27 sentyabr 2020-ci il tarixi bütün dünyada əks-səda doğurdu. Şanlı ordumuz, şirbiləkli oğullarımız, Azərbaycan əsgəri vandal Ermənistan ordusuna qarşı əks-hücama keçərək 28 il həsrətində olduğumuz doğma torpaqlarımızı azad etməyə başladı. Azərbaycan xalqı bu mərhələdə sanki yenidən doğulur, döyüş meydanlarında yeni tarixini yazırdı... 2020-ci ilin 8 noyabr günü isə tariximizin yeni mərhələsinin zirvəsidir, çünki bu gün dünyanı heyrətdə qoyan mərdlik nümunəsi-əlbəyaxa döyüş örnəyi göstərən igidlərimiz-xüsusi təyinatlılarımız Qarabağın tacını-Şuşanı erməni neofaşistlərindən azad etdi və qədim şəhərin mərkəzinə üçrəngli, ay-ulduqlu bayrağımızı əslən şuşalı olan qəhrəman Səbuhi Abdullayev sancdı. "Qarabağ - Azərbaycandır! Şuşa bizimdir!" səsləri ucaldı Azərbaycanın hər yerindən, on milyonluq xalqın dilindən...
Qırxqız dağları, Topxana meşəsi, Cıdır düzü, Kirs zirvəsi, Bağrıqan dağı, Cıdır düzündən Daşaltı çayına enən Qırxpilləkən, İbrahim xanın sığnağı, Ağ qaya, Ərimgəldi yamacı, tayı-bərabəri olmayan Xarıbülbül gülü, kəklikotu, qantəpər, çobanyastığı, quzuqulağı və sarı çiçəkdən dəmlənən can dərmanı - ətirli çayı, gecələr səs-səsə verən İsaq-musaq quşları, Natavan bağı, "tez yağıb tez kəsən çobanaldadan yağışları, dərələr boyu dizin-dizin sürünüb qalxan, sonra da ehmalla çəkilən süd rəngli dumanlar, İsa bulağı, Cıdır düzü yüksələn canlı avazlar-Şuşa!" erməni quldurlarının lənətli tapdağından qurtulub azad nəfəs almağa başladı...
Şuşanın və işğaldan azad edilən digər rayonlarımızın bugünkü duruma gəlməsində, azad nəfəs alışında düşmən səngərinə atılıb təkbaşına 77 nəfər erməni döyüşçüsünü qətlə yetirən Mübariz İbrahimovun, I Qarabağ müharibəsində, Aprel döyüşlərində erməni faşistlərinə qarşı mərdliklə vuruşan igidlərimizin də əvəzsiz rolu olub. Yazıçı və şairlərimiz ədəbiyyatda bu qəhrəmanların parlaq obrazını yaradır, əbədiləşdirirlər...
Nəriman Həsənzadənin qəhrəman Azərbaycan oğluna həsr etdiyi "İstiqlal əsgəri" poemasında Mübarizin örnək olası ömür kitabı vərəqlənir. Bu kitabı oxuyarkən istər-istəməz Q.Q.Markesin diktatorlarla bağlı fikri xatırlanır: "Gücünüz artdıqca kimin yalan, kimin doğru dediyini anlamaq çətinləşir. Sərhədsiz gücə çatdıqda həqiqətlə heç bir əlaqəniz qalmır və bu, tənhalığın ən pis halıdır. Diktator nəticədə onu həqiqətdən təcrid etmək məqsədi daşıyan insanlar və öz mənfəətləri arasında ilişib qalır, hər şey onu təcrid etmək üçün harmoniya halında olur..." Yalanlar içində başını itirən Nikol Paşinyan və uydurduqları mifə inanan cahil erməni xalqı kimi...
Əslində, bu fikir diktatorların başında durduqları rejimin də ağalıq iddiasını və hegemonluğun-imperiyaların təklənərək sonucda süquta-diktatorlar üçün fəlakətə çevrilən devrilməyə məhkum olduqları gerçəyini anladır... Eyni zamanda bu mövzuda yazılan poemalarda ermənilərin xəyanətkar xisləti də bir daha ədəbi müstəviyə gətirilir. "İstiqlal əsgəri" poemasının baş qəhrəmanı Mübariz İbrahimov çağdaş dövrün müharibə bəlasının, Ermənistanın Azərbaycana qarşı yürütdüyü haqsız torpaq iddiaları sonucunda başlanmış ədalətsiz savaşın, düşmən qüvvələrin cidd-cəhdlə aşağılamağa çalışdığı sülhsevər, haqsevər bir xalqın düşdüyü dözülməz, fəci durumun yetirdiyi xalq qəhrəmanıdır. Düşmən səngərinə atılaraq təkbaşına apardığı qeyri-bərabər savaşda 77 nəfər erməni vandalını qətlə yetirən bir igid, məğrur türk oğludur. N.Həsənzadənin Mübarizi əski şumer dastanının mifik qəhrəmanına - Gilqamış-Bilqamısa bənzətməsi təsadüfi xarakter daşımır. Poemadan öyrənirik ki, şair arayıb-axtarıb və nəhayət görüb ki, Şumerlərin əfsanəvi qəhrəmanına qohumluğu çatan, min illər bundan öncə "türkün qitəsində təzə türk toxumundan cücərən, qılınc-qalxanla ədaləti, yaşadığı məmləkəti qoruyan, heç bir kəsin xətrinə dəyməyən, boyun vuran, ancaq boyun əyməyən", elin kədərli və sevincli günlərində onun yanında olan, ər oğlu ər Gilqamışın oxşarıdı Mübariz... Tay-tuşundan, yerişindən-duruşundan seçilən bu igidi şair nağıl təhkiyəsi ilə aşıqların, ozanlarımızın boy boylayıb, sav söyləməsinin davamı olaraq nağıllarımızın qəhrəmanı kimi təqdim edir:
Altdan-üstdən qıfıllandı,
yerlər-göylər ufuldandı.
