8 may 1992-ci ildə göz yaşları içində başladığım, 8 noyabr 2020-ci ildə Prezident,
Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunmasıyla bağlı
Azərbaycan xalqına müraciətindən sonra bitirdiyim bu yazını
Qarabağ şəhidlərinin əziz, unudulmaz və əbədiyaşar xatirəsinə ithaf edirəm.
Müəllif
Onu Bakının Bayraq meydanı yaxınlığında gördüm; meydanın Xəzər səmtində, tənha tut ağacının yanındakı oturacaqda əyləşib dənizə baxırdı.
Səhər tezdən idi, günəş dənizdən təzəcə boylanırdı. Yanından keçəndə salam verdim. Su səsinə bənzər qəribə pıçıltıyla dedi ki, danışmaq istəyirəm.
Ayaq saxlayıb soruşdum:
- Nəyi danışmaq istəyirsiniz?
- Hər şeyi, bütün olmuşları danışmaq istəyirəm. - Birnəfəsə dedi.
Yaxınlaşıb yanında əyləşdim:
- Buyurun, sizi dinləyirəm.
Yenə həmin su səsi:
- Bu, uzun, kədərli bir əhvalatdır, xahiş edirəm, səbirli olun, sözümü kəsməyin. - Və qəribə bir təlaşla davam etdi. - Nə vaxt istəsəniz heç nə demədən durub gedə bilərsiniz. İncimərəm.
- Narahat olmayın, - əl telefonumun ekranındakı saata baxdım, - vaxtım var, sizi dinləyirəm, danışın.
- Bir xahişim də var, telefonunuzla söhbətimi yazsanız... Məndən bir xatirə qalar... Bilirəm, yazıçısan...
Səsindəki uzaqlıq, soyuqluq ruhumu üşütdü, telefonun səs yazı düyməsini basıb oturacağın üstünə, ikimizin arasına qoydum.
- Sizi dinləyirəm və səsinizi də yazıram, buyurun.
Və o danışmağa başladı.
***
Dörd bir tərəfinə tikanlı məftillər çəkilən köhnə qoyun yatağı idi. Eni-uzunu əlli-altmış addım olan qoyun yatağında yüzdən çox girov vardı; qanı qovrulan qocalar, qəm qalası qarılar, sinəsi sökülən, səsi sınan igidlər, gözlərinin dərd dənizində boğulub ayaq üstə ölən qız-gəlinlər, böyüklərin xarabaya dönən ürək sınıqlarında kor kədərlə gizlənpaç oynayan körpələr bir-birinə qarışmışdı. Hamısı arıq, üzgün idi, qəmli kölgələrə, dəriyə bürünən dərdə bənzəyirdilər. Gözləri sönmüş ocaq yerləri idi, baxışları buz bağlamışdı. Sönmüş ocaq yerlərinin külü sovrulur, buz bağlayan baxışlar Allahın qəlbini parçalayırdı.
Dərd dalğa-dalğa dikəlib dənizə dönmüşdü, səbrin son sahillərini oya-oya uçurur, qərq edirdi. Duyğular dona-dona daşa, çınqıla çevrilir, ürəklərin burum-burum burulan boranlı göy üzündən gecə-gündüz daş-dolu yağırdı; daşlı-çınqıllı yağı yollar ümidlərin ayağını əzir, qəlbini qanadırdı. Səbrin son sahillərində, ümidlərin ölüm yuxulu yollarında ruhlar başdaşına, bədənlər qəbrə bənzəyirdi; yara kimi səssiz-səmirsiz göynəyən qəbiristan sükutunda hönkürtüdən qulaq tutulurdu. Zülmün zülmətində, qəmin qaranlığında girovlar - dərd dalğaları aramsız çırpınır, əzilən, ağrıyan, bezən, əzab çəkə-çəkə yanan, kösövə dönən ruhlar əbədi ocaq yerləri kimi tüstülənirdi. Neçə vaxt idi ki, bədənlər qəm qazanı, ruhlar qəm qaynarıydı. Və girovların saxlandığı köhnə qoyun yatağından yanıq iyi gəlirdi...
Onlarca girov aclıqdan, üzgünlükdən, qəm yükünün ağırlığından quru torpağa, dərdin dibinə, dərinliyinə döşənmişdi. Payız yarpaqlarıtək solub-saralıb, qana bələnib, üzülüb xəzələ dönür, ürəklərində quruyan ümid ağaclarından qopub yıxılırdılar. Köhnə qoyun yatağının dar-darısqal torpağına gecə-gündüz xəzəl yağır, ölüm tökülürdü. Gözətçilər ölən girovları yaxınlıqda qazılan xəndəyə qədər sürüyür, üstlərinə benzin töküb yandırırdılar. Uşaqlar o soyuq tonqallara baxa-baxa, ruhu bədəndən qovan o dəhşətli tüstü-qoxuda, boğanaqda boğula-boğula analarından çörək istəyirdilər; anaların heç nəyi yox idi, göz yaşından savayı. Qarıların soyuq-solğun sözü-söhbəti, qocaların dərdə qov gələn öyüd-nəsihəti, sinəsi sökülən, səsi sınan igidlərin xofu-xəcaləti, uşaqların çörək istəyən ac yalvarışı tükənmişdi. Ümiddən arzuya, ürəkdən Allahacan hər şey tükənmişdi, bircə anaların göz yaşı tükənmək bilmirdi. Və kişilər o göz yaşı dəryalarında batan ümid gəmilərinin dor ağaclarında çarmıxa çəkilə-çəkilə çırpınır, çapalayır, çıxış yolu axtarırdılar. Neçəsi qaçmaq, soydaşlarına əlac etmək ümidiylə tikanlı məftilləri aşıb keçmək istəmişdi və hamının gözü qarşısında yanıb külə-kömürə dönmüşdü; girovlar saxlanan köhnə qoyun yatağının dörd bir tərəfinə çəkilən tikanlı sərhəd məftillərinə yüksək gərginlikli elektrik cərəyanı buraxılmışdı. Məftillərdə yeddi kişinin, üç gəlinin, dörd uşağın kömürə dönən meyiti qaralırdı. Gəlinlərdən ən gözəli el-camaata üz tutub göynəmişdi: - Məni acizlikdə qınamayın, namussuzluq ləkəsinə dözə bilmirəm, bətnimdə çırpınan erməni küçüyünün zingiltisinə dözə bilmirəm... - Belə deyib özünü tikanlı məftillərə toxumuşdu... Erməni gözətçiləri meyitləri dəfn etməyə icazə vermirdi, göz dağı kimi saxlayırdı. O iylənən cəsədlər birinin atasıydı, birinin ömür-gün yoldaşıydı, birinin övladıydı. Və ölüm gözlərinin qabağında gecə-gündüz kösöv kimi tüstüləndikcə girovlar ürəklərinin dustaq kameralarında boğulurdular...
