Əmimgilin məhəlləsi - Üzeyir Əlizadə

  İç-içə yerləşən yöndəmsiz kiçik birmərtəbəli evlərin mənzillərinə darvaza ömrü yaşadan bu məhəllə həm də divar duruşuyla yol kənarındakı maşın gözətçilərinin "qoruduğu" hay-küylü "xəstəxana küçəsi"nə qədimlik pozası verir.

Bu məhəllənin bütün sakinləri, hamısı bir nəfər kimi, hər gün xəyallarında tezliklə evlərinin sökülüb, yerində hündürmərtəbəli bina tikiləndə hansısa sahibkardan çoxlu pul qoparmaq arzu və ümidlərini qəzəblə silahlandırıblar. "Məhəlləmiz söküləndə biri-birimizə yaxın yerdə ev alıb qonşu olarıq" deyən yaşlı qadınlar yuyulmuş paltarlarını məhəllənin düz ortasındakı paltar ipindən asmaq növbəsi uğrunda günaşırı dava-dalaş seremoniyalarının yeganə səbəbi yorğun əsəblərinin dözümsüzlük zəifliyi, ya da yaşlı ömürlərinə qəfil geri qayıtmış gənclik səbirsizliyindəndir. Yaşları 80-85-dən yuxarı olan , ərlərini itirmiş bu 5-6 arvadın yeganə təsəllisi "dul" sözünün heç birindən yan keçməməsidir.

Zamanlarının çoxunu məhəllələrinin düz ortasında oturub, "vacib toplantılarla" mənalandırırlar qalan ömürlərinin kəm tərəfini. Bu toplantılara qonşu məhəllələrdəki həmyaşıd arvadlar, həqiqi üzv olmasa da, tərəfdaş tərəf kimi qatılmaq hüququ əldə ediblər. "Səs" hüququ olmayan qonşu məhəllənin arvadları, məhəllə arvadları tərəfindən toplantılara xəbər gətirib, xəbər aparmaq, çıxışlar etmək, rəy bildirmək, qeybətlərinin ən kulminasiya məqamlarına qədər zəngulələr vuraraq improvizələr etmək kimi hüquq və səlahiyyətlərlə görəvləndirilmişlər...

O yaşlı qadınsa kənarda əllərini dizləri üstünə qoyub, köhnə, alçaq dördayaqlı taxta oturacaqda oturub, başını aşağı salaraq dodağı altında bu sözləri pıçıldayır:

- Allah, sənə min şükür, külli aləmin sahibisən, verən də sənsən, alan da sənsən..., Adilsən, Vəkilsən, Baissən..., 99 adına şükr olsun. - Sonra: "Ya Allahın bir adı" deyib, əlləriylə dizlərindən kömək istəyərək ayağa durur.

Siyasət - məqsədə nail olmaq sənətidir.

...Siyasi hadisələrin təhlili yığıncaqlarının ana mövzusu olmasa da, bəzən dünyada baş verən hadisələrə də biganəlik göstərmirlər. "Siyasi təhlillər" zamanı özlərinə məxsus xüsusi "terminologiyalardan" geninə-boluna yararlanmağı bacarırlar. Dünya siyasətinə baş vurub, sonra bu dərinlikdə boğulmaq təhlükəsini hiss edən kimi mövzudan yayınmaq bəhanəsiylə canlarını götürüb gülməli vəziyyətdə çullarını sudan çıxarmağa çalışırlar...

İnsan o zaman gülünc vəziyyətinə düşüb, gülüş obyektinə çevrilir ki, o, istər əqli, istərsə də fiziki olaraq gücü çatacağından daha ağır yükü qaldırmaq iddiasında olur. Eynən ruhi bir xəstənin "Mən Napoleonam, mən Nyutonam" və bu tip deyimləriylə özünü hansısa tarixi səxsiyyətin timsalında reallaşdırmaq istəyi, ya da hansısa bir adamın ağır yük altındakı bədəninin gülməli pozası kimi. Başqa halda, bu kimi iddialarda bulunmayan ruhi xəstələrə mərhəmət hissi yaranır, ağır fiziki yük qaldırmaq istəyən adamın ehtiyacı olanda isə kömək nümayiş etdirik, gülüş yox.

