Kamran Əliyev haqqında keçmiş zamanda danışmaq çətindir. Çünki belə insanlar ən azı onları tanıyanlar sağ olduqca hər zaman xatırlanır, onların əsərlərinəsə hər zaman müraciət olunur, beləcə daim müasirlərinin həmsöhbətinə çevrilirlər. Qoyub getdikləri elmi irsləri gələcək nəsillər arasında mənəvi körpü rolunu oynayır.
Onun elmi rəhbərlik, yaxud məsləhətçilik etdiyi dissertantlarla, doktorantlarla özünəməxsus işləmək üsulu var idi. Plan, prospekt və ayrı-ayrı fəsillərlə bağlı əvvəl-əvvəl dissertantın düşüncələrini dinləyirdi. Bu təhlillər, müzakirələr diktofona yazılırdı. O, dissertantda çox böyük özünəinam yaradırdı. Hərdən də bu özünəinamı möhkəmlətmək üçün "bax, bu fikrin ədəbiyyatşünaslığımızda yenidir" - deməklə növbəti yazıların yaranmasına da həvəs yaradırdı. Onun həddindən artıq təvazökar, sadə insan olması dərin biliyi, zəhmətkeşliyi ilə tamamlanırdı. Ona görə də onu tanıyanların gözündə Kamran müəllim rəğbət oyadan şəxsiyyətə çevirirdi.
Səhhətində problemin yaranmasına baxmayaraq, dissertant və doktorantlardan vacib məsləhətlərini əsirgəmir, onlara həmişə vaxt ayırırdı. Hər bir dissertantı elmi konfranslarda və ya ictimai tədbirlərdə çıxış edərkən Kamran müəllim çox həyəcanlı olar, onların uğurlarına övladının yüksəlişlərinə sevinən kimi sevinərdi.
Elmi rəhbərlərdən söz düşəndə müəllimlərini hörmətlə xatırlayar, A.Zamanovdan danışanda kövrələrdi: "Biz təkcə elmi uğurlarımıza görə deyil, əxz etdiyimiz həyat və insanlıq dərsinə görə də ustadlarımıza borcluyuq" - deyirdi". Bu günlərdə Kamran müəllimin onu haqq dərgahına qovuşma xəbərinin mətbuatda yer alandan dərhal sonra onu tanıyan yüzlərlə insan bu üzücü xəbərdən təsirlənərək onun haqqında çox dəyərli fikirlər yazdılar. Bu, ağrı, təəssüf dolu fikirlər Kamran müəllimin əvəzolunmaz ziyalı, hər zaman yeri görünəcək əvəzsiz alim olduğunun növbəti sübutu idi.
Turan ellərində
Cavid konfransları
2013-cü ildən başlayaraq H.Cavidin ədəbi irsinin təbliği üçün geniş bir fəaliyyət proqramı hazırlayanda mən əvvəl elmi rəhbərim K.Əliyevdən bəzi tövsiyələr aldım. Elə həmin ildə Əli Həsənovun təşəbbüsü ilə "Kaspi nəşrləri" seriyasından Cavidşünas alim Azər Turanın tərtib etdiyi "Hüseyn Cavid əsərləri" kitabı İstanbulda işıq üzü gördü. Biz cavidşünaslar qrupu yaradaraq geniş fəaliyyət planı hazırladıq. "Hüseyn Cavid ədəbi-irsinin poetikası" mövzusunda doktorluq işinin müdafiəsi ilə paralel olaraq mütəfəkkir şairin irsini, onun türkçülük, Turan ideyasını türkdilli ölkələrdə təbliği prosesinə başlamağı qərar verdik. İşçi qrupunun dəyişməz üzvləri kimi Kamran Əliyev, Azər Turan və digər türkdilli ölkələrin cavidşünasları bu konfranslarda iştirak edirdilər. İstər İstanbul Universitetinin Avrasiya İnstitutunda, istər Ankara Universitetində, eləcə də Qazaxıstanın Əl Fərabi Universitetində, Özbəkistanın N.Gəncəvi adına Universitetində, Urgənc Dövlət Universitetlərində Kamran müəllimin etdiyi çıxışlar H.Cavidin Turan ideyasının hər zaman müasir olduğunu sübut edən bir ustad dərsi idi.
