Cavi DAN
1-ci yazı - Eşq və mən
"Sevmək, aşiq olmaq - qəflətən, birdən-birə, gözləmədiyin halda öz ruhuna rast gəlmək və həyatının əsl dadını hiss etmək məqamıdır.
Bu, çox təhlükəli məqamdır, biləsən!
Sən birdən-birə hamının tanıdığı həmişəki adamdan bir başqasına çevrilirsən, hamının gözləri qarşısındaca dəyişir səni sevgi!
Sənin yerişin, baxışın, təbəssümün belə dəyişir.
Bir başqa ritmlə döyünməyə başlayır ürəyin və bir başqa ahənglə yaşamağa başladığını hiss edirsən.
Bu məqam - neştər üzərində ayaqları yalın halda yeriməyə bənzəyir, müvazinətini azacıq da olsa itirsən, ruhun parça-parça olacaq, təsəvvür edirsənmi?"
* * *
Yuxarıdakı sətirləri beş il əvvəl yazdığım və çap etdirmədiyim, yalnız yaxın dostların oxuduğu bir hekayədən götürdüm.
Səbəbi - ədəbiyyat barəsində yazmaq istəməyim və ədəbiyyat barəsində yazmaq istədiyim zaman ağlımdan-ürəyimdən keçən fikirlərin fonunda mütləq sevgi görməyimdir.
Hekayəni bu qədər vaxt ərzində çap etdirməməyimin səbəbi isə içindəki qəhrəmanların bir qədər erotik çalarları olan söhbətləridir.
Düzdür, yazdıqlarımla indiyə qədər az-çox tanış olan oxucular məzəmmətlə deyə bilərlər ki, "əvvəllər yazıb çap etdirdiklərindən dahamı açıqdır bu mətn?"
Xeyr, daha açıq deyil. Sadəcə, mən əvvəlki qədər rahat və oxucu altşüurunun otuz doqquzuncu otağının qıfılını qırıb onu psixoloji tərksilah edərək ilham mələyimə həzz verəcək dərəcədə əylənməyə iddialı deyiləm. Üstəlik, yaş və təcrübə öyrədib ki, bəzi mətnlər yalnız və yalnız kitab içində gəlməlidir oxucu qarşısına.
Kitablarımı çap etdirməyə başlayanda o hekayəni də təqdim edəcəyəm.
Nə isə, erotika və hekayə haqqında bu qədər yazmaq bəs edər, sanıram.
Biz eşqdən danışacaqdıq axı. Yazı eşqindən.
Bu yaxınlarda çox ağır bir depressiya yaşadım. Hətta angedoniya mərhələsinə adlamışdım.
Səbəbi inamı itirmək olmuşdu.
Sizi bilmirəm, mən dəqiq əminəm ki, ümid sonuncu yox, elə birinci ölür. Sonuncu ölən bir nəsnə varsa da, yoxsa da, adı "inam"dır.
Mən öz ilham mələyimə baxırdım və ilk uşaqlıq illərindən bəri insanlardan qaçıb özümə qapandığım ən çətin məqamlarımda hər dəfə məni bağrına basıb təbəssüm və sevgi ilə ovudan bu gözəl varlığı ilk dəfə idi ki, kədərli, gücsüz, ağlamsınmış görürdüm. O, otağın bir küncünə qısılıb büzüşərək başını əlləri arasına almışdı və sakitcə hıçqırıb burnunu çəkirdi. Hərdən nəsə zümzümə etdiyini eşidirdim. Çox kədərli mahnı idi. Və mən üzümü ona tutub fasiləsiz pıçıldayırdım: "Görürsənmi, heç nə alınmır. Mən sənin ümidlərini doğrulda bilmədim. Pıçıldadıqlarını yazmadım, ruhuma ötürdüklərini ruhlarına ötürmədim insanların. Kitablar çap etdirməyi bacarmadım, maddiyyat mənəviyyatı çökdürür, məişət istedadı öldürür, anlamırsanmı? Sən səhv ünvana gəlmişdin, bu həqiqəti qəbul et və... get!"
O, daha ürəkdən ağlamağa başladı.
