Rüstəm KAMAL
Yurd yerinin elə məkan-landşaft obrazları və detalları var ki, xəyalımdan heç çıxmır, daim yaddaşıma zülm eyləyir, müəyyən assosiativ mənalar yaradır. Onlardan qurtulmaq üçün əlifba sırası ilə (A-dan Z-ya) fraqmentlər yazmağa başladım. Nəticədə, 32 fraqment alındı. Poetik ricətlər, filoloji ştrixlər və xatirə elementləri bu yazıların süjet məxrəcində birləşdi. "Yurd yerinin əlifbası" adlandırdığım həmin silsilədən bir fraqmenti təqdim edirəm.
Müəllifdən
Evimizin dalındakı zağar tərəyə, tösmərək təpəyə tövşüyə-tövşüyə çıxıram. Hər halda yaş öz sözünü deyir. Xatirə ömür mifidir. Xatirə yalnız ömür-yaşam təcrübəsi deyil, həm də könül təcrübəsidir. İllər öncəsi Sarı yalda bir cığır qoyub getmişdim - onu xatırladım.
O cığırın ki, yayda Babəkardan, Kəkildən əsən sübh yelləri qurumuş otlarına, yovşanına sığal çəkirdi. Yovşanının dibində dovşan balalayırdı. O cığırı ki, dəli şimşək qırmanclayanda qızıl ilan kimi qıvrılırdı.
Cığır nə gəzir? Təpələri, çölləri əkin yeri eləyiblər. Yalquzaq cığırı, çoban cığırı kotan ağzında tikə-tikə, dilim-dilim doğranıb.
Kəndin bağrında yüzilin həsrətliləri kimi bir-birinə sarmaşan, bir-birilə qol-boyun olan, adamı yolda qoymayan cığırlar vardı. Ovcumuzdakı tale xətləri kimi zolaq-zolaq, naxış-naxış... Qoşa cığırlar, tək cığırlar... Bu cığırlar ilk görüşlərin, sevgi söhbətlərinin şahidi olub! Boş qeybətlər, qara yalanlar da eşidib... Oğru cığırlarını yada salmasaq, yaxşıdır. Ustad aşıq Cəlal Qəhrəmanov demişkən:
Var oğru cığırı, əyri cığırı,
Cığır demək olmaz hər cığırlara.
Qonşu cığırları necə məhrəm və mehriban idi: "Ev arası o cığırlar, o izlər" (H.Arif). Qonşunun qonşuluğu da cığırdan bilinirdi. Daş hasarlar, qara çəpərlər üzündən o cığırları ot basdı, gediş-gəliş tamam kəsildi...
Qız-gəlinləri ata evlərinə bağlayan cığırların bir ayrı büsatı vardı. Qırx günün təzə gəlini atası evinə gedəndə bir cığırla, geri, başqa cığırla qayıdırdı.
Hər kəs bilir ki, qəbristanlığa gedən cığırın zəhmi nə qədər ağır olur, adamın içinə soyuq qaramat dolurdu. Qəbirlər köhnəldikcə cığırlar da köhnəlirdi və unudulurdu. Yalnız təzə qəbrə təzə cığır düşürdü...
Ayişə (Aşa) arvadın bir ağır qarğışı vardı: "Cığırın tozdansın". İndi də bu qarğışın vahiməsi məni basır...
Təxminən 2 ilin söhbəti olar. Şair qardaşım Xaqani Qayıblının ata yurdunda - Qaraçöpdə qonaq idim. Bir gün Xaqani məni Töyrə tərəsindəki "Hacı Əfəndinin daşı" deyilən ziyarətgaha götürdü. Hacı Əfəndi deyilən mübarək insan Hacı Mahmud Əfəndinin sınanmış müridlərindən olub. İncə dərəsindən qayıdanda burda rəhmətə gedib.
Ziyarətgahdan üzü Ceyrançölə, Saç dağına, Poylu körpüsünə, ordandan İncə dərəsinə bir cığır uzanırdı. Xaqani dedi ki, bu cığırla Qaraçör möminləri gedib gəlirdilər. Xaqani bir də onu dedi ki, indi gördüyün bu cığır iki qutsal mübarək məkanı - Hacı Mahmud Əfəndinin Göy türbəsini və Hacı Əfəndinin daşını birləşdirir. Çox mübarək bir cığırdır...
O vaxtdan "cığır" sözü mənim üçün inanc mənalı söz oldu.
Mikayıl Müşfiqin babası aşıq Əliqulunun bircə misrada üç sözü (təriqət-yol-cığır) sinonim kimi işlətməsi bəlkə inancın şüuraltı təzahürü idi? Ona görə də misradakı "təriqət cığırı" ifadəsi mənə bu qədər maraqlı göründü:
Təriqət cığırı kəsmə yoldu da,
Daş-kəsəkdi, tikan dolu koldu da...
Desəm ki, Azərbaycan poeziyasında cığırları ən çox xalq şairi Hüseyn Arif vəsf edib, yəqin yanılmaram. Şeirlərindən cığır obrazı ilə bağlı neçə misranı xatırlaya bilərəm. Məsələn:
Ətrafı çən tutub duman kəssə də,
Bələdçi cığırlar aparar bizi.
"Cığır" Hüseyn Arifin ekopoetikasında yalnız sevdiyi landşaft-peyzaj detalı deyil, həm də yaddaşının və ruhunun ən ülvi və unudulmaz obrazlarından biri idi. Bir şeirində isə cığırın "portreti"ni çəkib:
Axşam üstü çəkiləndə əl-ayaq,
Yorğun düşüb səssiz yatar cığırlar.
Qoyun-quzu mələşəndə obaşdan,
Yuxusuna haram qatar cığırlar.
Qarayazıda "cüyürün nəfəsindən isinən" (H.Arif), meşəbəyinin atının nalından hürkən utancaq cığırı heç unutmadım! Həmən cığırla cüyürlər Kürə su içməyə gəlirdilər.
Kürün üzərində göy üzü nədənsə həmişə böyüyürdü...
...Babam Çolaq Həmidin (rus-alman davasında ayağının birini itirmişdi) iki cığırı vardı. Yaz yağışının nəmləndirdiyi, payız qırovunun naxışladığı cığırlarda çəliyinin qoşa və tək çarığının izi düşürdü...
Bir cığır qara mal damının dalından, haçaqol tutun yanından və ot tayasının böyründən başlayırdı. Salatın arvadın qapısından, Kəmən müəllimin həyətindən keçib kəndin orta yoluna çıxırdı. O biri cığır isə Aşırgilin çəpəri ilə Köçünün çəpərinin arasından keçirdi. İki çəpərin sıxışdırdığı cığırla keçəndə kişi çox əziyyət çəkirdi. Çəliklər bir-birinə dolaşdıqca yolu daraldanların qarasınca söyürdü. Amma inadından və adətindən əl çəkmirdi. Çəpər yiyələri yolu tamam bağlamaq istəyirdilər, amma kişinin qorxusundan cığırı saxlamışdılar...
Bir gün atam dedi:
- A kişi, gen, rahat yolu qoyub özünə niyə zülm edirsən?
Babam ona cavab verdi ki, atam Alı kişidən qalan cığırdı...
İllüstrasiya: məşhur rus rəssamı İvan Şişkinin "Çovdarlıq" (1878) rəsmi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!