ELÇİN
Bizim görkəmli mühacirşünasımız Abid Tahirli ilə düz 30 il birlikdə çalışmışıq və bu müddət ərzində çox hadisələr baş verib, çox sular (hətta sellər!) axıb, ancaq mən bu yazını yazmaq üçün mizin arxasına keçəndə ilk fikrimə gələn 1990-cı il yanvarın 20-si və ondan sonrakı günlər oldu. Bu o məşəqqətli vaxtlar idi ki, ayın 19-dan 20-nə keçən gecə sovet ordusunun törətdiyi qətliamdan sonra Azərbaycan dünyadan təcrid edilmişdi, telefon, radio, televiziya işləmirdi və Bakıda xariclə yeganə əlaqə vasitəsi "Vətən" Cəmiyyətinin teleksi idi.
Fövqəladə vəziyyət elan edilmiş həmin günlərdə "Vətən"in əməkdaşları səhər tezdən axşam komendat saatına kimi xarici ölkələrin informasiya vasitələri ilə, dövlət xadimləri, sənət adamları ilə əlaqə yaradaraq, onlara Azərbaycandakı həqiqi faciəli vəziyyət barədə məlumatlar ötürürdü, Ümummilli liderimiz Heydər Əliyevin, Şeyxülislam Hacı Allahşükür Paşazadənin, AXC sədri Əbülfəz Elçibəyin bəyanatlarını göndərirdi və elə yalnız bu faktı deyim ki, Pakistanın o zamankı prezidenti Benəzir Bhutto həmin məlumatlara, bəyanatlara əsaslanaraq, Sov.İKP MK-nın Siyasi Bürosuna etiraz notası göndərmişdi. Azərbaycan SSR Ali Sovetinin yanvarın 21-də keçirilmiş tarixi fövqəladə sessiyası haqqında məlumatı və "Bakı şəhərində Fövqəladə vəziyyətin ləğv edilməsi haqqında" qərarını da dərc edən yeganə qəzet bizim "Odlar yurdu" oldu. Vaxtıyla Abidin özü "Vətən sevgisindən doğan "Vətən" Cəmiyyəti" adlı həmişəki kimi dəqiq və səmimi məqaləsində o çağları yada salıb ("Xalq qəzeti", 29 dekabr 2017).
Bu günlərdə 65 yaşı tamam olan Abid Tahirli də qorxu-hürkü bilməyən o fədakar işçilərimizdən (bu sözü işlətmək istəyirəm - vətəndaşlardan!) biri idi və aradan bu qədər illər keçib, ancaq həmin vətəndaşlıq borcu, həmin axtarıb-tapmaq ehtirası, həqiqəti demək və yazmaq həmişə onunla bir yerdə olub.
O zaman Abid cavan bir jurnalist idi, 1987-ci ilin sonunda Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyəti təsis edildikdən sonra "Odlar yurdu" qəzetində əvvəlcə müxbir, sonralar böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində işləmişdi, yəni öz istedadı və bacarığı sayəsində qəzetçilik pillələrini bir-bir adlamışdı. "Odlar yurdu" qısa bir zamanda respublikamızda, eləcə də xaricdə yaşayan həmvətənlərimiz arasında ən populyar (tirajı iki yüz əlli mini keçmişdi!) və sevimli qəzetə çevrildi.
Abidin hələ 1991-ci ildə - hərc-mərcliyin baş alıb getdiyi o qarışıq dövrdə görkəmli ədibimiz, rəhmətlik Şirməmməd Hüseynovla müsahibəsi yadıma düşür və Şirməmməd müəllim o müsahibədə deyirdi: "Xalq hələlik siyasətçilərlə siyasətbazları yaxşı seçə bilmir. Odur ki, kim siyasətbazlıqla məşğul olub, xalqı toplamaq istəyirsə, xalqa xəyanət edir" ("Odlar yurdu", 1991, noyabr, №21.). Bu sözlər, əslində, elə Abidin özünün də o dövrdəki həyəcanını və jurnalist prinsiplərini ifadə edirdi.
Ancaq bu barədə ətraflı söhbət açmaq, Sovet İttifaqında "Odlar yurdu"nun cəsarəti və əhəmiyyəti haqqında danışmaq, başqa bir yazının mövzusudur.
Sonra Abid Cəmiyyətin "Avropa və Amerika ilə əlaqələr" şöbəsinin müdiri vəzifəsində ürəklə çalışmağa başladı və o, həmvətənlərimizlə əlaqələr yaratmaq, xüsusən, xaricdə nəşr olunan Azərbaycan mətbuatını üzə çıxarmaq işində daima milli maraqlara söykənən effektli bir enerji ilə işlədi. Yenə yaddan çıxarmayaq ki, söhbət sovet dönəmindən gedir, ancaq bu da başqa bir yazının mövzusudur.
1993-cü ildən isə ta 2018-ci ilə qədər bu dəfə artıq Nazirlər Kabinetində Abidlə birlikdə çalışmağa başladıq və bu dövrdə də dediyim həmin sağlam milli maraqlar daima onunla birlikdə oldu. Həmin illər ərzində Əhməd bəy Ağayev (Ağaoğlu), Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər və başqaları kimi mühacir mütəfəkkirlərin yetmiş illik yasaqdan, kin-küdurətli münasibətdən, yalançı ideoloji tənqiddən ("ifşadan") sonra yenidən Vətənə qayıtmasında, onların irsinin toplanmasında və nəşrində, arxivlərinin araşdırılmasında, sənədlərinin, məktublarının öyrənilməsində Abid Tahirlinin rolu az olmadı. O, dövlət işçisi kimi də, artıq püxtələşmiş bir tədqiqatçı kimi də paralel olaraq eyni vicdan və məsuliyyətlə çalışırdı və elə bilirəm ki, bu dövr ərzində bir tərəfdən dövlət aparatında, həmkarları arasında qazandığı hörmət, o biri tərəfdən də müdafiə etdiyi namizədlik, sonra da doktorluq dissertasiyaları onun fəaliyyətinin yaxşı göstəricisidir.
