Mübariz CƏFƏRLİ - Ərəfə... Romandan parça

O şey ki, bizlərə lap aşikardır,

Orda da gizli bir xəzinə vardır.

 

Nizami

 

- Niyə dayandın, qalx da pillələri... - qadın yuxarıdan donuxub qalaraq nə edəcəyini bilməyənə baxıb dilləndi.

- Qalxmaq istəyirəm e, yuxarı, amma bilmirəm birinci sağ ayağımı qoyum pilləkənə, ya solu...

Yuxarıdakı qəhqəhə çəkdi:

- Kefsən e, sən... Qırxayaqdan soruşurlar ki, sən yeriyəndə birinci hansı ayağını atırsan, başlayır fikirləşməyə, fikirləşə-fikirləşə də ayaqları bir-birinə dolaşır, gəzə bilməyib yıxılır yazıq qırxayaq...

Aşağıdakı dodaqlarını büzdü:

- Mən ki, qırxayaq deyiləm, cəmi iki ayağım var... - ilk dəfə görürmüş kimi ayaqlarına baxdı. - Bu bir, bu da iki... - şəhadət bağmağını uzadıb saydı ayaqlarını... - İndi ki belə oldu, mən yuxarı qalxmayacam... - geri döndü. - Gedirəm meydançada futbol oynamağa...

- Onda gözlə, mən də gəlim... - qadın küsənin könlünü almağa çalışdı. - Futbolu tək-tənha oynamayacaqsan ki...

Küsəyən kin saxlamadı:

- Gəl...

Qadın tələsik pillələri enib küsəyənin yanına çatanda futbol oynamaq istəyən dedi:

- Skamyada oturub mürgüləyən ağsaç kişi ilə başı şallı arvadı da çağıraq?

- Niyə?

- Qoy bizimlə futbol oynasınlar...

- Yox, onlarla işin olmasın, onlara dəymə, - qadın etiraz elədi. - Onsuz da onlar bizimlə oynamayacaqlar...

Küsəyən ayaq saxladı:

- Niyə oynamayacaqlar?

Qadın da dayanmalı oldu:

- Çünki onlar topdan qorxurlar...

- Topdan qorxurlar? Nəyinnən qorxurlar topun?

- Çünki... çünki... - qadın uyarlı sözlər axtarsa da, ağlına heç nə gəlmədiyindən həqiqəti söyləməli oldu. - Çünki onların gözünün qabağında uşaqlarının başını kəsib top kimi oynadıblar...

- Uy!.. - küsəyən səntirləyən kimi olub bir addım geri atdı, həm hayqırdı, həm də içini çəkdi. - Harda kəsiblər uşaqların başını? Kim kəsib?

- Davada kəsiblər...

- Kim kəsib? - bu dəfə küsəyən qorxa-qorxa və yazıq-yazıq təkrarladı.

- Ermənilər...

- Onlar kimdi ki?

- Pis adamlar... Vəhşi adamlar...

- Ermənilər bura gələ bilməz ki?

Qadın səhv elədiyini anlayıb onun əlindən tutdu:

- Yox, qorxma, bura heç kəs gələ bilməz...

Küsəyən qadına qısıldı:

- Gəlsələr?..

Qadın gözlərini bərəltdi:

- Gəlsələr mən onların başını kəsərəm...

Qadın futbolçunun əlini buraxdı:

- Yaxşı, bəsdi danışdıq, gedək oynayaq...

- Yox, day mən də futbol oynamıyacam... Heç vaxt oynamıyacam!..

- Niyə? Sən yaxşı futbolçusan axı... Əvvəllər ölkə mükafatçısı da olmusan... Yadından çıxıb?.. - qadın əl çəkmədi. - Gedək oynayaq...

- Acmışam e, sestra bacı... - küsəyən burnunu çəkib yazıq-yazıq dedi. - Mənə yemək ver də...