Qəfil zəng hamısının diqqətini cəlb etdi. Ürəklərinin dustaq kameralarında sıxılan, boğulan girovlar, gözlərinə - təkadamlıq türmələrin gözlüklərinə tərəf süründülər, köhnə qoyun yatağının dəmir qapısına baxdılar. Bu qara qapı gündə iki dəfə - səhər və axşam açılır, hərəyə bir tikə üstünə palçıq yaxılan (deyirdilər, yeyin, Qarabağ torpağıdır) quru arpa çörəyi paylayırdılar. Həftədə, on gündən bir paslı dəmir çən bulanlıq, gözlərinin qabağındaca murdarlanan çay suyu ilə doldurulurdu.
İndi nə səhər, nə axşam idi, gün günorta yerinə qalxmışdı; aylarla istinin yandırıb soyuğun dondurduğu girovlar baş-başa verib dərd dəyirmanında üyünürdülər.
Qoyun yatağına daxil olan əlisilahlı, saqqallı ermənilərin - bunlar gözətçilər idi - arxasınca iki əcnəbi, bir tərcüməçi göründü.
Təkadamlıq dustaq kameralarının gözlüklərində sısqa ümid qığılcımları odlandı; yəqin, BMT-dən, ATƏT-dən, ya da hansısa başqa təşkilatdan gəliblər. Bəs, bura nə üçün? Axı, ermənilər belə qonaqlara həmişə nümunəvi yeri - azsaylı girovxananı göstərirlər. Yəqin, məcbur ediblər, beynəlxalq təşkilatlar ciddi təsir göstərib, yoxsa... İlahi, sən özün kömək ol, bir bağlı qapı aç...
Öndə gələn şişman, saqqallı erməni girovların pıçıltı-uğultusuna nifrətlə tüpürüb, Kalaşnikov silahını oynadaraq qışqırdı:
- Sakit! İt uşağı, hamınızı qarışqa kimi qıraram... Bu gecə dostlarım gələcək, üç qız hazırlayın... - İyrənc şəkildə hırıldadı. - Özüm gəlib seçəcəyəm, - bir qədər susub əcnəbiləri göstərərək əlavə etdi, - bu cənablar isə xaricdən gəlib, bir cavan oğlanı azad etmək istəyirlər.
İndiyə qədər yüzdən artıq say-seçmə gənc oğlanı, qızı azad etmək adıyla aparmışdılar; onlardan heç bir xəbər yox idi. Son vaxtlar haradansa məlum olmuşdu ki, "azad edilənlərin" ürəklərini, böyrəklərini, başqa bədən üzvlərini xaricə satırlar.
Dərdin ağırlığından beli bükülən, ürəyinin dibsiz dərinliklərinə sınıb tökülən qoca qəlbinin xarabalığından güclə başını qaldırıb inildədi:
- Hardan gəlibər, nə məqsədlə?..
- Dedim də, xaricdən gəliblər, bir cavan oğlanı azad etmək istəyirlər, onu da özləri seçəcək. Ara...
- Axı nə üçün?
Şişman gözətçi zəhər tuluğuna dönə-dönə mırıldandı:
- Qoca türk köpəyi, çox danışdın, üç saat sonra o söz...
Kim etiraz edir, artıq söz danışırdısa, üç saatdan sonra aparıb ölülər yandırılan, gecə-gündüz külü sovrulan xəndəkdə güllələyirdilər. Bu hesabla yüz yeddi girov güllələnmişdi.
Qoca şişman erməniyə - zəhər tuluğuna baxa-baxa girov meyitləri yandırıllan xəndəkdə ölümünü gördü, ucalığından bircə söz də enmədən aramla dilləndi:
- Bədbəxt, mən ölümdən qorxmuram. Ölümümlə ruhum azad olacaq; səni ruhumun əlləriylə boğacağam.
Saqqallı zəhər tuluğu xoflandı, qeyri-ixtiyari qışqırdı:
- Sus! Səni güllələməyəcəyəm, diri-diri yandıracağam, türk köpəyi!
Qoca aram-arxayın gülümsədi.
- Qulağıkəsik qorxaq küçük. Sən məndən qorxursan. Siz bizdən qorxursunuz. Qaranlıq işıqdan qorxan kimi.
Zəhər tuluğu boğula-boğula bağırdı:
- Danışma! Sus! Ara, sənin məssəbüvü...
Əcnəbi tərcüməçidən nəsə soruşdu. Şişman gözətçi bağırtısını kəsib tərcüməçini dümsüklədi.
- Bu söhbəti tərcümə etmə, - deyə pıçıldadı.
Əcnəbilər girovların arasında gəzə-gəzə cavan oğlanlara diqqətlə baxır, dişlərini, gözlərini, nəbzlərini yoxlayırdılar.
Yarım saatlıq axtarışdan sonra on səkkiz yaşlı qarabağlı oğlanın qarşısında dayandılar. Ayların aclığına, girovluq işgəncələrinə, zülm və təhqirlərə baxmayaraq Şuşa tərəfdən olan bu gənc əyilməzliyi, məğrurluğu, sağlam boy-buxunu ilə diqqəti cəlb edirdi.
Xəstəhal əcnəbinin gözləri güldü, yanındakı eynəkli soydaşına dedi:
- Bunu yoxla, deyəsən, axtardığımızı tapmışıq. - Öz dilində danışdığından heç kim nə dediyini başa düşmədi.
Eynəkli, yarıyaş əcnəbi həkim idi, cəld irəli yeriyib şuşalı gəncin nəbzini, ürəyinin döyüntüsünü, ağız boşluğunu, gözlərini yoxladı. Başını tərpədərək razılığını bildirdi.
- Yaxşıdır, - dedi, - lakin kompleks tibbi müayinədən keçməlidir.
Şişman, saqqallı erməni nifrətlə şuşalı cavana baxa-baxa söylədi:
- Canavar kimi sağlamdır, əlavə yoxlamaya nə ehtiyac, - nə düşündüsə tez-tələsik dilləndi, - özünüz bilin, necə istəyirsiz, yoxlayın bu qoyunu.
Arıq, uzun tərcüməçi gözətçinin dediklərini təkrarladı.
Xəstəhal əcnəbi eynəkli yoldaşından soruşdu:
- Neçə saata yoxlaya bilərsən?
