Şuşa, Laçın, Kəlbəcər... yaxud Abbas Tufarqanlının Dağları

    Şuşaya, Laçına, Kəlbəcərə onsuz da hər il qar yağırdı, xəbərimiz yoxdu. Bir də duman. Ağappaq. Görünməyən. Duvaq kimi. Görməsinlər. Duman, gəl get bu dağlardan// Dağlar təzə bar eyləsin// Nə gözlərim səni görsün // nə könlüm qubar eyləsin. Hər səhər, günəş doğar-doğmaz dağ döşündəki çiçəklərin və ümumən təbiətdə olan hər şeyin rəngi dəyişir, bir də qürub zamanı. Bunları görmək, müşahidə eləmək və anlamaq ki, düzü-dünyanın ağappaq qara bürünməsi artıq sondur, hər şey dəyişəcək, bütün pisliklər yox olacaq və sairə. Bədii mətndə hər hansı xassə, keyfiyyət təsdiqlənirsə, bu eyni zamanda onun əksi olan nəsnənin, yaxud keyfiyyətin unudulmaması, əksinə ona daha çox diqqət ayrılması anlamına gəlir. Yəni, təsdiq edilən nəsnəni əsas götürmək və bütün təhlilləri onun üzərində qurmaq yanlışlıqdır. Duman pərdədir, gözəl şeyləri həm qoruyub hifz edən, həm də onların üzə çıxmasının qarşısını alan nəsnə. Bu iki keyfiyyətin bir-birinin yanında yaşama, nəfəs alma tezliyi ifrat səviyyəyə çatdıqda bir an öncə dünyaya gələn nə varsa köhnəlir, qarıyır, içindəki mənanı ətrafa yetirmədən içində qocalır. Duman həm də insanın özündən də gizlətdiyi sirdir: nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin... Vaxtilə dediyin, yaxud demək istədiyin bir sözün ilk hecası tələffüz edilməmiş sənə duyğu telləriylə bağlı olan insan tərəfindən duyulmuş və bunu bilən kimi duman bürümüş hər yanı. Duman səninlə ayrılıq arasındakı pərdədir, keçilməz səddir, hər şey bircə sözdən çiliklənib dağılacaq kimi o sözü dilin altında saxlamısan. Görməmək, eşitməmək istəyi hər şeyin meydana çıxmasından qabaq duyulmasıyla bağlıdır. Ən dəruni hiss odur ki, xəbər gəlməmişdən, söz yaranmamış və deyilməmişdən öncə ən dərdli şeyi ürəyində görəsən. Onsuz da lüğətimizdə (sözlüyümüdəki) hər bir söz hər gün, bəlkə hər saat, hər an yenidən doğulur, dünyaya gəlir, hər səhər açılanda və hər gün batımında sözlərin hansı iztirabın içindən doğulduğunu təkcə quşlar bilir: quşlar saatla yox, işıqla başlayırlar oxumağa (V.Səmədoğlu). Tufarqanlının şeirində duman var, dağlar var, ancaq dağların sinəsinə yumşaq köz kimi basılan qar örtüyü yoxdusa da təsəvvür edilir. Ancaq yox, obrazların, səs və sözlərin düzülüşü, meraforanın bildirdiyi kimi bu ovqat yaz çağının, güllərin, çiçəklərin rənginin anidən dəyişdiyi sübh çağının görüntüsüdür, ya bəlkə də gün batımının. Kim bilir, bəlkə də bu iki vaxt "uçqununda" tutulan, müşahidə edilən rənglərin sözlərə çevrilməsi...      Tufarqanlı bizim şeirimizdə bütün zamanları kapsayır, həyatımızda nə baş verirsə, başımıza hansı bəlalar gəlirsə bu şeirdə şeh içində yatan ləçəklərini, tumurcuq və çiçəklərini görürüsən. Bu, Tufarqanlının sənətkarlığından yana həm də tale məsələsidir, xalq bəzən öz taleyini, həyatına yazılacaq tarixi bir şairə, onun dilinin yanan yerində cücərən insana tapşırır. Ona görə işğaldan azad edildikdən sonra Şuşanın ilk qarı həyatımıza təmiz şeylər gətirdi, bu qar Novruz bayramı kimi bütün küsülüləri barışdırdı. Bu qar dünya dolu sevincdi, Artur Rembo demişkşn, yalnız ağı düşünmək... Ama bir nüans da var: yol uzunu baxırsan, şəhər üfüqdə ağarır, itir, özünə gəlir... Bir dəfə xaricilərlə sübh tezdən İmişlidən yola çıxdıq Füzuli tərəfə, duman dağları üfüqlərdən o yana, onların ötəsinə aparmışdı, bu sakitliyi ancaq duman və qar yaradır, Şuşanın qarı möcüzədir... Başqa sözlə, bizim ədəbiyyatda, xüsusən poeziyada hər şey birbaşa, yaxud dolayısı ilə Tufarqanlı ilə, onun taleyimizdəki obrazıyla bağlıdır.

