SENATORLAR VƏ «PARAŞÜTÇÜLƏR» - ANAR

Televiziya kanalları Fransa senatının mövcud olmayan bir «dövləti» tanımaq barədə tələsik və biabırçı tövsiyəsini xəbər verdi. «Yevronyus» bir fransuz senatorunun boşboğazlığını ləzzətlə tamaşaçılara çatdırdı. Həmin senator «Azərbaycanın işğal etdiyi əraziləri dərhal azad etməsini» tələb edəndə istər-istəməz düşündüm: Bu cənab satın alınmış təxribatçıdır, ya başdan xarabdı?

Birdən-birə altmış il bundan qadaq oxuduğum mətn yadıma düşdü. Qəribədir ki, təkcə bu mətnin məzmunu və ruhu deyil, Romen Rollanın həmin mətnə epiqraf kimi verilmiş sözləri də xatirəmdə canlandı. Dəqiqləşdirməkçün kitabxanamda «İnostrannaya literatura» jurnalının 1958-ci il 6-cı nömrəsini tapdım.

Bəli, belədir, Anri Alleqin «İşgəncəli istintaq» yazısına klassikin sözləri epiqraf qoyulub:

«Rəzil fransızları ifşa edərkən mən Fransanı müdafiə edirəm» Romen Rollan. «Jan Kristof».

Onu da xatırladım ki, 1964-cü ildə Əlcəzairdə turist səfərində olarkən azərbaycanlı qonaqlar, o cümlədən ərəbşünas bacım Fidan həmin bu Anri Alleqlə də görüşüblər və o, başına gələn müsibətləri, kitabında yazdığı kimi, onlara da danışıbdır.

Ortada eynəkli – Anri Alleq

 

İndi mən, mərhum fransız jurnalistinin damarlarda qandonduran dəhşətli şəhadətnəməsini 62 ildən sonra yenidən oxuyuram. Bu şəhadətnamə Əlcəzair xalqının öz azadlığı uğrunda mübarizəsinə qarşı fransız müstəmləkəçilərinin necə vəhşiliklərə əl atmaları barəsindədir.

Namuslu fransız jurnalisti Anri Alleq öz qəzetində bu mübarizə haqqında həqiqəti yazdığı üçün cəlladların cənginə keçir və silahdaşlarını satmadığına görə görünməmiş işgəncələrə dözməli olur.

Cəlladların əlinə yeni keçənlər bir-birindən xəbər alırlar: «Çoxdan həbs olunmusan? İşgəncə veriblər? Kim, paraşütçülər, ya polislər».

O uzaq illərdə ən qəddar işgəncələri verənlər «paraşütçülər» imiş.

«Bu ağzınacan dolu həbsxanada hər hücrə – iztirablar məskənidir. Birinci mərtəbədə ölümə məhkumlar yerləşdiriliblər. Səksən nəfər dustaq, ayaqları qandallı. Gözləyirlər. Bəraət, ya edam gözləyirlər. Hər axşam məhkumlar saman döşəklərində qovrula-qovrula qalır, düşünür ki, sabah onu nə gözləyir. Bəlkə bu, ömrünün son səhəri olacaq. Amma elə o ölümə məhkumların kamerasından qadağan olunmuş mahnılar səslənir – öz azadlığı uğrunda mübarizə aparan xalqın bağrından qopmuş gözəl mahnılar.

Gecələr işgəncəyə məruz qalanların dəhşətli bağırtılarını eşidirdim. Bu bağırtılar daima qulaqlarımda səslənəcək. İşgəncələrdən üzülmüş insanlar pıçıltıyla qədim ərəb dualarını oxuyurdular».

Öz «sərgüzəştlərindən» də bəhs edən Anri Alleq özünə tətbiq olunan növbənöv işgəncələrin çeşidlərini göstərir. Döyülmək və alçaldılmaq, bədəninin müxtəlif yerlərinə sancılmış elektrik məftilləriylə buraxılan tok, aclıq və susuzluq – cəlladların vəhşi fantaziyasının uydurduğu ən müxtəlif işgəncə növləri.

Bütün bunlar o ölkədə baş verir ki, əsr yarım bundan qabaq Azadlıq, Bərabərlik, Qardaşlıq şüarlarını irəli sürmüşdü.

Amma «paraşütçülər» bu bəlağətli sözlərə məhəl qoymurlar. Onlardan biri boğazını yırtır:

«Bəli, – bura gestapodur. Sən bilirsən gestapo nədir? Sənin o fahişə Respublikanı havaya sovuracağıq».