- Üç saata...
- Tez elə, mən daha dözə bilmirəm, - girovların dəhşətli vəziyyətinə, tikanlı məftillərdə kömürə dönən cəsədlərə, dünyanı dolduran acı göz yaşlarına, imdad diləyən baxışlara baxa-baxa təkrar pıçıldadı, - dözə bilmirəm, dözə bilmirəm... Vəhşilər, alçaqlar... Girovla da belə rəftar edərlərmi...
- Nə deyir o? - Şişman gözətçi tərcüməçidən soruşdu.
Tərcüməçi sözü dəyişdi.
- Bu cavan kompleks tibbi yoxlamadan keçməlidir, nəticə yaxşı olsa, sövdə baş tutacaq.
Zəhər tuluğu fınxırdı:
- Tez edin, bura hələ heç bir əcnəbi gəlməyib... bilsələr...
Tərcüməçini dinləyən xəstəhal narazılığını bildirdi:
- Biz təkcə buna görə min dollar vermişik...
***
Tibbi müayinə şuşalı gəncin sağlam olduğunu təsdiq etdi. Ona yemək, təzə paltar verdilər. Xüsusi vertolyotda Yerevana qayıtdılar.
Canlı ehtiyat hissələr biznesi ilə məşğul olan gizli dövlət idarəsinin şefi xəstəhal milyonçu ilə yarım saatlıq sövdələşmədən sonra dedi:
- İdeal tibbi standartlara cavab verən sağlam, cavan ürəyin qiyməti yüz min Amerika dollarıdır. Lakin biz sizə təkcə ürək yox, sağlam, cavan donorun bütün canlı hissələrini təklif edirik.
Milyonçu narazılığını bildirdi:
- Mənə təkcə ürək lazımdır, ürəyim dəyişilməlidir. Böyrəklərimi üç il əvvəl dəyişdirmişəm...
- Əvvəla, belə sağlam donoru, ideal canlı ehtiyat hissələrini dünyanın heç bir gizli klinikasında tapa bilməzsiniz. Çünki bu cavan oğlanı yetirən, boya-başa çatdıran yerin - Şuşanın su, hava, digər ekoloji standartlar baxımından dünyada analoqu yoxdur. Üstəgəl - üz-gözünü turşudaraq nifrətlə, içindən kəsilə-kəsilə etiraf etdi, - güclü türk etno-genetik imkanları...
- Bilirsiniz, - xəstə milyonçu alveri uzatmamaq üçün sözünü kəsdi, - bunlar mənə məlumdur, ona görə də xeyli xərc çəkib məhz bura gəlmişəm, özü də yalnız cavan, sağlam şuşalı türk donorun ürəyinə sahiblənmək məqsədilə. - Yaxşı, həmin donorun qanını da bütünlüklə almağa hazıram...
Gizli idarənin şefi əsəbiləşdi:
- Bu neçə ildə birinci dəfədir ki, sizin kimi xəsis müştəri ilə qarşılaşıram. Siz onu əməliyyat üçün Avropaya, Fransaya aparmaq, həm də təkcə ürək və qanının pulunu ödəmək istəyirsiniz. Axı, belə olmaz, bu, heç bir məntiqə sığmır.
Milyonçu təəccübləndi.
- Niyə? Donorun qalan ehtiyat hissələri yüksək tibbi səviyyədə qablaşdırılaraq sizə - öz sahibinə göndəriləcək. Mən buna yazılı zəmanət verirəm və mal itsə, sizə gəlib çatmasa, zərəri ödəməyə hazıram.
- Yox, bu variant tibbi-klinik imkanlarımızın zəifliyi baxımından bizə əl vermir. Biz donorları diri halda, bütün ehtiyat hissələrin birgə qiymətiylə satırıq. - Səsini qaldırıb fərəhlə elan etdi. - Və müştəri sarıdan bolluqdur. Dünyanın neçə-neçə qoca milyonçusu bədənlərini şuşalı donorların ehtiyat hissələri hesabına təmir elətdirmək üçün növbəyə dayanıb. Və heç biri qəpik-quruş davası eləmir, - kinayə ilə dedi, - çünki aldıqları malın qiymətini yaxşı bilirlər.
- Axı...
- Qurtardıq. İstəmirsinizsə, gedə bilərsiniz. Onu da bilin ki, geri göndərmək istədiyiniz canlı ehtiyat hissələrini Avropada daha yüksək qiymətə satmaq şansınız da var. Dünya canlı ehtiyat hissələr biznesinin tələbatı, daim artan qiymətlər cədvəli bizə yaxşı məlumdur.
Fransız milyonçusu narazılıqla başını buladı, nifrətlə mızıldadı:
- Yaxşı... hesablayın...
Şefin qara-qançır sifəti, irinləyən gözləri güldü.
- Bu, başqa məsələ, - yanındakına göstəriş verdi, - diri, sağlam, cavan donorun bütöv qiymət blankını cənab milyonçuya təqdim edin.
Xəstəhal əcnəbi hazır blankı alıb gözucu baxdı, dodaqaltı oxudu:
- Ürək yüz min, böyrəklər qırx beş min, ciyərlər kompleksi yetmiş min... - hövsələsi çatmayıb qiymətlər siyahısının aşağısına baxdı. - Cəmi yeddi yüz otuz beş min dollar...
Tələb olunan məbləği ödədi. Əvvəlcədən bir neçə gün Yerevanda qalmağı, istirahət etməyi planlaşdırmışdı. Lakin fikrini dəyişdi, birbaş hava limanına yollandı, həmin gün şəxsi həkimi və cavan şuşalı girovla birlikdə öz ölkəsinə qayıtdı.
***
Nəhəng şəhərin kənarında, hər cür rahatlığı olan dəbdəbəli bağ evində - buna adi ev demək olmazdı, böyük bir saray idi - düz bir ay yaşadı. Həkim gündə gəlib yoxlayır, xüsusi cihazlar vasitəsilə müayinə edir, girovluqda olmazın müsibətlər çəkmiş, amansız aclığın, təhqir və işgəncələrin sarsıdıcı zərbələrinə məruz qalmış gəncin tam bərpasına çalışırdı. Ona ciddi rejimdə güclü yeməklər verilir, hər üç-dörd gündən bir paltarları təzələnir, cavan qulluqçu qızlar qayğısına qalırdı. Maraqlı əyləncələrlə, oyunlarla, hər addımı sevinclə dolu gəzintilərlə başını qatır, onu darıxmağa, fikir çəkməyə qoymurdular. Zərrə sevincin həsrətlisi dərya xoşbəxtliyin sehrli dünyasına düşmüşdü...
