Yazıçı Sadıq Elcanlının "Möhlət" kinonovellasıyla bağlı gəzişmələr
Sadıq Elcanlı. "Möhlət". "Ədəbiyyat qəzeti", 20 noyabr 2020
Nə yaxşı Ulu Tanrı bu möhləti bizə verdi. Ölmədik, qara bağrımız çatlamadı, qara torpaq udmadı qara-qara başımızı. Yenilməz ordumuzun qüdrəti, məğrur Ali Baş Komandanımızın cəsarətiylə qədim-qayım yurdlarımıza qayıda bildik. Doğma Qarabağımıza qovuşduq. Əli uzalı, nisgilli getmədik son pənahımız olan müqəddəs torpağa! Şax yeridik qəza-qədərin üstünə - qırıldıq, neçəmiz düşmən əsirliyində canımızı tapşırdıq, neçəmiz də üz-üzə döyüşdə xəyanət gülləsinin qurbanı olduq.
Lakin biz tamam qırılıb tükənmədik, daş olub yerə girmədik, ruh olub göyə çəkilmədik. Üzümüzə üz bağlayıb, belimizə təpər qursayıb gəlmişik ziyarətinə, ulu yurd. Yarımız olduğumuz görkəmdə, o biri yarımız ruhumuza bükülüb gəlmişik - "Möhlət" kinonovellasının qəhrəmanı kimi.
Əslində, müəllifin kinonovella adlandırdığı əsərin ana xətti qaranlıqla işığın üz-üzə, göz-gözə çarpışması üzərində qurulub. Bir tərəfdə torpaği işğal olunan, dədə-baba yurdlarından didərgin salınıb "göz yaşı dəryalarında" batan ümid gəmilərinin dor ağaclarında çarmıxa çəkilə-çəkilə çırpınan, çapalayan, çıxış yolu axtaran məzlum haqlılar... yurd sakinləri... Qarşı tərəfdə isə beşüzlü dünyanın güc sahiblərinin əlində-ətəyində bəslədiyi qalib, üfürülmüş şar kimi qabığına sığmayan şərin - erməni vəhşiliyinin at oynatdığı, meydan suladığı qanlı cəbhə... O tərəfdə hər bir olacaq şərin, haqsız gücün "kobud" əlləriylə icra olunur. O, şişman gözətçilərin təpkisi altında "qanı qovrulan qocalar, qəm qalası qarılar, sinəsi sökülən, səsi sınan igidlər, gözlərinin dərd dənizində boğulub ayaq üstdə ölən qız-gəlinlər, böyüklərin xarabaya dönən ürək sınıqlarında kor kədərlə gizlənpaç oynayan körpələr" cəllad sallaqxanasında küt alətlərlə öldürülür, elektrik cərəyanı buraxılan məftillərdə girovların meyiti parça kimi deşik-deşik olub qaralır. Gör cinayət faktının reallığı hansı vəziyyətdədir ki, vicdanlı Azərbaycan yazıçısı göynəyə-göynəyə obrazın dilindən deyir ki, - "Məni acizlikdə qınamayın, namussuzluq ləkəsinə dözə bilmirəm, bətnimdə çırpınan erməni küçüyünün zingiltisinə tab gətirə bilmirəm..." - Belə deyib özünü tikanlı məftillərə toxudu" azərbaycanlı gəlin obrazı. Nə yazıqlar ki, həyatda olduğu kimi, kinonovellada da şər həmişə ayaq üstdə - əli silahlı dayanıb cənab haqqın yeriyə bilmədiyi, addım ata bilmədiyi çolaq ayağının üstündə...
Buna sivil dünya dözürsə, ona lənət! Qoynunda şəri, haqsızlığı bəsləyirsə, bəşərin bu ədalətsizliyi gec-tez öz başında çatlayacaq! Rəhmətlik Hüseyn Cavid demiş, "Elmi təlim eləyir alçaqlar... rəqsi təlim eləyir axsaqlar. Gorun catlasın ustad, elə bil dünya düzəninə ən düzgün ekspert gözüylə nəzər salmısan! Dünya arxalı "əli kalaşnikovlu şişman gədələrə qalıb. "Öndə gələn şişman, saqqallı erməni girovların pıçıltı-uğultusuna nifrətlə tüpürüb, Kalaşnikov silahını oynadaraq qışqırdı:
- Sakit! İt uşağı, hamınızı qarışqa kimi qıraram... Bu gecə dostlarım gələcək, üç qız hazırlayın... İyrənc şəkildə hırıldadı... Özüm gəlib seçəcəyəm, - bir qədər susub əcnəbiləri göstərərək əlavə etdi, - bu cənablar isə xaricdən gəlib, bir cavan oğlanı azad etmək istəyirlər...".