Məncə, onun ümidi öldü.
Və mən onun ağlamasından hirslənib dərhal yazı masamın üstündəki hər şeyi yığışdırıb şkaflara daşıdım. Adı "dizimin üstündəki ofis" olan noutbukumu da qapayıb çantada gizlətdim. Və... və tikiş maşınımı otaqların birinin küncündən tapıb gətirdim, çamadanından çıxarıb masanın üzərinə - noutbukumun yerinə qoydum. Sonra şkaflardan tikiş və modaya aid bütün jurnalları, iynə-sap, qayçı, ölçü vasitələrini də masadan götürdüyüm qəzet və kitabların, dəftər-qələmin yerinə düzdüm. Evdə yığılıb unudulmuş parçaları çıxartdım.
Gözucu ilham mələyimə sarı baxdım: "Bax belə. Çoxdan ağıllanmalıydım."
O, heyrət dolu baxışlarını üstümə dikmişdi. Mən maşının pedalını ayağımla basıb hirslə əlavə etdim: "Elə sən də!"
Beləcə, iki həftə boyunca tikiş maşınının səsi ilə ilham mələyimin hıçqırıqlarını və kədərli zümzümələrini qapadım. Sosial şəbəkədəki hesabımı da qapadım. Köşkdəki əmiyə də xəbər yolladım ki, daha mənə hər şənbə "Ədəbiyyat qəzeti" saxlamasın.
Vəssalam. Bir də heç vaxt heç bir kəlmə belə yazmayacaqdım. Bu, qətiyyətlə verdiyim qərar idi.
Mən artıq öz uşaqlıq arzularımdan birini gerçəkləşdirməyə başlamışdım. Kredit götürmək, VÖEN almaq, atelye açmaq istəyirdim. Tam da işə qapıldığım məqamda noutbuk mənə lazım oldu. İnternetdən məhz atelye açmaq barədə dəqiq məlumatları axtarmağa başladım. Və bir səhər, mən yuxuluykən kursorun nə zaman "Ədəbiyyat qəzeti"nin saytını tıklayıb açdığının fərqində olmadım. Məncə, kursor özü-özünə hərəkət etdi və saytı açdı, yoxsa mən min il qala, bir də ədəbiyyat aləmi tərəfə gözucu da baxmazdım, dedim axı, qərarım qəti idi. Oda toxunmuş kimi diksinib dərhal saytdan çıxmağa tələsdim. Lakin əlimin üstündəki xəfif ağırlıq imkan vermədi. Baxdım, ilham mələyimin əli idi. Digər əlini çiynimə qoymuşdu və nəfəsi boynumu yandırırdı:" Bax, bax, nə yazır... Nobel mükafatını ədəbiyyatımıza gənclər gətirəcək."
Baxdım. Azər Turanın müsahibəsi idi.
Sürətlə oxuyub, sonra noutbuku söndürüb hirslə pıçıldadım: "Sənə Nobel lazımdı?"
Kədərlə köksünü ötürdü: "Mənə sən lazımsan..."
Və çəkilib yenə də otağın küncünə çökdü, dizlərini qucaqlayıb başını qollarının üstünə qoydu. Lakin daha nə hıçqırdı, nə də kədərli mahnı zümzümə etdi. Eləcə susdu.
Birdən özümü qəribə hiss etdim. Sanki bütün varlığımla sevdiyim bir insandan məni zorla ayırıb başqa bir adama ərə verirdilər. Bu hissi yalnız o məqamı yaşayan qadınlar anlaya bilərlər. Bir də ədəbiyyatdan vaxtsız gedib ilham mələyini öldürənlər.
Ona yaxınlaşdım. Nəfəssiz, hərəkətsiz idi. Amma köksündə hələ də xəfif bir çırpıntı vardı. Belə hallarda olan insanlara süni nəfəs vermək lazım olur, bilirəm. İlham mələklərinə isə... onlara ruhunu verməlisən artıq. Gerçək ruhunu. Yoxsa...
Və mən dodaqlarımı onun dodaqlarına yaxınlaşdırdım: "Mən səninəm..."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!