Nizami ili... Mədəni təbliğatın lokomotivi - İlqar FƏHMİ

İlqar FƏHMİ

İki il əvvəl dövlət başçısı tərəfindən Azərbaycanda "Nəsimi ili" elan olunanda bir çoxlarımız müəyyən qədər tərəddüd içində idik. Axı bir şəxsiyyətin adına bağlı bu cür böyük layihə həyata keçirməkdə təcrübəmiz yox idi. İl ərzində bir çox dövlət qurumları, elm-təhsil müəssisələri, mədəniyyət ocaqları tərəfindən müxtəlif istiqamətli tədbirlər həyata keçirildi. Ən yaddaqalan tədbirlərdən biri isə Heydər Əliyev fondunun keçirtdiyi "Beynəlxalq Nəsimi sənət və mənəviyyat festivalı" oldu...

Ancaq etiraf edək ki, ölkənin hər tərəfində bütün il boyu Nəsimi adıyla bağlı həyata keçirilən tədbir və layihələrdə müəyyən qədər sistemsizlik müşahidə olunurdu. Bunun səbəbi isə iki faktorla bağlı idi. Birincisi, qeyd etdiyim kimi, müəyyən qədər təcrübəsizlik, ikincisi isə təriqət şairi olan Nəsiminin irsinin həddən artıq qəliz, mürəkkəb və ən əsas da gizli şifrələrlə zəngin olması idi... Ən çox dolaşıqlığı da məhz bu məqam yaradırdı, bəzən iki müxtəlif tədbirdə Nəsimi barədə deyilən fikirlər və ya müxtəlf yazılardakı rəylər bir-biriylə ziddiyyət təşkil edirdi.

İndi isə Nizami Gəncəvi yaradıcılığına qayıdaq.

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olundu - SƏRƏNCAM

Yaradıcılığı gizli simvollarla zəngin olan Nəsimidən fərqli olaraq, müdrik Nizami Gəncəvi hikmət və fəlsəfə şairidir. Onun yaradıcılığı çoxşaxəlidir və yeniyetmələrin tərbiyəsindən tutmuş dövlət idarəçiliyinə qədər müxtəlif sahələri əhatə edir.

(Burda bir məqamı xüsusi diqqətə çəkmək istəyirəm - Nəsimi ilində bir çox savadlı alimlərin, araşdırmaçıların bəyənmədiyi hadisə bu oldu ki, bilən-bilməyən, anlayan-anlamayan Nəsimi yaradıcılığı barədə danışmağa başladı və xeyli sayda diletant fikirlər eşidildi. Nizami ili elan olunanda da, bir çox dostlarımda eyni narahatlığı hiss elədim. Lakin burda çox incə bir məqam var. Nəsiminin mürəkkəb və simvolik yaradıcılığı barədə həqiqətən də yalnız mütəxəssislər danışmalıdı. Əks halda çox qarışıq fikirlər ortaya çıxa bilərdi. Ancaq Nizami yaradıcılığı, qeyd etdiyimiz kimi, o qədər universaldı ki, onun barəsində hamı danışa bilər. Sadə bir ziyalıdan tutmuş, akademikə qədər. Sadəcə, hər kəs Nizamiyə öz mərtəbəsinə uyğun səviyyədə yanaşmalıdı).

Nizami Gəncəvi yaradıcılığının təbliğat üçün daha bir əhəmiyyətli tərəfi odur ki, son yüz əlli ildə Nizaminin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, Avropada da, Şərq ölkələrində də çoxsaylı alimlər var ki, onun yaradıcılığına yaxşı bələddirlər.

Hələ bu da son deyil. Nizaminin bütün hikmətli fikirləri, fəlsəfi düşüncələri nəzmə çəkilmiş hekayətlər, dastanlar içində yerləşdirilib. Nizami rəvayətlər, hekayətlər və hadisələr xəzinəsidir. Maraqlısı budur ki, bütün bu hekayət və hadisələr müasir anlamda düzgün dramaturji süjetlər üzərində qurulub. Deməli, bu hekayətlərin motivləri əsasında kifayət qədər nəsr əsərləri, pyeslər, ssenarilər yazmaq mümkündür...

Əbəs deyil ki, Şərq miniatür sənətinin bütün tarixi boyu rəssamların-nəqqaşların ən çox müraciət etdikləri süjetlər məhz Nizami "Xəmsə"sindən götürülən süjetlərdir. Yüzilliklər boyu əsərlərinə ən çox rəsm əsərləri çəkilən klassik şairimiz də məhz Nizami Gəncəvidir.

Beləliklə, böyük şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə elan olunmuş "Nizami ili" bizə fəaliyyət üçün Nəsimi yaradıcılığından qat-qat çox meydan verir.

İndi isə bu geniş meydanda, bu böyük müstəvidə hansı istiqamətli layihələrin həyata keçirilə biləcəyi haqqında fikirlərimi bölüşmək istərdim.

Zənnimcə, ilk növbədə təbliğat istiqamətlərini müəyyən etmək daha düzgün olardı.

1-ci istiqamət. Təhsil və tərbiyə istiqaməti. Nizami yaradıcılığının əhəmiyyətli hissəsi yeniyetmələrin maarifləndirilməsi məqsədi daşıyan hikmətli hekayətlərdən ibarətdir. Deməli, bu materialların içindən məhz müasir dövrün tələblərinə uyğun olanları seçilməklə kiçik və orta yaşlı məktəblilər, yeniyetmələr və gənclər üçün müxtəlif məzmunlu, hətta komiks formasında kitablar dərc edilə bilər...

