Homotetiya (yunanca ὁμός — "eyni" və θετος - "yerləşmiş") — oxşar çevrilmənin bir növüdür.
Vikipediya
– Nina, sizdə lülə iki əlliyədi?
Qabaqkı masada oturan adamın xırıltılı səsi bayaqdan mənə tanış gəlir. Üzü o yana olduğundan sifəti yaxşı görünmür. Əl telefonunda nömrələri aşağı-yuxarı darayıb inadla nəsə axtarır, kiminsə adının üstündə dayanır, vaxtın gecliyindən, ya nədənsə yığmağa cürət eləmir, çox götür-qoydan sonra nəhayət yığır, çağırsa da götürən olmur, pivə bokalını götürüb hirslə başına çəkir, sonra yenə nəsə axtarır...
– İki əllidi, hə? Gəla bu üş maatı, piyvənin puluna qatma, bura ayrıca bir şiş lülə gəti. Çörəksiz-zadsız ha, eşissən? Zdaçısını da qoy cibinə.
İki dünya bir ola ilin bu vaxtları pivə yadıma düşməz. Qışın soyuğunda kimdi gəlib buz kimi pivəni qarnına tökən. Amma evdə də otura bilmədim. Yerimə girib yatmağa çalışsam da, gözlərimə yuxu getmədi. Əynimi geyinib təzədən çölə çıxdım, bəlkə bir az fikrim dağıla...
Gün əvvəlindən necə bəd gətirmişdisə!.. Xırda bir şeyin üstündə evdə yenə möhkəm qanqaraçılıq olmuşdu, işdə müdirlə ağızlaşmışdım, – sınamışam, evdə iş düz gətirməyəndə işdə də mütləq bir “çepe” olmalıdı, – qonşluqda baş verən o dəhşətli hadisə isə!.. Allah heç kimə göstərməsin, yazıqların on səkkiz yaşında ay parçası kimi qızı özünü binadan atıb öldürmüşdü. Özü də evin tək uşağı, deyəsən bəlkə kasıbdılar, nəyəsə ehtiyacları var, yox. Varlı-hallı ailə, atasının böyük tikinti şirkəti, babasının ölkəynən bir vəzifəsi, adı-sanı, qızın özünün o bahalığında maşını...
– Bütün günü ayaq üstəyəm, altı maat pul yığmışam, kül təpəmə. – Şurikin kinosundakı Ninaya oxşayır ofisiant qız. İşin axırı yorğun ayaqlarını güclə sürüyür. Arabir xəlvətə çəkilib günlük “çörəyni” sayır. – Qız uşağıyam e öz də...
– Aloo. Nağayrırsan? – yenə o xırıltılı tanış səs, deyəsən axır istəyinə çatır. – Səhərdən səni yığıram, deyir, bu nömrə başqa nömrəyə keçirilib. Qız danışır, danışır, axırda görürəm on iki qəpiyim getdi, Allaha and olsun. Naxçıvandasan?.. Naxçıvannan yeddi qəpikdi, hə? Helədi?.. Nə vaxt gəlirsən Bakıya?.. Məzələnmə taa... Gə mənim işimi düz-qoş elə da. Doxsan maat verim, o adam gəlsin sənətdəri... Məni tutsalar, əlli maat ştrafdı e... Deyirəm, hələlik iş tapana kimi bir az taksavatdıx eliyim da, nağayrım... Heş cür alınmır?.. Ay daaa... A bir az tez gəl daa, nağayrassan orda?.. İrmidoqquzu gejdi da... İrmidoqquzu sən gələnə mən burda hesszad olajam. Məni bilmirsən, məndə pul qalmır... Bu gün var, saba yoxdu, Allaha and olsun... Yüz verirəm... Denən yüz verir, on artıx... Sən mənim nömrəmi ver ona, denən, yüz verir, özü gəlsin sənətdəri götüsün... Elə eliyə bilər?.. Doxsana eləməz?.. Ayə, qurbanın qoyun olsun, dəlisən sən? Heşnə... Heşnə... Mən də səni, sən öl, Allaha and olsun... Bax da, sən də bir dəfə bir yaralı barmağa...