Lakin indiyə qədər yüzdən artıq say-seçmə gənc oğlanı, qızı azad etmək adıyla aparıb, onların daxili orqanlarını - ürəklərini, böyrəklərini, başqa bədən üzvlərini xaricə yüksək qiymətə satıblar.
Bədii-publisistik ruhla yazılan kinonovella özünün sərt həqiqətiylə oxucunu inandırır. Təkcə inandırmır, eyni zamanda dərindən düşündürür. Bütün həqiqət və gedişləriylə insana, insanlığa üz qarası gətirən bu topluma oxucu qəlbində qəzəb oyadır.
...İnsan yaradılanın alisidir. Onda şüur var, düşüncə sahibidir. Və əksər canlılardan fərqlənən ünsiyyət vasitəsinə malikdir. Lakin bu ali varlıq ona nəzarətçi olan vicdan, ədalət hissini itirəndə vəhşi heyvandan daha yırtıcı olur. Heç bir müqəddəs hiss onu mübtəla olduğu insanlığa nifrət duyğusundan döndərə bilmir. Başlayır yeri-göyü dalamağa. Heç bir Tanrı övladını Ulu Yaradan bu mərəzə tuş gətirməsin. Yoxsa, mərdanəliyin, insansevərliyin bütün damarı quruyar, ulu bəşər övladı asılı qalar əjdahanın, əcinnənin əyri dişinin, yırtıcı nəfsinin əlində.
- "Qoca türk köpəyi, çox danışdın, üç saat sonra o söz...
Kim etiraz edir, artıq söz danışırdısa, üç saatdan sonra aparıb ölülər yandırılan, gecə-gündüz külü sovrulan xəndəkdə güllələyirdilər. Bu hesabla yüz yeddi girov güllələnmişdi...
Qoca şişman erməniyə - zəhər tuluğuna baxa-baxa meyitləri yandırılan, külü göyə sovrulan xəndəkdə ölümünü gördü, ucalığından bircə söz də enmədən aramla dilləndi:
- Bədbəxt, mən ölümdən qorxmuram. Ölümümlə ruhum azad olacaq; səni ruhumun əlləriylə boğacağam".
Günahkar əlində Kalaşnikov tutan nəzarətçi şişman erməni deyil, şərin, qəddarlığın, haqsızlığın arxasında dayanan ikili standartlı dünyadı, onun ölçüyə, ülgüyə gəlməyən işləkləridir. İnsanı, insanlığı dinlərə, təriqətlərə, inanclara bölən kəmfürsət idarəçilərin, ədalətsiz güc sahiblərinin günahı ucbatından minlərlə, milyonlarla insanlar öz yurd-yuvasından didərgin düşür, döyüş səngərlərində cəsədləri qurda-quşa yem olur.
Tarixdə xaç müharibələri adıyla tanınan səlib yürüşləri elə də uzaq əyyamda baş verməyib. Onun acı nəticələri bəlkə də tarixin düzgün axarını tərsinə cevirib. Bu bir canlı həqiqətdir ki, xristianların vurub sıradan çıxardığı, yaxud vuruşdurub gücdən saldığı türk, müsəlman dövlətlərinin hegemonluğu davam eləsəydi, dünya bu cür rəzillik girdabında bulunmazdı.
Zəiflər alçaldılıb, güclü dövlətlərin maraq qılıncında ölüm-dirim duelində çırpınmazdı. Dünya daha təbii dayaqlara söykənərdi... Hərə öz yerində olardı; ruhu böyüklər uca məqamında, xırda xislətlilər küncdə-bucaqda oturardı. Şər güc hegemon olmaz, xeyirxahlığın, işığın yolunu kəsməzdi. Dünya türkün düzəninə, sahmanına indi də möhtacdı. Attilanın ədalət işığı saçan qılıncı nə qədər ki, dünya üfüqündə parıldamayıb, yesir-bəşər aşağılarda sürünəcək. Ermənilik - haqsız imperiya qovğaları daim ədalətin başı üstündə Damokl qılıncı kimi dayanacaq. Haqsızı başa çıxardacaq, layiqlini ona layiq olmayan alçaqlıqlarda sürüyəcək. Dünyanın əxlaqı çatmadı ki, bəşərə hökmranlıq eləyə biləcək bir qövmün - Türkün hegemonluğunu başı üstdə saxlaya, qiymətləndirə bilə. Bacarmadı onu uca mərtəbəsində tuta. Çünki özünün hiyləsinin, marağının dalınca axdı. Dünyanın başına çirkab torunu toxumaq yolunu tutdu. Belə olmasaydı nə var idi ki, dünya genişliyində qurd quzuyla otlayardı. Elə olsaydı Azərbaycan niyə parçalanırdı ki! Bir ovuc erməni yırtıcıları kim idi ki, türkün üstünə ayaq açaydı... Onu girov götürə, şəhərlərini, kəndlərini dağıda. Qız-gəlinlərini əsir götürə. Gənc oğlan və qızların orqanlarını, əzalarını götürüb xarici vətəndaşlara baha qiymətə sata. Bütün bu və bu cür başqa ağrıların, haqsızlıqların bədii ifadəsini özündə əks etdirir "Möhlət" kinonovellası. Aləmə car çəkir ki, yatmış vicdanlar oyansın, kar qulaqlar eşitsin, lal dillər danışsın. Əsərdən bir parçaya fikir verək: "Yarım saatlıq axtarışdan sonra on səkkiz yaşlı qarabağlı oğlanın qarşısında dayandılar. Ayların aclığına, girovluğun işgəncələrinə, zülm və təhqirlərə baxmayaraq, Şuşa tərəfdən olan bu gənc əyilməzliyi, məğrurluğu, sağlam boy-buxunu ilə diqqəti cəlb edirdi.