- Yaxşı, onda qalxaq yeməkxanaya, çörəyimizi yeyək... Amma bir şərtlə ki, daha mənə sestra bacı demə... Axı, gombul sestra burdan gedənnən sonra, sizə tapşırıldı ki, bizi öz şərti adlarımızla çağırasız...

- Şərti ad nədi?

Qadın diksindi. "Bu gün nə olub mənə, bu nə səhvlərdi eləyirəm, İlahi? Ağlıma, ağzıma gələni danışıram. Qeydə alanlar həftə sonu payımı verəcəklər, yəqin... Hələ də öyrəşə bilmirəm buralara, neyləyim? Məktəb keçmək ayrıdı, birbaşa təmas ayrı... Ha dəridən-qabıqdan çıx, özünü öldür, xeyri yoxdu... Hərdənbir xoruz buraxacaqsan...".

- Yəni öz adımızla...

- Yaxşı, Nona bacı, oldu...

- Heç baçını da demə... Elə-belə Nona de, vəssalam...

- Yaxşı... Amma sən də məni adımla çağır bunnan sonra... Yaxşı, Nona?..

- Yaxşı...

- Mənim adım nədi ki, Nona?

- Sənin adın... - Nona anicə fikrə getdi. - Sənin adın: doqquz nömrə...

- Hə, yadıma düşdü, futbol oynayanda da nömrəm doqquz idi...

- Doqquz yaxşı rəqəmdi...

- Nəyi yaxşıdı?

- Yaxşıdı ki, yıxılanda da heçə dönmür... Olur altı...

- O nə deməkdi ki?

- Hər şey yıxılır... Ölür... - Nonanın gözləri yol çəkdi. - Bir əvvvəl var, bir də son...

- Əvvəllə son? Bəs, indi biz hardayıq?

- İndi?.. İndi... İndi yəqin ki, ortadayıq...

- Ortada?.. Bəs, yemək yeyəndən sonra harda olacağıq?

Nona qəfil qəhqəhə çəkdi:

- Ay səni!.. Bir dənəsən e, bir dənə... Kefimi açdın mənim... Yeməkdən sonra sən hara istəsən ora gedərik... Ancaq düzünə qalsa, yəqin ki, elə yemək yeyəndən sonra da ortada olacağıq... Gedək...

- Ortada olmaq yaxşıdı?

- Harda olmağın fərqi yoxdu... Əsas odu ki... - Nona sözünü yarımçıq kəsib uyarlı sözlər axdardı. - Əsas odu ki, olduğun yerdə həqiqətən özün olasan... Yaşaya-yaşaya diriykən kölgəyə çevrilməyəsən...

 

***

Baş həkim iri çətirin altındakı taxta kətildə oturub ovuclarını yanaqlarına yapışdıraraq qollarını dizlərinə dirəmişdi. Lal-mat havada ləpələri heysizləşib "dincələn" dənizə diqqətlə baxsa da, fikri o qədər uzaqlarda idi ki, cəmləşdirib bir yerə yığa bilmirdi. Ölgün dalğaların ləpədöyəndəki sakit şırıltısı da, dənizə baxanın içinə qəfil hardansa hakim kəsilmiş sıxıntıya məlhəm olmağa kifayət deyildi. Hərcənd Baş həkim dənizin sakit, "yuxuya gedən" vaxtını lap uşaqlıqdan sevirdi. Belə vaxtlarda suya girib "yatanın" yuxusuna haram qatmağa da qıymazdı. Elə indiki kimi sahildən seyr eləyərdi rahat-rahat mürgüləyəni. Üzərinə öləzik sığal çəkilənə uzun-uzadı tamaşa eləmək seyrə dalanın ən azı düşüncələrini aydınlaşdırar, fikirlərini duruldardı, indisə ziqzaqlı, dolanbac xəyalların arasında ikicə kəlmə iləli çıxıb qalan düşüncələrin yolunu elə kəsmişdi ki, sanki arxada, xatirələrində, keçmişində bütün olmuşlar o iki kəlməyə sığışmışdı, o iki kəlmənin əsiri idi: "Heç nə...".

