"Kamillik zirvəsi" esselər kitabının müəllifi
professor, filosof-ədib Sabir Cümşüdə
Yeniyetməliklərində hamı öz arzu qanadlarıyla göylərin yeddi qatında uçur. (Gidi zamansa öz işini görünməz barmaqlarıyla, cinayətinə iz qoymadan işini görür. Onların qanadlarını yolub həmin qatlardan endirir. Gerçək həyatın yolu-izi olmayan sıldırımlı, qarlı zirvələrinin dibində qoyur. Canavar ulaşlarına bənzər tufanlarının vıyıltısıyla onların sifətlərinə həyatın sərt qaydalarını çırpır da: zirvə yolunu özün açmalısan, bu meydan, bu da şeytan - deyir)...
Yaşar deyilən yeniyetmə yaşıdlarından fərqli arzularıyla göylərin yeddi qatına öz uçuşuna saxlamışdı. Çünki o dərsləri qurtaran kimi yolunu başqa bir məktəbə salası olmuşdu. Bu bircə böyük sinif otağından ibarət, hər yaşda şagirdləri olan məktəbsə kəndlilərinin yarım at mənzilindəki Boradigah bazarı idi. Ana himayəsində qalmış Yaşar ikinci sinfə keçəndə evlərinin çörəkağacı atasını itirmişdi. Yay günlərində gözlərini ha günaşağılara sərsə də nəmini quruda bilməyən anasının hayına çatmaq istəmişdi. Məktəbi erkən buraxıb özünü Boradigah bazarına vermiş, kəndlərinin ən diribaş yetimlərindən sayılan Ələkbərin bələdçiliyilə o da özünün ikinci məktəbinə daxil olmuşdu. (Bu da dərs kitablarını evdə qoyub, onu bir çaydanla əvəz etməyindən ibarət olmuşdu. Yəni Boradigah bazarında sərin su satmağa başlamışdı).
Həmin məktəbdə yediyi hər kötək, hər təpik də erkən yaşlarından onun qanadlarını yolmuşdu. Yeniyetməliyində göylərin yeddi qatına pərvazlanmağından vaz keçirmişdi. Amma o da özünə bir növ qüvvəsinə binəm uçuş mənzili yarada bilmişdi. (Bazar bağlı olan günlərdə özünü talış dağları ətəyinə verib kəndlərinə tamaşa eləyəndə həmən arzularıyla tapışmışdı. Onlar da əvvəl ətrafındakı kəpənəklər, sonra da quşlar kimi, çiçəkli yaşındakı oğlanın varlığından uçuşmağa başlamışdı. Mən döyülə-döyülə, söyülə-söyülə bərkiyəcəm. Bu talış meşələrinin dəmir ağacına dönəcəyəm. Onun uca bir yerində kök ata bilib bu həndəvərin hər yanından görünə biləcəyəm. Siniflərinin birinci gözəli (məktəb direktorunun qızı Güldəstə gözlərini, yaşıdlarından şux geyinən kolxoz sədri oğlu İsrafildən çəkib, ona sarı çevirəcəkdi. Gözləri zəiflədiyinə görə müəllimlik yolu bağlanmış mirzə Mirhaşım da onun toyunda öz kamanını işə salıb "Vağzalı" çalacaqdı. (Sədrin oğlu İsrafilin qiymətini "kəsdiyinə" görə Mirhaşım müəllimin məktəbdən ayağı kəsilmişdi. Sədr maarif müdirinə onun barəsində ağzını açıb, gözünü yumub xeyli çuğullamışdı). Ağzını açmağı Mirhaşımın ağzının sözünü bilmədiyindən uşaqların birinə dovşan, başqasına cücə deməyindən ibarət olmuşdu. Öz oğluna pota deməyini gizləmişdi. Gözünü yumarkən ağ yox, qara xalatlı həkim kimi hökm vermişdi. Uşaqların bəzisinə koruş demişdi, belə də müəllim olar. Şagirdlərinə övlad mehir salmış neçə ilin müəlliminin məktəbə yolunu bağlayıb kamanı ilə qolboyun eləmişdilər. Kəndin rayon mərkəzi səmti girəcəyindəki evdən kaman səsi ucalanda da kənd camaatı (sədr və gülbeçələrindən savayı) Mirhaşım müəllimin halına acıyırdı. Elə bilirdilər ki, gözləri zəifləmiş adam həmin an onların sinəsini də görür, həm kamanını, həm də onların ürək tellərini çalır. Mirhaşım müəllimin özünün ən dərdli günlərində kamanı ilə başbaşa inlədiyini hamı bilirdi. Leysanlar sonrası şux havalar çalmaq istədiyindən də xəbərdar idilər. Camaata elə gəlirdi ki, göy qurşağını Mirhaşım müəllim öz kamanı ilə yaradır. Bircə onun kamanı hər inləyəndə Sədr ədəbsiz tutuquşuna çevrilib hərdəfəki sözlərini söyləyirdi.