N.S.Qumilyovun romantik və simvolik obrazları əsasən qarla, dağların sinəsini örtən qar örtüyü ilə bağlıdır. Onun poeziyasında "qar" denotativ komponentinin olduğu leksik vahidlərin iştirak etdiyi kontekstlərin analizi göstərir ki, şair əsas diqqətini qar örtüyünə ayırır. Bu halda, qar örtüyünü təsvir edən kontekstlərdə romantik estetika zühur edir. Əksər hallarda N.S.Qumilyov qarı dağlarda təsvir edir. Bu şeirdə eyniköklü zərflərin təkrarı sayəsində təbiətdən çətinliklkə tutula bilən çalarlar həmin obyektlərlə metaforik yaxınlığı olan digər əşyaların üzərinə köçürülür. Qarın ağlığı ətraf dünya üçün ölçü vahidi, meyar olur.

Əli Kərim: Sevgisi də soyuq idi, təzə əkini hər bəladan hifz edən qalın qar kimi. Əli Kərimdə qar haqqında ayrıca şeir tapmaq çətindir, yuxarıdakı misrada ("Atamın xatirəsi") göründüyü kimi qar onun deyimlərində nəzərdə tutulurdu. Bu çox vacib faktordur. Nəyisə, müqəddəs bildiyin hansı adısa ömür boyu yazmadan, yada salmadan ancaq ondan bəhs etmək, onda gördüyün keyfiyyətləri başqa əşya və obyektlərin üzərinə köçürüb düşünmək və beləcə cızılan dolanbaclardan keçib sənin üçün ən əziz şeyi pıçıldamamaq; hər bir mükəmməl şairdə, yaradıcılıqda daha sonralar açılması mümkün olan əsas sirr olur, M.Füzulidən ona görə illərdir çox danışılır ki, bu sirr hələ tapılmayıb, Tufarqanlıdan danışanda, yaxud yazanda hiss edirsən ki, deyilməli sözlərin yanından keçdin və yalnız keçəndən sonra bildin, istənilən bədii yaradıcılıqda gözəl şeylərin, unikal obraz və təsvirlərin, dünyanı nəfəsinin içində əridən metaforaların olması və.. onların qocvalıb köhnəlməsi olan işdir, əsas məsələ bu şairin nəzərdə tutduğu, könlündə saxladığı həmin sirdir. 

Sonra Məmməd Araz. Dağlara qar düşdü...Onun şeirində qar gəldiyi yolda duman "kollarına" ilişən xəbərdi. Dağlara qar düşdü, qar düşdü// Yada yar düşdü, yar düşdü...

 

Dağlara qar düşdü, qar düşdü yenə,

Məhzunluq ələndi oda-ocağa.

Çaylar vida deyib gülüşlərinə,

Başladı aramla gumuldanmağa.

 

Şeir sözlərlə yox, nəfəslə yazılır və bu nəfəs xəyalda doğulan obrazı mümkün dərəcədə bütün konturları ilə tanıdır. Gülüşlərdən sonra səsin boğulması - nəfəs keçidi yuxarıdakı parçada leksik vahidlərdə, onların düzülüşündə, sifət və zərflərin işlənməsində aydın şəkildə görünür. Başqa bir ayrıntı da var: fellərdən, onların semantik kontrast yaradan cütlüklərindən istifadə (ucalmaq // qocalmaq, mələmək// yetim qalmaq...) təbiətin, onunla birlikdə dünyanın bir anda dəyişməsini bütün çalarları ilə vizuallaşdırır, hüzn, məhzunluq ... kimi "pərdələr" həm qarın ağlığını, həm də qalın pərdə kimi üfüqlərdən sallanmasını göz önünə gətirir.

