Kamal Abdulla bizim mənəvi-intellektual dünyamıza təkcə yazdıqları ilə təsir etməyib, bir az da dərinə getsək o, sovetin dağdan-dərədən tutub ədəbiyyata doldurduğu, kollektiv şəkildə şair, yazıçı elan etdiyi psevdo-ziyalı obrazının qırılma nöqtəsidir.
Çap olunduğum ilk gündən özündən sonraya ancaq lətifələr toplusu, çayxana söhbətləri qalan, istedadın arxayınlığına yayxanıb ömrünü cırcırama sərgardanlığında keçirən, yaradıcılığın əvvəlini nağdlaşdırıb sonrasını nisyə yaşayan ədəbiyyatçılarla aram olmayıb. Kamal Abdulla bu yaşınacan bir gün belə yazıdan, ədəbiyyatdan, yazıb-yaratmaqdan aralı düşməyən, yaradıcılığı təkcə öz bədii əsərini – roman, hekayə, şeir, pyes yazmaq kimi yox, eyni zamanda başqalarının yazdıqlarına qiymət vermək, onları tanıtmaq, tədqiq etmək, tərcümə etmək kimi daha geniş planda qavrayan nadir adamlardandır. Ədəbiyyatımızda onun kimi yaradıcı prosesi bütöv və geniş şəkildə başa düşən müəllif barmaq sayıdır.
Kamal Abdulla təkcə bədii və elmi yaradıcılığı ilə ədəbiyyatımıza təsir etməyib, vaxtilə dövlət televiziyasında apardığı, bu gün belə tamaşaçıların o sanbalda ədəbiyyat söhbətlərinə təşnə olduğu “Qoşma” verilişiylə təzə, maraqlı söz eşitmək üçün gözünü ekrana dikən həmvətənlərimiz üçün nəfəslik olub, heç bəlkə özü də təsəvvür etmədiyi yerlərdəki insanların yetişməsinə təkan verib, onların kumirinə çevrilib. Yaxın illər ərzində ən müxtəlif yerlərdə, heç gözləmədiyim anda “Qoşma” verilişinin insanların yaddaşına necə həkk olunduğuna şahid olmuşam. Gecənin bir vədəsi həmsöhbət olduğum, öz dediyinə görə diplomlu taksi sürücüsündən tutmuş, yorucu bir tədbirdə siqaret fasiləsinə çıxdığım təzə tanışlara qədər ən müxtəlif kəsimdən olan insanlar ürək-könül arxivlərinin bir hissəsini müvəqqəti “hamıya açıq” edəndə, məlub olub ki, həmişə Kamal Abdullaya qibtəylə baxıblar. Bizim sayt üçün (sim-sim.az) “Qoşma”nın arxivini bərpa etmək istəyəndə, təəssüf ki, çox az hissəsini əldə tapa bildik. Amma yayımladığımız Ənvər Məmmədxanlı ilə unudulmaz söhbət belə göstərir ki, hələ o vaxtdan Kamal Abdullanın müzakirəyə çıxardığı məsələlər öz dövründən nə qədər irəlidədir. Bu gün belə canımızdan çıxmayan axmaq ədəbi klişelərindən biri olan ədəbi qruplaşmalar məsələsinə hələ o vaxt həmin verilişdə çox sərrast tərif verilib: biri var ədəbi qruplar – onlar estetik fikir birliyi ətrafında birləşir, biri də var ədəbi dəstələr – onlar say çoxluğu əsasında toplaşırlar. Birinci ətrafında ədəbi cərəyanlar, yeni təmayüllər formalaşır, ikincinin ətrafında, Bodlerin kontekstini dəyişdirsək, şər çiçəkləri tumurcuqlayır.
“Yaxşı mətn həm də başqa yaxşı mətnləri yada salmalıdır” – Kamal müəllimin bu ifadəsini çox sevirəm. Nəzəri dildə buna intertekstuallıq da demək olar, mən isə buna “ədəbi birgəyaşayış” – deyirəm. Ancaq geniş daxili dünyası olanların yaradıcılığında başqa mətnlərə də yer olur. Darısqal ürəklər təkadamlıq kameradır. Bu, elə multikulturalizm ədəbiyyatdakı qarşılığıdır.
Kamal Abdulla mənim üçün fantaziyadan üz döndərmiş, yerin cazibə qüvvəsindən aralana bilməyən birqatlı sosrealist fəlakətdən sonra ədəbiyyatı öz dədə-baba yurduna – mifoloji obrazlar diyarına, bədii sözün alternativ dünyasına qaytaran, gerçəklik qatını təxəyyül qatıyla barışdıran böyük yazıçıdır.
Ədəbi nəsildaşları içində Kamal Abdulla qədər heç kim gənclərlə ünsiyyətə açıq olmadı, heç kim onun kimi gəncləri nəsihət subyekti yox, həmsöhbət, həmkar kimi qəbul edə bilmədi. O qədər olub ki, üzünü görmədiyi, hələ əlinə təzə qələm alan bir gəncin yazısını bəyəndiyi üçün onunla tanış olmaq, ona təşəkkür etmək, dəstək olmaq üçün mənə zəng vuraraq həmin gəncin sorağını alıb. Ömrünü həsr etdiyi “Dədə-Qorqud” personajlarını mifoloji heykəllər olmaqdan xilas edərək bizim ünsiyyət məkanımıza gətirən yazıçı başqa cür davrana bilməzdi.