- Bayquş ulamağını başlatdı.
Yaşar yorğun-arğın bazardan kəndə dönəndə Mirhaşım müəllimin evi qarşısındakı qovağın dibində ayaq saxlayırdı. Həm dincini alır, həm də kişinin ovqatından xəbər tutmaq istəyirdi. Mirhaşım müəllimin havalarının hamısından xəbərdar idi. Onlar balaca tənha bir dünyanın havasından xəbər verirdi. Kişinin havalarından onun yağmura düşdüyünü, suyunun süzüldüyünü anlaya bilirdi. Onun belə günlərində özünü saxlaya bilməyib əlini boğçasına atırdı. Evə apardığı bazarlığı yarı bölüb kişinin (canlı qovağın) çənəsi altında gedirdi. Canlı qovaq da onun başını əliylə sığallayır, yaxşılığını kamanla qiymətləndirirdi. Kamanın varlığını tel-tel eylədiyi Yaşar gələcəyinə yürüş edib ürəyindən keçirirdi. Əlim uzanan kimi maya qoyub gözünü açdırmasam özüm qarov olum.
Mirhaşım müəllim də elə bil həmin səmirsiz cavanı kamanı cazibəsiylə eşidib təşəkkürünü səsləndirirdi.
- Sənin toyunun "Vağzalı"sını bu ata-baba yadigarımla özüm çalacağam.
Günlərin bir günü Yaşarın Boradigah bazarındakı yeganə dayağı ondan və oralardan aralışası oldu. Moskvaya on Boradigah bazarı boyda bir qazanc mərkəzinə gedirəm, - dedi.
Moskvada özünü tuta bilmiş bir boradigahlı balası Ələkbəri özünə köməkçi aparmaq fikrinə düşübmüş.
- Moskvada evi, bağı var, öz maşını ilə gedəcəyik...
Sonra öz sevinciylə kölgələndirdiyi oğlanı görə bilmişdi.
- İşlərim xod gedən kimi sənə də fışdırığımı çalıb gətirəcəyəm.
Yaşarın tərəbbüd etdiyini görüb ürəkləndirmişdi.
- Ondan anana hər ay pul göndərəcəksən. Lap darıxanda da yolunu salacaqsan. Burda qalıb bilirsən sən nə olacaqsan?
Sonra tənbəllik eləməyib üz-gözləri öyrəşdikləri bazar əhlini göstərmişdi. Yaşarın xatirinə onların başına əl gəzdirməli olmuşdu.
Bir müddət sonra Yaşar kəndlərinin yağışlı bir günü sonrası Güldəstəyə yaxınlaşmaq istədi. (Haşım müəllim zəif gözləri və güclü savadı hesabına qızın gözlərinin fizika elminə geniş açılmasına çalışırdı. Bu adam, az-maz əməkhaqqı hesabı ancaq rəğbət bəslədiyi şagirdlərə evində dərs keçirdi. Yaşar da onun dərs aldığı günləri bilirdi. Və özünün məhəbbət dərslərinə çevirmişdi.
