Hekayə
Xəyalınızda hər iki tərəfi hündür tut ağacları, yemişan və böyürtkən kolları olan, bir tərəfindən arx axan 7-8 kilometr uzunluğunda yarı asfalt, yarı torpaq kəndə aparan yol təsəvvür edin. Etdinizmi?.. İndi o yolla üzü kəndə sarı addımlayan, kitab-dəftərlə dolu çantası çiynindən asılmış 27-28 yaşlı bir müəllim təsəvvür edin. O gənc müəllim səhər saat 6-da oyanıb, bir dilim yağ və incil mürəbbəsi sürtülmüş çörəyini yeyib, bir stəkan şirin çayını içib həmin o yola çıxırdı. Yola çıxırdı ki, həmin kəndin uşaqlarına yazmaq, oxumaq, fikirləşmək öyrətsin. Məktəbə çatana kimi isə özü çox fikirləşirdi və fikirləşmək onun yolunu elə qısaldırdı ki, məktəbə vaxtından yarım saat əvvəl çatırdı. Hətta bəzən məktəb direktorundan tez çatırdı. Yolda kəndə gedən maşın rastlaşsaydı, daha tez çatırdı və bir saat məktəbin qapısı ağzında gözləməli olurdu. Ona görə də uzaqdan maşın görəndə dua edirdi ki, saxlamasın, heç dönüb arxaya baxmırdı da. Ən sonda isə məktəbə ən yaxın olan müəllimlər gəlirdilər, hətta çox vaxt gecikirdilər. Məktəbdən ən tez isə elə ən yaxında yaşayan müəllimlər çıxırdılar. Axıra gənc müəllimlə məktəbin direktoru qalırdı, yəni kənddə yaşamayanlar. Maraqlıdır, bu həmişə belə olur. Sözüm kimin gec, kimin tez məktəbə çatmasında deyil. Demək istəyirəm ki, bizim bu gənc müəllim hər işi vaxtında görərdi. Dərsə vaxtında girər, zəngi vaxtında çalar, vaxtında yatar və vaxtında durardı. İndiyənə kimi hər şeyi vaxtında etmişdi; vaxtında doğulmuş, vaxtında məktəbə getmiş, məktəbi bitirmiş, vaxtında universitetə qəbul olmuş, bitirmiş, vaxtında işləməyə başlamış və sair. Deyilənə görə bircə şeyi vaxtında etməmişdi - evlənməyi. Deyilənlərlə razılaşmırdı, deyirdi ki, onun da öz vaxtı var.
Hər şeyi vaxtında edən gənc müəllim elə ilk dərs günündən şagirdlərlə dil tapa bildi. Özünü əliağaclı, sərtbaxışlı müəllim kimi yox, uşaqların dostu kimi apardı. Apardı deyəndə ki, təbiəti belə idi. Hər gün böyük sevgiylə siniflərə tələsdi. Ən zəif oxuyan şagirdlərdən başladı. Sinifdəki bütün şagirdlərlə eyni cür rəftar etdi. Vaxtında şagirdlərlə doğmalaşdı və vaxtında şagirdlərin sevgisini qazandı. Oxumayan şagirdlər də oxumağa başladılar, yazmayanlar yazmağa başladılar, dərsdə danışanlar susmağa başladılar. Daha heç kəs dərsə gecikmir və dərsdən qaçmırdı. Hətta tənəffüsdə də uşaqlar sinifdən çıxmırdılar, heç çıxmaq da istəmirdilər, oturub müəllimlərinə qulaq asır, daha çox maraqlanır, daha çox sual verir, daha çox öyrənirdilər. Və bu, iki il belə davam etdi. Bu iki ildə şagirdlər dərslərindən əlavə müəllimin gətirdiyi çoxlu bədii kitablar oxudular, çox şey öyrəndilər.