...İlan udduğu qidasının həzmi üçün ağaca, daşa sarıldığı kimi, bu məhəllənin yaşlı arvadları da toplantılarındakı mövzulara sarılıb, konfliktlərini, daxili münaqişələrini, bir-birlərinə olan şəxsi hikkə və acıqlarını zahiri mehribanlıq davranışları altında gizlətməyə çalışsalar da, bir-birlərini "həzm" edə bilmirlər.

Məhəllədə oynayan uşaqların paltarlarına göydə bioloji tələbatını ödəyən  bir quşun zılı düşüb bulaşdıranda arvadların "göydən gələn nə varsa müqəddəsdir" inanclı, amma heç bir elmi, tioloji, mifoloji əsasa söykənməyən "Bala, böyüyəndə pullu olasan, quş zılı bərəkətdir" deyimləri, uşaqlarla yanaşı, həm də analarını sevindirir ki: oğlu böyüyəndə pullu olacaq...

Ziyalısı olmayan məmləkətin taciri varlı olar.

...Girişindəki inzibatçılıq, içərisindəki natamamlıq vəziyyətindən xəbər verən, həkim qəbuluna gələn xəstələrin, xəstəsiylə görüşə can atanların mühafizəçiləri tərəfindən mənasız, bürokratık əngəllərlə bezdirilən bir xəstəxanaya da qonşuluq edir bu məhəllə...

Bədənin daşıyacağı ən ağır yükün adı ölümdür.

Pompey xarabalıqlarında yeganə uçub-dağılmayan evlərdən birinin qarşısındakı uzun növbə diqqətimi çəkir. Turistlərin bu evə daha çox maraq göstərmələrinin səbəbi isə sən demə, pozğun həyat tərzi keçirən qadınların kişi müştərilərinə iki min il öncə bu evdə xidmət göstərmələri imiş. Bu evə baxmaq üçün növbə gözləyən turistlərin içərisində ailəli və nişanlı cütlüklər daha çoxluq təşkil edir. Şəhərin uçub-dağılmış xarabalığında salamat qalmış bu evin təyinatı barədə məlumatım bir el deyimini xatırlatdı: "pozğun ol, bəxtin olsun".

Bank yarıb pul aparmaq - cinayət ənənəsi ölməz məzmununu dəyişməyib, sadəcə, üslub formasını dəyişərək silahı klaviatura düyməsiylə əvəzləyib.

...Balaca qızcığaz arvadların toplantılarının birində ağlayır, səbəbi qəfəsdəki bir cüt tutquşudan birinin ölməsidir. Nənələrin təskinlik vermə məqsədilə səfərbər etdikləri "bilik və bacarıqları" balaca qızcığazın kədərinə qəti aidiyyatı yoxdur. Tutuquşu cütlüyünün tamamlanması - bır ədəd quş alınması üçün tərəfimdən uzadılan pul körpə qızcığazın kədərini həmən sevinclə əvəzləyir. Tələsik ayağa qalxıb tutquşu almaq üçün küçəyə şığıyanda arxasınca: "Qızım, dişisini alacaqsan, ya erkəyini? Bax gör ölən dişi, ya erkəkdir?" sualımdan diksinib ayaq saxladı, başını nazik boynu ilə geriyə döndərib dodaqlarını büzərək, çiyinlərini "bilmirəm" işarəsi ilə yuxarı dartdı. Nənələrin məsləhətinə görə, cinsin fərqi yoxdur: "təki birini al gətir" nəticəsilə yekunlaşacaqdı sonluq. Amma arvadlar qızcığaza dediyim bu sözlərdən nəinki hirslənirlər, əksinə, gülməkdən üz qırışlarını gizlədə bilmirlər: - Qızım, erkəyini al, ölən erkək olacaq. Görürsənmi, hamısı ərlərini çərlədib oldürüb, özləri isə sağ-salamat oturublar burada.

