Müqəddəs Avreelin İncili - Orxan FİKRƏTOĞLU

Hekayə

Və o gəldi. Gəlməyə də bilərdi, amma gəldi. Yəqin, sizə dərs olsun deyə gəldi. O, elə bir zamanda gəldi ki, dənizlər artıq dəniz idilər. Yaradılmışdılar. Küləklər külək kimi əsirdilər. Dağlar daha ayaq açacaqlarına inanmırdılar. Günəş bizi bundan artıq isitməyəcəkdi. O, sualların olmadığı bir zaman doğuldu. Hər şey hamıya o qədər bəlli idi ki, insanlar təkrar yaşayırdılar. Daha dünya kəşf olunmurdu.

Adını babası yekə-yekə Ruhulla qoydu. Hamı kimi anasından doğulsa da, hamı kimi aynan-ilnən böyümədi. Elə bil tez böyüdü, köpəkoğlu.

Mən onu uşaqlıqdan tanıyırdım. Ağıllı deyildi. Kitab oxuduğunu da görməmişdim. Mərdliyi də yox idi. Arıq, çəlimsiz, bir çiyni o birindən bir az hündür, burnunun suyu illərlə yanağında donub qalmış kifirçənin biriydi. Atasının köhnə maşını vardı. Hər səhər Ruhullanı döyə-döyə məktəbə gətirib hər axşam da döyə-döyə geri qaytarırdı. Ona nə oldusa sonralar oldu. Biz görmədik. Sanki onu kimsə bizlərdən ayırıb seçdi. Və bir gün hamımız gördük ki, heç kəsdən heç nəylə seçilməyən Ruhulla böyüyüb və dünya onu bizdən seçib salamı da bizdən çox verir.

Ruhulla başına həmin o əhvalat gələn gün bir o qədər qoca deyildi. Amma cavan da deyildi. Ona dünyada hörmət eləyən adam çox deyildi, amma az da deyildi. O, şəhərin arxa küçələrinin birində yerləşən kiçik bir söyüş idarəsinin rəisiydi. Hər gün işçilərini dili dodağına dolaşa-dolaşa söyürdü. Söyüş söymək onun peşəsiydi. Əlindən başqa iş gəlməzdi. Ancaq söyüşdən-söyüşə yaşayırdı. Duası da, alqışı da söyüş idi. Arvadını da söyüb almışdı. Atasına, anasına da cavabı ancaq söyüş olardı. "Söyüş" adında qəzet də buraxdırırdı. Əslində, onun işlədiyi idarənin adı da söyüşlə bağlıydı. Ətrafı da başdan-ayağa söyüş idi. Amma mətləb söyüş deyil deyə, mən bu işin elə də çox dərinliyinə getməyəcəm. Ruhullanın hansı işlə və niyə məşğul olması mənə də sizin qədər bir o qədər maraqlı deyil. Onun ailə işlərinə qarışmaqdan da uzağam. Çünkü sizə nağıl etməyə çalışdığım Ruhullanın seçilmişliyindən başına gələn əhvalat nə onun işi ilə bağlı bir məsələdir, nə də ailəsi ilə. Müqəddəs Avreelin sizə danışacağı əhvalat onun tamam başqa bir tərəfi ilə bağlıdır. O tərəfi ilə bağlıdır ki, adətən bu əza haqqında abırlı adamlar susurlar. Mən isə susmadım. Danışdım.

Danışacağım nağıl bütün müqəddəs mətnlər misalı sirli taxçalarda çini qablar kimi əsrlərdir qorunub. Üstü pərdəlidir, niqablıdır. Mənasının açılması təkərləmədir, zikrdir. Hər sözün yükü öz çiynindədir. Rəmzliklərlə zəngindir. Əhvalatda hər şey sizə tanış gəlsə də, heç nə real deyil. Hər şey rəmzdir və hər simgə içində bir məna gizlədir. Bununla belə, əhvalatın üst qatı çox aydındır. Onu mənə müqəddəs Avreel cümə günü danışmışdı. Mən də onun bu müqəddəs mətnini sizə olduğu kimi çatdırıram. Mətnə heç bir əlavə eləməmişəm. Qorxmuşam ki, ağzım əyilər.