Necə deyərlər, o da Güldəstədən xəbərsiz ondan bu sahədə əlavə dərs alırdı. Və ən böyük qiyməti də qızın ona baxıb gülümsəməsi olurdu).
Həmin gün dərsi bitdikdən sonra Güldəstə yağışa görə Mirhaşım müəllimin evində ayaq saxlamalı olmuşdu. Və kamanına sarılmış müəllimin musiqisiylə Talış dağları həndəvərində göy qurşağı doğurmasının şahidi olmuşdu. Müəllimin xilaskar musiqisindən yüngülləşmiş qızın gözlərini, Talış dağlarının göy qursağı çələngi güldürmüşdü. Hər dəfə, həm özünün, həm də qızın dərsi sonrası Yaşar onu gözləriylə yola salmaq, təbəssüm qoparmaqla kifayətlənmişdi. Bu dəfə yerdə Mirhaşım müəllimin musiqisi, göydə göy qurşağı, biri möcüzəsi, o biri ülvi rəngləri ilə qıza doğru cığırına çevrilmişdi. Qıza yetişməsinə iki addım qalmış Sədrin oğlu guruldatdığı maşını ilə bir gölməçə çamuruyla onun varlığını beləcə qrimləyib ən miskin aşıq şəklinə salmışdı.
Sonradan davamını eyləməli olmuş yağış Yaşarın üz-gözünün palçığını yuya bilmişdi. Sədr oğluna qarşı nifrətini soyuda bilməmişdi.
Səhəri kənd əhli Yaşarın, nazı-nemətilə böyüyən sədr oğluna turşulu aş yedirtdiyindən xəbərdar olmuşdu. Təəssüf ki, əlində zərərçəkənin xəsarət dərəcəli sənədi olan milis işçisi də bundan xəbərdara və səfərbərə çevrilmişdi.
Milisin caynağından Yaşarı anasının sədr qarşısındakı göz yaşları sədrin sərt şərti ilə qurtara bilmişdi. Qarşısında diz çökmüş arvadı sədr həm sözü, həm də əliylə ayağa qaldırmışdı.
- Oğlun bir müddətiylə buradan çıxıb getməli, bizim uşağın toyuna qədər kənddən ayaq kəsilməlidi.
... Bir neçə gün sonra Yaşar Moskvaya yol alırdı. Təyyarə buludları yarıb, sanki onun varlığına ələyirdi. Yerdə qoyub "aradan çıxmaq", istədiyi qayğıları onu həmin şəkildə buludlandırırdı. Anasını kənddə dam üstə tək qoymaq istəməmişdi. Salyanda ərdə olan bacısının yanına aparıb bir növ balıqçı toruna salmışdı. Zaman səslərinin avazını aldığından ana-balanın son kəlmələri pıçıltılarla pərvazlanmışdı.
- Məni bu paltarından balıq, ağzından araq qoxusu gələn yad oğlunun öhdəsinə buraxıb itib-batma...
Bacısının əri çəpgöz Məmiş balıqçı idi. Kürün Babazanı səmtində qaranoyları ilə bərabər çayın qəsəbənin başına dolanan hissəsini özlərinin balıq tarlasına çevirmişdilər. Hər günləri çayda balıq quruda araq ovlamaqları ilə bitirdi. Həyətində tut ağacı olan evinə hər qədəmini basında da balıq və araq qoxulu eyni kəlmələri eşidilirdi.
- Bir gözüm sizə, o biri Kürə baxmaqdan çaşoy olmuşam. İçməyimə deyinib özümü də çaş-baş salmağı yığışdırın. Bir də gördünüz mən də o biri kişilər kimi qapını səhv saldım.
Bacısının ərinin sözlərinə cavabını Yaşar bilirdi: bir gözünün baxdığı Kürdə görüm səni batıb gedəydin...".
