UNUTMAĞA ƏSAS YOX... - Teymur Kərimli

Qırx il nə tez keçdi? Eh, qırx il nədi ki? Bütöv bir ömür gəlib keçir, heç bilmirsən necə keçdi? Nə tez keçdi...

Həə, “gəncliyimizin ağsaqqalı” deyirdim akademik Kamal Abdullaya (yəni elə indi də deyirəm, lap elə üzünə demişəm). Haqqında çox eşitmişdim. İlk dəfə o zaman hələ ulu öndərdən “Milli” statusu almamış Azərbaycan SSR Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun məşhur koridorunda görmüşdüm. Təzəcə indiki terminlə desək, fəlsəfə doktorluğu dissertasiyasını böyük uğurla müdafiə edib (yanılmıramsa, Moskvada) gəlmişdi və baxmayaraq ki, biz onda hələ “yaşıl” aspirantlar idik, özünü tay-tuş kimi aparırdı bizimlə (hətta bəzən fasilədə stolüstü tennisdə bir paramızı “peşman” eləməkdən də çəkinmirdi) və o çağdan indiyədək elə həmin Kamal olaraq qalıb. Sadə, səmimi, xeyirxah, alicənab, ağayana, özünəarxayın, incə yumorlu, şirin zarafatlı...

Əlbəttə, “həmin Kamal” deyərkən mən onun kamil insan kimi müsbət insani sifətlərini nəzərdə tutdum; o ki qaldı “o Kamalla” “bu Kamal” arasındakı fərqə – bunu çox mükəmməl bildiyi fars dilində, elə bizim klassik ədəbiyyatda da sıx-sıx işlənən “zəmin-asiman” meyarı ilə ölçmək lazım gəlir.

Kamal müəllimin professional bir elm xadimi, yaradıcı sənətkar, elm və təhsil təşkilatçısı, dövlət xadimi kimi dinamik inkişafı və yüksəlişi bəlkə də ilbəil, aybaay deyil, nağıl qəhrəmanları kimi günbəgün, saatbasaat baş vermişdir.

Kamal Abdulla: Azerbaijan seen globally as an island of stability

Ancaq sözüm onda deyil.

Sözüm ondadır ki, Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Kamal Abdulla hər şeydən öncə, böyük istedad sahibidir, fitrətdən vergili bir insandır, Tanrının sevdiyi bəndələrdəndir. Çünki yaradıcı insandır və yaradıcılıq da əksərən Tanrının preroqativi olduğundan, sevimli bəndələrinə də bu tanrısal özəllikdən bir çıqqan pay verir və o çıqqan əslində, çox böyük bir hədiyyə, ilahi bir lütfdür ki, təbii, hər kəsə nəsib olan şey deyil...

Elə buna görədir ki, bulaq kimi qaynayan, bir dürlü tükənməyən istedadının, Tanrı vergisinin daimi hərəkətə gətirdiyi sehrli qələmindən çıxan hər söz, hər cümlə, hər abzas, hər mətn – istər elmi, istər bədii olsun – elmi və bədii sözə qiymət verə bilən, bunun alıcısı olan oxucular tərəfindən susuzluqla alınır, el arasında necə deyərlər, “gözə təpilir”, sevilə-sevilə, heyranlıqla, ləzzətlə oxunur, insanı düşündürür, daxilən təmizləyir, kamilləşdirir, yəni kamala/Kamala (özünə) çatdırır ...

Təbii ki, bu boyda istedadı da nəhəng mövzulara sərf etməli idi və etmişdi də! “Azərbaycan xalqının Ana Kitabı” (ümummilli lider Heydər Əliyev) “Kitabi-Dədəm Qorqud” gənc dilçi alim Kamal Abdullayevin də “könlünə ilham edərək”, “qayibdən dürlü xəbərlər verməsinə” yardım etmişdi. Sonrakı elmi yaradıcılığı göstərdi ki, Dədəm Qorqud sevgisi Kamal müəllimdə əbədi bir duyğu, elmi düşüncələr və nəticələr qaynağı olaraq qalmış, onun elmi yaradıcılığının inkişafına daimi təkan verən amillərdən biri olmuşdur.

Adama elə gəlir ki, Dədəm Qorqudla əlləşə-əlləşə zaman keçdikcə Kamal Abdullanın özü də Qorqudlaşmış, ilk gəncliyindən üzünə qonmuş tanrısal nur get-gedə güclənmiş və onun bugünkü nurani simasını formalaşdırmaqda əsas ziya qaynaqlarından biri olmuşdur.

Kamal müəllimin yaxın qohumu, mənim sevimli ustadım akademik Ağamusa Axundov Bakı Dövlət Universitetində bizə “Ümumi dilçilik” fənnindən dərs deyəndə özünəməxsus əda ilə gözlərini qıyıb: “Danimarkada böyük-böyük dilçilərə heykəl qoyurlar!” dediyi indiki kimi yadımdadır.