Çox-çox illər bundan öncə «Gecə düşüncələri»ndə yazmışdım:

«Ən mütərəqqi insanların, düşünən və namuslu intellektuallarında şüurlarında demokratik dəyərlərin yer tutması birmənalı məsələ deyil. Belə adamların beyinlərində Bərabərlik, Azadlıq və Demokratiya idealları imperiya sevdasıyla qaynayıb qarışır. Fransanın azadlıq və müstəqillik aşiqləri, alman işğalçılarına qarşı əli silahlı vuruşan vətənpərvərlər bu ülvi amallarıyla bərabər, «Fransa Əlcəzairi» kimi müstəmləkəçi əqidəyə də sadiq idilər».

Belə olan surətdə «paraşütçülərdən» nə gözləyəsən? Onların əxlaqına, daha doğrusu, əxlaqsızlığına görə özlərinin nail olduqları müstəqillik müstəmləkələrə aid deyil. «Öz vətənimizlə qürur duymaq yalnız – bizim hüququmuzdur, kölə etdiyimiz yerli əhalinin – «tuzemetslərin» milli qürur hissi ola bilməz».

Doğrudanmı, fransız senatorları (onlar isə əksəriyyət imiş) elə bisavaddırlar ki, bilmirlər Azərbaycan Ermənistanın yox, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini zəbt edib. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya, o cümlədən Fransa tərəfindən tanınıb. BMT-nin erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə dörd qətnaməsinə rəğmən Fransa, Minsk qrupunun həmsədrlərindən biri kimi bu qətnamələrin yerinə yetirilməsi üçün heç bir əməli iş görməyib, yalnız uzun illər ərzində mənasız və nəticəsiz boş danışıqlarla başımızı qatıb. Guya ki, problemi sülh yoluyla həll etmək istədiklərini bəyan edərkən ermənilər bir tərəfdən «keçilməz» istehkamlar tikir, o biri tərəfdən tutduğu torpaqlarda yaşayış evlərini və memarlıq abidələrini, məscidləri və pravoslav kilsələrini dağıdır, çoxəsrlik ağacları kəsir, meşələri yandırırdılar.

Fransız senatorları nə istədiklərini əməlli-başlı dərk edirlərmi? Onlar müzəffər ordumuzun azad etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb etdikdə ağızları deyəni qulaqları eşidirmi?

O ki qaldı xalqın öz müqqətdəratını həll etmək məsələsinə, erməni milləti Ermənistan Respublikasında öz müqqətdəratını artıq həll edib. Haçansa köçdüyün və məskən saldığın hər hansı yerdə öz müqəddəratını yenidən həll etmək nə deməkdir? Hələ bu kimdənsə qopartdığın, qamarladığın, mənimsədiyin anklavlarda «müstəqil dövlət» qurmaq təşəbbüsü bir yana dursun.

 Yəni fransız senatorları bunu başa düşmür? Qətnamənin lehinə səs verən senatorların Qarabağ haqqında hansı bilgiləri var? Bilirlərmi ki, Qarabağın dağlıq hissəsi XIX əsrdə Azərbaycanın Qarabağ xanlığına daxil idi, sovet vaxtı isə Azərbaycan Respublikasının tərkibində Muxtar vilayət idi.

Parisdə, Barışıq meydanında fransız vilayətlərinin simvolik heykəlləri ucaldılıb. Birinci cahan hərbində Kayzer Almaniyası Fransanın Elzas və Lotaringiya əyalətətlərini ələ keçirəndə bu əyalətlərin heykəllərinin üstünü örtüblər. Ta İkinci Dünya müharibəsinin sonunda Fransa bu vilayətlərini geri alana qədər.

Bu gün Fransa və Almaniya Avropada cici-bacıdırlar. Karantinə qədər kansler Angela Merkel və Prezident Emmanuel Makron hər dəfə görüşəndə quc-quc, maç-maç öpüşürdülər. Niyə görə fransız senatorları öz hökumətlərinə tövsiyə etmir ki, alman şəhəri Starsburqu alman bacısına qaytarsın, həm də Korsikanı müstəqil dövlət kimi tanısın. Qarabağdakı ermənilərdən iki-üç dəfə çox erməninin yaşadığı Marsel isə qədim erməni şəhəri elan olunsun.

Bax, ikili standartlar məsələsi burada zühur edir. Bəziləri üçün qətiyyən məqbul olmayan məsələ başqalarına asanlıqla təlqin edilir.