Bir də qəfil ürəyindən keçdi ki, durub yavaşca suya girsin, dəryada irəli yeridikcə hiss eləsin ki, bədəni pulcuqlanır, su başından yuxarı qalxdıqca görsün ki, balığa çevrilib, dəryadakı saysız-hesabsız balıqlardan seçilmir, amma dənizin ən dərin yerində birdən-birə bədənindəki pulcuqlar təzədən yox olsun və o, yenidən adam cildinə dönsün, nəfəsi təngisin, tıxcansın, nə illah eləsə də, suyun üzünə qalxa bilməsin, içindən: "Heç nə!" bağırıb ürəyimi soyutmaq keçsə də, ağzına dolan su buna imkan verməsin, o da əzabla dənizin dibindəcə əlacsız-əlacsız çırpına-çırpına, nə edəyəcəyini bilmədən suyun dibindəki napnazik yosunlardan yapışmağa çalışa-çalışa canını tapşırıb bayaqdan yanında üzdüyü balıqlara yem olsun...

Keçmişindən o ikicə kəlmə boylanan gələcəyi barədə xəyala dalmağı sadəlöhvlük olardı, çünki o xəyali, nagüman və naməlum gələcək hər an yarı yolda qala bilərdi, qırıla bilərdi, gəlməyə bilərdi. Gələcəyin gəlib gəlməyəcəyi sual altında olsa da, Baş həkimin gözlədiyi gəlmişdi; önündə dayanıb onun quma batmış yalın ayaqlarına baxa-baxa robot kimi fikrindəkiləri dilə gətirirdi, baş həkimin yarıçılpaq, qeyri-rəsmi görünüşü - baş həkimin əynində dizdən yuxarı şalvardan başqa heç nə yox idi - önündəkini bərayi-ehtiyat daha rəsmi olmağa sövq eləyirdi:

- Doktor, keçin o biri masaya, tapşırmışam, indicə hər şeyi gətirsinlər...

Baş həkim ayağa qalxsa da etiraz elədi:

- Yox, Nona, narahat olma, yemək yeməyəcəm, iştahım yoxdu. De ki, ancaq çay gətirsinlər. Elə çay içə-içə sənnən dərdləşmək istəyirəm, - qonşu masaya doğru addımlaya-addımlaya ətrafa boylandı. - Nə əcəb sakitdi buralar?..

- Gəlmirlər çimməyə neçə gündü... - Nona Baş həkimin yanında gələ-gələ cavab verdi.

- Niyə?

- Deyirlər, guya, gombul sestradı, nədi, dənizdə boğulub ona görə...

- Ooo... Özləri quraşdırdıqlarına özləri də inanıblar... - Baş həkim qımışıb üstünə ağappaq süfrə çəkilmiş masanın arxasındakı yüngül bağ kreslosuna əyləşdi və önündəki kresloda qadına yer göstərdi. - Otur... - azca ara verib qadın əyləşəndən sonra davam elədi. - Necə oynadım rolumu mən?

- Əla! Heç gözləməzdim...

- Bəs ssenarini kim yazıb?

- Yazıb niyə? Yazı-pozu hələ də davam eləyir... Şairnən klassiklərin şeirlərini təhlil eləyən görür əsas işi... Bir də ki, şaxmatist... Başqaları da kömək eləyir... Deyirlər ki, heç kim kənarda qalmayacaq... Ərazidəkilərin hamısı oynayacaq bu filmdə...

- Sən də oynamısan?

- Mənə hələ növbə çatmıyıb...

- Maşını hardan tapıblar?

- Elə həyətimizdəki maşınlardı...

- Yaman yerdən yapışıblar... Milli təhlükəsizlik, filan... Qlobal məsələlər... İt-pişik haqq-hesabı... Hardan gəlib buların ağlına sən bilən? Kinonun adını "Yaba" niyə qoyublar?

