Xurma ağacı - Hekayə - Murad MURADOV

- Bismillah! Bismillah! Bismillah!.. Dəhşətli silah səsləri eşidirəm. Gurultulu bir partlayış səsi ilə tozanaq qalxır, göz-gözü görmür. Bədənim titrəməyə başlayır. Öz mövcudluğumu, varlığımı hiss etmirəm. Təngnəfəsəm. Həyəcan. Boğuluram...

Çaşqın halda, atəş səslərinin hardan gəldiyinə qulaq kəsilirəm. Heç nə anlaya bilmirəm. Dikəlib ətrafa baxıram.

Bu, indi çox təhlükəlidir. Hər an düşmən gülləsinə tuş gələ bilərəm.

Sağdan sola, soldan sağa mərmilər uçur. Başımı əllərim arasına alıb, divara sıxılıb, gizlənməyə çalışıram. Dünya başıma fırlanır, İlahi.

Dözmək çox çətindi.

Hər şey saat əqrəbinin əksi istiqamətində dövrə vurur. Ayağa qalxıb, ətrafda olub bitənləri görmək istəyirəm. Amma ayaqlarım quruyub, taxtaya dönüb. Onları hiss etmirəm. Vücudumda şiddətli, dözülməz ağrılar var. Bədənim uyuşur. Bu, dəhşətli dərəcədə dözülməzdi. Hərəkətsiz qalmışam, sadəcə, çiyinlərim sürətlə enib qalxır. Ağlamaq, qışqırmaq istəyirəm.

Gözlərimi açıb, bozumtul payız səmasına baxıram. Hava da korlanıb. Külək əsir - özü ilə haradansa burnumun qarşısına meyit qoxusu gətirir. Adını bilmədiyim bir hiss də bu qoxuya qarışıb mənə uşaqlığımın ağrı-acısını xatırladır. Baş aça bilmirəm mənə nə olub, niyə doluxsunub ağlamaq istəyirəm. Tanış səslər eşidirəm.

"- Yat yerə, başını çıxarma. Yenə atacaqlar. Hələ tezdi. Əmri gözlə. Tələsmə!..". Keçirdiyim həyəcandan huşumu itirib, üzüstə yerə sərilirəm. Bir qədər sonra ayılanda qulağıma yenə həmin səslər gəlir. Bu səslər mənə çox doğmadı. Onların deyib-gülməklərinin ardı-arası kəsilmir.

"- Qələbə, zəfər bizimdir! Onları iti qovan kimi qovduq! Artıq bu yerlər düşməndən azad olundu! Yaşa, qardaşım!..".

Kimsə dodağının altında belə bir mahnı zümzümə edir:

"Çırpınırdı qara dəniz,

Baxıb türkün bayrağına!..".

Mən bu səsləri tanıyıram!

Deyəsən, bu mahnını ilk dəfə məktəb radiosunda eşitmişəm. Gözlərimi yumub, dərin və uzun bir nəfəs alıram.

Köhnə günlər keçir ağlımdan.

Gözlərimdən biixtiyar göz yaşları axmağa başlayır. Bu yaşlar yanağımla aşağı axdıqca, üzümü yandırır.

Mən daha qorxmuram! Eşitdiyim səslər mənə qorxularımı dəf edəcək bir güc verir.

İyirmi yeddi ildi yalqız, kimsəsiz, insan ayağı dəyməyən bu xarabalıqda yaşayıram. Bura çox bədbəxt, miskin vəziyyətdədir. İndi də sağda, solda üfunət qoxuyan insan cəsədləri peyda olub.

Ürəyim bulanır.

Qusmaq istəyirəm.

Onları tanıyıram.

İllər öncə bizə yaşatdıqlarını, indi özləri yaşayır. Ayaq altındakı bu murdar leşlər onlara aiddi.

Bu da axırları...

İyirmi yeddi il bundan öncə bu yerləri onlar xarabalığa çevirib, viran qoyublar. Etdikləri vəhşiliklər gözlərim önündən bir kino lenti kimi keçir. Hər şeyi xatırlamağa başlayıram.

***

Mən istəmirəm ki, sizin taleyiniz mənim taleyimə oxşasın.

Yaxşı yadımdadır, o gün sevincimin həddi-hüdudu yox idi.

Səhər gözümü açanda ilk etdiyim otağımın pəncərəsinə tərəf qaçıb, taxta kənarlığa söykənib boyumu ölçmək olmuşdu. Həmin gün on ikinci doğum günüm idi.

Bir yaş daha böyümüşdüm.

Bu gün qucaqlamaların, şirin sözlərin, hər istədiyimin etirazsız qəbul edilməsinin günü idi.

Atam mənə çoxdan arzuladığım mavi rəngli velosiped almışdı. Ailəcə süfrə arxasında əyləşib ad günümü qeyd edəcəkdik. Axşama doğru onlar kəndimizi atəşə tutmağa başladılar. Adəti üzrə atışma düşəndə qadınlar, yaşlılar, uşaqlar zirzəmilərə doluşurdu. Həmin günün axşamı da atışma başlayanda üz tutduq zirzəmiyə. Amma bir az keçəndən sonra - təxminən gecə saat on bir olardı, - dedilər ki, ermənilər hər tərəfdən tanklarla bizi mühasirəyə alırlar. Məsləhət görüldü ki, qadınlar, qocalar körpələri də götürüb meşə ilə qonşu rayona getsinlər. Vəziyyət o qədər gərgin idi ki, əynimizə palto, ayağımıza ayaqqabı geyinməyə macal tapmadıq. Ermənilərin hücumu getdikcə şiddətlənirdi, şəhəri topa tuturdular. Camaat dəstələrlə, necə gəldi, kor-koranə gedirdi. Tərslikdən həmin gün möhkəm şaxta düşmüşdü. Ayaqqabı geyinmədiyimdən, ayaq barmaqlarımın ucu sırsıra bağlamışdı. Əllərimi demək olar ki, hiss etmirdim. Səhərə yaxın birtəhər gəlib qonşu rayona çatdıq. Elə burda ermənilər camaatın qarşısını kəsib, böyük əksəriyyətini qırdılar. Mən də ağır yaralandım. Qan içində idim. Ermənilər, məndən balaca qardaşımın başını kəsib, başı anama verərək onu dəli etdilər. Bacımın döşünü və barmağını üzük qarışıq qopardıb onu gözlərim qarşısında vəhşiliklə qətlə yetirdilər.