Müqəddəs Avreelin mətni

Deyir, o səhər Ruhulla yuxudan erkən oyanıbmış. "Dalağı sancırmış" yəqin. Ya da Avreel məsələni belə şişirdir. Həmin gün onunla birgə tezdən oyanmış yaz quşları da eşikdə pəsdən-pəsdən "kilsə liturgiyası" oxuyurmuşlar. Yaxşı və ədalətsiz bir gün imiş. Avreel deyir ki, Ruhulla yıxılmasın deyə, ayaqlarını ehmallıca döşəməyə basa-basa hamam otağına keçib yuyunmaq üçün söylənə-söylənə soyunubmuş. Hava o gün nə isti imiş, nə də soyuq. Nə yağış yağırmış, nə qar ələyirmiş. Günəş də göy üzündə yox imiş. Ancaq hardansa uzaqdan müqəddəs Zümrüd quşunun nisgilli avazı da eşidilirmiş. Deyir Ruhulla ayağı sürüşər deyə, bir ayaq-bir ayaq "duş kabinə"yə girib gur sulu çiləyin puçunu burduğu zaman qəfil əvvəlcə qarnında, sonra isə arxasında əcaib sızıltı hiss edibmiş. Sonra bu sızıltı şiddətli ağrıya keçibmiş. Ruhulla qarnından başlamış bu ağrını əvvəlcə vecinə almayıbmış. Düşünübmüş ki, yəqin qarnına ağrı verən qazdır. Duş kabinədən çıxıb ayaq yoluna keçmək istədiyi zaman isə o, müqəddəs Avreelin dediyinə görə, arxasından özbaşına nəsə yekə bir şeyin möhkəm ağrıyla çıxıb kafellərin üstünə düşdüyünü hiss edibmiş. Deyir, Ruhulla bu işdən əvvəlcə bərk qorxubmuş. Onu qınamayın. Kim olsa qorxardı da. Nə olsun ki, o, seçilmişdir. Gözləmədiyin yerdə qəfil arxandan nəyinsə çıxıb tarappıltıyla kafel döşəməyə düşməsi sənə asan iş gəlməsin ha. Belə şeymi olur? Adamın içində artıq heç nə olmur axı. Nə varsa yaşamaq üçün olur. Vacib olur. Müqəddəs Avreel deyir ki, Ruhulla lap əvvəl düşünübmüş ki, bəlkə bağırsaqlarıdı belə, arxasından çıxıb şarappıltıyla döşəməyə tökülür. Sonra fikirləşibmiş ki, bəlkə ürəyidir dalından çıxır. Nəhayət, qorxa-qorxa da olsa, çevrilib dalından çıxmış həmin o yekə şeyə baxıbmış. Və deyir, Ruhulla həmin an gözlərinə inanmayıbmış. Deyir ədəli-dədəli hamam otağının ağ kafelli döşəməsinin üstünə düşən şey Ruhullanın özü uzunluğunda özü imiş. A tövbə! İnanmırsız? Mən də əvvəl inanmamışdım. Sonra Avreel Ağoğlan pirinə and içib inandırdı. Bu iş elə danışıldığı kimi belə də olub. Ruhulla bir də görüb ki, özü öz dalından çıxıb kafel döşəmənin üstünə düşüb. Əstəfurullah. Müqəddəs Avreel deyir ki, Ruhulla özünü döşəmədə lüt ətcəbala gördükdə ilk ağlına gələn də bu olub ki, yaxşı mən əgər dalımdan çıxıb yerə düşmüşəmsə, onda dalım qarışıq hələ məndə qalan kimdir? Bu nə deməkdir, axı? Mən nəyə görə öz dalımdan çıxıb yerə düşməliyəm ki? Bu nə işdir mənim başıma və ya dalıma gəlir? Sonra müqəddəs Avreel deyir ki, Ruhulla yuxuda olub-olmadığını bilmək üçün özünü üç dəfə ayrı-ayrı yerlərindən çimdikləyibmiş də. Düşünübmüş ki, bəlkə yuxu görür. Amma çimdiklərinin ağrısı onu daha da ayıldıbmış. Və Ruhulla başa düşübmüş ki, gördüyü şəkilləmə nə yuxudur, nə qarabasma. İndi Ruhulla da lap elə uşaq deyil axı. Bu işin qırımından anlayıbmış ki, məsələ nədirsə hər halda dünya işi deyil, birbaşa Tanrı müdaxiləsidir. Və bu işdə bir hikmət var. Ona görə də "sudan" quru çıxmaq lazımdır. Bu iş nə işdirsə, olmağına indi olur, indiki zamanda onun hamam otağında, gözünün qabağında baş verir. Mənası isə çox sonralar açılacaq. İndi o, öz dalından çıxıb döşəmənin üstündə oturub. Bic-bic gülən gözləri ilə özünə baxır. Və tələsik bu cəncəl işi həll etmək lazımdı ki, ağlı çaşmasın, başqaları da ona gülməsin. Ən qəribəsi də bu imiş ki, Ruhulla özünü hələ də özündə, yəni indiki özündə, arxası özündə olan özündə hiss edirmiş. Və düşünürmüş ki: "Yaxşı, bəs onda döşəmədə oturmuş o ikinci bədəninin fikirlərini kim fikirləşəcək, görəsən?".

