Ağac kölgəsində böyüyər - Sərdar Amin - Sərdar AMİN

Sərdar AMİN

Ağac kölgəsində böyüyər. Atalar sözü kimi səslənməsinə bənd olmayın, bu hikməti mənə qoz ağacı satdı. Niyə qoz ağacı? Bəlkə də bizim kimi bütün bitkilərin əksinə oksigenlə qidalandığı üçün.

Fidanlar bilməzlər qarşıda onları nə gözləyir. Köklərinə uyğun boy atar, köklərinə uyğun yarpaqlayarlar. Həyatdı, birdən quraq olar, gətirdikləri yarpaqlara nəm ötürə bilmədiklərindən hansısa yayın bir avqustunda quruyub məhv olarlar. Ona görə gərək yarpaqlarının sayı köklərinin nüfuz etdiyi dərinliyə hesablansın. Amma köklərinin inkişafı da yarpaqlarının ətəyinə saldığı kölgədən asılıdır. Öz diblərinə nə qədər sıx kölgə salsalar, ətrafındakı torpaq bir o qədər nəm qalar. İndi gəl, bu paradoksal durumda qərar ver; çox yarpaqlayıb kökünün üstünə sıx kölgəmi salasan, yoxsa kökünün torpaqdan çəkə bildiyi nəmə qənaət edib azmı yarpaqlayasan... Beləcə fidanlar uzun illər tərəddüd içində titrəyə-titrəyə böyüyürlərmiş. Bəzən illərcə eyni boyda qalıb bir sonrakı bahara ümid bəsləyərək qışın çovğunlarına dözərlərmiş. Növbəti baharların birində cəsarətlə bütün gücünü qışa "dil göstərən" pardaqlanmış tumurcuqlarına verib baharı salamlayan bol-bol yaşımtıl yarpaqlar gətirən fidanlar yayın qızmarında qara kölgəsində köklərini bəsləyər. Bahar, yay, payız, qış və növbəti bahar... beləcə fidanlığın həyəcanını atmağa başlayarlar. Sonra gətirdikləri çiçəklərin hər birində eşq yaşayan bu canlılar milyon yerdən mayalanaraq təsəvvüredilməz dərəcədə həzz alarlar. Küləklər... Nə küləklər... Çovğunlar belə onlara yaşadığı bu həzzin acı bədəlini verə bilməz, təbiətin ən mükəməl varlıqlarına - ağaclara dönüşərlər.

Cəsarətsiz fidanlar isə uzun illər olduqları boyda qalıb bəzən acı küləklərə şaqqıltıyla budaq verən, insanların iti baltaları qarşısında paramparça olan nəhəng həmyaşıdlarına baxıb təsəlli tapar, bəzən də xiffət içində Allaha uzanan bu yolu yarıda saxladıqlarına təəssüf edərlər.

Hələ də qoz ağacının altında oturub bu boğuq atmosferdə vaqif olduğum əsrarəngiz tapıntını üyüdürdüm. Əlimdəki kitabdan gələn səslər ağacın sirri ilə necə çulğalandısa, istidə bəhanə axtaran gözlərim yaşardı. "Atamın çamadanı"ndan boylanan Pamuk öncə deyir ki, əgər hər kəsdən ayrılıb təkliyə çəkilmək, öz dünyanı qurmaq istəyin səmimidirsə, yazıçı ola bilərsən. Ardınca da pıçıldayır, bir gün hər şeyi buraxıb evimə çəkildim, 4 il sonra "Cövdət bəy və oğulları" romanını yazdım.

Qoz ağacı gülümsədi.

Öz dünyasını qurmaqda israrlı olan daha bir yazıçı, Q.Q. Markes isə 1950-ci ildə təhsil aldığı hüquq fakültəsini (!) jurnalistikaya qurban verir. 1961-ci ildə jurnalistikanı buraxıb yazıçı kimi uğur qazanmaq ümidilə həyatına davam edir.

Bir neçə güvəndiyi əsər uğursuzluq gətirdikdən sonra siyasətə baş vuran, güllələnməyin bir addımlığından dönən və öncə həbsxana, sonra hərb həyatı yaşayan F.Dostoyevski isə qardaşına məktubunda belə yazırdı: "Artıq hərbiyə əlvida deyirəm. Əminəm ki, yazmaqda olduğum bu roman uğur gətirəcək". Dostoyevskinin romanına olan müdhiş inamı onu yazıçı etdi. Bəlkə də onun, Pamukun, Markesin verdiyi bu qərar, bir fidanın həmin bahar yarpaq dolu bir ağaca çevrilməyə gedən yolda göstərdiyi o cəsarətlə eynidir - hansı ki, risk edərək bütün gücünü yarpaqlarını artırmağa verib yay uzunu kölgəsində böyümüşdü.

-Yazıçı yazdığının uğurlu nəticəsini görməsə, yenə yazmalıdırmı?
-Bəli.
-Nə vaxtadək yazmalıdır?
-Nəticəsini görənədək. Çünki bir yazıçı yazdığı kitabları ayağının altına qoyaraq yüksələ bilər. Növbəti üfüqləri görməsi üçün onun ayağının altında yalnız öz kitabları olmalıdır. Yalnız öz kitablarının üstünə çıxan yazıçı qarşını büdrəmədən doyunca seyr edə bilər.

Maddi gəlir qazandığı sahəni buraxıb həyatına yazıçı kimi davam edən şəxslər təbii ki, böyük cəsarət sahibləridir. Həyat amansızdı. Bəzən insana övladının, əzizinin korluq çəkməsinin verdiyi əzabı heç nə üstələyə bilmir. Yazıçılıq həm də manyakcasına bu iztirabları gözə almaqdır. Yazıçılıq peşə deyil, heç kəs bu işdə sənə gəlir verəcəyinə boyun olmur. Bu reallıq insanı ömrünün uzun illərini "yüz-ölçüb bir biçməklə" keçirməyə məcbur edir. Yazıçılığı başqa sənətlə paralel daşımaq isə müəllifi ciddi uğurlara gedən yolda ləngidir.

Digər tərəfdən isə uğurlu yazıçılığın nəsib etdiyi unikal həyat boylanır.
Ona görə bir bahar qərar verməli; az yarpaqmı, yoxsa bol sərinlikmi...
Ağac da ki, kölgəsində böyüyür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!