Həmin sözdən sonra mən həmişə düşünürdüm ki, görəsən niyə Danimarkada böyük-böyük dilçilərə heykəl qoyurlar, bizdə qoymurlar? Məgər bizdə böyük-böyük dilçilər yoxdurmu? Özüm özümə cavab da verirdim ki, niyə yoxdur? Bəs Xətib Təbrizi, bəs Hinduşah Naxçıvani, Bəkir Çobanzadə, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Ağamusa Axundov və... Kamal Abdullayev. Öz fundamental elmi əsərləri ilə özlərinə heykəl qoymuş böyük-böyük dilçilər...

Ancaq bu da var ki, qurban olduğum Tanrı istedadı adamın başından səxavətlə əndərəndə onu təkcə bir yöndə bağışlamır; buna görədir ki, istedad sahibləri həmişə hərtərəfli olur, bu qabiliyyəti müxtəlif yönlərdə göstərirlər.

Kamal müəllim də Tanrının ona bəxş etdiyi vergini təkcə dilçilik elmi sahəsində deyil, həm də ədəbiyyatşünaslıqda, mədəniyyətşünaslıqda və bədii ədəbiyyat sahəsində də göstərmişdir; yəni göstərmişdir deyəndə, bayaq dediyim kimi, sadəcə əlindəki qələmə mane olmamışdır ki, istədiyi sahədə öz bacarıq və qabiliyyətini göstərsin. Əslində, bu da çətin bir sualdır ki, Xalq yazıçısı, akademik Kamal Abdulla hansı sahədə daha çox müvəffəq olub – alimlikdə, yoxsa yazıçılıqda?

Nədənsə, yadıma həm Xalq şairi, həm akademik olmuş Səməd Vurğun Vəkilov, həm Xalq yazıçısı, həm akademik olmuş Mirzə İbrahimov, həm Xalq şairi, həm akademik olmuş Bəxtiyar Vahabzadə düşür (deyəsən, daha başqası yoxdur). Deyəsən, Xalq şairi Süleyman Rüstəm Xalq şairi, akademik Bəxtiyar Vahabzadə haqqında belə bir dostluq şarjı yazmışdı:

 

Bəxtiyaram, iki böyük adım var:

Şair Bəxtiyaram, alim Bəxtiyar.

Qatlayıb dizinin altına qoyar

Alim Bəxtiyarı şair Bəxtiyar.

 

Əlbəttə, hər bir zarafatda bir həqiqət çınqısı da var, ancaq bu zarafatı nə Xalq şairi, akademik Səməd Vurğun Vəkilova (şübhə edənlərə akademik İsa Həbibbəylinin “Akademik Səməd Vurğun Vəkilov” adlı fundamental monoqrafiyasını oxumağı tövsiyə edirəm), nə Xalq yazıçısı, akademik Mirzə İbrahimova, nə də Xalq yazıçısı, akademik Kamal Abdullaya aid etmək olar...

Kamal Abdullanın ədəbiyyatın müxtəlif janrlarında qələmə aldığı əsərlər haqqında çox yazılıb, elmi araşdırmalar aparılıb, bu əsərlərin həqiqi qiyməti, ədəbiyyatımızın inkişafında və zənginləşməsində oynadığı rol görkəmli ədəbiyyatşünaslar tərəfindən müəyyənləşdirilib, buna görə də bir daha bu mövzuya qayıtmağa ehtiyac duymuram. Üstəlik, bu yazının formatı da buna imkan vermir. Sadəcə, bir neçə təəssüratımı bölüşməklə kifayətlənmək istərdim.

Hər şeydən öncə, Xalq yazıçısı, dilçi-akademik Kamal Abdullanın yazıçı dili haqqında.

Mənə elə gəlir ki, Kamal Abdullanın yazıçı dilinin sirlərini sona qədər açmaq üçün yüksək səviyyəli dilçi-üslubiyyatçı alim tərəfindən fundamental səviyyədə araşdırılmasına çox böyük ehtiyac vardır. Bu zaman tövsiyə xarakterli belə bir tezisə bəlkə də söykənmək olar ki: “Kamal Abdullanın özündən əvvəlki heç bir yazıçıya bənzəməyən “öz bədii dili” vardır. Hətta bəzən Azərbaycan dilinin kanonlaşmış sintaktik-qrammatik çərçivələrinə “sığışmasa” belə”.

Bu belə. İndi də bir neçə kəlmə Xalq yazıçısı Kamal Abdullanın postmodernizmi haqqında.