Getdikcə müəllim yoldaşları gənc müəllimi qısqanmağa başladılar. Onlar yeni müəllim məktəbə gələndən dərsdən istədikləri vaxt çıxıb gedə bilmir, şagirdləri dərs vaxtı məktəbin həyətinə oynamağa buraxa bilmir və ən əsası məktəbdə alver edə bilmirdilər. Şagirdlər daha tələbkar olmuşdular. Gənc müəllim direktorun etibarını qazanmışdı, direktor özü məktəbdə olmayanda çox şeyi ona tapşırırdı. O, məktəbdə bilik yarışları təşkil edir, şagirdləri paytaxtda yerləşən muzeylərə, qalereyalara, universitetlərə aparırdı. O, şagirdlərin və direktorun sevimlisi idi. Direktor başqa müəllimləri tənbəlliklərinə görə danlayanda həmişə gənc müəllimi nümunə göstərirdi. Bunu o biri müəllimlər həzm edə bilmir, hər dəfə müəllimlər otağına yığılanda yeni müəllimi iynəli sözlərlə sancmağa başlayırdılar. Onun hələ də subay olduğunu bəhanə edərək subay, gənc, görünüşlü bir oğlanın məktəbdə gözəl qızlarla sinif otağında 45 dəqiqə vaxt keçirməyinin düzgün olmadığını deyirdilər. O isə sinifdə təkcə qızların deyil, oğlanların da olduğunu xatırladıb müəllimlər otağından çıxıb məktəbin həyətində şagirdlərlə söhbət edir, bəzən onların oynadığı oyunlara qoşulurdu. Beləliklə, gənc müəllim tənəffüs vaxtları müəllimlər otağına girməməyə başladı. Ya sinifdə oturub yazı-pozu ilə məşğul olurdu, ya da şagirdlərə qoşulurdu.
Müəllim yoldaşları ona hər fürsətdə iynəli sözlər atmaqda davam edirdilər. O, bunu normal qəbul edir, buna yaşlı nəsillə gənc nəsil arasındakı əbədi dava kimi baxırdı. Və heç vaxt bu davada geri çəkilməyəcəyini özünə söz vermişdi. Onu məktəbdə on müəllim sevmirdisə, bütün şagirdlər sevirdi. Elə bu sevgi ilə də hər gün yuxudan durub məktəbə tələsirdi.
Hələ ki, subaylığından başqa bir "günahı" olmayan gənci sonra uşaqların tərbiyəsini pozmaqda, onlara "əxlaqsız" ədəbiyyat oxutmaqda, milli-mənəvi dəyərlərə zidd incəsənət nümunələrini təbliğ etməkdə ittiham elədilər. Hətta direktora ondan şikayət də eləmişdilər. Direktorsa hər şeyi bildiyini, bütün bunların təhsil nazirliyinin yeni proqramı olduğunu demişdi.
Payız və qış fəsli o qədər yolu piyada getmək əziyyətli olduğu üçün gənc müəllim özünə çətir və velosiped aldı. Buna şagirdlərdən başqa hamı güldü. Ona "kişi çətir götürməz", "kişi velosiped sürməz" - deyə lağ edirdilər. Kəndin ağsaqqal, ağbirçəklərindən cavanlarına, məktəbin müəllimlərinə kimi hamı onun çətirinə və velosipedinə lağ edib gülürdü. O isə bunları vecinə almır, cavab vermirdi. Hətta kəndin yazmaq, oxumaq bilməyən, gününü çayxanalarda keçirən cavanları bir neçə dəfə onun velosipedinin təkərlərini deşmiş, yolda qabağını kəsib çətirlə, velosipedlə məktəbə gəlməməsini demişdilər. O isə yenə də heç nəyi vecinə almır, rahatlığı üçün daha yeni şeylərdən istifadə edirdi. Məsələn, yağışlar başlayanda velosipeddə geyinmək üçün özünə su keçirməyən plaş aldı, əlləri rahat olsun deyə başa geyinilən çətir aldı. Bu, kənd camaatını daha da qıcıqlandırır, kəndin maşınlı cavanları yağışlı günlərdə onun yanından maşınla sürətlə keçib gölməçə suyu ilə isladırdılar. Sonra şagirdlər gənc müəllimlərinə həmrəylik göstərərək yağışlı günlərdə çətir götürməyə başladılar. Hətta imkanı olanlar velosiped alıb məktəbə velosipedlə gəlirdilər. Oğlanların çətir götürməsini, qızların velosiped sürməsini müəllimlər də qəbul edə bilmirdilər və uşaqların mənəviyyatını "pozduğuna" görə təhsil nazirliyinə şikayət etdilər. Narizliyin araşdırmalarından sonra gənc müəllimin işi yüksək dəyərləndirildi və nümunə olsun deyə maaşı artırıldı. Bundan sonra hamı susmağa başladı. Müəllimlər onunla danışmır, kənd camaatı salamına cavab vermirdi. O isə öz işini günü-gündən daha yaxşı görməyə çalışır, şagirdlərə yeni-yeni kitablar gətirir, yeni-yeni biliklər öyrədirdi.
