Çoban qardaş, gəl bizimlə çörək kəs!! - Xeyrəddin QOCA

Yeni ilə  gülə-gülə...    Yeni il falı

Yeni il gəlir. Deməli, çox yeniliklər olacaq. İnsanlar yeni düşüncələrlə yaşayacaqlar.

Ильхам Алиев наградил Хейраддина Годжаева орденом «Шохрат» | Vesti.az |  Главные новости Азербайджана | Новости Азербайджана

Televiziyalarda təmiz Azərbaycan dilində danışacaqlar. Daha "dilimizin başına" indiki kimi min bir oyun açmayacaqlar. Ciy-ciy səsli, adamın beynini qılınc kimi kəsən qadın aparıcılarının əvəzinə ekrana, efirə məlahətli səsi olan, mədəni, savadlı, danışıq qabiliyyətinə malik aparıcılar çıxacaqlar.

Danışmağı bacarmayanlar, müstəqil fikri olmayanlar daha xalqa ağıl verməyəcəklər, uzun-uzadı "nitq" irad eləyib, camaatı bezdirməyəcəklər. Fikri qısa şəkildə bildirmək dəbə düşəcək. Çünki hamı başa düşür ki, "geniş", "ətraflı" danışanlar qarşısındakılara öz fikirlərini zorla "yeritmək" istəyirlər və elə bilirlər ki, onlardan çox bilən yoxdur. Bəzən bir kanal dəyişib, üç-dörd qısametrajlı filmə baxıb, həmin kanala qayıdanda görürsən ki, əvvəl danışan adam hələ də danışır.

Bəzi "varlı idarələrdə" kağız "blank"lar üçün iyirmi, otuz, əlli qəpik almayacaqlar. Qanunla bir həftə müddətinə düzəlməli olan işi bir-iki günə düzəldib "haqq" almayacaqlar.

Bəzi insanlar fırıldaqla yaşamağı tərgidəcəklər, nəhayət, dünyada olduğu kimi, doğru-düzgün, dürüst həyat keçirəcəklər.

Vəzifə, yaxud bir tikə çörək üçün heç kim heç kimə yaltaqlanmayacaq. İnsanlar layiq olduqlarına çatacaqlar. Savadsız, "tupoy"lar savadlı, ağıllı insanların yerini tutmayacaqlar.

Heç kim heç kimə "sən kimsən?" deməyəcək. Çünki o sualın bir cavabı var: "Bəs sən kimsən?!". Yəni hamı öz sözünün yerini biləcək.

Siyasəti bilməyənlər siyasətlə məşğul olmayacaqlar, könüllərindən prezident olmaq iddiası keçməyəcək. Çünki o yeri cəmi bir nəfər tuta bilər...

"Görməmişlər" təzə "Cip"lərini səkilərdə yox, adam kimi maşın yolunda sürəcəklər.

Ticarətçilər əlli manatlıq malı yüz manata qaldırıb, sonra otuz faiz endirim etməyəcəklər.

Qadın müğənnilər pərpətöyün toxumu və ya yağışdan sonra çıxan göbələk kimi gündən-günə çoxalmayacaqlar. Boşananların sayı azaldıqca onlar da azalacaq. Çünki boşananların doxsan faizi müğənni olur. Ərinin acığına!

Hərə bir kitab buraxıb mən "yazıçıyam", "şairəm" deməyəcək. Bir şair demişkən, "adamın üzündə həya gərəkdir".

Nəhayət, teatrlarımız xalqı düşündürən əsərlər səhnələşdirəcəklər.

Daha seriallar zəiflik "uğrunda" rəqabətə girməyəcəklər, ortaya sanballı filmlər qoyulacaq.

İnsanlar bir-birilə rastlaşanda gülümsəyəcəklər, daha qarşısındakıları qorxutmaq üçün gözlərini bərəltməyəcəklər. Yeri gəlmişkən, heç kim başına qara papaq keçirib, saqqallı gəzməyəcək, özünü quldura oxşatmayacaq.

Maşınlara eybəcər, heyvan səsi çıxaran səs siqnalları qoyulmayacaq.

Televiziya şouları camaatın olan-qalan ətini də tökməyəcək.

Kişilər ekranlara çıxıb "arvad-uşaq məni evdən qovub" deməyəcəklər. Onlara tamaşa edənlər isə "kül sənin kişi başına!" sözlərini işlətməyəcəklər... (Siz Allahınız, bağışlayın. Gördüklərimi yazıram...).