- Nə deyim, hələ ki baş açmıram... Ad məsələsinə gəlincə deyirlər ki, bu ad şərtidi, ola bilər, axırda dəyişsin...

- Qorxuram ki, bu filmin axırı həqiqətən ölüb-öldürməklə, qətllə bitsin... Sənin yazının sonluğundan xəbərin var?

- Yox, yoxdu... Mən biləni yazı bitməyib, hələ də yazılır...

- Ayıq-sayıq olmaq lazımdı...

- Axı, siz özünüz icazə verdiniz onların həvəskar kimi kino çəkməyinə...

- Noolsun... Mən də yanıla bilərəm... Necə deyiblər onu, ağıllıların səhvi daha dəhşətli olur...

- Narahat olmayın, doktor, hər şey nəzarətimizdədi, biz özümüz də gizli kamera ilə çəkirik hər şeyi...

- İş başa çatandan sonra birinci mənə göstərilməlidi... Bəlkə həqiqətən ortaya nəsə çıxarda biləcəklər... Biz də dünyaca məşhur olacağıq... Baxma ki, bu kinonun bütün yaradıcıları həvəskarlardan ibarətdi... Bəs rejissorları kimdi?

- Konkret rejissor yoxdu... Hərəsi öz fikrini deyir, axırda qərar çıxardırlar...

- Onu hiss elədim... Amma mən də rolumu pis oynamadım. Hələ desən, ssenaridən kənara da çıxdım. Su məsələsində...

- Eləmi?.. Bəs nə dedilər?

- Heç nə... Deyəsən, xoşlarına gəldi... Üstünü vurmasalar da, mənim çaldığım havaya oynadılar...

- Day sizə nə deyə bilərdilər?

- Yox, sifətləri bozdu... Mənnən olan səhnəni düz üç dəfə çəkdilər...

- Bilirəm... Səbr var sizdə...

- Onu düz dedin, səbrdən başqa güvəniləsi heç nəyimiz qalmayıb...

- Nəsə olub, doktor? - Nona narahat-nigaran xəbər aldı.

- Niyə soruşursan?

- Belə... Birtəhər görünürsüz? - Nona səsini yavaşıdıb çəkinə-çəkinə xəbər aldı. - İşlər pisdi?..

- Pis yaxşıdı... - Baş həkim gülümsündü. - Bərbaddı...

- Niyə, nə baş verib?

- Sonra deyərəm...

Nona masaya yaxınlaşan ağxalatlı, ucaboy, cavan qadına:

- Yemək lazım deyil, - dedi. - Çay içəcəyik... - qadın dinməz-söyləməz dönüb getdi.

Baş həkim söhbəti dəyişdi:

- Təzə nə var?

- Heç nə, hər şey həmişəki kimidi...

- Nağayrırlar?

- Hərə öz işindədi... Kino çəkirlər, şeir yazırlar, höcətləşirlər, mübahisə eləyirlər, öz-özləri ilə danışırlar...

- Futbolist neyniyir?

- Day futbol oynamır... Qorxur topdan... - Nona qımışdı.

- Dənizdə çimməkdən qorxurlar, futbol oynamaqdan qorxurlar... - Baş həkim öz-özü ilə danışırmış kimi səsini yavaşıtdı. - Axı gərək bu illər ərzində onlar qorxu-hürküdən qurtulub tamam azad olaydılar, hə?.. Biz onları qorxutmamaq üçün nəinki ölkəmizi, dünyanı cənginə alan yoluxucu xəstəliyin varlığını dilə gətirmirik, bayırda, burdan kənarda hamıya dənizdə çimməyin yasaq olunduğunu xəstələrimizə demirik, bayırdakı yasağı da, burda qəbul eləmirik, içəridə heç bir yasaq-tilan olmadığına sən də şahidsən, şahid nədi, özün bu işin içindəsən, necə deyim onu, icraçısısan, amma onlar yenə də çəkinirlər, üşənirlər, xoflanırlar... Bəs, hardadı çıxış yolu?.. Deyəsən, kələfin ucunu itirmişik axı, Nona?.. Bəlkə siftədən işi düz qurmamışıq, ona görə çıxış yolu tapa bilmirik? Yəqin, bütün günahlar məndədi, Nona... Yox, elə bilmə ki, doktorun metodu fiaskoya uğrayıb indi də öz günahını başqasının boynuma şələləmək istəyir. Min kərə, yox!.. Axı sən mənə çox əzizsən, türklər demişkən, sən mənim canımın içisən... - Baş həkim yorğun-yorğun göz vurdu önündə əyləşənə. - Sən olmasaydın mən bu qədər yükü çəkə bilməzdim. Evdə, burda...