Milyon səsin içindən tanıyardım o səsi, amma... Onun burda nə işi ola bilərdi. Özü də bu gündə, bu saatda. Eşitdiyimə görə indi o, Moskvada beş kişinin biri olmalıydı. Hər halda, tələbə yoldaşlarımız arasında iş sarıdan ən bəxti gətirənimiz o oldu. İnstitutu bitirən ili, diplomunun “çerneli” hələ qurumamış Mingəçevirdə böyük bir zavodun Baş mühəndisi oldu. Düzdü, sonradan istehsalatda baş verən qəzaya görə – onun günahı üzündən qaldırıcı kran aşıb, altında adam qalmışdı – başı daşdan-daşa dəydi, aylarla məhkəmə qapılarında qaldı, amma sonra yenə, deyirdilər, gedib Moskvada özünə yaxşı biznes qurub, böyük pullar qazanır.
Guya Çindən Rusiyaya ayaqqabı gətizdirirmiş.
Qrupda hamı ona Lenin deyirdi. Həm boydan balacaydı, Lenin kimi, həm də, zalımın balası kəlləydi! İnstituta fizika-riyaziyyat təmayülündən gəlmişdi deyə, ali riyaziyyatı, tərsimi həndəsəni hamıdan tez götürdü. Tarixə də möhkəm həvəsi vardı, düzdü, – bəlkə də Lenin adı elə ordan qaldı, – amma dəqiq elmlərin atasıydı. Çertyoju gözüyumulu çəkirdi. Təzə bazar tərəfdə birotaq ev kirələmişdi, kimin çertyojluq işi oldu, qaçırdı onun yanına. O da, heç kimə yox deməzdi...
– Aloo. Mənnən küsmüsən?.. A mən kimə neynəmişəm, mənim telfonumu götürən yoxdu... Nətər yanı, bax da telfona... Səhərdən zəng eliyirəm, Allaha and olsun. Gəl qağan saa yaxşı... Özüm ölüm... Yeməyə çağırmıramsa kişi döyüləm. Bax bu saat qabağımda lülə, pivə, nə bilim e, nə ürəyin istəsə!.. Oturaq iki qardaş... Gejdi?.. Sabah görüşək!.. Pivəyə da tööbəlisən?.. Ta bu olmadı ki... Sən bilirsən də, sənin xətrini... Noolsun... İş yaşda döyül ki... Sənin bircə kəlmən... Allaha and olsun... Prosto sənin oğünkü sözün... Yaxşı, yaxşı... Oldu... Noolar, qalsın soraya... Yaxşı... Gejən xeyrə...
Təyinatı alan ili Leninin Mingəçevirdə Baş mühəndis olmağı o vaxt üçün görünməmiş hadisə idi. O vaxt hamı ondan danışırdı: tanıyan da, tanımayan da. Zarafat deyil, iyirmi dörd yaşında “burnufırtıqlı dılğır gədə” istehsalata gəlməyiylə zırıltı bir zavodun ikinci adamına çevrilmişdi. Direktordan sonra ikinci adam, təsəvvür elə. Belə yerdə deyiblər, qudurasan, qurbağa. Bu işin ən gülməlisi oydu ki, vəzifəyə təyin olunan vaxt Lenin həmin zavodun heç işçisi də deyilmiş. Tamam başqa idarədə – hansısa tikinti trestində adicə mexanik işləyirmiş. Necə oldu birdən-birə, hardan-hara gəldi şahlıq quşu qondu kişinin başına, bax, əsas danışılan da bu idi. “Belə “cek-pot” yüz ildə bir dəfə udulur”, – deyirdilər. – “Bu, bəxti gətirmək deyil, nədisə başqa şeydi!” Zarafat bir yana, gör neçə təsadüf üst-üstə düşməlidi ki, lazımı vaxtda lazımı yerdə olasan, dübarə, sənin lazımlı olduğunu lazımı adamlar görə; zavodda baş vermiş texnogen qəzayla bağlı nazirin özünün şəxsən Mingəçevirə getməsi, şəhərin bütün rəhbər işçilərini, idarə-müəssisələrin əsas aparıcı mütəxəssislərini yığıb müşavirə keçirməsi, – Lenin o “əsas”ların arasına necə düşüb, bu da bir müəmmaydı, – yumruğunu stola vurub, barmaq silkələyib təcili tədbirlər tələb etməsi, partiyadan qovulmaqla, işdən çıxarılmaqla, yoxlamayla, tutquyla hədələməsi və... araya ağır, dözülməz sükut çökdüyü vaxt Lenin gözünə döndüyümün irəli çıxıb əkəc-əkəc, əl-qol ölçə-ölçə nəsə izah eləməsi!..
