TSYUY-YUAN (b.e.ə. 340-278) - Zakir ABBAS

Tsyuy-Yuan (digər adı Tsyuy-Pin) Çin xalqının bədii-poetik təfəkküründə ilk şair kimi qəbul edilir. Əlbəttə, ona qədər Çin poeziyasında poetik topluların mövcudluğu da məlum idi, lakin xalqın yüksək poeziyaya olan sevgisi, rəğbəti məhz Tsyuy-Yuandan başlayır. Yaradıcılığında xalqın istək və arzularını, qələbə və faciəsini, hakimiyyətdəki elitanın zülmündən azad olmaq uğrunda gedən mübarizənin obrazlı poetik çağırışı onu xalqın Müdrik Rəhbəri səviyyəsinə qaldırır.

Çin tarixində eramızdan əvvəl IV əsrin ikinci yarısı, III əsrin əvvəllərində "Çjan-Qo zamanı" adlı Hərbiləşmiş Çarlıq yarandı. O zamana qədər qədim quldarlıq dövləti çökmüş, keçmiş ərazilərində bir neçə dövlət qurulmuşdu. Cjan-Qo dövründə yeddi böyük krallıq arasında qanlı savaşlar gedirdi. Onlardan ən böyük və qüdrətlisi Çu krallığı idi. Çin imperatorluğu ərazilərinin təxminən üçdə birini işğal edən Çu ordusunun bir milyon döyüşçüsü olduğu təxmin edilir. Çunun əsas rəqibləri Tsi və Tsin səltənətləri idi.

Məxsus olduğu xalqın xarakterinə uyğun olaraq Çu dövlətini döyüşkən, davakar ruhlu vanlar (çarlar) idarə edirdilər. Çunlar hesab edirdilər ki, əgər beş il ərzində onlar Mərkəzi Asiyanın düzənliklərinə heç olmasa bir dəfə hərbi yürüş etməsələr, onlar öləndən sonra ulu babalarının ruhu ilə görüşdən məhrum olacaqlar.

Çu çarlığının hakim sülaləsinin soyu Syun ("Ayı") Şan krallığından olan qaçqınların nəslindən gəlirdi, lakin əslində, krallığın qurucuları qədim Taylara yaxın olan Man qəbilələri (Yao - "cənub barbarları") idi. Onlar etnik olaraq çinli deyildilər.

Xüsusilə, Çu çarlığı Vey-Vanın hakimiyyəti dövründə (b.e.ə. 339-329) çox böyük siyasi və hərbi uğurlar qazandı. Tsyu Yuanın uşaqlıq illəri məhz bu dövrə təsadüf edir.

Şair Çu krallığının paytaxtı olan İn şəhərində (İnçen və ya Çendu) anadan olub. Yüksək kübar təbəqədən çıxan Tsyu Yuan, hakim ailənin qohumu sayılırdı. Şəcərəsinin mifik qədim Çin imperatoru Cjuan-Syu (b.e.ə. 2513-2435) ilə əlaqələndirilir.

Vey-van Xuay vanın oğlunun çarlığı zamanında (328-299) Tsyu Yuan çarın sol naziri vəzifəsinə qədər yüksəlir. Bu mövqe ona dövlətin xarici və hərbi siyasətinə təsir göstərməyə imkan verdi.

Hər şeydən əvvəl tsyu Yuan Tsin səltənətinin güclənməsindən qorxur və var gücü ilə onun yüksəlməsinin qarşısını almağa çağırırdı. Lakin Çunun başlıca rəqibi Tsi çarlığı idi. Ənənəvi olaraq Çu siyasətçiləri də sonuncunu ən təhlükəli düşmən hesab edirdilər.

 

Bir müddət çar Xuay-van özünün xarici siyasətində Tsi çarlığı ilə bir ittifaqda olduğundan, hətta Tsi şahzadəsi ilə evliliyindən söhbət getdi. Ancaq tsinlilər tərəfindən rüşvətlə ələ alınan məsləhətçiləri onu inandıra bildilər ki, Tsi daha təhlükəli bir düşməndir. Odur ki, ən yaxşısı Tsin çarlığı ilə ittifaq bağlamaq məsləhətdir. Təkcə Tsyu Yuan çarı inandırmağa çalışdı ki, etibarlı müttəfiqlərlə əlaqəni kəsmək lazım deyil.

Lakin zaman keçdikcə rüşvətxor dəstə üstünlük qazandı. Xuay-van Tsi çarlığı ilə ittifaqını pozdu, Tsin hökmdarlığı ilə doğmalaşdı və Tsyu Yuanı uzaq Tsizyan əyalətinə sürgün etdi. Tezliklə Xuay-van yaltaq və rüşvətxor saray əyanlarına inanması ona çox baha başa gəldi. Miladdan əvvəl 299-cu ildə hiylə yolu ilə Tsinlilər tərəfindən əsir götürüldü və üç il sonra əsirlikdə öldü.