Senatorlar azad etdiyimiz torpaqlarda tarixi və dini abidələrin qorunmasının qeydinə qalır. Tutalım Bakının mərkəzində erməni kilsəsinin sağ-salamat qalmasından xəbərləri yoxdur. Tutalım Azərbaycanın bir sıra Avropa ölkəsində tarixi abidələrin, o cümlədən xristian abidələrin bərpası üçün ayırdığı vəsaitdən bixəbərdilər. Qərb müxbirlərinin azad edilmiş Azərbaycan ərazilərindən çəkdikləri kadrları da görməyiblərmi: – Yerlə-yeksan olunmuş şəhərlərimizi, kəndlərimizi, dağıdılmış və təhqir olunmuş məscidləri? Xarici dövlətlərin Bakıdakı diplomatları öz gözləriylə görmür və ölkələrinə məlumat vermirlərmi ki, vandallar vaxtilə abad şəhərlərimizi nə günə qoyublar Xarabazara çevrilmiş Ağdam, Füzuli, Cəbrayıl… Qadağan olunmuş kaset bombalarıyla tarmar olmuş Tərtər… bu barədə bir şey eşitməyiblər? Əlbəttə, eşidiblər də, bilirlər də. Amma min əzab çəkmiş günahsız dinc əhali, yaralanmış insanlar, yaxınlarını, körpə uşaqlarını itirmiş valideynlərə bir kəlmə təsəlli sözü deməyə dilləri gəlmir bu «humanistlərin». Hərbi caniləri ittiham etməyi heç düşünmürlər də.

Qərbin ağıllı insanları (hansılar ki, əlbəttə, daha çoxdur) nəhayət, anlayacaqlarmı ki, ikili standartlara aludəçiliyin sonu var. Və beyinləri yalançı təbliğatla doldurulmuş kütlələr bir gün qəzəb və qisas hisslərilə alışacaqlar?

Söz azadlığı – hər bir normal insanın arzusudur. Amma bu ideyanın girovuna çevrilərək bayağı karikatürlərə haqq qazandırmaq olarmı? Dünyada yüz milyonlarla müsəlmanın ləyaqətini, qürurunu, müqəddəs duyğularını təhqir edən ucuz karikatürlər – söz azadlığının rəmzidir?

Əlbəttə, bütün vicdanlı insanlar məktəb müəlliminin qətlini hiddətlə qınayır. Amma axı həmin bu müəllim azyaşlı şagirdlərinə peyğəmbəri lağa qoyan pornoqrafik karikatüru nümayiş etdirirmiş. Söz azadlığı minlərlə günahsız insanın qanı bahasına təsdiq oluna bilməz. Söz azadlığının həmin o adı bədnam «Şarli Ebdo» dərgisində suriyalı qaçqının – balaca uşağın meyitini lağa qoyan murdar şəklə dəxli yoxdur

 Nə səbəbdən bəzi terror aktları haqlı olaraq məzəmmət olunur, amma eyni cür başqaları, məsələn, erməni terroristlərinin Parisin Orli hava limanında törətdikləri partlayış qisas kimi qələmə verilir (nəyin «qisası» – yüz il bundan əvvəl baş vermş faciəvi hadisələrin Orli sərnişinlərinə nə aidiyyatı var?).

Avropanın başbilənləri, intellektualları düşünürlərmi ki, hadisələrə ikili standarlarla yanaşmaq, ikili əxlaqla münasibət göstərmək dəhşətli nəticələrə gətirib çıxara bilər – həm Şərdə həm də Qərbdə…

Yazımın sonunda Anri Alleqin mətnindən bir sitat da gətirim:

«Qoy bilsinlәr ki, əlcəzairlilər cəlladları böyük fransız xalqıyla eynilәşdirmirlәr. Fransız xalqından çox şey öyrənmişik, bu xalqla dostluğumuzdan qürur duyuruq. Amma Fransa xalqı bilməlidir ki, onun adından cəlladlar nәlәr edir”.

Gözəl sözlərdir. Mən də böyük fransız mədəniyyətinə – onun ölməz mütəfəkkirlərinə, şairlərinə, romançılarına, rəssamlarına dərin hörmət bəsləyirəm.

Onu da bilirәm vә ona da inanıram ki, «paraşütçülərin» mәnәvi varislәrindən başqa, Anri Alleqin vә bütün namuslu insanların Fransası da var. Və onlar – ədalətli fransızlar, senat әksəriyyәtindən fәrqli olaraq bu xalqın böyük çoxluğunu təşkil edirlər.

 29 noyabr 2020


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!