Deyirlər, orta əsrlərdə bir dəridilli şair olub. Zəmanəsinin başqa şairləri həm də orta əsrlərin poetika elmini, o sıradan əruz elmini gözəl bildiyi halda, bu həmin elmlərə etina etməzmiş və deyərmiş:

 

Mən nə danəm failatün failat,

Şeir quyəm behtər əz abe həyat!

(Mən “failatün failat” bilmirəm,

Ancaq dirilik suyundan daha gözəl şeir deyirəm).

 

Eynilə deyil, bir qədər başqa cür desək, hərçənd Kamal Abdulla postmodernizmin cikini də bilir, bikini də, ancaq çətin ağlım kəsir ki, o, romanlarını, ya da hekayələrini yazarkən bu yaradıcılıq üslubunun kanonlarını, “failat”larını göz önündə tutsun və bunlardan kənara çıxmasın. Əksinə, bayaq dediyim kimi, əgər Kamal Abdullanın yaradıcılıq “mətbəxinə” girsək, görərik ki, o, sadəcə, qələmə azadlıq verir və qələm də “istədiyini” yazır; daha da dəqiq desək, yazıçının beynindən və ürəyindən axıb gələn, o bulaqdan qaynayan sözlərə, cümlələrə, abzaslara, mətnlərə qələm sadəcə mirzəlik edir, qalanı isə sırf istedadın, sırf ilhamın, sırf Tanrı vergisinin və lütfünün yaradıcılıq işidir...

Bu yerdə dahi Seyid İmadəddin Nəsimi bir qədər də şikayət və umuküsü çaları ilə necə demişdi:

 

İstərəm dərdi-dili tərifinə yazmağa, leyk

Qələmin dili ucundan qamu sevda tökülür...

 

Eləcə də Xalq yazıçısı Kamal Abdullanın qələminin “dili ucundan qamu sevda tökülür”. Baxalım görəlim nə sevda imiş bu sevda?

İnsanlıq sevdası, Vətən sevdası, millət sevdası, dövlət sevdası, ədalət sevdası, zəhmət sevdası, dostluq sevdası, səmimiyyət sevdası, ləyaqət sevdası, əsalət sevdası, ülviyyət sevdası...

Daha nə sevdası olsun ki?..

Alim-esseist Kamal Abdullanın Dədəm Qorqudla yanaşı, daha bir nəhəngə – dahi Azərbaycan şairi və mütəfəkkiri, “Qəlb Şairi” (ingilis şərqşünası Gibb) Məhəmməd Füzuliyə müraciəti də öz orijinallığı və təzətərliyi ilə maraq doğurur, xoşa gəlir, ürəyə yatır. Təkrarçılıqda günahlandırmasalar, hətta deyərdim ki, Füzulidən yaza-yaza Kamal müəllimin mehriban və bir qədər də dalğın çöhrəsinə həm də bir Füzuli nuru çökmüşdür; amma yanıldım, üzr dilərəm: nur çökməz axı, nur inikas eləyər, inikas elədiyi simadan da bərq vurar.

Elə buradaca sözümü dahi Füzulinin ölməz poemasında Məcnunun dili ilə bu fani dünyaya müraciətlə dediyi və Kamal müəllimin deklamasiya etməyi sevdiyi bir neçə beytlə bitirmək istərdim:

 

Bildim qəmini sənin ki, çoxdur,

Qəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olum qəmin hərifi,

Gəl təcrübə eylə mən zəifi:

Hər qanda qəm olsa, qılma ehmal,

Cəm eylə, dili-həzinimə sal.

Həm ver mənə qəm yemək kəmali,

Həm aləmi qəmdən eylə xali!

 

Kamal Abdulla da “kəmali-ədəblə” aləmi qəmdən xali eyləmək üçün hazır olan, bu yolda qeyrət kəmərini həmişə bağlı saxlayan alim və yazıçılardan, böyük şəxsiyyətlərdən biridir.

Xalqımız bu cür şəxsiyyətlərə layiq olduğu qiyməti verir, hörmət və ehtiramını necə lazımdırsa saxlayır. Əlbəttə ki, belə şəxsiyyətləri göz üstündə qaş kimi saxlamaq, qorumaq, yaratdıqlarını bütün dünyaya tanıtmaq və bu işi bir dürlü yaddan çıxarmamaq, unutmamaq vacibdir!

Çünki: unutmağa əsas yox!

Qoy Ulu Tanrım da belə sayseçmə insanlardan, böyük şəxsiyyətlərdən biri olan Kamal Abdullaya daim cansağlığı versin!

 

Qarşı yatan Qara dağın yıxılmasın!

Axıntılı görklü suyun sovulmasın!

Kölgəlicə qaba ağacın kəsilməsin!

Qarı düşmənə qan udduran

Bəy yigitlərin əsən olsun!

Xanım hey!

 

 

30 noyabr 2020.                       


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!