Olmayan ayağın sızıltısı - Səhər ƏHMƏD

Ayağı amputasiya olmuş adamlar danışır ki, onlar uzun müddət ayaqlarının olmamasıyla barışa bilmirlər. Zaman-zaman olmayan ayaqlarının sızıldadığını, göynədiyini, qaşındığını hiss edirlər.

Uzun zamandı, bizim işğal altında olan torpaqlarımız da eləydi, sızıltıları vardı, özləri yox. Bu sızıltıya dözmək ağır idi, amma biz bu sızıltını bəsləyirdik, işğal tarixlərini balalarımıza əzbərlətməklə, hər gün Qarabağdakı hava durumunu elan etməklə, hər il gələn bayramı Şuşada qeyd etməyi arzulamaqla, "Azərbaycan bayrağını Qarabağdan asacağıq" mahnısını oxumaqla. Bəzən dözmürdük, illər keçdikcə ümidimiz öləziyirdi, passivist, humanist, kosmopolit adına büründüyümüz olurdu. Əslində isə bu, həmin sızıltıya dözməyin mümkünsüzlüyü idi, müdafiə mexanizmi, qaçış yolu idi. İndi mən burdan ümidini bir gün də olsun itirməyənləri alqışlayıram, bu sızıltının itməsinə imkan verməyən bəlkə, elə o mahnılar, o hava proqnozları indi həqiqətə çevrilmiş o vaxtki xəyali arzulardı.

Vətən müharibəsi boyu çox qarışıq hisslər keçirdik, dəfələrlə duyğular burulğanına düşdük, sevincin qəhərə qarışıb boğazımızda qaldığı çox oldu.

Amma mən qan donduran xəbərlərin, şəkillərin, videoların fonunda iki video haqda yazmaq istəyirəm. Birincisi, Xudafərin körpüsündəki Azərbaycan bayrağına Arazın o tayından baxıb əllərini dizinə döyərək "Allah, sənə çox şükür" - deyib hönkürən orta yaşlı kişiydi ki, onun səsi hələ qulağımdan getməyib. Əslində, o səs ağlamaqdan çox hayqırmağa, ulamağa oxşayırdı, ona baxdıqca mən də eynən hönkürməyimin fərqinə bir neçə an sonra varıb öz səsimə diksinmişdim. Biz o itirdiyimiz torpaqları illərdi görmürdük, bədənimizin olmayan hissəsinin yerində sadəcə sızıltı vardı. İndi anlayırdım ki, o itirilmiş torpaqlar cənublu soydaşlarımız üçün göz dağıymış. Və mən bir əks cinsin dizlərinə döyə-döyə o cür hönkürməsini ilk dəfə görürdüm. Özü də sevincdən...

İkinci videonu Şuşa azad olunan günün səhəri gördüm. "Tarqovı"da ağsaçlı, yaşlı bir qadın kürəyinə Türkiyənin bayrağını atmış, sağ əlində Azərbaycan bayrağı, sol əlində telefon tutmuşdu, telefonda "Şuşanın dağları" mahnısı çalınırdı və qadın oynayırdı. Arazın o tayındakı kişinin hönkürtüsü nə qədər adi ağlamaq deyildisə, bu taydakı qadının oynaması da o qədər adi rəqs deyildi. Qadın musiqiyə uyğun ağır-ağır, ritmik şəkildə yellənirdi və bayraqların, mahnının, "Tarqovı"nın fonunda onun üz ifadəsi dəhşətli dərəcədə adamın iliyinə işləyirdi. Bu üzdə bir məğrurluq oxunurdu, məğrurluğun sonrakı qatında sevinc, daha sonrakı qatında hüzn vardı. Səhifə-səhifə oxumaq olurdu bu üz ifadəsini. Çox şey danışırdı bu oynamaq, özü də xronoloji ardıcıllıqla. Birincisi, Qarabağ savaşı vardı bu rəqsdə, atəşkəs dövrü, Aprel döyüşləri, Vətən müharibəsi, qaçqınlar, itkinlər, əsirlikdə olanlar, qazilər, şəhidlər, neçə ilin Qarabağdakı hava durumu, vətənpərvərlik mahnıları, işğal tarixləri, torpaqların alınma xəbərini eşitmədən bu dünyadan köç edən soydaşlarımız, və nəhayət, qələbə vardı. Mən Arazın o tayındakı kişinin hönkürtüsünə eyni cavabı verdiyim kimi, indi də bu ağbirçəyin üzündəki ifadəyə uyğun şəkildə sakitcə ağlayırdım. Mənim göz yaşlarımın tərkibi də qarışıq idi, burda da hər şey vardı və adamı sakitləşdirirdi, eynən deşilən bir çibandan axan irin qarışıq qan yaranı sağaltmağa xidmət etdiyi kimi.

Yadıma uşaq vaxtı olan bir söhbət düşürdü. Kəndimizdə ortayaşlı kimsəsiz bir qadın vardı. Bir dəfə atam demişdi ki, o qadın toyda oynayanda ağlamağım gəlir. O vaxt mən təəccüblənmişdim. Bir adamın oynamasına niyə ağlayasan ki?! İndi anlayırdım, bəzən insanlar öz hayqırtılarını hönkürməklə, oynamaqla, hətta qəhqəhə atmaqla da ifadə edə bilərmiş. Nəinki şəxsi dərdlərini, bir millətin başına gələn bütün haqsızlıqları belə.

 

...Şuşanın dağları başı dumanlı...

Və qadın ağır-ağır oynayırdı.

Və mən səssiz-səssiz ağlayırdım.

Və Şuşada narın-narın yağış yağırdı.

 

Və uzun illərdən sonra ilk dəfəydi ki, Şuşaya yağan yağış Bakıya, Şəkiyə yağan yağış qədər bizim idi. İlk dəfəydi ki, bu hava haqqındakı məlumat olmayan ayağın sızıltısı effektini vermirdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!