Ankara Universitetində çıxışı zamanı bizimlə bir sırada əyləşən türk alimlərinin birinin dediyi: "Adam boyu dolusu elmdi" - fikrini indi də xatırlayıram. Kamran müəllim bütün çıxışları alqışla qarşılanırdı. H.Cavidlə bağlı növbəti konfransımız Qırğızıstandakı universitetlərin birində baş tutacaqdı. Çox heyf ki, ömrü kimi arzuları da yarımçıq qaldı. Səhhətindəki ciddi problemləri bildiyimizdən həkim olan həyat yoldaşı Tünzalə xanımın onu müşayiət etməsini də düşünmüşdük. Onun xanımına, xanımının ona qayğıkeş münasibəti isə bir çox ailələr üçün əsl nümunə sayıla bilərdi. Daşkənddən Səmərqəndə gedərkən "Əfrasiyab" adlı sürət qatarına oturanda üzündə işıqlı bir təbəssüm yarandı: "Cavidin "Siyavuş"undakı Əfrasiyab indi bizi Səmərqəndə aparır. Bu konfransa, bu səyahətə görə yenə H.Cavidə bir müqəddəs borcumuz var. Bax, Cavid bu gün, əslində, yaradıcılığında əsas ideya kimi irəli sürdüyü Turan düşüncəsi ilə bizimlə bu yerlərdə səyahətdədir. Ölməzlik dediyimiz də budur. Ziyarət etdiyimiz Türküstan şəhəri, Əhməd Yasəvi türbəsi, Səmərqənd şəhərindəki "Gur Əmir" mavzoleyi, Buxara şəhəri və Bahəddin Nəqşibəndi türbəsi, Səhih əl-Buxari türbəsi, Xarəzm vilayəti, Urgənc şəhəri və s. səyahət etdiyimiz yerlər Cavidin əsərlərində yer alan məkanlardır. Biz H.Cavidi hələ də uğrunda şəhid olduğu türkçülük ideyasının mövcud türkdilli ölkələrə yetərincə çatdıra bilməmişik..." - dedi.
Mən, bu layihənin başa çatmasından sonra H.Cavidin başqa ölkələrdə kitablarının tərcüməsi və yaradıcılığına həsr olunmuş elmi konfransların təşkilinin planımızda olduğunu dedim. Hətta Hüseyn Cavid əsrlərinin serb dilində tərcüməsinin başladığını eşidəndə çox sevindi. Bir-iki ay öncə H.Cavidin əsərlərinin Serbiyada çapdan çıxan kitabının üz qabığını telefon vasitəsilə ona göndərəndə çox sevinmişdi. Hətta bu nəşrlər seriyasından Qırğızıstanda "Hüseyn Cavid əsərləri"nin çapdan çıxacağını və pandemiya dövründən sonra təqdimatı olacağını dedim. "Qismət, İnşallah, Allah sağlıq eləsin, Şükür ki, bu layihələr də baş tutur" - dedi...
İştirak etdiyimiz konfranslara türkdilli xalqların Cavidşünaslarının çoxu Kamran müəllimin alim dostları idi. Bizim bu konfransların əhatə dairəsini daha da genişləndirmək planlarımız vardı. Cavidin bir vaxtlar personajlarının tarix yazdığı məkanlarda indi Cavidin ideyaları təbliğ olunurdu. Kamran müəllim bir vaxtlar bu tarixi məkanlar haqqında qeyd edirdi ki, Cavidin dramaturgiyasında məkan ucsuz-bucaqsız dünyadır. Avrasiya məkanıdır. İran, Hindistan, Ərəbistan, Qafqaz, Dərbənd, Nişapur, Səmərqənd, Buxara, bütövlükdə Türküstan, Bursa, İstanbul və Avropa! Çünki H.Cavidin qəhrəmanları ali həqiqət düşüncəsi ilə yaşayırlar. Ona görə də mübarizələrində ədalətli və ardıcıldırlar.
Konfranslarda iştirak edənlər dərin məzmunlu çıxışlardan sonra H.Cavid irsinə gec bələd olduqlarına görə təəssüf hissi keçirdiklərini də etiraf edirdilər.
Əvəzolunmaz alim
Həyat sürprizlərlə bizi hər zaman təəccübləndirir. İnsan doğulur, öz missiyasını İlahinin ona vermiş olduğu mənəvi enerji ilə yerinə yetirir və gəldiyi Vətəninə, əbədiyyətə köç edir. Hər bir xalqın alimi, qələm adamı o xalqın milli-mənəvi sərvətidir. Alimin əbədi dünyaya səfərindən geriyə qalanlar isə xalqı, milləti üçün yazıb-yaratdıqları və yetişdirdiyi elmli nəsillərdir.
K.Əliyev dərin elmi biliklərini, əhatəli düşüncələrini sadə yolla çatdırmağın tərəfdarı idi. Həmişə: - "elmin şərh metodu planlı, anlaşıqlı olmalıdır. Elmi əsəri biz məcburən sevdirə bilmərik. Gələcək nəsillər bizdən daha praqmatik olduğu üçün ruhuna, elmi düşüncəsinə uyğun, müasir və faydalı əsərləri seçəcəklər" - deyirdi. Bu tövsiyələr onun tələbələrinə, elmi rəhbəri olduğu hər kəsə sözə və elmə sədaqətli olmağı aşılayırdı.