2-ci istiqamət. Romantik eşq istiqaməti. Gənclər üçün Nizami yaradıcılığını maraqlı edə biləcək əsas xətlərdən biri sadə, səmimi romantik eşq hekayətləridir. Xüsusi olaraq qeyd edim ki, Nizami dühası bizə İlahi eşq-irfan xəttiylə bərabər, həm də qadın-kişi arasında saf dünyəvi eşqi əks elətdirən çoxsaylı səmimi eşq hekayətləri də miras qoyub. Onun yaradıcılığının içindən məhz bu romantik sevgi motivləri seçilərək, müasir dövrün nəsr üslubuna uyğunlaşdırılaraq gənclər üçün ayrıca kitab halında dərc edilə bilər.

3-cü istiqamət. Elm-irfan istiqaməti. Qeyd etdiyimiz kimi, Nizami yaradıcılığı sadədən mürəkkəbə qədər hər sahəni əks elətdirir. Bu sahə üzrə fəaliyyət Nizami yaradıcılığında metafizik-irfani elmlər, dəqiq elmlər, humanitar-ictimai elmlər üzrə materiallar ayrıca toplanıb araşdırılaraq müxtəlif toplular halında dərc edilə bilər... 

4-cü istiqamət. Nizami və incəsənət. Qeyd etdiyim kimi, Nizami Gəncəvi yaradıcılığı müasir incəsənətin müxtəlif sahələrinə qida verə biləcək gücə malikdir. Onun yaradıcılığı əsasında çoxsaylı seriallar, bədii filmlər, cizgi filmləri, teatr tamaşaları, sosial çarxlar, mini filmlər, müzikllər işləmək mümkündür.

5-ci istiqamət. Müsabiqələr və yarışmalar. Eynən "Nəsimi ili"ndə olduğu kimi, bu il də Nizami yaradıcılığı üzərində çoxsaylı müsabiqələr təşkil etmək mümkündür.

Fərq isə bu müsabiqələri daha rəngarəng etmək imkanlarında olacaq. Nəsimi ilində yalnız poeziya müsabiqəsi keçirildiyi halda, Nizami yaradıcılığı əsasında yazılmış hekayə, esse, şeir, məqalə, pyes, rəsm əsəri müsabiqələri təşkil etmək mümkündür. Bu müsabiqələr müxtəlif yaş həddində ayrıca keçirilə bilər.

Hətta yeniyetmələr arasında "Nizami yaradıcılığının virtual məkanda ən kreativ təbliği" layihələri arasında da müsabiqə keçirib, ən maraqlı hesab olunan layihələri reallaşdırmağa başlamaq olar.

Bundan əlavə, Nizami əsərlərinin yeni tərcümələrinin də ərsəyə gəlməsinə stimul vermək üçün tərcümə müsabiqəsi də reallaşdırıla bilər.

6-cı istiqamət. Nizami Gəncəvi yaradıcılığı akademik müstəvidə. Nizami Gəncəvi yaradıcılığı XX əsrdə xeyli dərəcədə araşdırılmış, onun haqqında çoxsaylı elmi əsərlər, monoqrafiyalar yazılmışdır. Lakin etiraf edək ki, bu əsərlərin çoxu şairin yaradıcılığını məhz Sovet ideologiyasının razılıq verdiyi istiqamətdə araşdırmışdır. Bu il ərzində elmi dairələr Nizami yaradıcılığına məhz XXI əsrin yanaşması üzərində qurulan müasir elmi əsərlər ortaya qoyacaqlar ki, bu da şairin əsərlərinə intellektual təbəqənin marağını bir qədər də artırmış olacaq... 

7-ci istiqamət. Nizami yaradıcılığının xaricdə təbliği. Yuxarıda qeyd etdiyimiz kimi, Nizaminin əsərləri bu günə qədər Azərbaycan klassik ədəbiyyatı içində xaricdə ən çox tərcümə edilib yayılan əsərlər sırasındadı. Deməli, təbliğata sıfırdan başlamağa ehtiyac qalmayacaq. Sadəcə, mövcud olanları daha da təkmilləşdirmək və müasir dövrün tələblərinə uyğunlaşdırmaq lazımdır. Yəqin ki, bu yubiley ili münasibətilə Nizaminin dünya dillərində kitablarının təkrar çapı həyata keçiriləcəkdir. Lakin bir məsələni burda da qeyd etmək istərdim. Nizaminin başqa dünya dillərinə tərcümələri əksərən ötən əsrdə edilən tərcümələrdir. Zənnimcə, artıq XXI əsrin tələblərinə cavab verən yeni tərcümələrin də həyata keçirilməsinə cəhd etmək lazımdır.

Əlbəttə ki, bütün bunlar sadəcə fikir və düşüncələr, arzu olunan layihələrdir. Təbii ki, bunların həyata keçirilməsinə böyük dövlət qurumları təşkilatçılıq etməlidi, böyük əmək və maddi vəsait lazımdır. Həm də nə vaxt bitəcəyi məlum olmayan mövcud pandemiya vəziyyətini və post-müharibə şəraitini də unutmaq lazım deyil. Bu baxımdan, məncə, həyata keçirilən layihələr bədii və elmi cəhətdən yüksək səviyyəli olsa da, maddi vəsait baxımından minimalist olmalıdır. Hər halda, Nizami yaradıcılığı bütün bunlar üçün bizə kifayət qədər material verir və il ərzində bunlardan necə istifadə edə biləcəyimiz isə özümüzdən asılıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!