Anasını belə bir yad oğlunun yanında qoyub getməsi onu az qala yerə soxurdu. Üstəlik, Yaşara elə gəlmişdi ki, yazıq ananın son pıçıltısı da dünyanın hər tərəfindən eşidilə bilmişdi.
- Oralarda itib-batsan özümü Kürə atacağam.
Yaşar nəyin hesabına olurdusa qürbət həyatı qarşısında sızlayıb ağlamamalı, özünə gün ağlayıb, anasını ağ günə çıxartmalı idi. Bacarmasaydı onu Məmişin sol gözünün baxdığı səmtdə, Kür çayında axıdacaqdı.
Göyün yeddi qatında da nigaran ana gözlərinin qoşa cığırından çıxıb özünü azdırıb bilmirdi. Mətləbi dəyişmək istəyəndə də təyyarə bileti satan qadının sözləri qulaqlarında səslənirdi. Onlar da içinə özünü soxduğu təyyarəni və onu sıxdıqca sıxmağa başlayırdı. Təyyarəni özü rəngdə balaca tabuta, onu da cəsədə çevirirdi.
Qadın da, sanki ağısını deyirdi.
- Bu yazıq cavanlar güc-bəla ilə bir tərəfə bilet alır, ağ gün dalınca uçub gedir. Çoxu da almünium tabut içində geri qayıdır...
Yaşar özünün "əmək fəaliyyətinə" (əslində, çaxçuxuna) Moskvanın hava meydanından başladı. Və qürbətə ayaq basandan çiyinlərindən yad yerlərin basqısı götürüldü. Əlbəttə, əsməri sifətindən təbəssüm əskik olmayan Ələkbərin hesabına. Ələkbər yerlisini hələlik məsuliyyəti nisbətən az olan bir alış-verişə qurşandırmaq istəmişdi. Şəhər bazarlarının gül işinə baxan Kəblə ağaya buna görə xeyli dil çıxarmalı olmuşdu. Kəblə ağaya hər gün Bakıdan gül göndərilirdi. O da malı alıb bazarlara paylayırdı. Həmin işin öhdəsindən də təkbaşına gəlirdi.
- Bir talışını mənə boğazortağı eləyirsən.
Yaşar hava limanında adının səslənməsinə heyrətləndi.
- Bakıdan... reyslə uçmuş sərnişin Yaşar Ağalar oğlunun məlumat bürosuna yaxınlaşması xahiş olunur.
Sonra başına gələnlər də Yaşara görə həmin səs sürətiylə oldu. Ələkbərin elçisi Kəbləağa onu qarşılayıb tapşırıqlarını verdi:
- Al bunları, bağlamaları alacaqsan. Buraları yaxşı yadında saxla, hər səhər yolunu salacaqsan...
Bir müddət sonra Yaşar Mərkəzi bazarın gül-çiçək ətri bir-birinə qarışmış bir guşəsində daxıl arxasında idi. Qəribliyin sıxıntısından çiçəklər arasında da can qurtara bilməmişdi. Özünü Talış dağlarının güney səmtində hiss eləyirdi. Hər yanı qaratikan kollarıyla çəpərlənmiş bir sahədə. Bir zamanlar Ələkbərin böyük qardaşı Ələsgərin sağında-solunda buralarda dovşan ovunun şahidinə çevrilmişdilər. Həmin talanın tikanları tez-tez əllərinə-ətəklərinə ilişmişdi. Yaşarın ovçu qabağından qaçan dovşanlara o zamanlar yağızı gəlmişdi. Az qala qışqırmaq istəmişdi.
- Qaçıb-qaçıb, nahaq dayanırsınız. Beləcə özünüzü gülləyə gətirirsiniz.
Sonra yeniyetmə ağlından keçirmişdi də, bu qaratikanlarla təbiət dovşanlarını qorumaq üçün ovçuların yolunu çəpərləmək istəyib. Heyif ki, bir xeyri olmayıb. Əlinə dünən tüfəng almış Allahın Ələsgəri də tanrısını danıb onların iki üçünü qanına qəltan eləyib.
