İsmayıl İmanzadə: Yarımçıq hekayənin 44-cü günü - Fəxrəddin Əsəd

Son zamanlar söz məndən perik  düşmüşdü - əlim qələmə yatmırdı. Amma ürəyim elə dolu idi, elə boşalmaq, dolu kimi yağmaq istəyirdim. İçində olduğumuz, şahidlik etdiyimiz hadisələr, həyəcanlı günlər (ordumuz son 200 ilin tarixini yenidən yazdı) bir-birini əvəz edirdi. İşğal altında olan torpaqlar - hər gün yeni-yeni kəndlər, şəhərlər, dalınca da gözəlim, əbədi sevdamız Şuşa! ("İncil"də adı hallanan "Edem", - Cənnət bəlkə elə buradır?) azad olundu. Və elansız müharibənin elan olunan sonu!

44 günlük Vətən savaşında çəkici bir zindana vurduq! Dövlət, ordu, xalq (millət) birliyi qürur doğurur, baxdıqca, gördükcə, eşitdikcə fərəhləndirir. Hara baxırsan qurd döşü əmən türkün səsi gəlir. Bizi istəməyən dünya qulağına pambıq tıxasa da, o hayqırtını, nərəni eşidir.

Doğma elindən didərgin düşmüş Qarabağ sakini danışırdı: evdən elə tələsik çıxdım ki, iti zəncirdən aça bilmədim. Ordumuzun kəndə girən əsgərləri, qurda, quşa yem olmuş itin zəncirinə rast gəldilərmi?! Mən inanıram, sahibini haraylayan o havalanmış səsi eşidiblər. Biz orda içi dolu evlər qoyub çıxmışıq. Ali Baş Komandanımız demiş: "iti qovan kimi" qovduğumuz şərəfsiz ermənilər, boşaldılan yurd yuvanı yandırıb, tarixi abidələri dağıdıb, mal-qaranı tələf edib çıxırlar! Bəli, hər şey göz qabağındadır.

Əsli, kökü Qarabağdan (Cəbrayıl, Böyük Mərcanlı) olan könül dostum İsmayıl İmanzadənin sevincinə şərik olmaq istədim: qardaş,  gözün-gözümüz aydın! Sən axı  əhd etmişdin - yubileyini doğma ocağında keçirəcəm! Əhdinə çatdın!

İyul olayları, şərəfsiz ermənilərin qəfil hücumu, verdiyimiz şəhidlər onu çox ruhdan salmışdı: "Daha mənimki keçdi, bir də o yerləri görmərəm", - deyirdi. Xatirələrin işığında, istisində qızınmağa çalışırdı.

İ.İmanzadə ilə müxtəlif tədbirlərdə, toyda-yasda, eləcə də AYB Mingəçevir bölməsində çox görüşlərimiz, söhbətlərimiz olub. Hər dəfə də ortaq düşüncələrimizin kəsişən xətti Qarabağ (!) olurdu; uzun illərin aranlı-dağlı ömürlüyünü vərəqləməyə çalışırdıq.

- Arazı yarıb keçəndə (1993, 23 avqust, gecə yarı)  yaxın qohumum boynumdan elə yapışdı ki, az qala ikimiz də boğulmuşduq. 300 m-lik məsafəni birtəhər üzüb qarşı tərəfə çıxdıq. İranlı soydaşlarımızın köməyi ilə Biləsuvar tərəfə keçdik. Susub siqaret yandırır - hə, Bakıya getmədim, elə vəziyyətdə idim ki, pul-para yox, canımızı götürüb çıxmışdıq.

Arada sükut (hüzünlü, sirayətedici) yaranır. Yaddaşının ağrılı tərəfini çox da tərpətmək istəmir. Elə mən də onu suallarımla yormuram. Susub gözləyirəm.

"...Allah şahiddir ki, o vaxtlar Bakıya gəlməsi üçün onu çox dilə tutsam da... köhnə tanış və dostlarından imdad diləmək istəmədi... Mingəçevirə üz tutdu (Tariyel Abbaslı)".