- Oy, doktor!.. - Nona nazla qəhqəhə çəkdi. - Elə ürəyimə dammışdı ki, məni futbolistə görə çağırmısız... - Baş həkimin sözlərini ağlına gələn kimi yozdu. - Bağışlayın, hərdən zəiflik göstərib ağzıma gələni danışıram xəstələrin yanında... Quş buraxıram... Günah, səhv yalnız məndədisə, yüz kərə üzr istəyirəm... Çalışacam ki, bir də...

- Yox, sənlik bir iş yoxdu, - Baş həkim onun sözünü kəsdi. - Olar xırda şeylərdi... Hamımız insanıq... Robot deyilik ki... Deyəsən, səhv daha dərindədi, alt qatdadı...

- Hər halda, mən üzr istəyirəm, doktor...

- Üzrxahlığa ehtiyac yoxdu, mən səni başqa işdən ötrü çağırmışam...

Nona diqqət kəsildi:

- Buyurun, doktor...

- Mən gedib böyük qardaşıma dəymək istəyirəm.

- Mürsəl dayıya?

- Hə... Arvadı öləndən sonra tək qalıb o... Oğul-uşağın hərəsi bir dərədədi...

- Baxanı yoxdu?

- Var, qızları var, bacım da yaxında yaşayır, intəhası, qardaşımın başı hay-küy götürmür...

- Mürsəl dayıya salam deyin...

- Deyərəm... Ona dəymək adıyla elə özümün də tanıdığım yerlərə baş çəkməyim bəd olmaz. Bir az raharlanıb, stresdən qurtularam bəlkə... Tak şto, buralar sənə əmanət olur...

- Nə vaxt getmək istəyirsiz?

- Elə günü sabah...

- Haçan qayıdacaqsız?

- Üç-dörd günə... Uzağı, bir həftəyə...

- Yaxşı yol, arxayın gedin, rahat dincəlin... Birinci dəfə deyil ki... Gözünüz arxada qalmasın, doktor...

 

***

...Xəyaldan ayrılıb bir xeyli maşının şüşəsindən baxdı və ağlına nə gəldisə amiranə səslə sürücüyə:

- Saxla!.. - dedi.

Maşından düşüb oturacağın üstündəki yüngül əl cantasını götürərək çiyninə atdı. Sürücü qapını açmaq istəyəndə qoymadı:

- Sən düşmə, get...

Sürücü çaşdı:

- Hara gedim, doktor?

- Hara gedəcəksən? - Baş həkim gülümsündü. - Qayıt şəhərə...

- Çatmamışıq axı...

- Sən qayıt, mənim burda bir az işim var...