Sonra, bəlkə də oraları gözü önünə gətirdiyinə görə özünü tikanlar arasında hiss elədi. Və özünü israfilin qarşısından qaçmış dovşana bənzətdi.
Yaxşı ki, Kəbləğanın səsi əlinə ətəyinə ilişmiş tikanlardan onu xilas eylədi.
- Al bu pirojkiləri, axşama kimi iştahanı azdır, axşam "Bakı" restoranına gedəcəyik. Ələkbər Moskva ayaqaçdını edəcək...
Ələkbərlə görüşü Talış dağlarının mehini əsdirib qəribçiliyini az-maz uçura bildi. Onun vasitəsilə ayaqaçdısına ayaq açanlarla tanış olmağa başladı. Və həmin an özünü "Bakı" restoranının güzgülü zalında deyil, kənd məktəblərinin küskün sinfində hiss elədi. Ələkbəri də müəllim hesab elədi. Başa düşdü ki, həyatının yeni məktəbində, yeni dərsinə başlayır. Ələkbər də onu yeni sinif yoldaşlarıyla tanış edir.
Bir müddət sonrası onların hamısıyla qaynayıb qarışa bildi. İçərilərindən bir nəfəriyləsə də dostlaşmağa başladı, - hamının Yetim dediyi Nərimanla.
- Bu gündən sən də məni yetim çağır. Adımı onsuz da Ceyrançöldə qoyub gəlmişəm. Sizlərin hamınızın gözü yol çəkən ata-anası var. Mənimkilər oralarda, Ağköynək qəbiristanlığında qoşa məzara dönüb.
Bir də onsuz da hamımız burda vətən yetimləriyik, yaxud da onun ögey övladları.
Yeni məktəbimdə ilkin başa düşdüyü (yeni keçdiyi dərs) Nərimanın söylədikləri oldu. Çünki həmin sözlər ətrafındakı yerlilərinin hamısının tale bələdçisi ola bilərdi. Bu adamlar da ya onun kimi İsrafillərin, ya da həyatın başqa yalquzaqlarının qabağından qaçmış adamlar idi. Hamısının da geriyə dönüş arzuları bir-birinə bənzəyirdi. Qürbət yağışlarından bərəkətli qurtarıb arzularını göy qurşaqları kimi doğurmaq. Yəni varlı-karlı halda qoyub qaçdıqları meydana qayıtmaq. Onları ögeyləşdirmiş adamları yandırıb, yaxmaq (bir zamanlar özlərinə yuxarıdan aşağı baxmış qızları peşman etmək də bu zəfər yürüşü içərisində idi).
Nə yaxşı ki, hər eldən, obadan olan adamlar qürbət də yurdlarının bir parçasına çevrilə, onun xeyirxah əməllərini yaşada bilirdi. Yəni Yaşar kimilərin əlinə maya salmaqlarına kömək edirdilər. Həbsdən çıxan dostlara şənlik (lotu toyu) edib pul-para yığırdılar...
Ələkbərin xahişilə Kəblağa onun haqqını əvvəlcədən verməyə başlamışdı. Narahatlığından Kür çayı axan Yaşar da həmin pula xilasedici dairə kimi baxmışdı. Təcili onu Babazanı qəsəbəsinə göndərib, anasını Kürdə axmaqdan xilas etmək istəmişdi.
Bir xeyli sonra Ələkbər yanına əlində bağlamayla gəldi:
- Bəy kəstumudu səni evləndirəcəyik.
Tezcə də gözünə Güldəstəsini gətirən oğlanın qızartısını uçurdu. Qeydiyyatı üçün yalançı evliliyin lazımlığını başa saldı.
- Bu gün Yetim həqiqətən evlənir. Bilirsən onun geriyə yolu yoxdu. Həmin toyda səninlə bir rus qızının da bəylə gəlin paltarında şəklinizi çəkdirəcəyik.
