Ədəbiyyat xiridarları professor Rüstəm Kamalı görkəmli ədəbiyyatşünas və qorqudşünas alim kimi tanıyırlar. Rüstəm Kamal ədəbiyyat sahəsində, ədəbiyyatımızın bu günü və sabahı haqqında çoxsaylı sanballı əsərlərin, monoqrafiyaların müəllifidir.
Eyni zamanda onun neçə-neçə ədəbiyyat, poeziya nəhənglərinin, çağdaş poeziyamızın tanınmış nümayəndələrinin, gənc yazarların kitablarına yazdığı ön sözlərini də oxumuşam. Deyirlər, poeziya və nəsr haqqında yazmaq, şair, nasir haqqında yazmaqdan qat-qat çətindir. Rüstəm Kamal da həmin kitablara təkcə ön söz yazmayıb, həmin müəlliflərin yaradıcılığını araşdırıb, incələyib, əsərin sıxıb şirəsini çıxarıb, sonra da həmin şirəni ön sözə köçürüb.
Rüstəm Kamalın yaradıcılığı haqqında böyük söz sərrafları dəyərli fikirlər söyləyib, ədəbi camedə onun adı böyük hörmətlə çəkilir. Ədəbiyyat tariximizə adını şərəflə yazmış bir ədəbiyyat adamıdır. Hər zaman qeyri-adi fikirləri ilə hər kəsi təəccübləndirə bilir.
Bu il "Ədəbiyyat qəzeti"ndə Rüstəm müəllimin bir-birinin ardınca hekayələri nəşr olundu və bu əsərləri ilə o, yenə də oxucuları təəccübləndirdi. "Gecə öyküsü", "Taykeş çarığın nağılı", "Bir topa açar", "Sandıq" hekayələri nəsrimizdə hadisədir desəm, səhv etmərəm. Sən demə, bizim tanıdığımız ədəbiyyatşünas alim Rüstəm Kamalın içində çox istedadlı bir nasir gizlənibmiş.
Rüstəm Kamalın yuxarıda adlarını çəkdiyim hər üç hekayəsi son dərəcə maraqlıdır, düşündürəndir. Mən yalnız bu hekayələrin biri - "Bir topa açar" haqqında fikirlərimi "Ədəbiyyat qəzeti"nin oxucularıyla bölüşmək istərdim. Hekayənin süjet xətti Qarabağ müharibəsində ev-eşiyini orda qoyaraq, canını zorla qurtarmış bir qocanın Bakıya gəlməsi, ürək göynədən hadisə üzərində qurulmuşdur. Deyirlər ki, müharibə mövzusunda ən yaxşı əsərlər müharibədən sonra yaranır. Çünki zaman keçir, müharibənin insan psixologiyasına, həyatına vurduğu yaralar sağalmır, sadəcə, qaysaq tutaraq daha dərinə işləyir və zaman-zaman səni göynətməklə özünün nə qədər ağrılı olduğunu bütün həyatın boyu sənə unutdurmağa qoymur. Təbii ki, Qarabağ müharibəsi mövzusunda dəyərli əsərlər, poeziya nümunələri kifayət qədərdir. Lakin düşünürəm ki, Rüstəm Kamalın "Bir topa açar" hekayəsi bu mövzuda yazılmış ən yaxşı əsərlər sırasındadır. Hekayə son dərəcə səmimidir, başlanğıcından oxucunu təhkiyyəyə kökləyir. Rüstəm müəllimin nəsr haqqında dediyi fikirlər kimi: "Nəsrin ilk cümləsi şeirin ilk misrası kimi mətnin ruhuna girməlidir. İlk fraza boksçunun ilk nokaut zərbəsi kimi gözlənilməz olmalıdır. Aşıq Ədalət hər dəfə "Yanıq Kərəmi"nin ifasında ilk akkordu necə vurur - nəsrin ilk cümləsi də elə olmalıdır". Hekayə də bax beləcə başlayır, birinci cümləsindən oxucunun diqqətini özünə cəlb edir: "Əhvalat Cəbrayılın bir kəndində vaqe olub. Araz qırağındakı bu balaca kəndə də erməni quldurlarının hücum edəcəyi xəbər çatmışdır - qara şayiə batan gəmiyə su dolan kimi, bircə anda evlərə girdi...".
..."Kəndlər bir-bir" boşalırdı, El-oba yerindən qopmuşdu. Əl-ayağı tutan qaçırdı. İsa kişi isə ləngiyirdi... İstədi oğluna desin: "Siz gedin, mən burda qalıram"...
Əsərin bu yerini oxuyanda mən də öz başıma gələn bir hadisəni xatırladım. 1992-ci ilin may ayında ermənilər bizim Abbasbəyli kəndinə hücum edəndə atam Cahandar kişi də demişdi: "Mən burdan heç yana getməyəcəm. Ölsəm də burda öləcəm. Anam isə hara gedirdisə, bir topa açarı özü ilə gəzdirirdi".
Bu kiçik mətnin çevik süjet məqamları oxucunu düşünməyə vadar edir. Və mən əminəm ki, gələcək nəsillər Qarabağ müharibəsinin tarixini həm də Rüstəm müəllimin bu hekayəsindən öyrənəcəklər.
Müəllifin ustalığına diqqət yetirin, o, müşahidələrini nə qədər ustalıqla, poetik detallarla istifadə edib. "Yolların tozu maşın-araba əlindən ağaclara qonmağa macal tapmırdı...". Digər bir məqam. Ev-eşiyini tərk etmək istəməyən İsa kişinin köçmək zərurətini anlatmaq üçün nə qədər ustalıqla paralellər gətirir: "Neçə ilin yataq xəstəsi Söyün kişini yorğan-döşəklə birlikdə "Belarusun lafetinə qaldırmaqla", kəndin ağbirçəyi "Güllü arvadı nəvəsinin mopedinin tərkinə mindirməklə" köçün həm miqyasını, həm də vahiməsini oxucuya çatdıra bilib.