Eramızdan əvvəl 284-cü ildə Tsin hökmdarı Tsi çarlığına hücum etdi, onu ələ keçirərək öz dövlətinə qatıldı. Beləliklə, Çu krallığı ən güclü düşmənlə tək üz-üzə qaldı.

Hadisələrdən şoka düşən Tsyu Yuan ucqar bir əyalətdə əzablar içərisində qovrulurdu.

Şairin evli, övlad sahibi olub olmadığı, tənhalığın ruh halını necə yaşadığını da bilmirik. Bu məlumdur ki, yaxın gələcəkdə doğma yurdun əzablı, qaranlıq taleyi onun yaradıcılığında əsas yer alır. Həzin, kədərli şeirlərində xalqın gələcəyi üçün çıxış yolu axtarırdı. Onun sürgün illərində yaratdığı və böyük vətənpərvərlik ruhu ilə yazdığı "Lisao" ("Sürgünün kədəri") poeması şairin adına əbədilik gətirdi. Onun sürgün illərində yaratdığı əsərlər bu gün də Çin xalqı tərəfindən heyranlıqla oxunur. Xüsusilə "Tyanven", "Tszyuqa" ("Doqquz Elegiya") və digər əsərləri dünya ədəbiyyatının incilərindən hesab olunur.

Fəlakət eramızdan əvvəl 280-ci ildə baş verdi. Tsin qoşunları Çunun lap dərinliyindən qəflətən hücum edərək Quyçjou əyalətini işğal etdi. Düşmən miladdan əvvəl 279-cu ildə Henani, bir ildən sonra Çu çarlığını tamamilə ələ keçirdi. Tsin generalı Bai Tsi, Tsyu Yuanın doğma şəhəri olan İnə hücum edib onu yerlə-yeksan etdi. Bacarıqsız hərbi liderlərin rəhbərliyi altında olan Çu orduları düşmən tərəfindən darmadağın oldu.

Son illər ərzində vətəninin bu cür təhqir olunmasına dözə bilməyən Tsyu Yuanı acı ümidsizlik bürümüşdü. Hakimiyyətin səriştəsiz və xəyanətkar hərəkətlərinə, dünyada hökm sürən ədalətsizliyə, haqsızlığa etiraz olaraq, hadisələrin gedişatına təsir göstərmək qabiliyyətinə inamını itirən Tsyu Yuan sürgündəki əzablarına şahid olan Milo çayına ataraq intihar edir. Son əsəri "Huaysha" şeiridir.

Hər şeydən əvvəl, Tsyu Yuan Çin ədəbiyyatı tarixində böyük vətənpərvər şair, dünya poeziyasında fərdi üslubun qurucusu kimi qaldı. Əsərlərindəki qeyri-adi ifadələrlə yaratdığı fantastik obrazların bədii dili qədim Çin poeziyasında "cənub" üslubunun təməlini qoydu.

Ənənəyə görə, Ay təqviminin V ayının 5-də qeyd olunan ən qədim Çin Duanu Festivalı Tsyu Yuanın ölümü ilə əlaqələndirilir. Şairin suya düşdüyünü öyrənən insanlar Miola çayına tərəf qaçdılar. Balıqçılar şairin cəsədini tapmaq üçün qayıqlarla üzərək, şairin cəsdini balıqların yeməməsi üçün çaya düyü, yumurta və digər məhsullar atmağa başladılar. Bir yerli təbib çayın sularına çoxlu düyü şərabı tökdü ki, çaydakı canlılar sərxoş olub şairin cəsədinə toxunmasınlar.

Növbəti il, Tsyu Yuanın anım günü, eyni mərasim təkrar edildi. Beləliklə, hər il "əjdaha" qayıqlarında çayda yarışlar təşkil etmək, "zongzi" (düyü unundan hazırlanmış yuxa) yeyib düyü şərabı içməklə mərasim tədricən inkişaf etməyə başladı.

Duanu tətillərində böyüklər uşaqlara ətirli dərman bitkiləri ilə doldurulmuş rəngli ipəkdən hazırlanmış kiçik çantalar verirlər. Ətirli çantaların pis ruhları qovduğu və insanı xəstəliklərdən qoruduğuna dair məşhur fikirlər yazılır.

Tayvanın Şilin bölgəsində Tsyu Yuanın xatirəsinə həsr edilən ibadətgah ucaldıldı. Burada Duanu Festivalı günü böyük şairin xatirəsini hörmət əlaməti olaraq müasir şairlərin vətənpərvərlik mövzuda yazdıqları şeir müsabiqəsi keçirilir.

Bəzən taleyindən, keçirdiyi çətin gündən şikayətlənən adama Çində belə deyilir:

- Ağzını yum və Tsyu Yuanı xatırla!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!