Qərb ölkələrinin tarixində kilsə və dövlətin münasibətləri xüsusi rol oynamışdır. Keşişlər dövlət başçılarını inandıraraq orduları xaç yürüşlərində iştirak etdirmişdilər. İngilis rejissoru Peter Qlinvilli tarixi şəxsiyyət, İngiltərənin baş naziri və arxiyepiskopu olmuş Tomas Bekket haqqında çəkdiyi "Bekket" filmi bu tarixə güzgü tutan ekran əsərlərindəndir.
Tomas Bekketin haqqında anonim müəllifər tərəfindən bir neçə tərcümeyi-halı yazılmışdır. Tomas Bekket haqqında müsəlman şahzadəsi olmaq iddiası isə öz təsdiqini tapmamışdır.
1066-cı ildə Normandiyanın İngiltərə tərəfindən işğalından təxminən yüz il sonra kral II Henri (Peter O Toole) zülümlə bu torpaqları idarə edir. Normand əsilli Tomas Bekket (Riçard Burton) isə onunla çox yaxın dost olur. Lakin aralarındakı münaqişə onları bir-birinə qarşı qoyur. Film flaş-bekle başlayır. Kral Henri Bekketin məzarına gələrək onunla xəyali söhbət eləməyə başlayraq ötən illəri yadına salır. Hadisələr kralın təhkiyəsi ilə başlayır. Həyatda tənha qalan kral Henri üçün Bekket dövlətin də idarə olunmasında mühüm rol oynayır. Kilsə xadimlərinin hegemonluğuna qarşı "Dövlətin ədaləti kraldadır" deyərək baş nazirliyi Bekketə təqdim edir. Fransayla müharibəyə hazırlaşan kral keşişlərdən savaş üçün pul istəyir. Kral Henri fəth zamanları keşişlərin canfəşanlığından danışaraq onları ifşa edir. Onların döyüşlər zamanı alınan qənimət hesabına varlandıqlarını söyləyir. Tarixdə məhkəmələri kilsənin tabeliyindən çıxartmaq üçün mübarizədə məğlub olan dövlət başçısının bu portreti epizodik işlənmişdir.
Kral Henri Bekketə Fransada icad olunan çəngəllərdən danışaraq özü və əyanları üçün onu sifariş elətdirdiyini deyir. Bununla kral müharibəyə hazır olmağın mesajını çatdırır.
Bekket daim özünün şərəfi barədə düşünür. Qulluq etdiyi İngiltərə dövlətinin şərəfinin yalnız məqsədlərinə çatmaq olduğunu dərk edən Bekket normand əsilli qızın sarayda "biz məğlub olmuş millətik" sözüylə katarsis keçirməyə başlayır. Özünün mənsub olduğu xalqın işğala məruz qalmasını bir daha dərk edir. Həyatı boyu başı kef məclislərinə qarışan Bekket həyatın mənası barədə düşünməyə başlayır.
Özünü milli cəhətdən təhqir edilmiş hesab edən gənc keşiş Con (David Veston) Bekketə hücum edir. Lakin Bekketin onu azad etdirməsi qorxmazlığıyla yanaşı, milli təəssübkeşliyini də ortaya qoyur. On səkkiz yaşlı dəliqanlı Conun hərəkəti də Bekketə təsir edir. Con sarayda Bekketə təsir edən normand qızının fikirlərini özündə daşıyır.
Baş yepiskopun ölümü Henrinin arzusunu gerçəkdirməsinə səbəb olur. Dostu Bekketə güvənərək din işlərini ona həvalə edir. Bu təklifi qəbul etmək istəməyən Bekket Henri tərəfindən vadar edilir. Henri bununla dövlətin din üzərində nəzarətini gücləndirmək istəyir. O düşünür ki, dostu Bekket yalnız onun əmrlərini yerinə yetirən şəxs olacaq.
Bekketin bu vəzifəyə təyinindən sonra "İncil"i özünə rəhbər tutaraq kasıblara yardım etməyi qarşısına məqsəd qoyması kilsə xadimlərinin təəccübünə səbəb olur. Burada dövrün qaranlıq Avropasının din xadimlərinin obrazını görürük. Bununla yanaşı, onlar Bekketin timsalında kasıbları öz tərəfinə çəkən bir şəxsi qarşılarında görəcəklərindən qorxurlar. Keşişlərin soyğunçu tərəfi bu epizodda da aydın görünür.
Tarixdə baş nazirlikdən istefa verərək dövlətlə yepiskopluq arasında uçurum yaradan Bekket kilsənin səlahiyyətlərini artırmaq istəmişdi. Bu filmdə isə Bekketin bu cəhəti onun idealizmi kimi göstərilmişdi. Artıq Bekket bir şəxsiyyət kimi ömrünü Allahın şərəfini qorumağa həsr edir. Daxilən təmizlənmiş, Allaha səmimi dua edən Bekketi onu qəbul etməyən Con da bağışlayır.