Bu gün isə Abid Tarihli tam şəkildə və arxayın surətdə mühacirətşünaslıqla məşğuldur.
Bizim ədəbiyyatşünaslıqda da, ictimai fikirdə də mühacirət ədəbiyyatının tədqiqi son iki-üç onilliyin hadisəsidir, ancaq Abid Tahirlinin, eləcə də Şamil Qurbanovun, Vilayət Quliyevin, Nikpur Cabbarlının, Vaqif Sultanlının, Həsən Quliyevin, Bədirxan Əhmədovun, Nəsiman Yaqublunun, Mövsüm Əliyevin, başqalarının tədqiqatları nəticəsində həmin ədəbiyyat müasir ədəbiyyatşünaslığımızın və ictimai fikrimizin mühüm və mühüm olduğu qədər də maraqlı predmetinə çevrilmişdir.
Abidin "Azərbaycan mühacirəti", ayrı-ayrı üç hissədən ibarət "Azərbaycan mühacirət mətbuatı", "Mətbuat millətin dili, gücü və güzgüsü" kimi kitabları, o cümlədən bizim mühacirət mətbuatımız haqqında məlumat-soraq kitabı bu yeni ədəbi-elmi sahənin sanballı nümunələridir və onun mühacirət ədəbiyyatı, mühacirət fəaliyyəti haqqında yazdığı monoqrafiyaların, məqalələrin bir xüsusiyyətini də mən çox əhəmiyyətli hesab edirəm ki, Abid yalnız azərbaycanlı mühacirlərin irsini tədqiq və təbliğ etmir, Azərbaycan ictimai fikrinin inkişafında rolu olan başqa qələm sahiblərinin irsi də onun tədqiqatlarından kənarda qalmır. Bu baxımdan Abidin vaxtı ilə sovet sisteminin "düşmən", "pantürkist", "mürtəce burjua ideoloqu" hesab etdiyi böyük tatar (ümumtürk) mütəfəkkiri İsmayıl Qaspıralı haqqında yazdıqlarını, "Bütün türklərin tərcümanı" kitabını xüsusi qeyd etmək istəyirəm və YUNESKO-nun 2014-cü ili "İsmayıl Qaspıralı ili" elan etməsində bu yazıların da əhəmiyyəti az deyildi.
Mən bunun da şahidiyəm ki, Abid Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyi ərəfəsində hansı bir istiqanlılıqla çalışırdı və Prezidentimizin bu yubileyin keçirilməsi barədə imzaladığı Sərəncamı o, hansı bir sevinclə qarşıladı. Ümumiyyətlə, Ceyhun bəyin ədəbi irsinin və fəaliyyətinin öyrənilməsində Abidin xeyli əməyi var və onun yazdığı kitab və məqalələr bu unikal şəxsiyyətin dolğun portretini yaradır. Qardaşları Zülfüqar bəy, Üzeyir bəy, bütün qohum-əqrabası, dost-tanışları beton sərhədlər arxasında qalmış, taleyin hökmü ilə Parisdə yaşayan Ceyhun bəyin memuarlarını (bu memuarlar Abidin redaktəsi və önsözü ilə nəşr olunub) oxuyanda onun qürbətdəki nisgilini açıq-aşkar görürsən və mən, yaxşı yadımdadır, 1988-ci ildə Parisdə Ceyhun bəyin oğlu Timuçin bəylə görüşüb, söhbət edəndə, onun atası barədə danışdıqlarını eşidəndə də həmin nisgili hiss etmişdim. Əlbəttə, Paris gözəl şəhərdir, ancaq hər halda orada gözəl Şuşanın ab-havası yoxdur və Şuşanın ab-havası ilə nəfəs almış insanın o ab-havasız yaşaması müşkül bir işdir.
"Əlyazmaları yanmır" - deyirlər və bu, mühüm bir cəhətdir (hərçənd, Mirzə Cəlil əlyazmalarını yandırıb, istisində qızınmışdı), ancaq yanmayan o əlyazmalarını üzə çıxarmaq, onları dustaqlıqdan azad etmək, xalqa çatdırmaq da elə o qədər mühüm bir işdir.
Abid Tahirli belə bir mühüm və şərəfli işlə məşğuldur.
Abidin bir xüsusiyyətini də deyim ki, illər bir-birini əvəz edir, ancaq onun iş görmək, yaradıcılıqla məşğul olmaq enerjisi heç vəchlə azalmır. İllər bu enerjini zəiflətməkdə gücsüzdür və o, dediyim həmin jurnalist çağlarında hansı enerji ilə çalışırdısa, bu gün də elə həmin enerji ilə axtarır, tapır, tədqiq edir, xalqa çatdırır.
Və mən tamam əminəm ki, qarşıdan gələn uzun illər boyu da Abid Tahirli eyni enerji ilə çalışacaq, yeni yaradıcılıq uğurları qazanacaq.
22 noyabr 2020
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!