O, H.Cavidi yaradıcılığını müxtəlif aspektlərdən araşdıran əvəzolunmaz cavidşünas idi. Masamın üstündə onun on cildliyi var. Vərəqləyirəm, bir daha əmin oluram ki, o, ədəbiyyatşünaslığımızda romantizm ədəbi cərəyanını, ədəbiyyatımızın müxtəlif tarixi mərhələlərini dərindən araşdırıb. Bu gün ədəbiyyatşünaslığımızın müxtəlif istiqamətlərində araşdırma aparan gənc alimlər çox haqlı olaraq Kamran müəllimin elmi əsərlərinə üz tuturlar.
Onun "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər" kitabı ədəbiyyat tariximizin ən görkəmli nümayəndələrinin fəaliyyətlərini gələcək nəsillərə çatdırır. M.Fətəlinin maarifçi realizmi, C.Məmmədquluzadə yaradıcılığı, eləcə də "Molla Nəsrəddin" satirik realizmi, H.Cavid və onun müasirlərinin ideya qayəsi kimi araşdırdığı məsələlər Kamran müəllimin elmi düşüncəsinin əhatəliliyinin göstəricisi idi. O, Azərbaycan ədəbiyyatında folklor qatının ədəbiyyatın gücünə güc qatmasını təsdiq edərək folklor və romantizm məsələlərini şərh edirdi. O, folklorşünaslıqda yeni elmi nəzəri istiqamətləri müəyyənləşdirdi.
Folklorda gizli qalan sirləri aça bilmək hər alimə nəsib olmur. Hərdən söhbətlərində K.Əliyev qeyd edirdi ki, folklorun yaşı və gücü, enerjisi insanlığın, dünyanın yaşı və gücü ilə ölçülür. Folklor xalqların əbədiyaşar enerjisinin mənbəyidir.
Düşünürəm ki, Kamran müəllimin folklorşünaslıq sahəsində qazandığı uğurların əsasında onun müdrik insan olması, xalqına, millətinə sonsuz məhəbbəti, ən əsası dərin savadı və ziyalılığı dururdu. İki il öncə onun "Kaspi nəşrləri" seriyasından 65 illik yubileyi münasibəti ilə hazırladığımız kitabı üçün "Açıq kitab - Dədə Qorqud" kitabı barədə "Dədə Qorqudun sirr verdiyi alim" adlı məqalə yazmışdım. Bəli, Dədə Qorqud hər alimə sirr verməzdi. Kamran müəllim bu tarixi, Ana kitabımızın Dədə qəhrəmanı ilə "söhbətləşə" bilmişdi. O, "Dədə Qorqud" dastanındakı toponimləri, rəngləri, say və rəqəmləri, simvolik işarələri elmi şəkildə təhlil edərək bizə çox sirləri açdı. Gələcəkdə bu sahə ilə maraqlananlar mütləq həmin kitaba müraciət edəcəklər.
K.Əliyevin "Azərbaycanın müstəqilliyi ədəbiyyatşünas alimlər üçün yeni azad fikrin ifadə meydanına çevrildiyi bir tarixdir" - fikrində çox mənalar var. O, durmadan yazırdı. Xəstəliyə təslim olmaq istəmirdi. Ona görə də yazıb-yaradır, çoxcilidli əsərlərini nəşr etdirirdi. Hər kitabı işıq üzü görəndə mənə də imzalı göndərirdi.
Kamran müəllim həm də bədii yaradıcılıqla məşğul idi. Son dövrlərdə yazdığı romanı da xeyli maraqlı əsər idi. Kamran müəllim təkcə elmi əsərləri deyil, bədii əsərləri idə oxucuları tərəfindən hər zaman sevilərək oxunacaq. Onun istər elmi, istərsə də bədii yaradıcılığı milli yaddaş fəlsəfəsini özündə ehtiva edir. Yaddaş İlahi nemətdir! Ondan məhrum olmaq diriykən ölüyə çevrilməkdir, manqurtlaşmaqdır.
Bu məqamda Akademik İsa Həbibbəylinin "Kamran Əliyev-65" yubiley kitabında yer alan "Fərqli və fərdi siması olan ədəbiyyatşünaslıq" məqaləsindən bir fikri xatırlamaq istədim: "K.Əliyevin Azərbaycan ədəbiyyatşünaslıq elminin mənalı səhifələrinə çevrilmiş elmi əsərləri böyük ömrün bir dövrünün sanballı yekunu, qarşıdakı illərdə həllini tapacaq problemlərin möhkəm bünövrəsi olmaq mənasında mükəmməl başlanğıcdır".
Böyük şəxsiyyətlər ölmür, onların ömrü əbədiyyətə yol aldığı gündən yeni yaşam mərhələsinə keçir. Son əvvələ qayıdır. Qayıdır ki, əbədiyyətin öz mahiyyətinə insanları inandıra bilsin.
Sondan başlayan yeni ömrün mübarək, əziz ustad!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!