 

Dağlara qar düşdü, uyudu dağlar,

Dağlar həm qocaldı, həm ucaldılar.

Mələyə-mələyə quzu bulaqlar

Daşların dibində yetim qaldılar.

 

Dünyanı bir anda bir ovuc içinə, əlinin altına yığan qar indiyə qədər dilin altında közərən dərdləri də dilə gətirir, zirvələrin və qayalrın boynu buruq, küsülü duruşunu olduğundan daha aydın şəkildə göstərir, yəni təbiətin hər dəfə dəyişməsi, mənzərənin bir an içində "başqalaşması" həm də bildiyimiz və gördüyümüz əşyaların və mənzərələrin həqiqət olmadığı anlamına gəlir, axtarılan nəsnə bu çərxi-fələk kimi dövr edən dəyişikliklərin "dişlərinə"sıxılıb qalan bir andadır, onun içindədir. Qar nə qədər təmizlik, ağ-appaq qarın üstündə bərq vuran gün işığı olsa da, eyni zamanda yolların, dərələrin, yolun hər qarışında qurulmuş tələlərin üzə çıxması, gələcək xəbərlərin çəkiləcək tətiyidir. Qar təmzilik, paklıq olmaqdan yana həm də hər şeyi içində batıran, yerin dibində gizlədən, həm də saxlayıb hifz edən nəsnədir.

 

Dəli uçurumlarda ütülü görkəm,

Qartal qıyıltısı itib dərində,

Hamilə qadın tək yuxusu möhkəm,

Qucağı doludur dərələrin də.

Dağlara qar düşdü,

deyirəm yəqin:

Adamlar bu saat

kövrəkdir, mumdur.

Hamı cızığından çıxıb fitnənin,

Hamı bir-biriylə hal-əhval tutur.

 

Amma əsas mətləb:

 

Dağlara qar düşdü, elə qəmginəm...

Dağlara qar düşdü... bilirəm bu dəm

Anamın qəbri də qar altındadır,

Anamın qəlbi də qar altındadır.

Neçə demədiyi əfsanə, nağıl

Onun sinəsində - qar altındadır.

Neçə oxunmamış bayatı, ağı

Donub sinəsində - qar altındadır

Tək bircə baş daşı tənha, mükəddər

Qardan baş qaldırıb yolumu gözlər...

 

Abbas Tufarqanlı həsrəti bu şeirlə də bitmir, kim qar haqqında şeir yazırsa istər-istəməz bu şeir Abbas Tufarqanlının dağlarına yağan qarın, o möcüzənin yaratdığı mətnin davamı olur.

Məmməd Alsan. "Sümüklü dərə". Məmməd Aslan "gör neçə rəngə çalır bircə cinas bayatı" deyirdi. Bayatı sözü ilə assosiativ əlaqədə qəvvas sözünü də işlədirdi: mənim dörd hındəvərim // içim-şölüm bayatı... Məmməd Aslanən Kəlbəcərdən Qərbi Azərbaycandakı sümüklü dərə faciəsini necə görməsi sirmi, həqiqətmi, bilinmir, ancaq bir şey aydındır: yuxarıda dediyimiz kimi, qar, ağlıq, təmizlik eyni zamanda bütün pislikləri də göstərir, xalqın taleyində şırım-şırım yara kimi açılan dərdləri də.

 

Mən dərə görmüşəm: moruq qoxulu,

Mən dərə görmüşəm: nərgiz yuxulu...

Bu dərə nə qədər müdhiş, qorxulu -

Sümüklü dərə.

 

... Bura şəhidlərin gorsuz gorgahı,

Bura qatillərin məhşər Günahı!

Uçqun dodağında saxlar min ahı -

Sümüklü dərə.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!