– Ürəyim partdıyır e, eşissən?.. Özün bilirsən, mən daşdan pul çıxaran adamam. Əlimnən nə iş desən gəlir... Daş işi, taxta işi, sıvax, svarka... Armaturdan adam yığım ki, dursun qabağında yallı getsin, Allaha and olsun... Bildin da, köhnə şirkət pulumuzu kəsdi, vermədi... Onnan sonra çıxdım getdim Rusetə, yoxsa mənim orda nə itim azmışdı... Bax, yenə deyirəm, o obyekt səninkidi... Yox e, yox... Mən sənin qadan alım... Qohumluğu da qoy bir qırağa... Vaxtında mən də çox qohuma çox yaxşılıqlar elədim, noolsun... Sovetin dağıladağılında bütün zavod əlimdəydi, traxtır, texnika... Nə qədərini ona-buna pay verdim, bu tam haqqı! Bax, yenə deyirəm, o obyekt səninkidi, bir kopoolu da saa bir söz deyə bilməz! Amma deyirəm, qağa, olar da birdən, nəsə bir iş çıxar, ya nətəər... Fırlat da balalarının başına... Heylə?.. Elə demə saalla... Mən sənin qadan alım... Canın sağ olsun... Onnan ötrü zəng eləməmişdim e saa, qulağ as... Getdim qızı gətirdim da, bilirsən... Bə nə, Rusetə getməmişdən üş gün qabax!.. Özünü də, uşağını da, bə nə... O haqq-hesabdan sonra qız saxlayardım orda... Xalası qancığa da dişimin dibindən çıxanı dedim. Dedim, gül kimi uşağı sən apardın hesszad elədin... Deyirəm, qağa, amma sən vaxtında aralandın ha o qəhbələrdən... Kaş maa da deyəydin... Nətər yanı bilmirdin?.. Özü qəhbədisə, oturub-durduğu da qəhbə olajax da, burda nə var!..
O elədisə, bu da elə olacaq, əlbəttə! Deyilənə görə, nazirlə görüşdə də belə “müqaisəli təhlillər” aparıb Lenin; bizim həmişə lağ elədiyimiz, onun isə qaldırıb Nisbilik nəzəriyyəsinə tay tutduğu sevimli Homotetiyasını “xod”a salıb. Fikrini elmi dildə – guya elmi dildə! – elə gözəl ifadə eləyib, əsaslandırıb ki, nazirin xoşuna gəlib. Hamını atıb, onu tutub. Xoşbəxtlikdən kişinin dediyi də düz çıxıb, xırda bir detalın oxşarı ilə əvəzlənməsi sistemdə bütün göstəriciləri normaya salıb. Nazir çağırıb onu yanına, əlini qoyub çiyninə, tərifləyib, hamıya nümunə göstərib, gənc, savadlı kadrların vaxtında irəli çəkilməsinin vacibliyindən danışıb və ordaca – bəli, ordaca! – onu zavodun Baş mühəndisi elan edib. Qəza qalıb bir tərəfdə, hamı o təyinatın şokunu yaşayıb.