"İsmayıl müəllim sadəcə üz tutmadı, "tədricən bu "ruslaşmış" şəhəri şeir məkanına çevirməyə başladı. (Rüstəm Kamal)". Özünün təbirincə "Kürü Araz, Boz dağı Diri" bildi.

- Evdən çıxanda ən çox xatırladığınız nədir? Aradan uzun illər (27) keçib. Nəyə daha çox təəssüflənirsiniz?

- Otaq dolusu kitablarım - kitabxanam, zəngin arxivim və əlyazmaları düşmənin əlinə keçdi. Aydın məsələdir - yandırılıb! Qüdrətli ordumuz kəndimizi azad edəndən sonra, orada çəkilişlər aparılıb. Sağ-salamat yer yox idi. 8 otaqlı evimi 10 ilə tikdirmişdim - daşınacan sökülüb daşınmışdır. Nola deyirdim, inzibati bina kimi istifadə edərdilər, ya da elə bir ailə (ailə demək mümkünsə? - F.Ə.) yaşayaydı, ora qayıda biləydim. Dığalardan heç nə qalmasın deyə, hər şeyi, gözlərinə görünən nə varsa məhv edirlər! Ağacları kökünəcən (tənəkləri də - F.Ə.) doğrayırlar! Dünya da susur. Böyük Mərcanlı Qarabağın iri kəndlərindəndir. 3 orta, 1 səkkiz illik, 1 musiqi (ibtidai) məktəbi vardı. Buradan dəmir yolu keçirdi - izi-tozu görünmür, relslər sökülüb, sonrası da məlumdur...

İsmayıl müəllim arada bir siqaret də yandırır. Yox, düz demədim, siqareti siqaretin oduna calayıb, dayanmadan çəkir. Xətrinə dəyməz inşallah, parovoz kimi tüstülədir.

- Harda qalmışdım? Hərdən soruşurlar, kənddən çıxanda özünlə nə götürmüsən? Əslində, heç nə, axı dedim canımızı zorla qurtardıq. Evdən bir qom (dəst) açarla çıxdım. Arada çıxarıb baxıram; hər qapının, o cümlədən seyfimin öz xüsusi, qəribə səsi vardı. Belə baxanda heyifsilənmirəm, ordumuz-qəhrəman əsgərlərimiz bizi xəcalət hissindən qurtardı! Mübarək şəhidlərimizin didərgin  ruhu  şad olar! Bilirsənmi, nə qədər qarabağlı bu dözülməz dərdi özləri ilə qara torpağın altına apardı?

 

Dərd içilməz qurtum qurtum,

Kimin ətəyindən tutub?

Çiynimdə qalıb tabutum

Harda qazım gor evimi?

 

O danışır, - mən susuram - ürəyini boşaldır. Elə bil birdən-birə dəniz kimi kükrəyir, sahilinə sığmır, bir anda da sakitləşib yatağına çəkilir.

Sevinc hissini yaşamağı öyrənirik. Belə hissi görməmişik, keçirməmişik. Hələ sevə-sevə yaşamalıyıq - şahidi olduğumuz tarixi günlərin dəyərini, çəkisini və əlbəttə ki, əhəmiyyətini bütün dərinliyi ilə özümüzdən-içimizdən keçirə-keçirə necəliyini duymaq, başa düşmək üçün zamana ehtiyacımız var.

O danışır... Qarabağın nəbati (sirli-sehrli) naxışları gözlərimin qarşısında cilvələnir: hər biri öz rəngində, - ahəngində. İnsan ömrü bir cümləyə sığmaz -sığmır da. Taleyinmi, fələyinmi oyunudur - aldığımız hər nəfəs, içimizdə söndürə bilmədiyimiz  hayqırtı, qundağında boğulan xəyallar, - sükutda şam kimi əriyir! Di gəl ki, sükutda əridə bilmədiyimiz nəsnələr sözlərin içində uyuyur. Məncə, durğu işarələri, tale işarələridi - getdiyimiz, keçdiyimiz yolların enişli-yoxuşlu dolanbaclarına bələdçilik edir, istiqamətləndirir bizləri. Vergüllər, nöqtələr enişlərdən yoxuşlardan soraq verir. Uğurları nidalar əvəzləyir. Ali Baş Komandanımızın dediyi kimi - "Qarabağ Azərbaycandır!" bunun bariz nümunəsi  Şuşa şəhərində dalğalanan bayrağımızdır!

