Emin Piri - "Ölümü barmağında oynadan"  şair - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

İkinci Qarabağ savaşı başlayandan cəbhədə olan şairimizin şeirlərində müharibə və uşaqlar

 

Mənimlə

"ölüm-ölüm" oynama,

Allah!

mən ölümü barmağında

oynadan bəndənəm.

 

     Epiqraf kimi bu şeiri seçməyim əbəs deyil. Emin Pirinin şair obrazı, müharibəyə, ölümə və həyata baxışı bu misraların içindədir. Emin yaradıcılığından əsas xətt kimi keçən müharibə şeirlərini yazmaqla qalmadı, həm də dönə-dönə canlandırdığı savaş lövhələrinə daha yaxın, daha dərindən bələd olmaq üçün cəbhəyə yollananlardan oldu. Bu qərarı verib gedirsənsə... artıq nə yaradıcılıq axtrarışları üçün edirsən, nə də hansısa gündəm mövzusuna predmet olmaq üçün. Bunu içində özümlü şəkildə yaşadığın Vətən sevgisi diqtə edir. Ancaq vətənin sabahını düşünüb gedirsən. "Ölüm-ölüm" oynamağa gedirsən və hər bir halda - şəhid də olsan, sağ da qalsan öz sözünü deyirsən artıq! "Ölümü barmağında oynadıb" dönürsən. 

Elnarə Akimova haqqında bitməmiş fikir – Tehran Əlişanoğlu yazır »  Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

    Emin Piri haqqında yazmaq qərarı verəndə onun şeirlərinə bir də nəzər saldım. "Tanrının kölgəsi" və "Sağ qalan varmı?!"... Eminin bu adla adlanan kitablarını vərəqlədim. Adından tutmuş içindəki bütün şeirlərə qədər özündə mübhəm bir sirri, işarəni ehtiva edən bu kitablar Eminin özünü, obrazını, xarakterini o qədər dəqiq tamamlayır ki... Onun yaşıdlarından seçilən həssaslığa malik olduğunu iki ayrı məqamda hiss etmişdim. Bir müharibə şeirlərini oxuyanda, bir də sonradan "Ədəbiyyat qəzeti"ndə "1 şeir, 2 rakurs" layihəsinin müzakirəsinə çıxartdığımız "Abort stolunda yalvaran körpə" şeiri ilə tanış olanda. Hər iki mövzuda yazılan şeirlərdə əsas predmet uşaqdır. Emin Pirinin şeirləri arasından dəfələrlə keçən bu obraz dərin məna və sosial-mənəvi əhəmiyyətə malik fəlsəfi zəmin üzərində qərar tapır. "Abort stolunda yalvaran körpə"nin hayqırtıları hələ də qulaqlarımda əks-səda verir. "Dünyanın ən təmiz yalanı" şeirində əlcəksiz uşaqların barmaqlarını sızıldadan qarın soyuqluğunu lap dərindən duyuram. Hələ dünyaya gəlməyən, ana bətnindəcə öldürülən uşaqlar  üçün belə əzab çəkən şairin digər kontekstdə, müharibədə öldürülən uşaqlarla bağlı sərgilədiyi narahatlıq birləşəndə bəşəriyyətin mürəkkəb səciyyəsi, miskin bir obrazı meydana çıxır. Eminin müharibə şeirləri bəlkə ona görə fərqləndi ki, o, çağdaş insanın deqradasiyaya uğrayan dəyərlər sistemi içində savaşlardan əzab çəkən uşaq obrazlarını dünyanın ədalətsizliyinə nümunə kimi yarada bildi:

 

Hamıdan çox uşaqları sevər

müharibələr.

Kiminin alnından,

kiminin gözündən öpər.

Tanrı daha tez

sevdiklərini aparır deyirlər.

Allahın öpüşüdü

bəlkə elə bu güllələr?!

 

    Emin Pirinin müharibə şeirlərindəki səmimiyyətə həmişə inanmışam. Onlar dərin səciyyəsi ilə yeni poetik müstəvi yarada biliblər. Minaya düşən ananın paralanıb özündən aralı düşən qolunun altıaylıq uşağı ilə bir basdırılması, ayağını itirən döyüşçünün düşüncələri, şəhid məzarlarına qoyulan başdaşları, səngərə məktub yazan qızın qorxuları, ağır döyüşdən sonra "sağ qalan varmı" xitabı ilə əsgərlərinə xitab edən tağım komandirinin üzləşdiyi lal sükutdan tutmuş, "mərmilər altında sevişən göyərçinlər"ə qədər fəci və təsirli məqamlar bu poeziyada bədii məcra, estetik məkan kəsb edə bilib.

 

hər əsgər tabutu

bir ağ gəlinliklə köçər...

əsgər deyil,

sevən qızın arzularını

götürüb gedər

hər atılan güllə.

 

    Amma uşaqlara münasibət bu şeirlərin özündə belə dəyişir, daha bədii-fəlsəfi şəkil alır. Müharibələrdə "analar uşaq yox,/ şəhid doğur daha"... Nə qədər doğru ifadədir. Gözümüzün önündə baş verənləri xatırlatdımı sizə? Hətta ərazisində heç bir döyüşün getmədiyi, amma müharibənin, erməni zalımlığının qurbanına çevrilən Gəncə, Bərdə, Tərtərdə ölən uşaqları yada saldımı? İndi, son iki ayda yaşadığımız bunca ağrı-acıdan sonra bu şeirlərdəki zamanı ötə bilən duyğu selini görüb heyrətlənməyə bilmirəm. Bir göz qırpımında öldürülən uşaqların şəkilləri suda üzürmüş kimi qarşımda cərgələnir: qalıqlar altında qalan Mədinə, yelləncəyinin yanına donuq cəsədi uzanan Aysu və ömrü yarıda kəsilən nə qədər uşağın məzarlardan boylanacaq şəkilləri. Hələ bunların heç birinin baş vermədiyi zamanda Emin aşağıdakı kədərli tablonu bu qədər həssaslıqla  rəsm etməyə gücü hardan almışdı görəsən?