Müqəddəs Avreel and içir ki, Ruhulla bu sualın cavabını o zaman bilməsə də döşəmədə oturub ona baxan ikinci özünün özü olduğuna tamamilə əmin imiş.

Nəhayət, deyir Ruhulla toparlanıb səsi əsə-əsə özü-özündən: - "Sən doğrudan mənim dalımdan çıxdın?" - deyə soruşubmuş.

Döşəmədə oturan özü Ruhullanın sualına: - "Sənin dalından niyə!" - deyə cavab veribmiş.

İşi belə görən Ruhulla özündən - "Səndən heç xəbərim olmayıb. Xeyir ola. Bir problemin-zadın yoxdur ki? Niyə çıxdın?" - deyə xəbər alıbmış.

O, zaman ikinci Ruhulla köksünü ötürüb Ruhullaya - "Sən söz dinləmirsən!" - deyibmiş.

Müqəddəs Avreel and içir ki, bu sözləri eşidən Ruhulla çox pis hirslənibmiş. Ayaqlarını döşəməyə vura-vura bərkdən qışqırıbmış ki: - "Gəl gir dalıma, oğraş köpəkoğlu! Məni hirsləndirmə! Səni də, özümü də bu dəqiqə öldürərəm!".

Deyir Ruhullanın bu hirsi döşəmədəkinin heç vecinə də olmayıbmış. Gülə-gülə ayağa qalxıb əsl Ruhullaya deyibmiş ki: - "Mən daha səninlə yaşamayacam!".

Müqəddəs Avreel and içir ki, əsl Ruhulla ikincinin ona nə demək istədiyini anlamasa da: - "Yaxşı, mənimlə yaşamaq istəmədiyini anladım. Özün bilərsən. Yaşamırsan yaşama. Amma de görüm, dalımdan niyə çıxırdın? Demirdin ki, ölərəm? Heç olmasa, ağzımdan çıxaydın da" - deyibmiş.

Onda ikinci Ruhulla birinciyə - "Sən belə seçilmisən. O qədər pis ömür yaşamısan ki, axırda məni arxandan çıxarıblar ki, sənə dərs olsun!" - söyləyibmiş.

Müqəddəs Avreel and içir ki, Ruhulla ikinci Ruhullanın bu sözlərindən bərk hirslənib hamam otağından qaça-qaça çölə çıxıbmış. Suyu süzülə-süzülə dolabdan iki dəst təzə geyinəcək tapıb özüylə bərabər ikinci Ruhullanı da geyindiribmiş. Sonra da onu zorla maşınına basıb polis idarəsinin qabağına gətiribmiş. Maşını əylədikdən sonra Ruhulla ikinci Ruhullanın qolundan tutub təpikləyə-təpikləyə kəndçisi olan ən böyük rəisin otağına salıbmış.

İçəridə ən əvvəl rəisdən soruşubmuş ki: - "Sən də bu adamı görürsən?".

Bir Ruhulladan illərdir yaxşı xeyir görən rəis ikisindən daha çox xeyir tutacağını düşünərək: - "Əlbəttə, görürəm. Sənsən də. İki dənə olmusan!", - deyə cavab veribmiş.

Müqəddəs Avreel deyir ki, əsl Ruhulla bu sözdən sonra rəisin cibinə pul basıb deyibmiş ki: - "Rəis, sən allah bu Ruhullanı tut və yenidən mənim dalıma sal!".

Deyir rəis ikinci Ruhullanı tutub damladıqdan sonra ona həmin gecə olmazın əziyyətlər veribmiş ki, birinci Ruhullanın dalına özü girsin. Amma xeyri olmayıbmış. Əvvəlcə heç nə danışmayan ikinci Ruhulla nəhayət, olmazın işgəncələrə dözmədiyindən boynuna alıbmış ki, o, həqiqətən də Allahın Ruhullanın bədəninə üfürdüyü ruhudur.