Gözləri xoşbəxtlik dəryasına, gülüşü bahar çiçəklərinə bənzər sarışın bir qız vardı. Milyonçu ilk gün həmin qızı şuşalı cavana təqdim edib demişdi: - Bu mənim yeganə qızım, yeganə varisimdir, onu sənə, səni Allaha tapşırıram... - Eynən belə demişdi, sirli-sirli göz vurub gülümsəmişdi. Və o sirli, işıqlı təbəssümdən yaralı ürəyə bir qığılcım düşmüşdü. Günlər ötdükcə o qığılcım zülmət qaranlığa qısılan qərib qəlbdə odlanır, düz-dünyanı sevgi işığına qərq edirdi. Min ildi əkilməyən xam torpaq kimi bərəkətli düzdə sevgi zəmiləri dalğalanır, sadəlövh gəncin qəlbində-qanında Məcnun küləkləri əsirdi.
Gözəl qız yarıyaş milyonçunun övladı yox, ev qulluqçularından biri, ən gözəli idi və tapşırılan rolu məharətlə oynayırdı. Qafqazlı gəncin qəlbi-qanı elə duru, gözləri bahar səmalarıtək elə təmiz, duyğuları elə saf, sadəlövh idi və qulluqçu qız tapşırılan rolu elə məharətlə oynayırdı ki, bir ürəkdə alovlanan od tezliklə o biri ürəyi də isitməyə, işıqlandırmağa başladı. Nəhəng şəhərdə, milyonçunun evində kasıb taleyi, soyuq qəlbi ilə üz-üzə yaşayan qulluqçu qız qəlbini dolduran istiliyi, işığı boğmağa çox çalışdı, amma bacarmadı. Gənc girovu ruhi sarsıntılardan, əzablı duyğulardan, iliyə, sümüyə işləyən streslərdən xilas etmək, onun yaralı ürəyini ovutmaq, qanını güldürmək məqsədi güdən yalançı sevgi düz-doğru hökmləri ilə qulluqçu qızı məğlub etdi... Və bir-birinin dilini bilməyən gənclər qəlbin diliylə tərcümansız danışdılar, sevgi dünyasının əbədi işığına düşdülər...
Qız hardansa "Fransız-Azərbaycan" qısa danışıq lüğəti tapmışdı. Çox vaxt bu balaca kitabı vərəqləyib höccələməyə də ehtiyac qalmırdı, sevginin sehrli diliylə bir-birini başa düşürdülər. Girov gənc hərdən "Şuşanın dağları" mahnısını zümzümə edir, qız pianoda onu müşayiət etməyə çalışırdı. Dəbdəbəli bağ evinin dumduru hovuzunda çimir, gözoxşayan çəmən-çiçəklikdə gəzişir, məhəbbətin möcüzəli çöllərində əylənə-əylənə günlərin bir göz qırpımında necə ötüb keçməsindən xəbər tutmurdular...
Ayın sonuncu günü qız həmişəkindən tez gəldi, gözləri qızarıb qan çanağına dönmüşdü, bütün varlığı dərd alovlarında qarsalanıb yanır, kədər içində qovrulurdu. Heyrət, ağrı dolub daşan gözləriylə dəli kimi baxır, dinib danışmırdı. Oğlan təəccüblə qıza yaxınlaşıb qucaqladı, qan çanağına dönən yaşlı gözlərindən öpdü.
- Nə olub? - Həyəcanla soruşdu.
Qız cavab vermədi, titrək əlləriylə balaca lüğət kitabını vərəqləyərək tapdığı ifadəni höccələdi:
- Biz qaçmalıyıq...
Oğlan daha da həyəcanlandı.
- Hara? Niyə?..
Qız höhkürtüsünü güclə boğaraq təkrar etdi:
- Biz qaçmalıyıq...
Bu vaxt qapı açıldı. Yarıyaş milyonçu həkim və tərcüməçi ilə birlikdə daxil oldu, qulluqçu qıza tərs-tərs baxıb:
- Siz azadsınız, - dedi.
Qulluqçu qız bir anlıq dayandı, arıq, eynəkli həkimə baxdı - girov gənci gözləyən faciə haqqında dünən gecə o demişdi - diz çöküb yalvarmaq, onları rəhmə gətirmək istədi, lakin mənasız olduğunu yəqin edib hönkürə-hönkürə otaqdan çıxdı.
Milyonçunun dediklərini tərcüməçi belə təkrarladı:
- Sənə xoş xəbər gətirmişəm. Dünən sizinkilər işğal olunan bütün torpaqların azad edilməsini başa çatdırdı. Artıq Şuşa da azaddır, Laçın da. Beynəlxalq qüvvələrin köməyi, Azərbaycan Milli Ordusunun qüdrətiylə erməni işğalına son qoyuldu. Hə, hə, bütün Dağlıq Qarabağ və ətraf yeddi rayon azaddır, oğlum... - Bir anlığa nə düşündüsə, əlavə etdi. - Bizim qız səni yaman sevir, azad olan Şuşaya qayıdacağını düşünüb dərd çəkir. - Göz vurub gülümsədi.
Şuşalı gənci, sanki ildırım vurdu, bir neçə an heyrətlə susaraq qəfildən qışqırdı:
- İlahi! Bu doğrudurmu?
Milyonçunun dumduru təbəssümlə dedikləri tərcümə olundu:
- Əlbəttə, doğrudur. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və artıq, dünya bunu başa düşüb. Bir-iki günə ermənilər yəqin, Xankəndini də tərk edəcək və siz - əsl qarabağlılar öz tarixi yurdlarınıza qayıdacaqsınız.
- Mən də qayıdacağammı?
- Əzizim, buna heç bir şübhən olmasın, günü sabah şəxsi təyyarəmlə Bakıya, oradan da Şuşaya uçacağıq. - Yenə göz vurdu. - Sənin gözəl sevgilini də özümüzlə apararıq, toyu da Şuşada edərik, Cıdır düzündə...
Şuşalı gənc nə deyəcəyini, nə edəcəyini bilmədi, milyonçunun qarşısında diz çöküb dəli dağ çayı kimi hönkürdü. Bütün ruhu, bədəni, bütün iliyi, sümüyü hönkürürdü...
Hönkürdükcə duyğularını bürüyən qatı dumanlar çəkilir, dünən gecə gördüyü yaralı yuxunun qarı-buzu əriyirdi.
Sürüsündən ayrı düşən ağappaq qoç idi; dörd tərəfini bürüyən qara duman qara qoç kimi kəllə atırdı...