İndi isə bayaqkı yolu bir daha xəyalınızda təsəvvür edin. Və o yolun ortasında üzü üstə yağışdan islanmış torpağa uzanmış, ağzı, burnu qanamış həmin gənc müəllimi təsəvvür edin. Etdinizmi?.. Bəli... Bizim gənc müəllimi 3-4 dəqiqə əvvəl həyatında bir dəfə də olsun "Leyli və Məcnun"u, "Romeo və Culyetta"nı oxumayan kəndin cavanları döydülər. Onlar bundan əvvəl də onun qarşısını kəsib, niyə evlənmədiyini soruşaraq ona əl-qol atmışdılar. Sonra tez-tez məktəbin həyətində görünməyə başladılar. Onlar şagirdləri çağırır, gənc müəllimləri haqqında sorğu-sual edirdilər.
Bir gün o, "oğlanların məktəbin həyətində nə işi var" - deyə direktordan soruşdu. Direktor dərindən nəfəs alıb, onların qız dalıyca gəldiklərini dedi. Hər şey aydın idi. İndi bu qolu zorlu, kəndin imkanlı balaları onu sevdikləri qızlara qısqanırdılar.
Bir gün müəllim sinifdə ən fəal qızlardan birinin kefinin olmadığını görüb tənəffüsdə sinifdə qalmasını xahiş edərək səbəbini soruşdu. Qız ağlayaraq valideynlərinin onu həmin oğlanlardan birinə ərə vermək istədiklərini dedi. Həmin oğlan qızı hər gün məktəbin həyətində gözləyir, dərs bitəndə evlərinə kimi onun arxasınca gedir, onu narahat edirdi.
Müəllimlərin onların bir-birinə yaraşdıqlarını, oğlanın imkanlı olması, qızın onu rədd etməsini ağılsızlıq adlandırmalarını eşidən gənc müəllim dözə bilmir və qızın tərəfini saxlayır. Elə həmin günün səhəri onun qarşısını yolda kəsib sorğu-sualsız döyürlər, velosipedini ayaqları ilə əzərək yaxındakı arxa atırlar, çantasını açıb kitablarını palçıqlı gölməçəyə tökürlər.
O, təpik, yumruq zərbələrindən ağrıyan bədənini yerdən güclə qaldırıb arxın suyunda əl-üzünü yuyub, üstünün palçığını təmizlədi. Velosipedi yararsız hala salmışdılar. O, islanmış kitablarını çantasına yığıb yoluna davam etdi.
Bütün yolu başına gələnlər haqqında düşünərək şagirdləri xatırladı, işıqlı gələcək naminə, əlifba, kitab, yazı naminə, elm, təhsil naminə, insanlıq naminə sona qədər mübarizə aparacağına and içdi.
Bu hadisədən sonra bir həftə məktəbə gəlmədi. Döyüldüyünü heç kəsə demədi. Həmin gün evdəkilərə arxasıyca kəndin itləri düşdüyünü, yıxıldığını dedi. Amma kənddə çox adam onun döyüldüyünü bilirdi. Şagirdləri velosipedini arxdan çıxarıb aparmışdılar.
Bir həftədən sonra kitab dolu çantasını çiynindən asıb, yeni aldığı skuterə minib dərsə yollandı. İndi evdən gec çıxa bilərdi, 15-20 dəqiqəyə məktəbə çatırdı. Şagirdlər onun gəlişinə çox sevindilər. O olmadığı günləri dərslərdən qalmamışlar, özləri-özlərinə müəllimlik edərək dərsrlərini öyrənmişdilər. Bu, gənc müəllim üçün ən xoş xəbər oldu. Ən pis xəbər isə ən fəal şagirdinin həmin oğlan tərəfindən qaçırdılması oldu. Uşaqların dediyinə görə, qızın valideynləri oğlanla əlbir imişlər. Həmin gün ilk dəfə idi ki, şagirdlər müəllimlərinin gözlərində yaş gördülər.