Halbuki Homotetiyanın texnologiyaya heç bir aidiyyəti yoxdu. Qanunların bəlkə ən avaraqulusu odu. Heç qanun da demək olmaz ona: hər hansı bir formanın müstəvi üzərində, yaxud fəzada oxşar çevrilməsi, bah! Nə böyük iş olub! Di gəl, neynirsən, o avaraqulu dediyin qanun bir göz qırpımında adamın həyatını büsbütün dəyişib! Qaldırıb göyün yeddinci qatına qoyub. Çünki sidq-ürəkdən inanırdı ona. Bəlkə də, əğstəfürillah, Allaha elə inanmırdı, o qanuna inanırdı. Əvvəldən beyninə necə batmışdısa, qəlbinə necə dolmuşdusa, öz doğma balası kimi bilirdi. Elə bilirdi ozü icad eləyib. Hər yerə şamil edirdi, – tarixə, təbiətə, məhəbbətə... Hər yerdə də özünü doğruldurdu...
Amma sonradan, dedilər, elə Homotetiyanın da güdazına getdi Lenin; onun göstərişilə dişli çarxın diametrcə daha kiçiyi ilə əvəzlənməsi qaldırıcı kranın dönmə sürətini artırıb kəlləmayallaq eləmişdi, altında iki nəfər qalıb ölmüşdü...
– Salam, tarixçi qardaş, hər vaxtın xeyir... Bağışda e, sən Allah, gejənin bu vaxtı... Deyirəm, olar da birdən, yatıb eliyərsən... Nəsə yadıma düşdün e, dedim, qoy bir zəng eliyim... Bıy, tanımadın?.. Kül təpəmə, səhərdən nə çənə döyürəm bə... Sibir, Tabolsk, yataxxana... Ay sağ ol... A-a-ayy sağ ol... Elə mən özüm də bir həfdədi gəlmişəm... Deyirəm, Allah versin yenə buralara, Allaha and olsun... Bə nə!.. Bilirsən yenə özününküdü, öz elin-obandı, öz yerindi... Amma qırx gün yaxşı istiraat elədik haa orda, Allaha and olsun... Sən birəz tez gəldin da, oranın kefini yaxşı görmədin... Nə qış e, qış gördüük?.. Siqaretdən siqaretə çıxırdıq da çölə... Patent alana kimi yataxxanada qaldıx, sonra da ta işimiz alınmadı da, qayıtdıx gəldik... Bizi görəndə hər yer quruyur, düz deyirsən... Amma gündə üş dəfə yeməyimizi verirdilər da, pulsuz-zadsız. Balığına, plovuna kimi... Yatpulu da versəydilər yıxılıb martacan qalardığ orda, Allaha and olsun... Şaxtası da şaxta döyül e, qurudu... Baxırsan, 43 dərəcədi, çölə çıxırsan, belə, narmalnıdı... Əyin-başını bərt gey, qutardı getdi da... Ta Bakınınkı kimi adamı kəsmir e. Düzdü, gejələr maroz lap çox olur, amma gejəynən bizim nə işimiz, soyunub tursik-mayka girirdik yerimizin içinə daa... Arada mən çıxıb gəzirdim e oraları... İrtış çayına gedirdim, orda mavzaley var, köhnə türmə yeri var... Ayy sağ ol... Sibirə sürgün olunanların yatdığı yer, sən yaxşı bilirsən e, tarixçisən... Bircə kopəyuşağı yatpulu vermədilər da. O da olsa, yıxılıb qalardı adam. İm-isti yeriydi da, ye iç yat... Əvvəllər veriblər e, ayda minə yaxın pul veriblər... O da bizim bəxtimizdəndi... Bə gejə yuxuda nə görmüşəm, desəm, gülməkdən qırılarsan... Başını ağrıtmıram ki?.. Heləə?.. Ta denən sən də mənim günümdəsən ki... Onda qulağ as. Gorürəm yenə Sibirdəyəm... Harasıdı bilmirəm, dəəsən elə Taboldu... Məşğullux idarəsidi, nədi, ordan məni göndəriblər guya harasa işə... Aj toyuq yuxusunda darı görər axı... Ay sağ ol... “Lermantov, 19”, adres də yadımdadı e, qulağ as... Getmişəm ora... Mənnən də başqa nə qədə adam var e, tək döyüləm... Binanı tapa bilmirik. 