Kamal Abdulla özü olmadığı məkanlarda belə həmvətənlərinin şax, üzüağ, alnıaçıq gəzməsinə vəsilə olub. Bir dəfə türkiyəli həmkarlarımızla İstanbul Kitab Yarmarkarsından çıxıb İstiqlal caddəsindəki xudmani bir irland pabına yollandıq ki, söhbətləşək, bir-birimizi tanıyaq. Söhbət necəsə yaxın aylarda bir müsahibəsində “Dədə Qorqud” dastanından bəhs edən Orxan Pamukun fikirlərinə gəlib çıxdı. Pamuk sonuncu romanı “Qırmızı saçlı qadın”la bağlı Türkiyənin məşhur “Hürriyət” qəzetinə verdiyi müsahibəsində demişdi ki, bizim təhtəlşüurumuzun əsas kitabı “Dədə Qorqud”dur, onun freydist, yunqçu metodla analiz edilməsini çox istərdim. Söhbət əsnasında mən deyəndə ki, bizdə bu cür araşdırmaları Kamal Abdulla çoxdan edir, xeyli heyrətləndilər. Başqa bir görüşdə isə Türkiyədə yaşayan tələbə dostlarımızdan biri dedi ki, ölkəmizdən bura gələnlərin çoxu elmimizi təmsil edə bilmir, əksəriyyəti gəzməyə, alış-veriş etməyə, vaxt keçirməyə gəlir, yazdıqları da təəssüf ki, gülüş doğurur. Yeganə adam Kamal Abdulladır ki, onun “Dədə Qorqud”la bağlı tədqiqatlarının fanatları var. Kamal müəllimin yazdığı sanballı araşdırmalara görə, bizə də hörmət edirlər.
Kamal müəllim ədəbiyyatın ən durğun, hərəkətsiz vaxtlarında həmişə irəli durub, qabağa düşərək nəsə etməyə çalışıb: bu, gah mükafat təsis etmək olub, gah fond qurmaq, gah virtual fakültə açmaq. Sizə deyim ki, Kamal müəllim sözün birbaşa, həqiqi mənasında ideya generatorudur. Bugünəcən gördüklərimiz həmin ideyaların bəlkə də heç yarısı deyil.
İş prosesində çox tələbkardır, boz üzü də var, amma bir gözəl yazıdan, bir isti xatirədən kövrələn, qəhərlənən üzü də. Bir neçə il qabağın söhbətidir, 1993-cü ildə Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalandan sonra 18 həmvətənimizi ordan çıxaran mərhum Əli Əliyev xatirələrini danışırdı. Əli müəllim erməni mühasirəsindən çıxıb öz əsgərlərimizlə rastlaşanda hamının bir-birini qucaqlamasını danışanda Kamal müəllimin necə kövrəldiyini yəqin, heç vaxt unutmayacam.
Kamal Abdulla o adamlardandır ki, onun sükutu da çoxqatlıdır, çoxmənalıdır. Bəyəndiyi şey olanda heç dinmədən razılıqla başını elə yelləyər, çöhrəsi elə bir ilıq təbəssümə bürünər ki, qarşısındakı adam üçün yüz tərifli sözdən yey olar. Əsəbləşəndə bir kəlmə də demədən elə susar ki, qabağındakı az qalar bircə sözü üçün qurban desin.
Gördüyü bütün işlərə ürəyini, ruhunu qatır. İşə hamıdan tez gəlir, hamıdan gec gedir. Yorulduğunu görmüşəm, darıxdığını görmüşəm, amma heç vaxt işə görə deyindiyini görməmişəm.
Minnətdar olmağı ən üstün keyfiyyət sayır və buna hər fürsətdə riayət edir. Ona yardım etmiş, yol göstərmiş, əlindən tutmuş, necə deyərlər, bir hərf öyrətmiş adamları ən gözlənilməz anlarda yada salır, rəhmət oxuyur. Bütün yaxşı müəllimlərini indiyəcən fəxrlə xatırlayır. Heç bir adı-sanı, titulu, rütbəsi olmayan sinif yoldaşları, həyat dostları haqqında dünyanın ən böyük, ən müdrik, ən təmiz adamları kimi danışır. Söz götürməyəndir, amma elə də olur ki, özünə atılan daşı vecinə almaz, dostuna dəyən zərbə üçün dünyanı dağıdar.
Mən onu rəsmi dövlət tədbirlərində də, universitet iclaslarında da, ədəbiyyat tədbirlərində də həmişə alicənab, aristokrat obrazda görmüşəm. Və onun bu xarizmatik obrazının bizim kültürümüzə təsiri yazdıqlarının təsirindən az deyil.
Ucsuz-bucaqsız arzularınıza, bizi böyüdən böyük ideyalarınıza görə çox sağ olun, Kamal müəllim! Min günəşli təbrik!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!