Qara qoçla kəllə-kəlləyə gəlməkdən ağ qoçun burma buynuzları ovulub tökülür, gözlərinin qan çanağından dağılan isti qana bələnirdi... Yox, bu, qan deyildi, ağ qoçun burma buynuzları, alnı, boynu, ayaqları xınalanmışdı. Qəfildən qara xəncəri qara daşa çəkdilər, xınalı qoçun ayaqlarını xınayı iplə bağlayıb yerə yıxdılar, bir göz qırpımında başını bədənindən ayırdılar. Kim idisə, dərinin soyulmasını gözləməyə səbri çatmadı, ləhləyə-ləhləyə qara, titrək əlləriylə hələ də çapalayan qoçun qarnını cırıb ürəyini axtarıb tapdı, dartıb çıxararaq bir anda parçaladı, şişə keçirib körüklənən közə tutdu, vəhşi bir acgözlüklə qanlı-qanlı yedi və yedikcə dodaqlarından axan qan çənəsinə, boyun-boğazına, sinəsinə, bütün üst-başına yayıldı...
Qoçun gözləri bərələn başı yerdə atılıb qalmışdı. Girov diqqətlə baxıb heyrətləndi; bu, heç də qoçun başı deyildi, onun öz başı idi; kəsilmiş, qanı laxtalanan başına baxdı, bərələ qalan gözlərində ağappaq kəfənə bürünən ölümünü gördü. Ağappaq kəfənə bürünən ölüm əllərini irəli uzadaraq, xırıltılı səslə nəsə deyərək ona tərəf gəlirdi. Bu, elə qorxulu, vahiməli gəliş idi ki, bağrı yarıldı, qışqırıb yuxudan oyandı...
Milyonçu sevinclə düşünürdü ki, ürəyi-qanı qara-qaramatdan, his-pasdan, İblis dilli gizli streslərdən bu hönkürtülər qədər heç nə yuyub təmizləyə bilməz; qulluqçu qızın uğurlu sevgisi ilə yuyunub yüngülləşən, qara qışdan sonra baharlı işığı, duruluğu yenidən qayıdan, hüdudsuz sevinc hönkürtüləri ümmanında paklanan ürək ağır cərrahiyyə əməliyyatına hazırdır.
Həkim milyonçunun nə düşündüyünü bilirmiş kimi gizlicə təsdiqlədi, baxışlarıyla hər şeyin əla olduğunu bildirdi.
Düşmən tapdağından azad olan doğma yurd yerləri şuşalı gəncin dəniz-dəniz qabaran, sahillərini aşan gözlərində gülürdü. Cıdır düzündə elə bir toy çalınırdı ki, səsi-sədası bütün dünyaya yayılırdı... Eləcə gözlərində doğma, azad yurd yerləri, qulağında toy səsləri gülə-gülə milyonçuya baxdı:
- Siz mənim Allahımsınız, - dedi, - ömrüm boyu bu yaxşılığı unutmayacağam. Siz mənim... - Söz tapa bilməyib yenidən hönkürdü, yazağzı daşan dəli dağ çayına döndü.
- Bu mənim insanlıq borcumdur, - gülümsədi, - söhbətimizi Şuşada davam etdirərik. İndi isə sonuncu dəfə hərtərəfli müayinə olunmalısan. - Yarıyaş milyonçu hələ də hıçqıran gəncin başını sığallaya-sığallaya dedi.
- Mən tamamilə sağlamam, heç bir şikayətim yoxdur...
- Hər halda müayinə olunmağınız məsləhətdir, bu mənim xahişimdir. Sabah Bakıya uçacağıq, sevgilinlə birlikdə. - Belə deyib yenə göz vurdu, gülümsədi və çıxıb getdi.
Bir neçə saat sonra gizli klinikada mürəkkəb cərrahiyyə əməliyyatı başlandı. Təkcə tibbi müayinədən keçəcəyini düşünən, sevincin, xoşbəxtliyin ilahi ucalığına yüksələn gəncin ürəyi milyonçunun sinəsinə köçürüldü. Şuşalı girovun qanı son damlasına qədər sorulub xəstənin damarlarına vuruldu...
Canlı ehtiyat hissələr donorunun böyrəkləri, ciyərləri, gözləri, qan damarları, əzələləri, sümükləri, dərisi, bir sözlə, bütün bədən üzvləri cərrah əlləriylə diqqətlə ayrılıb xüsusi hazırlanmış hermetik qapalı qutularda yerləşdirildi. Hər qutunun üstünə canlı ehtiyat hissənin adı, fiziki-kimyəvi göstəriciləri və qiyməti yazıldı...
***
Nəhəng şəhərin kənarında, cənnət guşəsini xatırladan dəbdəbəli bağda, dumduru suyu sayrışan hovuzun yanındakı çəmən-çiçəklikdə gəzişən qoca milyonçu sinəsində, damarlarında qeyri-adi yüngüllük, cavanlıq eşqi duyurdu. Bu duyğunun sirli-sehrli işığı ruhunda-canında neçə il əvvəl qaynamışdı, onu sonu görünən üzgün, ümidsiz, gedər-gəlməz yollarından geri qaytarmışdı; əbədi əcəl yuxusunun qürub kölgələri vurnuxan xəstə bədən səhərin bol işığına göz açıb oyanmışdı, kövrək ağaca bənzər sümüklər pöhrələyib yaşıl-yaşıl gülmüşdü...
Və on səkkiz yaşlı şuşalı girovun ürəyi, qanı zaman-zaman fransız milyonçusunun bədənindən didərgin düşür, özünü axtarırdı. Qoca milyonçu bağ evinin baharlı yaşıllıqları içində gəzə-gəzə, varlığını bürüyən günəşli yüngüllükdə xoşbəxtliklə üz-üzə uça-uça ara-sıra didərgin duyğular, sısqa soyuqlar, uzaq göynərtilər də hiss edirdi. Həkim bir müddət davam edəcək bu göynərtilər, soyuq duyğular haqqında da danışmışdı. Bu, donorun yeni bədəndə sıxılan qan-qəlb yaddaşıdır, - demişdi, - üç-dörd ilə keçib gedəcək...
***
Cərrahiyyə əməliyyatından neçə-neçə illər keçmişdi. Talelərə təzə, yaşıl səhifələr yazan yaz gəlmişdi.
Mayın ortalarıydı. Hava elə yüngül, elə xoş, elə işıqlı idi ki, sanki dünyanın on səkkiz yaşı vardı. On səkkiz yaşın eşqiylə yaşayırdı, gülürdü dünya.