Getdikcə gənc müəllim kənddə arzuolunmaz insana çevrilirdi. Bircə məktəbin direktoru və şagirdlər onu sevirdilər. Kəndin bütün ağsaqqalları, ağbirçəkləri, günlərini çayxanalarda keçirən cavanları ona düşmən kəsilmişdi. Hətta bir neçə dəfə rayon resurs mərkəzinə onun haqqında şikayət etmişdilər. Guya gənc müəllim uşaqların tərbiyəsini pozur, o məktəbə gələndən uşaqlara iş gördürmək, naxıra yollamaq, yer əkdirmək, ot biçdirmək mümkün deyil, bütün günü kitab oxuyurlar, söz deyəndə də "uşaq haqları", "şagirdin vəzifəsi" kimi təzə-təzə sözlərlə ata-analarına söz qaytarırlar. Müəllimin dediyi onlar üçün qanun olub. Qızlı-oğlanlı hamısı şəhərə gedib universitet oxumaq istəyir. Bəs burda bizim işimizi kim görəcək, kim kömək edəcək bizə. Qız hara, şəhərdə yad oğlanların içində oxumaq, qalmaq hara? Hələ bu müəllim qızların beynini elə yeyib ki, ərə getmək deyəndə cinlənirlər. Qız uşağının ağzı nədi ata-anaya yox deyə, cavab qaytara. Bu yeni müəllim bizim adət-ənənələrimizə lağ edir. Guya bunların hamısı axmaqlıq, geridəqalmışlıqdı. Axı, ay başınıza dönüm, bir deyin görüm bu köhnə bazara təzə nırx gətirmək istəyir? O gün Mamedin qızına elçi gəliblər. Gör bir qız nə deyib, deyib ki, mən məktəbi bitirib, universitet oxuyacam, sonra işləyəcəm, sonra da kimi sevəcəm onunla da evlənəcəm. Day bundan sonra sən Mamedin nəyinə gərəksən. Bir halda ki, Mamedin qarşısına çay qoymayıb, yemək qoymayıb, paltarını yumayıb, evini süpürməyəcəksənsə, Mamedə nəvələr doğmayacaqsansa, day Mamed səni neyniyir. Bəyəm bu kənddə kişilər qırılıb ki, sən işləyəsən və sair və ilaxır.
Resurs mərkəzdə işləyən azərbaycanlı tərcüməçi kənd çamaatının dediklərini gürcücəyə tərcümə etməyə utanıb, onlara özü başa salmağa çalışıb ki, bəs bu müəllim sizin uşaqlarınızın yaxşı yaşaması üçün çalışır, onlara yazmaq, oxumaq öyrədir. O ki qaldı qız uşaqlarının evlənməsinə, onlar əvvəlcə oxumalı, işləməli, sonra istədikləri adamla ailə qurmalıdırlar. Bəli, bəli, işləməlidirlər. Pismi olar onlar da gürcülər kimi müəllim, həkim, alim, idmançı olsunlar. Siz uşaqlarınızı özünüzə qulluqçu, nökər böyüdürsünüz. Halbuki insanlar əl-ələ tutaraq işıqlı gələcək uğrunda çalışmalıdırlar və sair və ilaxır.
Kənd camaatı elə bunun da o müəllim ağılda olduğunu deyib növbəti dəfə şikayətə özləri ilə gürcü dilini bilən tərcüməçi gətirmişdilər. Resurs mərkəzin işçiləri şikayətçilərin əlindən bezərək gənc müəllimi mərkəzə dəvət edib ona başqa məktəbdə işləmək təklifi etsələr də, o, bunu qəbul etməmiş, sona kimi mübarizə aparacağını demişdi və mübarizə aparırdı da. Ta ki, başına gələn yeni hadisəyə qədər.