18 var, 20 var, 19 yoxdu, Allaha and olsun. Hamı qalıb ortalıqda girinc. İki binanın arasında zibil yeşikləridi, yığılmışıq ora. Amma görürəm, hamısının əyin-başı qalındı... Yaxşı isdi paltarları olur axı oların... Həə... Termosdarı, isdi çayları... Tək mən bir nəzik pencəkdə qalmışam qıraxda yetim kimi, əsirəm... Axırda da... nə olajax ta, hesszad... Yuxudan ayıldım da... Gülməli olmadı, hə?.. Bəs sən nağayra bildin?.. Bıy!.. Xəstəxana niyə? Həkimsən sən? Denən tarixçiyəm e mən, mal dili boyda diplomun var... Mən də onu deyirəm daa... Əşi nağayrağ e... Bizim iş sunuluyan vaxtımız döyül e ta... Harda nə olsa, beş maat, üş maat, balalarımıza çörəkpulu aparax da... Bə nədi... Ode, köhnə şirkət pulumuzu kəsdi, vermədi, noolsun? Xeyir tapajaxlar? Ay tapdılar ha... Göydən Allah baxır e... A-ayy sağ ol!.. Beş-üç nəfərin dolanmağıynan döyül e, gərək hamıda ola. Sən tarixçi adamsan, belə şeyləri yaxşı bilərsən. Hamıda olmasa, xeyri yoxdu... Lenin daşına dirədiyim nə deyirdi?.. Ayy sağ ol!.. A-a-ayy sağ ol!.. Ayrıca götürülmüş bir ölkədə... Bə nooldu?.. Niyə qurmadılar o komunizmi?!. Çünkü bilirsən niyə?!..
“Çünki Homotetiya qanunu var...” – mən ürəyimdə dedim və yalnız indi fikir verdim ki, sifariş etdiyi lülənin bircə tikəsini də yeməyib Lenin, hər and içdikcə bir çimdik qoparıb isti batareyanın qırağında xumarlanan pişiyin qabağına atıb.
– Sona, tez yığ məni, konturum... Alo... Nağayrırsan? Qaqaş neynir? Yatır?.. Uşaqlarnan danışırsan?.. Həəə?.. Bilməsinlər ha mənim burda olduğumu... Qoy hələ sənətdəri düzəldim da... Hə, danışmışam, pulun da vermişəm, narahat olma. Bilirsən niyə zəng elədim saa gejənin bu vaxtı?.. Yəni eşidəm, biləm, uşax nədəsə korrux çəkib, çörəyi, suyu, nə bilim, nə, nə... Bax, Allaha and olsun!.. Heləə?.. Heləəə?.. Dədəninkini tez de... Yaxşı, zarafat eliyirəm, konturun gedir... Saba özüm yığajam... Qaqaşdan muğayat ol, di yaxşı...
O zəngdən sonra elə bil rahatlandı, telefonu əlindən yerə qoydu, qollarını gen açıb canı-dildən gərnəşdi və... özündən başqa kafedə kiminsə olacağının sanki birdən fərqinə varıb sərt hərəkətlə başını geri döndərdi. Baxışlarımız toqquşdu, həyatda heç vaxt rastlaşmadığım yad adamın timsah gözləri kimi soyuq, boş, ifadəsiz gözləri bütün vücudumu buza döndərdi, təyin-təxminlərimi alt-üst elədi.
Çiynlərimdən ağır yük götürülmüşdü; təsəvvürümdə həmişə gülərüz, güclü, işıqlı qalan yaxın bir adamın sınmış, alınmış halını görmək, ən pisi isə, o halında tanışlıq verib onu utandırmaq əzabından xilas olmuşdum.
Kafedən çıxanda od kimi isti batareyanın qırağında mürgü döyən pişiyə gözüm bir də sataşdı. Burnunun ucuna atılan ət qırıntılarına gözünün ucuyla da baxmamışdı. Gah böyrü üstə, gah arxası üstə uzanıb qarnını, budunu, qoltuğunun arasını yalayırdı.
“Dünyanın kefini bu çəkir e”, – ürəyimdə dedim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!