Yeni ildə çox şeylər dəyişəcək ey... Hamısını deyib başınızı ağrıtmaq istəmirəm. Çünki hamısını desəm, uzun çəkər. Əvvəldən dedim axı, qısa yazıb, qısa danışmaq yaxşıdır...

 

"Özün bilən yaxşıdır..."

 

Qoca çoban dağda qoyunları otarırdı. Günəşli bir gün idi. Günorta evdən gətirdiyi azuqəsini süfrəyə düzüb yeməyə təzəcə başlamışdı ki, yaxınlıqdan keçən "cındırından cin hürkən" üç kişi çobanın yanına gəldi. Onlardan biri dilləndi:

- Çoban qardaş, bizi də qonaq edərsən?

Çoban:

- Niyə etmirəm, Allah qonağına canım da qurbandır!

Çoban və "qonaqları" azdan-az, çoxdan-çox yeyib-içəndən sonra çoban soruşdu:

- Gəlin, tanış olaq. Siz kimsiniz, yolunuz haradır?

Qonaqlar xorla dilləndilər:

- Özün dedin ki, Allah adamlarıyıq!

Heç haradan gəlib, haraya getdiklərini də bildirmədilər...

Səhəri gün yenə gün günorta olanda çoban yeməyə hazırlaşırdı ki, gördü on-on beş nəfər zər-xara geyinmiş, əllərində tüfəng olan adamlar atlardan düşüb çörək yemək üçün yaşıl otlaqda dairə qurub əyləşdilər. Çoban hiss etdi ki, bu adamlar ova çıxıblar. Onlar özləri ilə gətirdikləri quzunu kəsib soyandan sonra bişirib yeməyə başlayanda "çoban qardaş, gəl bizimlə çörək kəs", - deyə, onu çağırdılar. Çoban gördü ki, bunlar abırlı adamlara oxşayırlar, etiraz etmədi. Gözəl "qonaqlıq" başa çatandan sonra çoban çəkinə-çəkinə dilləndi:

- Bağışlayın, sizi tanımadım...

Onlardan yaşlı biri cavab verdi:

- Çoban qardaş, biz padşahın adamlarıyıq!

Padşahın adamları sağollaşıb, atlarına minib gedəndən sonra çoban öz-özünə dodaqaltı mızıldandı:

- Dünən cır-cındır içində gələnlər Allahın adamları idi, bugünkülər isə padşahın adamları...

Sonra əllərini göylərə tutub dilləndi:

- Ya Rəbbim! Özün bilən yaxşıdır!

 

Arvadı da söymək olmaz...

 

Sovet dövrü idi. O zaman Leninin xalqın içində böyük hörməti-izzəti vardı. Bunu nəzərə almayan bir kolxoz sədri Leninə söyür. Onun ünvanına ağzına gələni deyir. Kimsə bunu raykomun birinci katibinə çatdırır. Partiya iclası çağırılır ki, sədri cəzalandırsınlar. İclasda sədrin ünvanına o ki var deyinirlər. Onu ümumiyyətlə, partiya sıralarından uzaqlaşdırmaq istəyirlər. Sizə zarafat gəlməsin, o zamanlar Vladimir İliç Lenini söymək bilirsiniz nə demək idi? Hər nə isə...

Kolxoz sədri hamıya qulaq asandan sonra ona deyirlər: "Son sözünü de!".

Sədr gülümsəyir: "Səhərdən bəri siz məndən danışırsınız? Deyirsiniz, yəni mən o qədər qudurmuşam ki, Lenini söymüşəm? Bilirsiniz, mənim arvadımın adı Leylidir, mən onu söymüşəm! Həm də düz qırx ildir, onu söyürəm. Kefim belə istəyir, arvadımdır, özüm bilərəm!".

İclasdakılar başlayırlar ki, "arvadı da söymək olmaz! Qanunla sənə cəza düşür".

Sədr yalvar-yaxarla birtəhər canını qurtarır, söz verir ki, bir də Leylini söyməyəcək. Yaxşıdır, bu əhvalatdan Leylinin xəbəri olmur, yoxsa evdə bir "iclas" olacaqdı ki, gəl görəsən! Sədr arvadın "cəzasından" çətin ki, qurtarardı!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!