Məhəllənin bu yaşlı sakinləri təfəkkürlərinin qədim xəbərlərdən qidalanıb qol-budaq atmış mentallıqlarına ömürləri boyu mövsümi budanma və aqrotexniki qulluq göstərmədiklərinə baxmayaraq mühafizəkarlıqları hec bir yad təsirdən zədələnməyib...

Şüurun vahidi yaddaşdır.

Yayın qızmar havalarında köhnə, nimdaş jaket, palto geyimli ruhi xəstələrin zibil qutularında eşələnməsi dünyanın hər yerində qarşılanan səhnədir: bu adamlar dünyanın yeganə oxşarlarıdır.

...Məhəllənin bu 80-90 yaşlı arvadları həyatı hamı kimi elə sevirlər ki, elə bilirlər ölməyəcəklər, ölsələr də çox gec öləcəklər. "Mən" anlayışı onlar tərəfindən bir ad anlamındadır. "Mən" psixikası, "Mən"ə olan reaksiyaları onlarda da çoxları kimi, özünə vərdiş qavramındadır. Hər beyin eyni tərkibli məhsul ifraz etdiyi halda, bəs nədən ayrı-ayrı şüurlar, "mən"lər yaranaraq, ayrı-ayrı fərdlər təcəlla olur? Beynin bioloji-kimyəvi tərkib və quruluşu hamıda eyni olduğu halda biri-birini təkrar etməyən mən-sən fərqliliyinin hikməti nədədir bəs kimi suallar... Hər hansı bir hadisədən, obyektdən uzaqlaşıb uzaqdan müşahidə etdikdə mənasını, yaxınından müşahidə etdikdə isə mahiyyətini anlamaq olar" nəzəriyyəm onların həyat düsturlarında öz mahiyyətini itirir...

Məntiqsiz sevgi fanatlıq, məntiqli sevda aşiqlikdir.

...Ağızlarının itmiş dadının günahlarını yediklərində, zəif görmələrinin günahlarını isə havanın bulanıqlığında axtarırlar. Onlara elə gəlir ki, dünyanın rəngi dəyişib, səma, buludlar əvvəlki rəngində deyil, heç günəş də əvvəlki işıqlığında deyil. Bu ümidlərlə səbəbkar axtarışlı mövqelərini inadcıllıqla qorumağa cəhd edirlər.

Tarix dünya savaş meydanlarında indiyədək görmədiyi hadisəni, ordumuzun itirilmiş torpaqlarımızın geri alınması uğrunda apardığı haqq döyüşündə gördü: canlı savaşın 100-200 metr məsafəsində - Araz çayının cənubundan təhlükəsiz, eygili şəraitdə cənublu soydaşlarımızın savaşı tamaşa edərək videoya almalarını. Hollivud kino adamlarının həsədinə səbəb ola bilən: canlı müharibənin lap içərisindən çəkilən kinokadrlar kimi. Hələ bu savaşın ürək dağlayan, qəlbi tarmar edən tərəfləri: iki qardaşdan birinin vətən üçün quzeydə candan keçməsi, digərinin isə vətən üçün güneydən seyr etməsi kimidir bu məhəllə arvadlarının hadisələrə mövqeləri.

Məhəllənin yaşlı arvadlarının hərflərlə ünsiyyəti, mənim qədim gil, daş yazıları üzərindəki hərflərlə olan ünsiyətim kimidir. Əks təqdirdə, bu yazımla o məhəllə darvazasının üzümə taybatay bağlı olardı reallığına şübhəniz olmasın...

Torpağı irəliyə hərəkət edib şumlayan traktor, torpağı geriyə hərəkət edib bellə qazan kəndli...

"Hərəkət zamana görə deyil, zaman hərəkətə görə müəyyən olunur". Ə.Bəhmənyar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!