Hekayədə İsa kişinin şəxsində müəllif bir ixtiyar Azərbaycan kişisinin elə-obaya, öz kiçik vətəninə nə qədər bağlı olduğunu təsvir edə bilib. İsa kişi elə bilir ki, o, evini, kəndini qısa bir müddətə tərk edir. Və elə bu fikirlə də evi tərk etməmiş hər şeyi sahmanlayır: "İsa kişi çardağın altındakı saçı, kirkirəni, kompot bankalarını zirzəmiyə daşıdı və qapısını kilidlədi. Uşağın kalyaskasını gəlinin otağına saldı. Otağın qapısını bağladı. İşıqları bir-bir söndürdü. Mətbəxdə qazı yoxladı. Pəncərənin pərdəsini çəkdi. Tövlənin qapısına da qıfıl asdı... Keçən il arvadının yasında şal bağladığı darvazanı da bağladı. Açarları pencəyinin cibinə qoydu. Və kənddən çıxdılar...".
Rüstəm Kamal detallar vasitəsilə tipik bir Azərbaycan kəndlisinin tale obrazını, məişətini, yaşam tərzini yaratmış və mən deyərdim ki, dramatik bir filmin ssenarisini yazmışdır.
Müəllif qəhrəman İsa kişini Bakıda bir tələbə yataqxanasında məskunlaşdırmaqla əslində, minlərlə köçkün ailəsinin faciəli taleyini oxucuya çatdırmaq istəyir və hələ də kəmər yerində topa açar gəzdirən İsa kişinin öz elinə-obasına, evinə qayıdacağına inamını ustalıqla oxucuya çatdıra bilir. İsa kişi üçün bir topa açar hər şeydir. Sanki onun üçün bütün Cəbrayıl rayonu, doğma kəndi, həyət-bacası, ev-eşiyi, bu açarla kilidlənib, heç kəs o kilidi aça bilməz. Elə buna görə də o, bu topa açarı göz bəbəyi kimi qoruyur.
..."Gəlin hərdən açarları uşağa verirdi. Oynatmaq üçün. O da ya çürük döşəmənin arasına salırdı, ya da pəncərədən çölə atırdı". İsa kişi hər dəfə açarı axtarıb tapdıqca gileylənirdi: "Ay bala, bu açarları bir gün itirəcəksiniz. İsa kişi əlacsız qalıb açarları şalvarının böyründən, kəmərindən asdı".
Müəllif qısa, lokanik ifadələrlə oxucunun gözləri qarşısında həyat hadisəsi yaradır. Hekayədə hər cümlənin, hər sözün arxasında fikir və məna var. Bir kəlmə, bir söz yersiz işlənməyib.
Müəllif əsərdə iki topa açarı paralel gətirməklə maraqlı bir təzad yaradıb. Oğlunun dostunun bağ evində də İsa kişinin ixtiyarında bir topa açar var. Lakin bu topa açarlarla onun öz topa açarları arasında fərq var. Və maraqlıdır. İsa kişi ikinci topa açarla özünə bir təskinlik tapır. Müəllif bu prosesi bircə cümlə ilə ifadə edib: "İsa kişi bu evin açarlarına tez öyrəşdi...".
Nəhayət, əsərin kulminasiya nöqtəsi. İsa kişinin ümidinin qırıldığı, arzuların daşa çırpıldığı məqam. İsa kişi uzun illər idi gözləyirdi ki, vaxt gələcək o, yenidən öz kəndinə qayıdacaq, öz evinə, öz yuvasına dönəcək və bu topa açarla bağladığı kilidləri bir-bir açacaq. Lakin sən saydığını say, gör fələk nə sayırmış:
"Yaz ağzıydı.
Araz boyunca Naxçıvana gedən avtobusu İsa kişi Xudafərin körpüsünün qənşərində saxlatdı. Viran qoyulmuş kəndini tanıdı. Doluxsundu. Evini qara künc daşından tanıdı. İndi evin nə qapısı vardı, nə pəncərəsi, nə də damı! Kafir dəmir darvazasını da aparmışdı. Allah bilir, qıfıl indi hansı dərədə, hansı kalafada çürüyürdü". Və İsa kişi: "Qapın bağlansın, fələk" - dedi və "Açarları kəmərindən açıb Araza tolazladı".
P.S. Mən bu yazını tamamlayanda artıq Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı ilə müzəffər Azərbaycan Ordusu Cəbrayıl və Xudafərini işğaldan azad etmişdi. Və İsa kişinin tapdığı paslı qıfılın açar deşiyindəki cücərmiş otlar yüz minlərlə məcburi köçkünün arzularının cücərtisi idi.
Torpaqlarımız işğaldan azad edildi. Rayonların sakinləri bir topa açarları göstərir, onu özləri ilə gətirdiklərini və 27 il əziz bir əşya kimi saxladıqlarını sevinclə vurğulayırlar. Sən demə, bu topa açarlar hər bir qaçqın-köçkün evinin inanc və ümid yeri imiş. Müəllif bir şəxsin faciəsini ümummilli faciə səviyyəsinə qaldırmağı məharətlə bacarıb. Bu da Rüstəm Kamal düşüncəsinin, fəhminin və istedadının çağdaş ədəbiyyatımıza daha bir töhfəsidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!