Demə, yalançı evliliyin qarşısını almaq üçün yerlilər də gəlmələr də xeyli qabağa getmişdilər. Yerlilərə evlənənlərin toy mərasimlərinin çəkilişləri bir növ sübut hesab olunurdu. Gəlmələrdə əsl bir toyda ikinci bir bəy də təbii şəkildə yarada bilirdi.
Yaşar bir müddətliyə qızın evində yaşamalı oldu. Həmin müddət özünü oda-közə vurub qazancını artırmağa çalışdı. Pulun yarısı anasının Kürdə, yarısının da saxta evliliyin Moskva çayında batmaması üçün idi. Yaşadığı evin həm azuqəsini almalı, həm də kirayəsini verməli idi.
Ələkbər İqtisadiyyat Universitetinin qiyabi şöbəsinə düzəlmişdi. Ən böyük arzusu özünü tutandan, diplomuna çatandan sonra qalib kimi doğma yerlərə qayıtmağ idi. Öz kəndlərindən aralıdakı Boradigahda onun hər yerindən görünən bir ev tikdirmək istəyirdi. Sonra da maya qoyub rayonun hər yerindən görünən Baradigah bazarının müdirinin yerində əyləşmək istəyirdi. Həmin müdirin ki, sərxoş vaxtı qonaqlarına onu belə nişan vermişdi.
- Öz itimizdi, nə komanda istəsəniz verə bilərsiniz.
Yaşar hələlik evliliyinin və anasının xilası ilə məşğul idi. Kəndə dönüşü İsrafil ilə döyüşü yürüşünə hazırlaşmırdı. Amma Ələkbərin dedikləri üzünü məğlub meydanına çevirdi.
- Sən sinfin əlaçılarından idin. Rus dilini də tezbazar məndən yaxşı qıvıldadırsan. Bu dəfə mənimlə bizim məktəbə gedərik. Tələbə olmaq istəsən sual-cavab eləyəcəklər. Ruslar bizimkilərdən insaflı idi. Bir şey xırdalaya bilsən yarı məccanı olar.
Yaşar yavaş-yavaş qürbətinə alışmağa başlayırdı. Alışqanlığı da gözü önünə Talış dağlarının güllü-çiçəkli bir talasını gətirirdi. Koperasiya Universitetinin qiyabi şöbəsinə qəbul olundu və bunun özünün zirvə yolçuluğunun ilk addımı hesab elədi. Uşaqlıqlarından yeniyetməliklərinə ilk qədəm basdıqlarında üç yoldaş düşdükləri arzunu heç vəchlə unuda bilmirdi. Ələkbər, Hidayət, bir də o. Talış dağlarının ən yüksək zirvəsinə düşmüşdü.
Yaxşı ki, təbiətin dağılmış pillələrini xatırladan qayılıqların qənşərində Mirhaşım müəllimlə rastlaşmışdılar. Onların dişlərinin altındakından xəbər tutanda, müəllimləri uşaqların barmaqlarını dişlətmək fikrinə düşmüşdü. Onları arxasına salıb Qəzənfər uçan dərəyə gətirmişdi. Məlum olmuşdu ki, bir zamanlar bir dəliqanlı yerliləri də həmin fikrə düşübmüş. Amma qayaların birindən uçub qanına qəltan olubmuş.
Uca zirvə fəth eyləməyiniz pis arzu deyil. Bunu səbrlə, həm də asta-asta etməlisiniz. Yəni elmlərə sinifdən sinfə keçib yiyələndiyiniz kimi. Bu il o tək dağdağana kimi yolunuzu salın, o birisi ilə ondan bir az aralını gözünüzlə tuşlayın. Bir də göz açıb görəcəksiniz ki, zirvənin yalmanındasınız.
Mirhaşım müəllim onları tənha qəbrin qonşuluğundakı Qəzənfər bulağının başına gətirmişdi. Əvvəl özü, sonra da yeniyetmələr üz-gözlərini suya çəkib sərinləmişdi.