Dərs ilinin sonuna yaxın idi. Gənc müəllim 11-ci sinfin şagirdlərinə 45 dəqiqə ərzində sərbəst mövzuda inşa yazmağı tapşırdı. Zəng çalınanda hamı inşa dəftərini müəllimə verib sinifdən çıxdı. Axşam evdə yazıları yoxlayanda yuxarıda dediyimiz hadisə ilə üzləşdi. Qızlardan biri "Etiraf" başlığı ilə aşağıdakıları yazmışdı. Yazını olduğu kimi bura köçürürəm.
"Çoxdandı sizə demək istədiyim sözü bilmirdim necə, nə zaman deyim. Bu dərs ən gözəl fürsət oldu. Ümidvaram ki, məni düzgün başa düşəcəksiniz və müəllim-şagird münasibətimiz pozulmayacaq. Siz mənim həqiqi müəllimim oldunuz, təkcə mənim deyil, bütün şagirdlərin. Amma başqalarından mənim fərqim odur ki, mən sizi sevirəm. Gecə-gündüz yalnız sizi düşünürəm, dərs oxuyanda da, yazı yazanda da gözlərim önündə həmişə sizin xəyalınız canlanır. Xahiş edirəm mənə hirslənməyəsiniz. Axı sevməyi bizə siz öyrətdiniz. Siz sevginin ən yüksək hiss olduğunu, heç bir çərçivələrə sığmadığını, azad olduğunu deyirdiniz. Bağışlayın... Bəlkə də düz eləmirəm, ancaq bu sətirləri ürəyimin səsinə qulaq asaraq yazıram. Mən sizi sevirəm".
Müəllim etirafı oxuyub xeyli fikrə daldı. Bəli... İndi o qorxduğu şeylə qarşılaşmışdı. O, həmişə şagirdinə vurulmaqdan qorxmuşdu, amma bu tərsinə oldu, şagirdi ona vurulmuşdu, onu sevirdi. Bu, onun üçün gözlənilməz imtahan oldu. Bu imtahandan keçə biləcəkmi? Kənd camaatının qulağından iraq. Onlara da belə bir şey lazımdır. Onsuz da şayiələr yayırdılar ki, guya o, qızları yoldan çıxarır. Onu bu kənddə, bu məktəbdə qorxudan yeganə şey qızlarla arasında olan münasibət idi ki, həmişə bu münasibəti qoruyub-saxlayırdı. Buna görə özünü qınadı, özünü günahlandırdı. Axı necə ola bilərdi, nəyi düzgün etməmişdi ki, indi bu hadisə ilə qarşılaşırdı. Sonra bunun bir qurma ola biləcəyi haqqında düşündü. Yox! O, şagirdlərə çox inanırdı, necə ki, onlar da ona inanırdılar. Onların bu cür çirkin oyuna gedəcəyinə heç çür inana bilməzdi. Bu həqiqətən də sevgi idi. Təmiz, saf, məsum bir sevgi.
Bu hadisə onun bütün həyatını dəyişdi. Səhər sinfə girəndə həmin qızın yeri boş idi. Bir həftə belə davam etdi. Müəllim qızın dərsə gəlməməyinin səbəbini sinif yoldaşlarından soruşanda, dedilər xəstədi. O, qıza yazı yazıb dəftərinin arasına qoyub ən çox etibar etdiyi, qızın yaxın rəfiqəsi olan şagirddən dəftəri ona verməsini xahiş etdi. Nə qədər etibar etsə də, səhərə kimi yazının kiminsə əlinə keçə biləcəyindən narahat oldu. Rəfiqəsi dəftəri verib müəllimin "səhvləri ilə tanış olsun" sözlərini ona çatdırdı. Dəftərin arasındakı kağızda yazılanları olduğu kim bura köçürürəm.
"Mən də səni sevirəm. Amma bu sevgi müəllimin şagirdə olan sevgisindən başqa bir şey deyil. Təkcə səni yox, hamınızı ən əziz, doğma adamlarım kimi sevirəm. Aramızda olan sevgi yalnız bu cür ola bilər. Sevmək nə cinayətdi, nə günah. Buna görə sənə hirslənmirəm. Səni başa düşürəm. Əslində günah məndədir ki, sevginin başqa istiqamətə yönəlməsinə şərait yaratmışam. Belə olmamalı idi. Sən çox gəncsən və həyatın irəlidədir. İnanıram ki, sevəcəyin insan mən yox, başqası olmalıdır və sənin saf sevginə mən yox, o layiqdir. Bağışla məni...