Qoca milyonçu - yetmişi keçən yaşına baxmayaraq, ona qoca demək olmazdı - nəhəng şəhərin restoranlarından birində, gül-çiçəyə qərq olan xüsusi guşədə gözəl xanımı ilə nahar edirdi. Qonşu stoldan eşitdiyi zümzümə onu elektrik cərəyanı kimi vurdu. Qəfildən qanı coşmağa, ürəyi aramsız göynərtilərlə çırpınmağa başladı.
Sarışın xanım - bu, neçə il əvvəl şuşalı gəncin faciəli taleyinə göz yaşı axıdan həmin sarışın qulluqçu qız idi - nəsə danışır, gülür, milyonçu ərini şənləndirməyə çalışırdı. Lakin qonşu stolda tək-tənha oturan - deyəsən, bir qədər içmişdi - ağappaq saqqalı göz yaşlarıyla islanan qocanın qəmli oxuması onu tilsim kimi kamına çəkirdi. Cani-dildən qəmli zümzüməyə fikir verməməyə, qəfil tilsimdən qurtulmağa çalışırdı. Xanımın məzəli danışığına qulaq asır, zorla gülür, yeyir, içir və bir də onda ayılırdı ki, qəlbi-qanı yenidən onu tərk edib, kədərli zümzümə ilə üz-üzə dayanıb: Şuşanın dağları başı dumanlı...
O kədərli oxumada nə isə sirli bir doğmalıq, yaxınlıq vardı. Keçilməz qayalıqlara söykənən doğma düzün didərgin səsi gəlirdi. Qoca milyonçu uzaq-uzaq fəhmlərdən, əlçatmaz, ünyetməz dumanlı duyumlardan baş qaldıran o didərgin düzün sirli səsini, çağırışını son iyirmi yeddi ilin yuxulu yollarında çox eşitmişdi. Ürəyini ovutmaq, gizli göynərtilərdən can qurtarmaq ümidiylə tez-tez təbiətə üz tutmuşdu, sıldırım qayalıqlara söykənən düzlərə səfər etmişdi. Amma bu düzlərin heç biri qəlbini-qanını ovutmamışdı. Sirli anımlar, uzaq fəhmlər susmur, vaxt-bivaxt ürəyin qıfıllı qapılarını açır, keçilməz qayalıqlara söykənən dəlisov düzün xəyal-xatirələrindən deyib danışırdı. Tanrı sirri kimi anlaşılmaz, dərki müşkül danışığın göylərindən at ayaqlarının səsi gəlir, qəribə bir mahnı - zümzümənin kədərli gözləri baxırdı... O gözləri oyub şikəst etmişdilər. Və o kədərli, şikəst gözlərdən elə hey qan damırdı...
Milyonçu heyrətləndi. İndicə eşitdiyi kədərli oxuma gözlərindən qan daman həmin mahnı-zümzümənin eyni idi...
Qeyri-ixtiyari dönüb qonşu stola baxdı. Göz yaşları ağappaq saqqalını isladan qəmli qoca getmişdi.
- Ey, qarson. - Az qala qışqıraraq xidmətçini çağırdı. Xidmətçi qaçaraq gəldi.
- Buyurun, cənab.
- O kim idi? - Qonşu stolu göstərərək soruşdu. - Orada oturan, qəmli-qəmli oxuyan kədərli qoca...
- Qafqazlıdır, cənab. Mühacirdir.
- Onun ünvanını, heç olmasa telefonunu verə bilərsinizmi?
- Əlbəttə, cənab. O bizim ən etibarlı müştərimizdir, bəlkə otuz-qırx ildir ki, bu restorana gəlib-gedir.
Xidmətçi baş əyərək qəmli qocanın vizit vərəqini gətirməyə getdi.
Bayaqdan bəri susan sarışın xanımı soruşdu:
- Nəyinə lazımdır?
- İyirmi yeddi ildən artıqdır yuxularımda göynəyən kədərli mahnını oxuyurdu o.
- Ürəyinə, qanına sahibləndiyin o bədbəxt cavanın ruhu, yaddaşı rahat buraxmır səni.
- Sus! - Kinli-kinli baxdı. - Bu haqda danışmağı qadağan edirəm sənə. Görürəm, - udqundu, - o gənci sən də unuda bilmirsən...
Xanım da bozardı.
- Bəli, unuda bilmirəm. Xatirə kimi bir dəst paltarını saxlamışdım, dünən gecə yoxa çıxıb; özü isə yoxa çıxmır, unudulmur... Sənin sinəndə onun ürəyini dinləmək əzab verir mənə. Bu əzabları yalançı gülüşlərlə nə qədər gizlətmək olar. - Ağlamsındı. - Axı, mən dönə-dönə dedim, yalvardım ki, biz evlənə bilmərik; mən onu sevirdim, mən...
Sıxıla-sıxıla balacalaşan, yumağa dönən qoca onun deyəcəklərindən qorxurdu, tez sözünü kəsdi.
- Yaxşı, burda məhkəmə açma.
- Neçə illərdir ki, ürəyim məhkəmə salonudur. Hakim odur, məhkum biz...
- Qurtardıq. - Nə fikirləşdisə ilıq səslə, təbəssümlə əlavə etdi. - Sevdiyin gəncin ürəyi də, qanı da məndədir, deməli, məni sevməyin və bizim evlənməyimiz tamamilə təbiidir. Təəssüf ki, uşağımız olmadı.
Sarışın xanım gözlərindən üşüyə-üşüyə, göynəyə-göynəyə baxdı. Qoca onun bumbuz əllərini titrək ovuclarında sıxdı, oxşadı.
- İnan mənə, bütün bu duyğular ötüb-keçəcək, unudulacaq...
- Və biz xoşbəxt olacağıq, eləmi?.. - Xanımın gözlərindən, danışığından qar yağırdı. Dünya qar havasına köklənmişdi, qara göylərdən buram-buram qar gəlirdi...
Milyonçu qoca hikkələndi.
- Bəli, xoşbəxt olacağıq. Əgər buna inanmırsansa günü bu gün boşana bilərik. - Qar havasını susdurmaq, sındırmaq üçün cəhd etdi.
Milyonlara sahib olan gözəl xanım diksindi, neçə il əvvəlin kasıb, küskün taleli qulluqçu qızı gözlərinin qabağında kədər heykəlinə döndü.
- Əzizim, - ipək kimi yumşaq, gün işığıtək dumduru, isti səslə dilləndi, - əlbəttə, bu qara-qura duyğular ötüb-keçəcək. Sevdiyim ürək sənin sinəndə döyünür; mən o ürəyin sahibini, səni sevirəm...
