***
Çoxdan izlədiyim Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında əlimə qələm alanda saysız-hesabsız ştamplaşmış, daşlaşmış bədii ədəbiyyatın nəzəriyyələrinin, fəlsəfi ideyaların yolayrıcında durub fikrə getdim. Bu nəzəriyyələrin, ideyaların heç biri əl vermirdi. Bəs, Əbülfətin yaradıcılığına hansı gözlə yanaşım?! Qərara gəldim ki, kreativ şəxsiyyətlərin yaradıcılığına baxışın və təhlilin ən obyektiv yolu onun öz gözüdür. Gəlin, Əbülfətin bədii yaradıcılığını fəlsəfi düşüncə tərzində, onun öz gözü ilə nəzərdən keçirək.
Ağrılı çəkdiyim,
dərdli çəkdiyim
Bu boyda Bakıda
dərddi çəkdiyim,
Mənim azadlıqda
şərti çəkdiyim,
Cəzanın adını
çəkənlər bilər.
Əbülfət Mədətoğlunun poeziyası tarla, kamanla, sazla vəhdətdə səslənir. O, tar kimi haray salır, kaman kimi inləyir, saz kimi ruha hopur. O, Qurban Pirimovu, Habil Kamanı, Ədaləti xatırladır. Onun lirikasındakı insanlar da, onların məhəbbət və nifrəti də, təbiəti də, orada ağacların yarpaqlarının xışıltısı, gül-çiçəklərin ətri də təkrarolunmazdır.
Ağacların nəğməsini
yarpaqlar oxuyur,
Yarpaqların nəğməsini
küləklər...
...Qəlbləri əvvəl
duyğu danışdırır...
sonra da
qələm, kağız.
Ürəklə kağızın arasında
hər kəsdən
deyilməmiş
söz qalır
bir ağız...
***
Dilimizdə obraz surət, şəkil kimi anlaşılır. Əbülfətin yaradıcılığı bundan imtina edir. Onun obrazları, həyatdakı həqiqətlərlə eyniyyət təşkil etmir, onların surəti və ya şəkli deyil, özünün təkrarolunmaz duyğularının, düşüncə, qavrayış tərzinin şeir məhsuludur.
Gülüm,
əllərim dibçək,
saçların
ovcumda açmış çiçək...
yüz il bundan sonra da
tellərinin sayını
soruşan olsa,
əllərim su kimi içəcək!..
***
Allah saysız-hesabsız canlı-cansız varlıqlar yaradır, lakin onların heç biri digərinin tam eynisi deyildir. Hər birini birləşdirən ümumi cəhətlər olduğu kimi, ayıran, fərqləndirən xüsusi cəhətlər də var. Van Qoqun "Günəbaxan" rəsmi həm təbii günəbaxandan, həm də ona qədər çəkilən minlərlə günəbaxandan xüsusi duruş, görünüş tərzi, rəngləri ilə fərqlidir. O günəbaxan daha çox enerji saçır, işıqlıdır, orijinaldır, təkrarolunmazdır, unudulmazdır. Hətta harda, ilin, günün hansı vaxtında, kim tərəfindən çəkildiyini açıq-aydın söyləyir. Yaradıcılıq, bədii estetik yaradıcı düşüncənin məhsulu budur!
Mən səhəri göy üzündə açmışam
Ulduzları saya-saya baxışla...
Hörüyünə bir bənövşə taxmışam -
Yuxudaydın, oyatmadım... bağışla!
...Məhəbbətdi ruhum - özəl mənbəyim,
Təbiidi yana-yana sönməyim...
Qadağandı ürəyinə dönməyim -
Dönəcəyəm kirpiyinə yağışla...
***
Deyirlər, "Dünya bir pəncərədir, hər gələn baxıb gedər". Həmin pəncərədən hər kəs öz gözü ilə görür, öz duyğuları ilə qavrayır, gördüyünü paylayır. Rəssam rənglə, musiqiçi səslə, şair poeziya ilə. Orada ümumi cəhətlər nəzərə çarpmır, yalnız xüsusi, məxsusi rənglər, səslər, poetik ifadələr görünür, eşidilir, beyinlərə hopur, gələcəyə, uzunömürlülüyə yol tapır.
Hönkür-hönkür ağlayıb,
Boşaltdım ürəyimi.
Batırdım göz yaşıma
Əl boyda çörəyimi
Kasıb süfrə açmışdım, kasıb...
Bu fikirlər Əbülfətin poeziyası ilə tanış olanda ağlıma gəldi.
Əbülfət Mədətoğlu poeziyası nəql, vəsf, nifrət, ifşa, çağırış, üsyan etmir, o, imperativ deyil, onda notemika, pafos yoxdur. Sadəcə, hiss-həyəcanlarının duyğu ilə qavrayışını poetik dillə ifadə edir. O, formaca adi görünsə də, ideya və məzmunca həyat həqiqətlərini, reallığı ifadə etsə də, deyim tərzi özünəməxsus obrazlı metafordur. Onun lirikası fəlsəfəsi, fəlsəfəsi lirikasıdır.