Əgər dərsləri buraxacaqsansa, məktəbə mənə görə gəlməyəcəksənsə, mən sevdiyim işimdən əl çəkməli olacam, mübarizəmi dayandıracam, təslim olacam. Bunu isə, yəqin ki, nə zamansa başa düşüb məni bağışlayacaqsız. Xahiş edirəm dərslərdən qalma".
İlk dəfə idi ki, şagirdi onun xahişini yerinə yetirmirdi. Qız məktəbə gəlmirdi. Bütün günü evdən bayıra çıxmır, oturub ağlayırdı. Artıq kənddə söz-söhbət gəzirdi. Hamı qızın birdən-birə məktəbi atmasından, qəribə xəstəliyindən danışırdı. Müəllim çox xahiş etdi, çox çalışdı, uşaqlardan ismarıc göndərdi, direktoru onların evlərinə göndərdi, amma qız yenə də məktəbə gəlmirdi. Getdikcə onun vəziyyəti pisləşməyə başladı, doğrudan da xəstələndi. Yatağından dura bilmir, yemək yemir, heç kəslə danışmırdı. Gecələri temperaturu yüksəlir, səhərə kimi yerində çapalayıb sayıqlayırdı. Bir gecə qızdırma içində müəlliminin adını sayıqlamasını qızın valideynləri eşitdi. Səhər bütün kəndə xəbər yayıldı ki, gecə qız müəlliminin adını sayıqlayıb. Qızın xəstələnməsinin səbəbini bunda görüb əllərinə fürsət düşmüş kimi hamı bir ağızdan müəllimin günahkar olduğunu deyib məktəbə yollandılar.
Məktəbin qarşısında kəndin camaatı əli ağaclı, zəncirli müəllimin bayıra çıxmasını tələb edərək çığırırdı. Səsə bütün şagirdlər, müəllimlər pəncərələrin qarşısına toplaşdı. Nə baş verdiyini məktəbin içində heç kəs anlamırdı. Gənc müəllim hamını yerində əyləşməyə çağırdı. Direktor məsələni aydınlaşdırmaq üçün camaatın qarşısına çıxdı. Qışqır-bağır daha da artdı. Onun yaxasından tutub gənc müəllimi tələb edirdilər. Onu məktəbə gətirdiyinə, məktəbdən qovmadığına görə direktoru günahlandırır, onu ortalarına alıb o yan-bu yana itələyirdilər.
Pəncərədən bunları görən gənc müəllim dözə bilməyib bayıra çıxdı. O, camaata yaxınlaşıb direktoru buraxmalarını xahiş etmişdi ki, onun üstünə cumub vurmağa başladılar. Araya girməyə çalışan direktoru kənara itələyir, arabir ona da vururdular. Müəllimlər məktəbin qapısı ağzında durub şagirdləri eşiyə buraxmırdılar. Yatağından durub qaça-qaça özünü məktəbin həyətinə yetirən qızın "dayanın!" çığırtısına hamı yerində dondu. O, camaatı yarıb qanın içində, paltarı cırıq-cırıq olmuş yerdə uzanmış müəlliminə yaxınlaşıb onu qucaqlayaraq ağladı: "Siz nə etdiniz? Onun heç bir günahı yoxdu...
Şagirdlər pəncərələri açıb bayıra çıxdılar. Onlar yerdə şagirdinin qucağında huşsuz halda uzanmış müəllimlərini dairəyə alıb camaatla müəllimləri arasında divar yaratdılar. Ətrafa sükut çökdü. Bircə müəlliminin qanlı başını qucaqlayıb ağlayan qızın göz yaşlarının səsi eşidilirdi. Sonra... Sonra nə baş verdiyini yazmayacam. Bunu bilmək üçün özünüz kənd məktəblərinə gedin, axtarın o müəllimi.
Bircə istəyirəm ki, yenə xəyalınızda uzun bir yol təsəvvür edəsiniz və o yolda çiynində kitab, dəftər dolu çanta üzü kəndə sarı, məktəbə sarı gedən kölgə... bu gənc müəllimin kölgəsidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!