Qocanın buz bədəni gün işığında əridi, qarda donan duyğuları dil açdı:
- Sinəmdə döyünən ürəyin hökmüylə sevirəm səni; bu ürək indi mənimdir, deməli, bu sevgi də mənimdir.
Xanım işvə ilə güldü:
- Məni sinəndə döyünən ürəyə də qısqanmayacaqsan ki...
Qoca bu məntiq qarşısında əllərini qaldırıb təslim olduğunu bildirdi və bayaqkı əsəbilik üçün daxilən özünü qınadı.
Restorandan çıxanda xidmətçi bir vizit vərəqi təqdim etdi.
- Həmin mühacirin, qafqazlı qocanındır, - dedi, - bayaq narahat etmək, söhbətinizə mane olmaq istəmədim.
Milyonçu dilucu təşəkkür edərək vizit vərəqini aldı, əvvəl cırıb atmaq istədi, lakin əl saxladı, pencəyinin qoltuq cibinə, ürəyinin üstünə qoydu.
Hava duru, işıqlıydı. Nəhəng şəhər may günəşinin baxışları altında xumarlanırdı.
Qız sinə dolusu nəfəs aldı.
- Əcəb sevdalı havadır, - dedi.
Qoca qımışdı.
- Yoxsa, ürəyinə gəzmək düşüb?
- Hə, gəzmək istəyirəm.
- Harada?
- Sıldırım qayalara söykənən böyük bir düzdə. - Elə dedi ki, sanki danışan o deyil, bir başqasıydı.
Qoca heyrətləndi.
- Bu haradan ağlına gəldi?
Qız da duruxdu.
- Nə bilim, ürəyim istəyir...
- Ürək, ürək... - Qoca titrək əlini sinəsinə vura-vura hikkəylə təkrarladı, cəld addımlarla yaxınlaşıb maşının qapısını açdı, oturub mühərriki işə saldı və dodaqlarını çeynəyə-çeynəyə təkrar mızıldadı - Ürək, ürək...
Sarışın xanım da keçib əyləşdi, incidiyini gizlətməyə çalışaraq soruşdu:
- Nə oldu, əzizim, niyə əsəbiləşdin? Gəzmək meylin yoxdusa, qayıdaq evə.
- Yox, evə qayıtmayacağıq, sıldırım qayalıqlara söykənən düzə gedəcəyik. - Səsindəki əsəbilik, kinayə xanımın gülgün baxışlarını doğradı, isti duyğularını biçib tökdü, xəzələ döndərdi.
Maşın sürətlə şütüdü, kəsə yollarla, əyri-üyrü küçələrlə irəliləyib şəhərdən çıxdı, uzaq üfüqlərdə ilğım kimi görünən yaşıl düzlərə üz tutdu.
Qoca hələ də ürəyində "Ürək, ürək..." deyə hikkələnirdi. Nəhəng şəhərin iyirmi-otuz kilometrliyindəki yaşıl düzlərə yaxınlaşdıqca, ürəyinin çox-çox uzaqlara qaçıb getdiyini hiss edirdi. O çox-çox uzaqlardan, keçilməz sıldırım qayalıqlara söykənən sirli düzdən at ayaqlarının səsi gəlir, hönkürtüyə bənzəyən şikəst mahnının kədərli gözləri baxırdı. Və həmin gözlərin göylərindən qan damırdı... Leysan havası vardı...
Könlüm keçir Qarabağdan...
Xanım qəfildən qışqıraraq irəlini göstərdi.
- Ora bax! Odur!..
İrəlidə, yolun sol tərəfində şuşalı girov dayanmışdı, maşına əl edirdi.
- Odur, - qadın səsi sınıb tökülə-tökülə içini çəkdi, - dünən gecə itən hava rəngli kostyumunu geyib...
Qoca heyrətdən donub qalmışdı, nə edəcəyini bilmirdi, var gücünü toplayıb xırıldadı.
- Ola bilməz... Sadəcə ona bənzəyir... Kostyum da təsadüfdür... - Sürəti artırdı. Yenə titrək əli sinəsini döyəclədi. - Ürək, ürək...
Qarşıda, yolun kənarında dayanan, meh vurduqca hava rəngi nazik kostyumu yellənən (sanki bədənə yox, adi taxta parçasına - müqəvvaya geydirilmişdi) gənc düz onlara baxır, maşını saxlamaq üçün işarə edirdi.
Qoca maşını əyləmək fikrində deyildi, əksinə, anbaan sürəti artırırdı. Lakin gəncin bərabərinə çatan maşın qəfildən dayandı. Sürücü ha əlləşdisə, sönən mühərriki işə sala bilmədi.
Gənc girov yaxına gəldi, zərif, yüngül səslə dilləndi, elə bil bulaq qaynayır, meh əsirdi:
- Sənə Allahım demişdim, inanmışdım. Məni niyə aldatdın! Məni niyə öldürdün? Məni...
O idi, həmin girov gənc idi; buna şübhələri qalmadı; heyrət buzlağında dondular, vahimə alovunda qovruldular.
Qoca bütün varlığı titrəyə-titrəyə, uçuna-uçuna mühərriki işə salmaq üçün əlləşirdi, sonra buna nail olmayacağını görüb kəkələdi.
- Sən... Sən...
- Hə, mənəm, aldadıb ürəyinə, qanına sahibləndiyin həmin şuşalı girovam... - Gün eynəyi taxmışdı, göz çuxurları uçurum kimi dərin idi. Nurlu kölgələr sayrışan sifəti bəzən ilğım kimi əriyib itir, boşluğa dönür və bu anlar gəncin bütün varlığını bürüyən əsəbi titrəyişlər aşkar hiss olunurdu.
Qadın havalı kimi dedi:
- Paltarını xatirə saxlamışdım... Nə vaxt götürdün?.. - Hıçqırdı. - Dedim axı, biz qaçmalıydıq, qaçmaq lazım idi...
Ruh titrəyə-titrəyə ona baxdı. Gözləri elə boş, dibsiz uçurumlar kimi elə dərin, vahiməli idi ki, qadın tab gətirməyib əlləri ilə üzünü tutdu, sinəsi uçqunlayıb töküldü, höhkürtü selində boğula-boğula pıçıldadı:
- Heç nə edə bilmədim... Gücüm heç nəyə çatmadı. Yad sinədə döyünən ürəyinə sığındım - sənin ürəyinə...