- Amma sizin hər birinizin bu zirvə yoluyla bərabər başqa, daha vacib bir yürüşünüz də olmalıdı.
Uşaqların hər üçü həyatda hər yeniyetmənin uca bir amalı olduğunu anlamışdı. Hər insanın əsl zirvə fəthi də elə o hesab edilməlidi. Sonra Mirhaşım müəllim kamanını köynəkdən çıxarmışdı. Həyatda hər iki zirvə yolçuluğu məhv olmuş Qəzənfər adlı dünya nakamının matəm musiqisi səslənmişdi.
Hidayət onların zirvə yolçuluğundan çəkilməli olmuşdu (Lənkəranda sənət məktəbində oxuyarkən maşın vurub öldürmüşdü). Ələkbərlə Yaşarın Moskvada zirvə yürüşü davam edirdi. Onlar həm təhsil alıb, həm də pul toplayıb doğma yerlərə qayıdacaqdı. Diplomu çəngələ, pulu kəndirə döndərib zirvə dırmanışlarını davam etdirəcəkdilər.
Yaşarın universitetə qəbulunu Ələkbər hər ikisinin yaddaşına həkk eləmək istədi. Restoranda həmin axşam onların gözləri Talış dağlarının ətəklərinə dikildi. Badələrini toqquşdurarkən cingiltilərin sədası altda səsiz andlarını içdilər: zirvə yürüşümüz davam edəcək.
Həmin gün sevinci içkiyə qarışıb Yaşarı əməlli-başlı kefləndirmişdi. Səhəri içkinin şişirdiyi başını Ələkbərdən gizlətmək istədi. Onun dimmədiyini görüb tənəsini özü qoparmağa çalışdı...
Yaşar, Ələkbərin hər gün içdiyindən xəbardar idi.
- Böyük qardaşdan alırıq fitimizi.
- Böyük qardaş külbaş olub öz payına. Sən ikimizin hesabına güc topla. Mən buralarda ləngiyəsi olsam o dağın kəlləçarxına iki adamlıq dırmanlamalı olacaqsan.
Həmin kəlmələri Ələkbərə bəlkə də taleyinin qəzavü-qədəri dedirdirmiş. Son günlər Ələkbərin bənizinin qaçdığı Yaşarın gözündən qaça bilməmişdi. Bunu bir az artıq içdiyi tərəfə yozmuşdu. Ələkbərin ara verib özünə gələcəyinə inanmışdı. Kaş həmin gün Kəblağa pörtmüş halda gəlib çıxmayaydı.
Daxıl arxasındakının ətrafındakı gülləri də, onları bazarlayanı da matəm ovqatına boyamayaydı.
- Bazarını bağla, xəstəxanaya gedəcəyik...
Xəstəxananın üstəki yazı Yaşarın gözü önünə Xəzər sahilində gördüyü xərçəngləri gətirdi. Onlardan birinin az gəlib üz gəlib Ələkbərin içinə yol tapdığına yanıb yaxıldı.
Ələkbər bir-iki gün içində əməlli-başlı sınıxmışdı. Amma xəstəlik hələlik təbəssümünə rişələrini sala bilməmişdi. Sarısınu udmuş Yaşarı təbəssümüylə boyamağa çalışdı.
- Həkim deyir vaxtında özümü çatdırmışam. Adamı geri çəkən o şoğəribin qıçlarını kəsib doğrayacaqlar.
Bir həftə sonra Ələkbər heç kəslə görüşmək istəmədi. Bircə Yaşara qapı açıldı və Ələkbəri görərkən bütün ümidləri üzünə qapandı.
Gözlərini, təbəssümünü dəyişməz saxlayıb, Ələkbər bədəncə uşaqlığına qayıtmışdı. Yaşar az müddətdə dost ərintisinin şahidinə çevrilirdi.
Ələkbər dirsəklənib son kəlmələrini xəstəliyinə meydan oxuya-oxuya söylədi.