Sürücünün ağlı bir şey kəsməsə də, baş həkimin sözünü çevirmədi, maşını döndərib geriyə üz tutdu. Amma dilinə gətirə bilmədiklərini ürəyindən keçirtdi. "Bu dəlilərin arasında qala-qala özü də xərifləyib e... Çölün düzündə nə işi var görəsən? Nə isə, mənim üçün lap yaxşı". Sürücü bilmirdi ki, burdan kəsə yolla Baş həkimin gedəcəyi yerə bir neçə cığır var, o çığırlarla mənzil başı yaxındı. ,Həm də bayaqdan maşının arxa oturacağında mürgüləyən yuxuda səs eşitmişdi. "Necə getmişdim, elə də gəlirəm". Kim pıçıldamışdı qulağına o kəlmələri, mənası nə idi o sözlərin? Düz-əməlli anlamırdı. Lakin öz aləmində, başa düşdüyü tərzdə həll elədi məsələni; sürücünü saldı yola, düşdü çoxdandı keçən olmadığından üstünü ot-ələf örtən torpaq yolun ağına... Əslində, day buna yol da demək olmazdı; əməlli-başlı otluqdu. Deməli, kəndə gedən bütün kəsə yollar yoxa çıxıb. Axı qabaqlar nəinki kəndlərarası heç rayonları birləşdirən asfalt yollar demək olar ki, yox idi. Olsa da bircə adı asfalt idi, altı təzək, üstü bəzək... Cuxurlu, "yamaq"lı, kələ-kötür, quraq-quraq...

Baş yoldan aralanan Baş həkim gedəcəyi istiqaməti fəhmən müəyyənləşdirib elə cığırın-izin üstünü tamam örtən otluqla gedirdi. Görünür, çoxdandı burdan pay-piyada keçən olmadığından ot basmışdı yol-rizi. Ancaq qurumuş mal-qara peyini gözə dəyirdi sarımtıl otların arasında... Baş həkimə də köhnə mal-qara təzəyi yol göstərirdi elə bil. Əslində isə onun heç bir "bələdçiyə"-filana ehtiyacı yox idi. Əksinə, özü bu yerlərdə kimə desən gözüyumulu bələdçilik eləyə bilərdi, Burda təkcə otlar, ağaclar, quşlar deyil, hava, bəmbəyaz asiman da ona yaxşı tanış idi, yalnız adamların çoxu yaddaşından silinmişdi, adamları ona xatırlatmaq üçün adi bələdçiyə yox, salnaməçiyə ehtiyac vardı.

"Bu da salxım söyüd... - qara eynəyini çıxarıb nazik yay pencəyinin döş cibinə qoydu. - Burdan Mürsəlgilə bir kilometr ola, ya olmaya... Ordan da o yana qəbiristanlıq".

Yorulmasa da dayanıb çöməldi, kürəyini ağacın gövdəsinə dayadı, çantasını yerə qoydu, deşik-deşik ağ panamasını çıxarıb sol əli ilə seyrək saçlarını sayaladı. "Bu panamada mən salxım söyüdə bənzəyirəm". Baş həkim yanılırdı yəqin ki... Panama başında olanda o, şöyüddən çox göbələyə bənzəyirdi, intəhası, ətrafda müqayisə olunacaq göbələk yox idi, o dəm Baş həkimin ağlına gəlmədi bu bənzətmə. Çantasını altına qoyub əyləşdi, dizlərini qucaqladı, pencəyinin ətəklərinin yerə dəyməsinin fərqinə varmadı. Elə bil məhrəm bir adamla qucaqlaşmışdı - daha doğrusu, yaxınına söykəmişdi kürəyini - bu söyüd Baş həkimdən böyük olmalı idi, hər halda, Baş həkim gözünü açandan bu ağacı başıaşağı, "fikirli", "qəm-qüssəli" görmüşdü. Həqiqətən Baş həkimə həmişə elə gəlirdi ki, külli-aləmin bütün dərd-sərini indi altında bardaş qurub ədəb-ərkanla əyləşdiyi salxım söyüd çəkir, əgər bu ağac olmasa onun çəkdikləri cəmi bəşərin qəddini əyəcək. Bəlkə şəhərdə məhrəm adam tapmadığından tez-tələsik kəndə qayıdıb ağacla dərdləşməyə, dərdini bölməyə, yükünü ağacın böynuna qoymağa gəlmişdi. Ağac onsuz da öyrəncəli idi, boynuna nə qədər yük qoyulsa da dillənməyəcəkdi. Amma kim deyə bilərdi ki, Baş həkim tez-tələsik, bir günün içindəcə qərara gələrək kəndə qayıdıb? Əslində, bir ömürlük yükünü paylaşmağa gəlmişdi, Baş həkim. Bir ömür yaşadığın şəhərdə bölüşməyə bir məhrəm tapmırsansa, bax budur faciə!..