Ləngi! - dedi bu səfərə
böyüdüyü təpə-dərə.
Suyundan içdiyi bulaq,
yüyrəyi asılan budaq.
Öz içindən gələn bir səs dedi:
"Yubanma, get, tələs!"
Neçə şəhid məzarından
səslər gəldi: "Get, qəhrəman!"
Gilqamış uzaqdan gəldi,
dedi artıq zaman gəldi.
Əsirlikdə çürüyənlər,
çəlik tapıb yeriyənlər.
ona "Xilaskar" dedilər.
Get! - açıq-aşkar dedilər.
Bir səs də gəldi, rəsmi səs,
aydın səma, isti nəfəs.
Ümid dolu, qürur dolu,
Haqdan gələn bir haqq yolu.
- İgid dönməz! - dedi o səs.
- Bizimkidi o torpaqlar,
azad olsun gərək onlar.
Gərək erməni əsgəri,
tərk eləsin bu səngəri.
İlk misrasındanca görünür ki, bu səpkili deyim tərzi xalqın düşüncələr aləmindən, "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Qaçaq Nəbi", "Aşıq Qərib" kimi dastanlarımızdan, "Məlik Məmməd" kimi nağıllarımızdan - folklor düşüncəsindən süzülüb gələn və ruha qida verən təqimatdır. Folklor təhkiyəsi ilə şair poemada yalnız öz mövqeyini, hadisələrə fərdi yanaşmasını sərgiləmir, həm də Mübarizi yetirən, onu ana yurdun və doğma xalqın qisasını almaq üçün azğın düşmən üzərinə atılmağa kökləyən ulu xalqın adından çıxış edir. Bu məqamın ən dəqiq, qapsamlı şərhi tanınmış tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamalın "Türk qəhrəmanına şair duası..." adlı lirik resenziyasının sətirləri arasındadır: "Bir xalqın (etnosun) varlığı, ölüm-dirim məsələsi həll olunanda epos ortaya çıxır. Qəhrəmanlıq eposu "dünyanın epik durumunu" (Hegel) əks etdirir. Epos üçün mütləq savaş lazımdır. Müqəddəs Vətən savaşı olmalıdır. 90-cı illərin epik durumu - Qarabağ müharibəsi, qanlı Xocalı və 20 Yanvar faciələri, müstəqillik mücadiləsi, Azadlıq meydanında ehtirasların coşğusu epik janrı - dastanı, poemanı tələb edirdi. Ona görə də şair qəhrəmanın təqdimatını epos sözünün enerjisi ilə başlayır. "İstiqlal əsgəri" poemasının epik miqyası ölkənin, millətin taleyini dərketmə dərəcəsi ilə müəyyən edilməlidir. Nəriman Həsənzadə sanki klassik Azərbaycan romantizminin möhtəşəm janr layihəsini XXI əsrdə davam etdirir. Fikrimcə, lirik epos yalnız romantizm məfkurəsində gerçəkləşə bilər". "İstiqlal əsgəri" poeması Azərbaycan həqiqətlərini özündə ayna tək əks etdirən və məhz tarixi faktlarla danışan önəmli əsərdir, xalqın ictimai-estetik təfəkkürünü əhatə edən epik və lirik mündəricəli eposdur. "İstiqlal əsgəri" lirizmlə romantikanın cəlbedici bədii gözəlliyində süslənmiş bir qəhrəmannamədir. Şairin amacı oxucuların həm də idealları, arzuları ilə real aləm, dünya arasında ziddiyyətlər, konfliktlər yaşayan baş qəhrəmanın - XXI əsrin Bilqamısı - Mübariz İbrahimovun vətən sevgisi coşub-daşan iç dünyasının, zəngin mənəviyyatının dərk olunmasıdır. "Poemanın məntiqi mənalar strukturu qarşıdurmalar üstündə qurulur: xeyir-şər, həqiqət-yalan, ölüm-həyat, yerli-gəlmə, dost-düşmən, doğma-yad... Mübariz İbrahimov Xeyiri, Həqiqəti təmsil edirsə, erməni yalanın, şərin təcəssümü", "aşına-aşına ocaq başına çıxan" və yavaş-yavaş dədə-baba torpaqlarına sahiblənən gəlmələrin, əliçomaqlı yersizlərin obrazıdır...