- Neçə ildir sərgərdanam, rahatlana bilmirəm. - Ruhun pıçıltısı zəif, zərif su şırıltısını xatırladırdı. - Ürəyim sənin sinəndə girovdur, - nifrətlə qocaya baxdı, - ciyərlərimi bank müdiri, böyrəklərimi məşhur bir müğənni, gözlərimi və qol sümüyümü qəzaya düşən siyasi xadim, dərimin yarıdan çoxunu yanğından yarımcan qurtulan biznesmen aldı. Canlı bədən üzvlərimin bir hissəsini Gen Mühəndisliyi Mərkəzinə, bir hissəsini gizli klinikaya satdılar, qalanları hələ də xüsusi hermetik qablarda saxlanılır. Müxtəlif adamlarda yaşayan, hermetik qablarda çırpınan bədənimi əbədilik tərk edə bilmirəm; mən ölüyəm, amma meyitim yoxdur, əksər bədən hissələrim ayrı-ayrı adamlarda girov kimi yaşayır... İllər, bəlkə min illər boyu sərgərdanlığım susmayacaq, didərginliyim ovunmayacaq. Hamısının günahkarı sənsən, qoca! - Hiddətlə qışqırdı. - Səni görüm lənətə gələsən!
- Axı... mən... belə olacağını bilmirdim... İndi nə edim, nə etməliyəm?
- Kömək et mənə. - Ruh tələsik pıçıldadı.
Qoca da eyni cəldliklə soruşdu:
- Necə? Necə kömək edə bilərəm? Yolunu göstər.
- Müxtəlif adamlarda yaşayan, hermetik qapalı sistemlərdə qıvrılan bədənimi tərk edib doğma yerlərə qayıda bilmirəm. Qayıtmaq istəyirəm, kömək et.
- Axı, necə?
- Ruh kimi qayıda bilmədiyim yolu canlı adam kimi qayıtmalıyam.
Qız həyəcanla soruşdu:
- Bakıya uçan təyyarə ilə, eləmi?
- Bəli.
- Bu, problem deyil, istədiyin vaxt səni ən yaxşı reyslə yola sala bilərəm. - Qoca əmin etdi.
Ruh razılıqla başını tərpədərək dedi:
- Bir nəfər mühafizəçi məni Bakıya qədər müşayiət etməlidir; yolda, xüsusilə, Bakının hava limanında diqqəti cəlb edib tutulacağımdan, əlavə söz-söhbətdən qorxuram. Bundan əlavə, yaxşı maskalar, qrim ləvazimatı, geyimlər almalıyam... Bakıdan Qarabağa, Şuşaya gedəcəyəm... Bir vaxtlar məni aldadaraq dediyiniz yalançı azadlıq bu günlərdə həqiqət olacaq... Eşidirsən, Qarabağ, mənim Şuşam azad olacaq!
Qoca milyonçu xeyli yüngülləşmişdi, arxayınlıqla dilləndi:
- Nə lazımdırsa, hamısı yüksək səviyyədə təşkil olunacaq. Bakıya, istədiyin yerə qədər yola salınacaqsan. Başqa nə arzun varsa de, heç nədən çəkinmə, nə mümkündürsə etməyə hazıram.
- Ehtiyat üçün müəyyən pul məbləği...
- Əzizim, - qoca arxa qapını açaraq razılığını bildirdi, - əyləş, gedib mənim kabinetimdə, üçlükdə bütün məsələləri həll edək.
- Ən geci bu gecə qayıtmalıyam. Sabah həmin gündür, 28 il altı aydan sonra Şuşa azad olacaq!
- Qayıdacaqsan. Mütləq! - Qoca söz verdi.
Su səsində saf, sirli-sehrli bir işıq qaynayırdı:
- Sabah Şuşada olmalıyam!.. Sabah taleyimin əbədi gülən günüdür, didərginliyimin, girovluğumun son günü...
***
Bütün bu əhvalatı bir an susmadan, dayanıb durmadan, birnəfəsə danışdı. Sonra ayağa qalxıb gedə-gedə həmin qəribə su səsiylə pıçıldadı:
- Mən Qarabağa, Şuşaya gedirəm. Bu gün, 8 noyabr və sonra 10 noyabr 2020-ci il həsrətimizin son günləridir; Azərbaycan əsgəri Şuşanı alçaq düşmənlərdən alacaq, Qarabağı xilas edəcək. Gövhər ağa məscidinin minarəsində azan səsi xoşbəxtliyimizi xəbər verəcək, ən yüksək məqamda Azərbaycan bayrağı əbədilik qaldırılacaq. - Bir qədər susub əlavə etdi. - Nə vaxt Şuşaya gəlsən, Cıdır düzünün ürək genişliyində, Daşaltı çayının dərəsindəki qədim mağarada, Xəzinə qayasında məni, mənim duyğularımın işığını hiss edəcəksən...
Heyrət və göz yaşı içində donub qalmışdım, nə edəcəyimi, nə deyəcəyimi bilmirdim. Handan-hana dilimi sürüdüm:
- Bu... Ola bilməz... Bütün bunlar...
- İnan, bütün bunlar həqiqətdir, hər sözü, hər cümləsi... Su kimi, torpaq kimi adi, sadə bir həqiqət.
- Axı...
- O dəhşətli hadisədən sonra çağırılan tərəfə gedə bilmirdim, sanki min bir zəncirlə bağlanmışdım, dirənib durmuşdum.
Eləcə heyrət, göz yaşı içində soruşdum:
- Bəs sonra nə oldu?
- Allah dedi ki, niyə dayandın, gəl. Mən dedim ki, gələ bilmirəm; canlı bağlarım qoymur, hələ bu dünyada qisasım qalıb... Onda ilahi təbəssüm mənə möhlət verdi... Və bu qisas günündə möhlətim başa çatır... Şuşanın Cıdır düzündə dalğalanan Azərbaycan bayrağını atamın, ulularımın ruhu kimi öpəcəyəm, Gövhər ağa məscidinin qoşa minarəsindən ucalan azan səsinə qoşulub xoşbəxt ola-ola Onun çağırışına, təbəssümünə doğru gedəcəyəm. Bu dünyada Allahın "Niyə dayandın, gəl" çağırışından, təbəssümündən gözəl və möhtəşəm heç nə yoxdur.
İti addımlarla uzaqlaşdı, yaşıllıq zolağının başında sola dönüb gözdən itdi.
Və mən onun danışdığı qeyri-adi əhvalatı heç nə pozmadan, əlavə etmədən sözbəsöz yazıya almağı özümə borc bildim. Doğrusu, Qarabağa, Şuşaya gedəcəyim, onu nişan verdiyi mübarək yerlərdə görəcəyim günü səbirsizliklə gözləyirəm, ya qismət...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!