"Mürsəl olmasa mən dərd-sərimi kimə danışacam, ürəyimi kimə boşaldacam, xudaya?.. Yer üzündə dərdini bölüşməyə bircə nəfər qalıbsa, ən ağır əzaba sinə gərmək mümkündü...

Baş həkim kövrəldi. Qəhər gəlib hülqumunda dayandı.

O evin həyət qapısından içəri rahat keçmək üçün gərək Baş həkim çəkmələrini çıxarıb boynundan asaydı və qalan yolu mənzil başına ayaqyalın, iməkləyə-iməkləyə gedəydi. Lakin bəlkə də buna ehtiyac yoxdu, qardaşı onu çoxdan bağışlamışdı. Axı heç kəs oğlunun günahından ötrü məhşər ayağına çəkiləsi deyil, hərə öz əməlinin cavabını verəcək. Kim-kim Mürsəl belə məsələləri yaxşı bilir. Yoxsa, iki il öncə ona qonaq gəlməzdi, gəlsə də iş yerində adamlara qaynayıb qarışmazdı. Elə iki gün Baş həkimin iş yerində qalmışdı, Mürsəl. Demişdi ki, bura sənin evindən qat-qat maraqlıdı, evin elə məzarlığa oxşayır, quş uçur, qulaq cingildəyir sənin evində... Baş həkim böyük qardaşının sözlərindən rəncidə olsa da - hər halda, heç kəsə xoş gəlməzdi evinin qəbiristanlığa bənzədilməsi - bunun üstünü vurmamışdı. Çünki bəzən Mürsəlin cavabı çox gözlənilməz, qeyri-adi və qılınc kimi kəsərli olardı, çünki Baş həkim qardaşının ona qonaq gəlməsindən üç il əvvəl aralarındakı söhbəti unutmamışdı və yəqin ki, ölənəcən unutmayacaqdı...

- Bilirsən, Mürsəl, öz aramızda qalsın, amma bil ki, day mənim oğlum yoxdu, sonsuzam mən, bədbəxtəm mən... Bilmirəm başıma haranın daşını salım...

- Nə gic-gic danışırsan, yenə nə baş verib, sizin uşaq xaricdə deyil...

- Marseldədi...

- Nolub axı?

- Ailə qurub...

- Kiminlə evlənib?

- ...

- Hə, danış görüm...

- Evlənməyib... Dərd burasındadı ki, əclaf evlənməyib... Özü... ərə gedib... Qorxuram jurnalistlər-zad xəbər tuta, dilə-dişə düşək... Ona görə sənə xəbər verirəm ki, hazırlıqlı olasan... Erməni qancığından törəyən uşaqdan nə gözləyəsən?.. O vaxt ara qarışanda anasını başımdan elədim, o da uşağı götürüb getdi, mənnən belə qisas aldı...

- Belə...

- Hə, hə... Biabır oldum... Sən özün yaxşı bilərsən, nə Allah götürər bunu, nə də din-iman...

- Dini tərəfdən götürəndə ən böyük günahdı bu... Müqəddəs kitablarda da yazılıb... Yəqin ki, o uşağın yeri cəhənnəmdi...

- Bu saat mən elə diriykən cəhənnəmdəyəm... Bəs, mənim aqibətim necə olacaq, görəsən?

- Sən heç... Sən xoşbəxt adamsan...

- Mənə xoşbəxt deyən elə mənim günümə düşsün...

Vəssalam... Belə deyib elə həmin gün dinməz-söyləməz şəhərə qayıtmışdı, Baş həkim, düz üç il böyük qardaşından xəbər tutmamışdı. Ta o vaxtacan ki, böyük qardaş şeytanın qıçını sındırıb qəfil özü ona qonaq gəlmişdi. Şəhərə...