Nəriman Həsənzadə yaradıcılığında poema janrının üfüqləri çox geniş və əhatəlidir. Bu üfüqlərdə aydın görünür ki, şair üçün poema bədii təfəkkür və təxəyyülünün ifadə vasitəsi, coşğun ilham qaynağı, bitib tükənməyən yaradıcılıq metodu, daim inkişaf edən ədəbi prosesdir. "İstiqlal əsgəri"ndə "çiyələk bitən, kəkliklər ötən, havası loğman, bulaqlar axan yerlərimizi, meşələrin ətəyini, arıların pətəyini, təzə qalxan biçənəyi, gülün üstə kəpənəyi, yaylaq yerimizi, yaz çağı əfsanəvi gözəlliklər məskəni - dağ yerlərimizi" seçib qonşuya verənlərin - ermənilərin daxili və xarici havadarlarına bağışlayanların xəyanətkar əməlini "sənəyin suya verilməsi..." kimi mənalandıran şairin amacı bütün bunlardan, xəyanətlərdən dərs almağın, olanlardan ibrət götürməyin gərəkliliyini oxucuya anlatmaqdır. Torpaq ələ keçirənə qədər "fağır" görünən ermənini:
Dedik ki, insan insandı:
taxılbiçən, otçalandı,
Çərçivəyə ayna salan,
çəkmə tikən, zurna çalan,
Rəsm çəkən...
- kimi sadə əmək adamı bilib o cür də qəbul edən sadəlövh böyüklərimizin düşmənə inanıb qucaq açmaqla necə böyük yanlışa yol verdiklərini, həmin yanlışların bu günkü fəlakətlərə gətirib çıxardığını yana-yana qələmə alan şair inanır və oxucularını da inandırır ki, "millətin güclü sərkərdəsi və igid əsgəri bir olarsa, vətən gəlmələrdən, düşmənlərdən xilas olar - poemanın bir ideyası da budur. Əsərin kompozisiyası Milli Qəhrəmanla ölkə rəhbərinin - Ali Baş Komandanın birliyini ifadə edir. Lirik eposda üç obrazın - tarixi keçmişimizin, xalqın və qəhrəmanın obrazı ustalıqla Ali Baş Komandan obrazı ilə birləşdirilir. Son misralardakı Ali Baş Komandanla qəhrəman obrazının vəhdəti isə xalqın mənəvi bütövlüyünə işarədir, istiqlalın təntənəsinə inamın ifadəsidir. Şəhid ruhlarının qayıdışına inancın təcəssümüdür.
Göydə ağ-ağ göyərçinlər
uçuşurdu səhər-səhər.
Mübarizin o ruhuymuş,
bütün gecə yuxuluymuş.
Sərhəd boyu ər oğlu ər
dolaşırdı səngər-səngər
Şəhidlərin varisiydi,
amma gəlib öz adından, -
Sizə raport verəsiydi,
Cənab Ali Baş Komandan!
Fil.e.d. Elnarə Akimovanın "Nəriman Həsənzadənin Milli qəhrəmanımız Mübariz İbrahimova həsr etdiyi "İstiqlal əsgəri" lirik poeması janrın, xüsusilə tarixi mövzunun poetika axtarışlarının istiqamətini ifadə etməyə imkan yaradır. Yaxın keçmişimizin miyqaslı hadisələrinə yenidən qayıdır, tarixi şəxsiyyətlərimizin obrazını, şanlı türk epoxasını yaradan sərkərdələrin daxili güc və əzəmətini lirik-epik janrın sınağında təcəssümə çalışır", - qənaəti bu və digər örnəklərin timsalında öz təsdiqini tapır.
Bu gün işğal altında olan yurd yerlərimiz igidlərimizin ölüm-dirim savaşı ilə geri qaytarılıb... və əsirlikdən qurtulan əzəli türk torpaqları intizarla öz sahiblərinin yolunu gözləyir... Hələliksə daşı daş üstündə qalmayan, erməni cəlladları tərəfindən dağıdılıb xarabazara çevrilən torpaqlar minalardan təmizlənir, yeni quruculuq işlərinə ba.lanır, yol infrastrukturu qurulur... Və təbii, Mübariz İbrahimovun və Vətən uğrunda gözünü qırpmadan ölümə qucaq açan şəhidlərimizin də ruhu şaddır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!