- Yazıya, pozu yoxdu. Sən də ikimizin də əvəzinə kişiləşib vay-şivən eləmə.
Bir xeyli susandan sonra öz ölüm hökmünə bənzəyən sözlərini səsləndirdi.
- Gözümü özün bağlayarsan. Məni dərədə, Qəzənfərin böyründə basdırarsınız. Mirhaşım müəllim hər kaman çalanda eşidəcəyəm. Elə hesab eləsin ki, mən də zirvə yolunda qayadan uçmuşam.
Son kəlmələri Yaşarın da içinə xəncər girməmiş geriyə addımlamasına aid oldu.
- Kəndə qayıt Dəmircan Əli sənə Sammədin üstə kağız verəcək. İşə düzəl. Çalış əvvəl mənə öz küçüyümüz deyən o bazarkomun yerinə keç.
Mənim ağzımla hamının içində de ki, o da öz itimizdi.
Ələkbəri Moskvaya yola salarkən Yaşar həyatın bir ayarılığına bir neçə gün yaş saxlamalı olmuşdu. Bu dəfə həmin əzizini dünyadan yola salırdı. Yəqin ki, həmin müsibətə dünyada durduqca yas saxlamalı olacaqdı.
Ələkbərin Moskvaya pərvazlandığı meydana gümüşü tabutu qayıtdı. Bir tərəfə bilet almış bir talış balasının geriyə dönüş haqqı bir ömür hesabı oldu. Bir gümüşü tabut da Şimalı Qafqazdan qayıdırmış. Tabut başındakı bacı özünü saxlaya bilməyib qardaşı üstə ağılar çəkirdi.
...Ələkbər vəsiyyətinə görə Talış dağları ətəyindəki dərədə dəfn olundu. Həm də heç kəsin xəbəri-ətəri olmadan. Bu bir tərəfə bilet almış ögey balanı hamı həmişə yad qapılarda sağ-salamat bilməli idi. Ələkbərdən sonra aldığı zərbələr Yaşarı çox da sarsıtmadı. Olsa-olsa dünyaya barmağını silkələtdi.
Mirhaşım müəllimin əcəl ömrünü çalıb, kaman çalmağını dayandırmışdı.
İsrafil çalağanı dönüb onun Güldəstəsini Tovuşquzu kimi quşlamışdı. Bir boyat, bir də təzə qəbrə kaman çalınmayacaqdı. Bu nisgil Yaşarı kaman kimi çalınmağa qoymadı. Ələkbərin məzarına səhər yolunu saldıqda Mirhaşım müəllimin Qəzənfərin qəbri üstə səsləndirdiyi havacat qulağına gəldi. Amma az sonra bunun möcüzə olmadığını (qulağının səsə düşmədiyinə) inandı.
Demə, Mirhaşım müəllim kamanını yeganə şagirdi Cəfər adlı bir yeniyetməyə bağışlayıbmış. Ona dərədəki məzar üstə (bəlkə də özü də içində olmaqla dünyanın zirvə nakamlarına) vaxtaşırı kaman çalmağı vəsiyyət edibmiş.
Yaşar Dəmir Əlinin ismarışını bu həndəvərin hörmətli adamlarından birinə çatdırdı. O da ona Boradigahda kiçik bir dükan verib dedi:
- Hələlik adam balası kimi bu eşşəyə min, köhlən üstəki eşşəklərə çatana kimi.
Qışın sazağını Yaşar hiss eləmişdi. O, iki adamlıq bir yaz gözləyirdi. Həmin yazda dağ ətəyindəki çiçəklərin hamısını dərib Ələkbərin qəbri üstə səpəcəkdi. Dost dağını çiçək dağıyla ört-basdır edəcəkdi.
Sonra da eşşəyiylə, ata çatıb, bir nadanı onun üstən salıb Ələkbərin ağzıyla deyəcəkdi.
- Axırına çıxmırıq, öz itimizsən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!