Anasının və həyat yoldaşının sevgisindən məhrum olan Kral Henri Bekketlə dostluğundan fəxarət duyur. Lakin Bekketin kilsə məsələsində prinsipiallıq göstərməsi Henri üçün gözlənilməz zərbə olur. Uşaqlar sarayda qılınc oynadarkən Con keşişin öldürülməsinə görə Bekketin məktubunu ona çatırır. Bekket Henridən bu işə görə Lord Qibertin cəzalanmasını istəyir. Bu mesajın qılıncoynatma oyunundan sonra çatdırılması Bekketlə kralın savaşının simvolizəsi kimi görünür.
Bekketi öz fikrindən daşındırmaq üçün Henri Kenterberiyə gəlir. Öz daxilində Henri Bekketi kukla bir yepiskop kimi görür. Onun etirazları krala təəccüblü gəlir. Lakin Bekketin özünün prinsiplərini qurban verməməsi onun baş nazirlikdən istefasıyla nəticələnir. Aslanlar üzüyünü krala təqdim etməklə o, yolların aralandığını bəyan edir. Bu epizodla iki köhnə dostun yolları ayrılmış olur. Həm də Bekketin dövlətlə din işini bir-birindən ayırması maarrifçilik ideyasının ekran təzahürü kimi də görünür.
Bu məsələyə görə məhkəməyə çıxarılan Bekket orda olan zaman kral Henrinin daxili faciəsi aydın olur. Həyatda ana şəfqətindən məhrum olan kral onu ittiham edir. Onu həyata gətirən qadının daim rəsmi tədbirlərdə olub övladına nəvaziş göstərməməsi Henrinin tənhalığına səbəb olmuşdur.
İngiltərədəki təzyiqlərə görə Fransaya qaçan Bekket Fransa kralı VII Luisə (Con Qilqud) sığınır. Fransız kralı üçün İngiltərəni iki yerə bölən Bekket sərfəli şəxs olur. İngiltərədən gələn nümayəndələrə Bekketi təslim etmir. Lakin Bekket özü ölkəsinə qayıtmaq qərarı verir. Kral Henriylə savaşmağı, əslində, Allahın bir təqdiri olaraq qəbul edir. Bekket burada da Tanrının şərəfini qorumaq barədə düşünür. Həyatda iddiaları olan şəxs filmdə öz mübarizəsini yaradan uğrunda aparan bir praqmatik rahib kimi aparır.
Altı illik ayrılıqdan sonra Henriylə Bekket nəhayət, görüşürlər. Tanrıyla kralın şərəfinin birləşdirilməsinin uzun vaxt alacağını bilən Bekket İsa peyğəmbərin təbiriylə qoyunlarını qoruyacağını bildirir. O, tamamilə ömrünü ruhaniyətə həsr edəcəyini bəyan edir. Kral Henri üçün Bekketlə dostluq münasibətləri vacib olduğundan, bundan sonra ümidini tamam itirir. Onun qarşısında artıq özünün tamamilə ideallarına həsr edən Bekket dayanmış olur.
Ziyafət salonunda ailəsini və əyanlarını toplayan Henri özünün daxili faciəsini açıq göstərmiş olur. Öz varisi olan oğlunu anasının və həyat yoldaşının ortasında əyləşdirərək onu təqdim edir. Bu epizod tarixi faktla üst-üstə düşür. Kral Henri həqiqətən 1170-ci ildə öz oğlunu varis kimi təqdim etmişdir. Anasından və həyat yoldaşından mərhəmət görməyən Henri oğlunun da onlar kimi olcağına əmin olur. Anasının Bekketə olan sevgisini ürəyindən atmalı olduğunu söyləyir. Özünün sıradan bir kəndli qadını tərəfindən böyüdülməsi arzusunu bildirəndən sonra həyat yoldaşı onun krallığına şübhə edir. Henri üçün mənfi mənada anası ilə həyat yoldaşı tamamilə birləşmiş olur. Bundan qəzəblənən Henri ziyafəti dağıdır. Peter O Toole bu səhnəni özünəməxsus teatral tərzdə ifa edir. Qədim sarayın ziyafət salonunda ürəyinin dayanmasını istəyərkən oyun tərzini klassik tərzdə canlandırır.
İngiltərəyə qayıtdıqdan sonra Bekket öz vəzifəsini davam etdirir. Cona "gümüş xaçımı ver" deyərkən, onun "çox ağırdır" deməsi Tanrının şərəfini daşımağın çətin olması fikrini ifadə edir. Henrinin gizli göstərişiylə əsgərlər kilsəyə daxil olur. Onlar Bekketi öldürməmişdən qabaq on səkkiz yaşlı Conu qətlə yetirirlər. Bekket öldürülərkən "Tanrının şərəfini daşımaq çətinmiş" deyərək tarixdə adının qalacağı mesajını çatdırır.
Kral Henri özünü Bekketin məzarı önündə şallaqlatdırır. Bununla o həm özünü cəzalandırır, həm də Tanrının şərəfinin qorunmasını həyata keçirir. Henri bununla bir qədər təsəlli tapmış olur. Henrinin bu hərəkətində içində olan dostluq sevgisinin təzahürü görünür.
Ən yaxşı kinossenariyə görə nominasiya qazanan film 2007-ci ildə yenidən kinoteatrlarda nümayiş olunmuşdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!