Xəstəhal əcnəbinin gözləri güldü, yanındakı eynəkli soydaşına dedi:
- Bunu yoxla, deyəsən, axtardığımızı tapmışıq - öz dilində danışdığından heç kim nə dediyini başa düşmədi. Eynəkli, yarıyaş əcnəbi həkim idi. Cəld irəli yeriyib gəncin nəbzini, ürəyinin döyüntüsünü, gözlərini yoxladı. Başını tərpədərək razılığını bildirdi:
- Yaxşıdır, - dedi, - lakin kompleks tibbi müayinədən keçməlidir".
Ova çıxıb Qərb sivilizasiyası. "Sivilizasiya daşıyıcıları sağlam orqan gəzirlər özlərini cavanlaşdırmağa. Sağlam, türk ürəyi, böyrəyi axtarırlar ki, qəlbləri dünyanın ahəngiylə döyünsün, böyrəkləri türk genini daşısın. Bununçün "nəhəng şəhərin kənarında, hər cür rahatlığı olan dəbdəbəli bağ evində" cavan oğlanı bəsləyib, aldadaraq onun orqanlarını götürüb, özünə köçürdür. Çox və sağlam yaşamaq üçün. Budur xristian birliyinin dünyanın əşrəfi olan insana gətirdiyi canlı fəlakət! Yazıçı etirazı bunadır. Qərbin, imperiya maraqlarının "ilanı Seyid Əhməd əliylə tutmasına" üsyan eləyir müəllif. Çox yaxşı bilir və ifadə eləyir ki, kütlənin artıq millətə çevrilməsi vaxtıdır. Yoxsa, millət öz məhvərindən çıxacaq, mənasız toplum kimi öz maraqları çərçivəsində oynadıb kənara atacaqlar. "Qulluqçu qız bir anlıq dayandı, arıq, eynəkli həkimə baxdı - girov gənci gözləyən faciə haqqında dünən gecə ona demişdi".
Bütün bu faciələr, bu görənəklər bu günün, dünənin işi deyil. Əsrlərdən öncə türk qövmünə bu dağı çəkdiriblər. Araya fitnə-fəsad salıb qardaşı qardaş üstünə salışdırıblar. Türkün dünyanı oynadan kişnərtisi, qılıncının parıltısı ruh şəklində səslənir dünyanın qulağında. O ruhun da qorxusu çox ürəkləri titrədir. Onunçün "sivil dünya" türkü önə buraxmır, savaşlara qatılmağına, ədalət bayrağını qaldırmağa qısqanclıqla baxır. İstedadlı yazıçı Sadıq Elcanlının başqa əsərləri kimi qələmə aldığı "Möhlət" kinonovellası bu vacib problemi qaldırır. Özü də təhkiyə yoluyla, dastan, epos düşüncəsiylə incələyir.
Əsərin süjet xəttini ulu bir şamanın "su səsini andıran diliylə" nəql eləyir. Şərq yazı üslubuna uyğun olaraq bu təhkiyə şuşalı cavan oğlanın ruha dönmüş xəyalıyla bitir. Gənc girov yaxına gəldi, zərif, yüngül səslə dilləndi, elə bil bulaq qaynayır, meh əsirdi:
- Sənə Allahım demişdim, inanmışdım. Məni niyə aldatdın? Məni niyə öldürdün? Məni... O idi, həmin girov gənc idi, buna şübhələri qalmadı; heyrət buzlağında dondular, vahimə alovunda qovruldular".
Beləcə, diriykən diri, öləndən sonra ruh şəklində dünyanın üstünə gedəcəyimizə, heç kəsin şübhəsi olmasın. Bunu mən də deyirəm, "Möhlət" kinonovellası da, onun müəllifi yazıçı-publisist Sadıq Elcanlı da...
Dərin sayqılarla...
Avdı Qoşqar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!