***
Əbülfət Mədətoğlu hər zaman, hər yerdə özü olmağa çalışır. Şeirlərinin nöqtəsi yoxdur, ideyalar ən mükəmməl həndəsi fiqur kimi dövrə vurub, yeni, daha mükəmməl keyfiyyətdə oxucuya qayıdır, enerjisinə yeni enerji, ruhuna ruh, həyat eşqinə yeni eşq qatır.
Əslində,
hər şey sondu.
Və sondan
başlayır əvvəl...
Nəticə -
ilk addımın əksidi.
Hətta
belə də
demək olar -
məqsədin çəkisidi
sondan əvvələ
uzanan yol...
Əbülfət Mədətoğlunun poeziyası təbliğatçı, təşviqatçı, təşkilatçı deyil, təbiətin qanunları kimi təbii, sakit, sadə, təmkinli və bitərəfdir; öz strategiyası və trayektoriyası var. Bunu bilmədən və öyrənmədən ondan faydalanmaq çətindir. O, təbiətin və cəmiyyətin gözəlliklərini, ağrı-acılarını abstraksiya edərək ümumiləşdirib standartlaşdırmır, hamı üçün şablon, ştamp, trafaret, matrisa hazırlamır. O, duyğuların, hiss-həyəcanların açıq qalereyasıdır. Hər kəs onları öz gözü ilə görür və təbii duyğularının gücü müqabilində payını götürür.
Qaçdım,
qurtara bilmədim
dərdin əlindən.
Əvvəl ətəyimdən tutdu,
sonra ürəyimdən.
Yavaş-yavaş
ruhumu oxşayaraq
şirin vədlər -
səpələdi dilindən.
Mən də
üzüyumşaq -
aldana-aldana
bir də gördüm ki,
əlimdən çıxıb ürək...
***
Əbülfət Mədətoğlunun çox maraqlı həyatı var. O, Azərbaycanın əzəli-əbədi tarixi torpağı - Qarabağın Xocavənd rayonunun məşhur Tuğ kəndində doğulub. Milli əksliyin əsrlərlə tüğyan etdiyi doğma ata-baba torpağında. Şair bu əksliklərin mübarizəsinə təbii qüvvə kimi baxır, axırda onun haqq-ədalətin rəmzi kimi vəhdətdə birləşməsinə şübhə etməməyə çalışırdı.
Kür, Araz, Ararat, gözəldir bu həyat,
Qardaş olub Hayastan-Azərbaycan.
- sözləri ilə cilalanmış mahnını eşidəndə duruxub fikrə gedirdi. "Kəndim" şeirində həmin hisslərini ifadə etdi. Bu onun ilk şeirlərindən biri idi.
Əlim daşına çatmır,
Daşın öpə bilmirəm.
Heç nə başımı qatmır.
Gözümə təpə bilmirəm,
Nə vaxtdır səni, kəndim.
...Bu öc düşmənə qalmaz
(Mənimtək oğul olmaz!)
Son kərə gülməmişəm.
Qoruya bilməmişəm
Ölüncə səni, kəndim.
Və yaxud
Kirsin dizi üstə qoyub başını,
Uyuyur, dünyadan bixəbər kimi.
Gözümü açandan, dağlar kəndimin
Qoruyur yuxusun bir sipər kimi.
...Mürgülər dağ kəndim - mənim Tuğ kəndim,
Amma ki, yuxusu quş yuxusudur.
Şəhərin havası dəyişdi qəfil -
Yəqin, gələni var - kənd qoxusudur.
***
İllər beləcə keçir, Əbülfətin həyatının ən dəyərli anları ötüb-gedirdi. O, hərdən tarixi xatırlayıb, kəndinin taleyi haqda düşünürdü. Kəndinin yarısında azərbaycanlılar, digər hissəsində ermənilər yaşayırdılar. Bu iki əksliyin zaman-zaman təbii qüvvələrdən yan keçib iyrənc hal alacağını, vəhdətdə birləşməyəcəyini ağlına belə gətirə bilmirdi. Cəfər Cabbarlının əsərindəki Allahverdi ilə İmamverdinin üz-üzə durduğunu, hərdənbir barışdığını düşünüb qəti fikrə gələ bilmirdi. Arada güllə səsi gəlsə də, erməninin səsinə inanıb təskinlik tapırdı: "Atan kazaklardı".
"Yersiz gəldi, yerli qaç", "Gəmidə oturub gəmiçi ilə dava eləmək" kimi xalq məsəlini arabir xatırlasa da, əksliklərin mübarizəsinin mütləq vəhdətlə nəticələnəcəyi kimi təbii qanunun da gücünə güvənirdi. Buna baxmayaraq o güllənin kazaklar tərəfindən atıldığına heç vaxt qəti inana bilmirdi.