Müqəddəs Avreel deyir ki, bu xəbəri eşidən Ruhulla bir xeyli bığaltı güldükdən sonra rəis dostuna "Mənim bəxtimə bax e, sən allah. Camaatın ruhu ağzından çıxıb tərtəmiz göyə qalxır. Mənim ruhum isə götümdən çıxıb hamamın döşəməsinə düşür!" deyibmiş.

Avreel and içir ki, Ruhulla ruhunu ömürlük həbs etdirdikdən sonra kiçik idarəsinə qayıdıbmış. İşçilərini məşvərət otağına toplayıb onlara başına gələn qəribə qəziyyəni danışdıqdan sonra əmr edibmiş ki: - "Ruhunun nədən belə alçaqcasına dalından çölə çıxmasının səbəblərini dərindən təhlil etsinlər və eyni zamanda onun indi polisdə dustaq olan ruhunun hansı yol ilə geriyə qaytarılmasının üsulunu düşünsünlər!".

Müqəddəs Avreel deyir ki, bu çətin sualın ağırlığı altında əzilən işçilər bir ay düşündükdən sonra nəhayət, qərara gəliblərmiş ki, əgər Ruhullanın öz halal ruhu onu bəyənməyib belə edibsə, o, mütləq arxasından özünə təzə bir ruh saldırmalıdır. Ona görə ki, ruhsuz yaşamaq olmaz!".

Deyir, Ruhullanın idarəsində bir yaltaq işçi varmış. Başı da çox sürüşkən imiş. Belə işləri çox yaxşı bacardığından Ruhullaya işçilər onu məsləhət bilirlər.  Müqəddəs Avreel göylərin işinə müdaxilə olar deyə, həmin o arıq adamın adını öz salnaməsində çəkmir. Sözün açığı, həmin adamın adını mən də bilmirəm. Ona görə mən də çəkməyəcəm. Amma Ruhullanın ayaqlarını şəstlə necə aralamasını, həmin adamın arxadan onun bədəninə ehmallı-ehmallı girməsini öz gözləriylə gördüyünə Avreel inamla and içir. Mən də sizin qədər ona inanıram. Belə işlər ola bilər. Çünki Ruhullanın seçilmiş adam olduğuna mənim artıq şəkkim, şübhəm yoxdur. Müqəddəs Avreel and içir ki, o, uzun illərdi ruhun adama necə çevrildiyini məbədlərdə gözləri ilə görübmüş, adamın ruh olmasını isə ilk və son dəfə ancaq o zaman görüb.

Müqəddəs Avreel onu da deyir, Ruhulla öz halal ruhunu tutdurub özünə arxadan yeni ruh saldırdıqdan sonra lap xarab olubmuş. Əvvəllər bir əclaflıq edirmişsə, içinə saxta ruh girdikdən sonra iki adamın yerinə, iki dəfə çox əclaflıq edirmiş. Və beləcə söyə-söyə, söyülə-söyülə yaşayarmış. Və nəhayət, o gün gəlibmiş ki, Ruhulla rahat ölməkdən ötəri son dəfə taxt üstünə uzanıbmış. Amma göydən enən ölüm mələyi Əzrail Ruhullanın ruhsuz olduğunu görüb onu öldürməyibmiş. Qəzəblə "Get öz əmanət ruhunu tap. Sən onsuz ölə bilməzsən!" - deyə üstünə qışqırıbmış. 

Son nəfəsində öz əliylə həbsxanaya basdırdığı ruhunun olduğunu xatırlayan Ruhulla arıq işçisini dalından zorla çıxartdırıb halal ruhunun arxasınca həbsxayana qaçıbmış.

Və müqəddəs Avreel and içir ki, Ruhulla gedib həbsxanada görübmüş ki,  ruhu neçə illərdir qolu qandallı-qandallı atıldığı dəmir çəlləyin içində ölübmüş.

Müqəddəs Avreel and içir ki, Ruhulla bu gün də sağdır. Ruhunu öldürüb deyə, ölə bilmir. Ruhu yoxdur deyə, adam kimi yaşaya da bilmir. Nə həyatdan zövq alır, nə də ölümdən. Elə bilmə ki, Tanrı ancaq yaxşıları seçir. Onun üçün hamı seçilmişdir. Və hər bir insanın öz hekayəsi var...

Bir də müqəddəs Avreel sənə onu deyir ki, insanı oxumağı öyrən! Və ondan dərs al.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!