...Səs uzaqdan gəlir: evimə 3 tərəfdən bulaq suyu gəlirdi. Hərəsinin öz dadı, tamı, şirinliyi. Qapını açan qonağın ilk işi o sudan içməkdi! Gözləri yol çəkir, xəyalında hələ də hərarətini hiss etdiyi otaqları bir-bir gəzir, - qismət olsa qayıdacam!

 

Yaralıdır ünüm, səsim

Gözümdə qalıb həvəsim.

Ana Kürüm inciməsin,

Əvəzi yoxdu Arazın...

 

İsmayıl İmanzadə ocağındakı bulaq suları özündə "dirilik suyu"nu (assosiativ yanaşmada) ehtiva edir. Bilməm o, həyatda axtardığını tapdımı - soruşmaqdan vaz keçirəm. Hər halda kəndini tapdı - doğma el-obasına qovuşdu! Bu da elə bəxtin bir sürprizidir. 

Xarici ölkələrin birində yaşayan, əslən şuşalı (jurnalist) xanım telefonda yaşadığı evi görüb, sevincindən uşaq kimi atılıb düşürdü: - "12 yaşında çıxdığım şəhərdə yarımçıq hekayəm var. Hər gün yaşıdım olan qızla birlikdə oynayardım. Qayıdanda yarımçıq oyunumu davam etdirəcəm!".

         - Qayıdanda siz nə etmək fikrindəsiniz? Sizin də orada yarımçıq hekayəniz var, yolunuzu gözləyir!

Sualıma sualla cavab verdi: - Ömür vəfa edərmi? Ev tikmək gün-güzəran yaratmaq - gecdir, çox gecdir... Bir qızım Tovuzda, biri də burda - Mingəçevirdə ailə qurub - nəvələr böyüyüb, ali məktəbdə oxuyurlar - tək hara gedim? Sözünə ara verib (növbəti siqareti yandırır) - əlbət ki, kəndimizə getməyinə gedəcəm. Hər daşını, hər qayasını ziyarət edəcəm, sonrası Allah kərimdir.

Danışa-danışa, sanki buradan uzaqlaşır. İndi o, öz iş otağında yox, Qarabağda - Böyük Mərcanlıdadır! Üzünün nurlanmağından duyuram. Daha onu xəyallarından ayırmaq, suallarla yormaq istəmirəm. Yaxşı bilirəm ki, uzun illərin ağrı-acısı, uzun gecələrin yorğunluğu indi-indi canından çıxır. Qoy dincəlsin, rahatlansın və çin olan yuxularından sonra beləcə işıqlansın, gözü-könlü gülsün!

Əzizim İsmayıl müəllim, bayram bayrama qarışıb! Hər gün xoş bir xəbər eşidirik...

Bu kiçik yazıda bilərəkdən ənənəvi ritorikadan uzaqlaşdım. Yubiley (75) yazıları siam əkizləri kimi bir-birinə oxşayır, yeknəsəqlik doğurur. Ədəbi imkanların haqqında çox yazılıb, deyilib - təkrar etmədim, o niyyətlə ki, ədəbi ictimaiyyət öz sözünü deyəcək.

Əziz qardaşım, səni bağrıma basıb ürəkdən təbrik edirəm. Sənə möhkəm cansağlığı, 100 yaşında da belə şux və şax, "qədd-qamətli, ləngərli yerişi (V. Aslan)", kişi görkəmini qoruyub saxlamağı arzulayıram. Yaradıcılıq tale işidir -uğurlar səni tapır - tapacaq.

P.S. Neçə gündü ara vermədən yağışlar yağırdı. Neçə gündü intizarında olduğumuz Ağdam, Kəlbəcər və Laçın şəhərlərində bayrağımız dalğalandı və bu gün, bu yazının son nöqtəsini qoyduğum gün, qəfil yağış kəsdi. Dalınca da buludların arasından günəş boylandı! Günəşli günlər bizi gözləyir, qardaşım!

 

02.12.2020


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!