 

Qızım, görə bilmədim

mənə doğru yerişini.

İndi rəsmlərin

Şəkil-şəkil iməkləyir divarımda.

 

Qızım, başdaşın özündən uca,

məzarın səndən qoca.

sənsə hələ də körpə...

 

Həbsxana köşəsində

qəfəs içindəki quş qədər azaddır

mənim sülh arzularım.

 

Qızım, bütün boş yelləncəklərdə

səni görürəm

görürəm buludsuz səmada bulud kimi,

qaranlıq gecədə günəş kimi.

 

Qızım, saçlarım darıxır -

yolmağınçün,

yanaqlarım çuxura dönüb

yerini doldurmağa -

o quyular totuş barmaqlarına həsrət

həyətim ayaq izlərinə möhtac.

Bilirəm, uşaqlar ölmür,

böyüklərdən küsür,

küsür bu dünyadan

və eləcə uçur, gedir...

 

Bağışla,

Bağışla, sənə dəyən güllələri.

Qolundakı metal qırıntısına gülümsə -

bir çimdik bil, böyüklərdən hədiyyə.

 

   "Mən hərbçi işləyərkən cəbhə bölgəsində səngərdə olmuşam. Səngərdə gördüyüm hadisələr həyatımda daha dərin iz buraxıbdır, nəinki sevgi yaşantıları" - müsahibələrinin birində demişdi. Sonralar yazdığı, "Ədəbiyyat qəzeti"ndə ilk oxucularından olduğum "Venesiyaya məktub" şeirlərində sevgidən də yazdı Emin. Həm də fərqli ampluada. Silsilə bitəndən sonra bu haqda ayrıca yazmağı düşündüyümdən geniş təfərrüata varmıram. Yalnız onu deyim ki, Eminin "Venesiyaya məktublar"ı həm modern düşüncə sistemi, həm də irfani təfəkkürün işlənib mükəməllik zirvəsinə qalxan ənənə və modellərini özündə ehtiva edir. Bu ideal fonda sevginin  bütün ideallardan üstünlüyü görünür, ümum kainat, kosmik miqyas alan mahiyyəti ilə bədii mozaikanın diqqət hədəfində dayanır:

 

Ayaqlarımın addımlamağı

əllərimi aldatmaqdı

səcdə edir getdiyin yollara.

Üzümü hara tutum dua edəndə

Məkkəyə, Vatikana

Yoxsa Venesiyaya?

 

   "Venesiyaya məktub"larında Emin Piri "İnsan-Tanrı" tellərini canlı və cansız aləmin münasibətlərinin zənginliyi müstəvisində təhlil edir.  İroniya acısını artırdığı bu mətnlərdə darıxan, ovunmayan obraz qismində yer alan şairin dərinlərə adlayan yaradıcılıq  ruhunun təzahürlərini sezməmək olmur:

 

Aldadasan hamını...

Elə özünü də

Tanrını da

Onun yazdığı 75 illik ömrü də

33 yaşında

atasan özünü

dənizin qolları arasına.

 

Cırasan alın yazısının qalan səhifələrini

balıqlar öpə gözündən,

yosunlar anantək bələyə səni.

Allah da köks ötürüb deyə:

"Bağışla.

Bağışla məni".

 

    Qayıdaq mövzumuza. Bu silsilənin yeddinci, doqquzuncu məktublarını nədənsə "Qarabağda və bütün müharibələrdə həlak olan körpələrə" ithaf etmişdi Emin Piri. Görünür, özünün dediyi kimi, yuxularında da səngər görən adamın o hisslərdən uzaqlaşmağı asan olmurmuş...

 

...Bu qızcığaz da

cuppulu barmaqlarıyla

qıdıqlayır

atasının məzarını.

Uşaq ağlı...

Yadında belə qalıb,

bəlkə güldürə bildi atasını...

Ədəbiyyat millətə enerji püskürdən qüvvət mənbəyi olmalıdı.  Bu illər ərzində bizdə yazarın bədii missiyası ancaq ölüm, ah-zar, gözyaşı, nalə, inilti, fəryad, şikayət və başqa bu kimi hisslərə köklənməklə  məhdudlaşdı. Emin Piri də bu mövzuda nə qədər fərqli poetik yaşam sərgiləsə də məğlubluq kompleksinin təzahürlərindən yayına bilmədi. Amma Birinci Qarabağ savaşındakı məğlubiyyət acısını canında yaşatdığı üçün illər ötsə də itkilərə və ağrıya həssaslığı azalmadı. Keçmişə daha konkret və bitkin şəkildə nəzər saldı, onu ən sərt, ironik intonasiya ilə sorğulamaqdan çəkinmədi:

 

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

 

   Zaman şairə imkan verdi ki, xalq olaraq üstümüzdəki ləkəni təmizləməyə yol görünən hünər meydanında iştirakı ilə içindəki bu yükdən özünü xilas etsin, o müqəddəs yerlərin hər qarışında iz salsın, tarixin başdan yazıldığı bu qalibiyyət sənədində imzalar içində imzası olsun. Eminin şair kimi bundan sonra da təsirli mətnlər meydana qoyacağına əminəm. Tarix müəllimi kimi şagirdlərinə qucaq dolusu vətən eşqi, vətən sevdası aşılamağına da həmçinin.

    İndi buna onun hamıdan çox haqqı var!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!