Ola bilsin ki, bu da Sovet təbliğatının acı nəticəsi idi. O nəticə də erməninin iç üzünün açılmasını gecikdirirdi. Nəhayət, pərdələr qaldırıldı və öncə söylədiklərim öz təsdiqini tapdı: yersiz gəldi, yerli qaçdı. Bu da şairin poeziyasında yeni səhifə açrı.
Mən səninçün heç vaxtı
Belə darıxmamışdım.
Adımı, soyadımı
Belə karıxmamışdım -
Doğulduğum əsir yurd...
...İndi həsrət çəkdikcə
Qınayıram özümü.
Sənə qovuşmaq üçün
Qurban dedim gözümü -
Doğulduğum əsir yurd.
Və yaxud
...Bir ev qoyub gəlmişəm
Açarları cibimdə.
Açarla oynayıram
Çadırların dibində.
***
Əbülfətin həyatının anları bir-birini əvəz edirdi. Ötən əsrin 80-ci illərində onu illər boyu düşündürüb rahat buraxmayan bir sıra müəmmalar tam çılpaqlığı ilə üzə çıxdı. Atan kazaklar deyilmiş, ermənilər və onların naxələf xisləti, nişangah kəndin azərbaycanlılar yaşayan hissəsi, yandırılıb külə döndərilən əksliklərin təbii, qüdrətli nəticəsi - vəhdət idi. Əbülfət Mədətoğlu yanan kəndini, ata-babasının yurdunun, evinin yandığını gözləri ilə gördü.
Yandı evim-eşiyim,
Yandı divarım, daşım...
İsit, qoyma üşüyüm,
İsit məni göz yaşım...
Və yaxud
Bir qış nağılıdı bu qış gecəsi,
Şaxta da, sazaq da köhnə tanışım...
Təkcə evim yoxdu, balalarımı
Toplayıb başıma, nağıl danışım...
Əbülfət Mədətoğlunun özünün dediyinə görə, həyatının 33 anını xatırlayır. Lakin onların hamısını hələ ki qələmə almayıb. Kim bilir, o anlara həyat daha neçəsini əlavə edəcək. Şair əksliklərin daha neçə mübarizəsinin şahidi və iştirakçısı olacaq, daha neçə vəhdətin təntənəsini və qələbəsini görəcək. Hələ ki poeziyasının ən maraqlı məhsulları ilə inamla addımlayır, gedir.
Bəs o, indi haradadır, hara gedir?
Aramsız
güllə yağışı
bələyir torpağı
dəlib keçir
daşı,
otu
ağacı
yarpağı...
Bir igid
sol əliylə
sıxıb ürəyini
dizi üstə
qana boyanıb
barmağı -
ovcu qan dolu...
Sağ əliylə
tutub bayrağı
güclə dayanıb
baxır,
baxır
və bağırır: -
İrəli, qardaşlar, görünür
Şuşanın yolu!!!
***
Hər dəfə bu sualı özümə verəndə xəyalımda sürətlə şütüyən bir çapar canlanır. Qatardan irəlidə saysız-hesabsız insanlar inadkarlıqla onu istədikləri səmtə yönəltməyə çalışır. Bacarmır, naməlum tərəfə yönəlib, şikəst, çarəsiz halda qatarın ardınca söyüş söyməklə, qatardakıları təhqir etməklə, qarğımaqla, çığır-bağır salmaqla yalnız və yalnız dodaqlarının ətrafındakı havanı azacıq tərpətməyə nail olurlar.
Qatarın arxasında da böyük bir dəstə var. Onlar tənbəl-tənbəl hərəkət edir, hamı axtarır, yıxılıb-qalxır, yolda qalır, qatarı gözdən itirir, sonra özləri üçün dua etməklə, kimlərəsə nəzir-niyaz boyun olmaqla təsəlli tapırlar.
Onlar - qatarın qabağında və arxasındakılar kimlərdirlər? Birincilər özlərindən müştəbeh radikal, çılğın, xoleriklər, vsevodlar, "Çingizxanlar", "Napoleonlar"dır. Onlar, hətta qatarın zaman və məkanın qurduğu relslərdən kənara çıxarılmasının mümkünsüzlüyündən belə xəbərsizdirlər.
İkincilər maariflənməmiş məzlum kütlədir, hamı axtarır.
Bəs, qatardakılar kimlərdir? Burda mən Martin Haydeqqerlə razılaşmıram. Orada fitri istedadları ilə həyatda "özü olmağı bacaranlar"dır. Əksliklərin - yeniliklə köhnəliyin debatının qalibləri, işıqlı vəhdətin müəllifləridirlər; zaman və məkan ilə ittifaqda böyük gələcəyə doğru gedirlər.
Əbülfət Mədətoğlunu öz yaradıcılığı ilə birgə həmin qatarın içərisində görürəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!