"İlahi, görəsən, o vaxt Mürsəl niyə birdən-birə mənə xoşbəxt demişdi? Qanmadığın şeyi gərək öyrənəsən, yoxsa dalını çevirib getmək ən asan yoldu. Elə anadan müdrik doğulmuşdu, Mürsəl, elə bir tikə vaxtınnan sözünü dik deyərdi, onun sözünün canını qananacan eşidənə bir ömür gərək olardı, elə qardaşın üzünə ağ olmağın özü gönüqalınlıq, qanmazlıqdı... Onun ürəyi genişdi, kinli-küdurətli deyil, məni bağışlamayıb, çünki heç vaxt küsməyib də mənnən... Allah keçsin mənim günahımdan... Ancaq əslində, həqiqətən kimin xoşbəxt, kimin bədbəxt olduğunu da yəqin ki, Allahdan başqa kimsə bilməz".

Necə ki, hardansa qulağına gələn səslərin-sözlərin mənasını ayırd eləyə bilmirdi salxım söyüdüm sərin çətiri altında bardaş quran. Ayırd eləməkdən ötrü əməllicə diqqət kəsilməli idi ətrafa...

- Baba, baba, sən piyansan? - səs ətrafdan yox, önündən gəlirmiş, önündə yeddi-səkkiz yaşında uşaq dayanmışdı, əynində də ağ trusik-mayka...

- Yox, bala, piyan deyiləm, - Baş həkim dikəlmək istədi. - Elə niyə deyirsən?

- Bəs onda, niyə ağlayırsan?

- Hə? - Baş həkim qeyri-ixtiyari əlini nəm yanaqlarına çəkdi. - Gözümə gün düşüb, gözlərim yaşarıb... -  uşağı inandırmaqdan ötrü ucundan tutub getdi ucuzluğa... - Gözlərim xəstədi, axı. Bax, eynək də taxıram buna görə... - pencəyinin döş cibindəki eynəyi çıxarıb taxdı və ayağa qalxdı. Guya, uşağın ona tamam-kamal inanmağı çox mətləblərin, gizlinlərin öz-özünə açılmağına kömək eləyəcəkdi. Bəzən utandığını, daha doğrusu, zəifliyini gizlətmək istəyən çaşqınlığından ağlasığmaz üsullara əl atır.

Baş həkim əyilib çantasını götürdü, çiyninə ataraq yan-yörəsinə göz gəzdirdi.

- Adın nədi sənin?

- İbrahim...

- Bir beş ver görüm... - Baş həkim onun yumsaq, balaca əlindən tutdu. - Nə yaxşı oğlansan sən... - uşağın könlünü xoş eləmək xatirinə dedi.

- Uşaqların hamısı yaxşıdı... - İbrahim borclu qalmadı.

- Bunu sənə kim öyrədib?.. - Baş həkim təəccüblə soruşdu və heyifsiləndi ki, yanında çantasında, cibində uşağa bağışlaya biləcəyi heç nə yoxdu.

- Heç kəs öyrətməyib... - İbrahin arın-arxayın cavab verdi. - Özüm bilirəm... -uşaq yer üzünün altından-üstündən agah əda ilə danışdıqca, sanki çox şeydən xəbərdar olduğunu bildirmək istəyirdi...

- Yaxşı, İbrahim kişi, day mən gedim... - Baş həkim, nədənsə, utana-utana dodaqaltı mışıldandı. - Sağ ol...

- Sağ ol, baba... - dedi İbrahim.

Baş həkim üzü məzarlığa doğru yol aldı.

Birdən-birə kürəkləri alışıb yandı, bilmədi ki, günün istisidi kürəklərini yandıran, ya ardınca baxan İbrahimin baxışları... Geriyə qanrılmasa da, yüz faiz əmindi ki, uşaq hələ də onun arxasınca baxır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!