurudu. Rəsm bir gecədə dəyişilmişdi. Onun sevə-sevə çəkdiyi əsas qəhrəman, gənc qadının rəngi dəyişilmişdi, sanki hirsindən boğulmuşdu.
Fırçası bütün qadın, uşaq obrazlarını tamamlayıb ortadakı qadını sona saxlamışdı. Kompozisiyanın düyün nöqtəsi olduğuna, rəsmin bütün ahənginin onda yekunlaşdığına görə. Bu fiqurda, sanki bir muğam zənguləsinin ən uca xalları vurulmalı idi. İndi səsi batmış, zənguləsi boğulmuşdu. Çəkmək istədiyi qadın son vaxtlar həvəslə və ucuz yolla gələn natura-qızların, qadınların heç birinə bənzəmirdi, onun öz xəyalının məhsuluydu, onun idealı, bəlkə də heç vaxt qovuşa bilmədiyi sevgisiydi. Onu çəkməyə bənzər qıza-qadına ehtiyac yox idi, ürəyində gəzdirdiyi bir surəti köçürdü kətana.
...Geniş emalatxana rəssama darlıq edirdi. Qara rəngi kətan yerinə üzünə yaxmışdı, sanki. Hirsindən üzü kömürə dönmüşdü, divanı, kresloları təpikləyir, divarları yumruqlayır, pəncərəni açıb emalatxananın bir tərəfini tutan rəsm əsərlərini yeddinci mərtəbədən üzüaşağı vızıldatmaq istəyirdi.
"Lənət sənə, kor şeytan", - deyə boğuq səslə öz-özünə fısıldasa da kimi lənətlədiyini özü də bilmirdi. "İlham səndən üz döndərib, əlin əsir, rəngləri qarışdırırsan, burda yazıq şeytanın nə günahı? Bəlkə, şeytan elə sən özünsən. İllərdi rəssam cildinə girmisən!.. Budur, görürük sənin rəssamlığını, neçə aydır bir əsəri tamamlaya bilmirsən. Birdəfəlik “mən rəssam deyiləm" söyləyərək etiraf elə, sakitləş, otur özünə başqa peşə axtar!".
Bu qara-qura düşüncələrindən, rəssam olmadığı fikrindən xilas olmaq üçün yenidən köhnə masanın üstünə atdığı fırçanı götürür, fırça yenidən sürətlə rənglərin üstündə gəzir, sanki çiçəkdən çiçəyə qonur. Neçə dəfə molbertə yaxınlaşıb uzaqlaşır, gözlərini qıyıb fırçanın təzə izlərinə diqqətlə baxır, sonra əsəbi hərəkətlə fırçanı şüşə bardaqdakı suya salıb çalxalayır, çıxarıb masanın üstündəki parçayla dönə-dönə qurulayır və bütün bu müddətdə gözünü də kətandan ayırmır.
"Yox, bu dəfə də düzəlmədi. Alınmır. Heç bir şey alınmır".
Fırçanı əvvəlki yerinə tullayıb emalatxanada fırlanmağa başlayır.
Bu nə bədbəxtçilikdir tutub onu. Fırça sözünə baxmır, palitrada rənglərin yeri dəyişik düşür, istədiyi boyanı ala bilmir. Nə vaxta qədər davam edəcək bu?
"Bu nə bəladır tutub məni? Niyə bu işi bitirə bilmirəm?" - deyib divana çökdü. Xeyli oturandan sonra qalxıb tabloya yanaşdı, ara vermədən çalışdı. Axşama yaxın sevimli qadınının əvvəlki çöhrəsi bərpa olundu.
Qapını döyməyindən Gülnarı tanıyırdı. Rənglər qurumamışdı, iş açıq qaldı və qapıya tələsdi.
Onlar doğrudan da, bir-birlərinə vurulmuşdular və elə qapının ağzındaca Gülnar nə isə demək istəyəndə öpüşüylə ağzını qapadıb "Tanrım, bu hədiyyənə görə sənə minnətdəram", - deyib onu özüylə bərabər dəli ehtirasın burulğanına çəkdi.
Ertəsi səhər yenə əsəbiləşdi. Tablodakı qadın əvvəlkindən də çox qaralmışdı.
Yenə bütün günü çalışdı. Axşam Gülnar onun hirsli olduğunu sezdi:
- Nə olub sənə?
Rəssam onu son işinin qarşısına gətirib qəhrəmanını göstərdi. Onu hər gün yenidən təkrar işlədiyini, axşamlar qaraldığını danışdı.
Qız əsəri diqqətlə gözdən keçirdi, barmağını ehmalca qadının saçında, üzündə gəzdirdi. Sonra birdən:
- Biz dünən sevişəndə, bu şəkil elə-belə dayanmışdı üzü biz tərəfə? Üstünü örtməmişdin?
- Yox! - dedi rəssam.
Bu dəfə qızın rəngi ağardı. Sonra pəncərəyə yaxınlaşdı. Sanki tablodan görünməyən bir yerə çəkilmək istəyirdi.
Rəssam ona yaxınlaşdı.
Gülnar qollarını onun boynuna doladı və sanki qorxa-qorxa pıçıldadı:
- Sənə bir şey deyim?
- De!
- Rəsmdəki qadın səni mənə qısqanır.
Rəssam elə bil birdən ayıldı və geri qayıdıb "Narahat dünya"nı örtüklə qapatdı...
15.01.2020
İllüstrasiyalar Nadir Bayrışovun "Narahat dünya" sərgisindəndir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!