Mən  ağlamırdım, inildəyirdim.

O gecə yerdə gəzən böcəklərtəki bizi əzib heç nə olmamış kimi oranı tərk etdilər.

O gün sevdiklərimi, mavi rəngli velosipedimi beləcə itirdim.

 

***

Duman içində meşə.

Susqun ağaclar.

Ürküdücü qaranlıq.

Bir ağaca söykənib dayanıram.

Burada qəribə və reallıqdan uzaq nəsə var.

Arxamdan keçən kölgənin soyuqluğunu hiss edirəm.

Gözümə mələk qədər məsum, amansızlıqla başı kəsilmiş bir uşaq vücudu görünür.

Qırmızı don, sarı jaket geyinib. Qanı sinəsinə doğru su kimi axır. Bütün bədəni əsir.

Körpəyə kömək edə bilmirəm.

İlk dəfə Allahdan, kiməsə ölüm arzulayıram.

- Əgər məni eşidirsənsə, bu uşağı öldür! Qoyma bu halda yaşasın. Bəlkə daha az əzab çəkər - deyirəm.

Etdiyim bədduaya görə içim sızıldayır.

Yatdığım yerdən, ildırım vurmuş kimi sıçrayıb ayağa qalxıram. Gözlərimi yaxşı-yaxşı ovuşdurub, diqqətlə ətrafıma baxıram. Sonra hər şey təkrarlanır. Yenə tanış səslər eşidirəm. Xoş hisslərə yaxın - qəribə hisslər keçirirəm. Mən artıq buralarda tənha deyiləm.

İyirmi yeddi ildən sonra...

Quş qəfəsinə oxşayan atamın köhnə həyətindəki daxmada yaşayıram. Pəncərəsiz, dam örtüyü olmayan bu daxma buz kimidir. Tavandan yağış damır. Yer torpaqdır. Döşəmə yoxdur. İllərin soyuğu bədənimdədir. Axı neyləyim?..

İçimdə bir tərəddüd baş qaldırır. İstəkli yaradandan mənə dözüm, əta etməsini diləyə-diləyə, o səslərə doğru, gücüm çatdığı qədər sürətlə, yıxıla-dura qaçmağa başlayıram. Hardan gəldiyini bilmədiyim içində ağrı, qorxu hiss edib, ağlayan uşaq səsi eşidirəm. Ayağıma nəsə ilişir. Bu, yiyəsini həmişəlik itirmiş gözü çıxarılan, sağ qıçı olmayan, gülən simalı gəlincikdi. Onun üstündən keçərək qaçmağa davam edirəm.

Bütün bədənimlə hər xışıltını, hər tərpənişi duyuram.

Səslərə yaxınlaşıram.

Çatdım.

Mənə qəmli bir əsməcə gəlir. Gülürəm, amma bilmirəm niyə.

Kənardan baxan olsa ona elə gələr ki, ağıldan kəməm.

Ətrafa boylanıram. Onları görürəm. Bir neçə əsgər köməkləşərək üçrəngli bayrağı hündür dirəkdən asmağa çalışır. Digərləri isə mənim kimi bu mənzərəyə baxıb sevinir.

İndi heç nə onların qarşısını kəsə bilməz! Külək dirəyin ucuna bağlanmış üçrəngli bayrağı yellədir.

Özümü çox xoşbəxt hiss edirəm!

Hara baxım, bilmirəm. Əsgərləri güdmək pis deyil, ancaq bu tərəfə baxsalar, məni görər, yanıma gələrlər, deyə çəkinirəm.

Bütün bunlara rəğmən, üstündəki meyvələrlə saralıb tökülməyə başlayan yarpaqlarının rəngi, bir-birindən seçilməyən, budaq uclarından göz yaşı kimi yağış damcılarının sallandığı xurma ağacının arxasından çıxıb, onları tək-tək qucaqlayıb, bağrıma basmaq istəyirəm. Amma bu, mümkün deyil. Axı mən "ruham!".

İyirmi yeddi ildi bu torpaqlarda tənha yaşayan, başına gələn müsibətləri xatırladıqca alovlar içində qıvrılan, təkrar-təkrar, dirilən bir ruh.

İyirmi yeddi ildi içindəki xoşbəxt fikirləri boğub öldürən kimsəsiz ruh...

Məni culğalayan zəiflik indi təzədən bədənimə hakim kəsilir. Qıçlarım süstləşir. Ürək çırpıntılarım çoxalır. Tezliklə buralara qar yağacaq. Yağan qar keçmişin izlərini öncə dondurub, sonra yavaş-yavaş əridib torpağa qarışdıracaq. Tezliklə bu yerlərdə yenidən gəlinciyi ilə oynayan uşaq səsləri eşidiləcək.

Daha buranın öz sahibləri var.

Ölülərə məxsus deyil.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!