Roman
Əvvəli ötən sayımızda
***
Ermənilər tərəfdəki bütün postlarda işıqlar yanırdı. Hündürdə olduqlarından hər şey gözləri önündəydi. Hücum-filan olsaydı, azərbaycanlı əsgərlər onların postlarına çatana qədər biləcəkdilər, dərhal toparlanacaqdılar. Azərbaycan ordusunun əsgərlərinin vəziyyəti hərbi-strateji baxımdan olduqca mürəkkəb idi. Aşağıdan yuxarı qalxmağın, sürünməyin, irəliləməyin çətinliyindən əlavə, bütünlüklə düşmənin gözü qarşısında açıq hədəfə çevrilirsən. Nə qədər ehtiyatlı, çevik, hiyləgər olmalısan ki, diqqət çəkməyəsən, düşmənin gözündən yayına biləsən.
Qaranlıq qatılaşırdı. Ermənilər tərəfdə elə də hərəkətlilik duyulmurdu. Azərbaycanlıların hücum edə biləcəyi ermənilərin ağlına gəlmirdi, deyəsən. Ohanyan səddinə çox güvənirdilər. Əmin idilər ki, minalanmış sahələrdən keçərkən kiçik bir ehtiyatsızlıqdan partlayış olacaq, onlar da dərhal gələnləri gülləbaran edib öldürəcəklər. Ona görə də arxayınlıqla postlarında mürgü vururdular. Sabahın açılmasına hələ çox qalırdı.
"Kitayski post"dan başlayacaqdılar. Onlara ən yaxın post o idi. Ermənilər qarovulda dayandıqları yerin papaqlığını qırmızı kirəmit parçalarından elə düzəltmişdilər ki, uzaqdan Çin evlərinin dam örtüyünü xatırladırdı. Ona görə də hər iki tərəf öz aralarında həmin yeri rus dilində "Kitayski post" adlandırırdılar. Azərbaycan ordusunda da hələ hərbi terminlərin əksəriyyəti köhnə ənənəyə görə rus dilində işlədilirdi. Biz də yazımızda bu ənənəyə əməl etmək məcburiyyətindəyik.
Gecənin tən yarısında sapyor rotasının komandiri Hüseynov astadan "hazırlaşın" dedi. Dəstənin bütün üzvləri "hazırıq!" dedilər. Avadanlıqlarını götürüb irəlilədilər. Çox qaranlıq olsa da, gedəcəkləri yeri yaxşıca öyrənmişdilər. Çalışırdılar ki, ayaqlarının altında daş qalmasın, dığırlanıb səs salmasın. Yoxsa düşmən nəsə hiss edib atəş açsa, planları pozular. Maksimum ehtiyatlı olmaq gərəkirdi. Hamı qıs-qıvraq geyinmişdi.
Digər hücum qrupları da onların ardınca qarabaqara gedirdilər. Bir daha dəstə üzvlərini nəzərdən keçirən Hüseynov "Ya Allah" deyib dua etməyə başladı. Dəstə üzvləri də ürəklərində kəlmeyi-şəhadətlərini söyləyib tam toparlandılar. Sürünə-sürünə "Kitayski post"a yaxınlaşdılar.
Sapyorlarımız qorxmadan, ürəklə, diqqətlə, ehtiyatla işləyirdilər. Azərbaycan əsgəri bu günü çoxdan gözləyirdi. Qaranlıqda ara boşluqlardan, dərə boşluqlarından, yarğanlardan sürüşərək, burulmuş yay kimi açılaraq yuxarı dırmaşırdılar. Lap kombriq deyən kimi: kəpənək kimi səssiz, ildırım kimi sürətli.
Onların dalınca tapşırıq alan böyük istehkamcı qrup da sabah obaşdandan tankların rahat keçməsi üçün əməliyyata başladılar. Böyük yolu onlar açmalıydılar. Ondan bir gün əvvəl komandirlər Mais Bərxudarov və Bəkir Orucov əraziyə birlikdə baxış keçirib öz aralarında döyüş müşavirəsi aparmışdılar və bu aralıqdakı ərazini hədəfləmişdilər. Bütün proseslər dəqiqliyinə qədər hesablanmışdı. Bir neçə gün qabaq tankları, digər döyüş texnikalarını yaxına gətirib elə gizlətmişdilər ki, kənardan qətiyyən hiss olunmurdu.
Rövşən arada sapyorların düşünən beyni, başı "qızıl kompüter" Akifə xırda daşlar atırdı ki, ə, tez ol daa, səhər açılır. Nə bitdənirsən orda?
O da yumruğunu düyünləyib hədə göndərirdi ki, qoy işimi qurtarım, gör sənin başına nə oyun açacam. Rəhmətliyin oğlu, mən burada kabab yemirəm e... Birdən ermənilər hiss edərlər, əməliyyat pozular. Sonra komandirə nə cavab verərik. Çaşdırma məni, işləyirəm axı...
Üzeyir əlinin üstünə düşən damcıdan diksindi. Başını yuxarı qaldırdı. Yox, yağış deyildi... Dəsmalını çıxardıb Akifin tərini sildi.
- Qorxursan?..
- Yooxx... Bir gün yaranmışam, bir gün də öləcəm... Kimdi dünyanı axıracan tutub gedən. Amma ölüm də şərəfli olmalıdır. Ən azı döyüş meydanında. Yoxsa, kiçik bir səhvin ucbatından? Məsuliyyətdən çəkinirəm. Birinci mən başlamışam. Hamı gəlib burdan keçəcək. Səhv olmamalıdır. Bilirsən də, bizim işdə səhv bir dəfə olur. O səhvi mən bəlkə də başqa yerdə mina axtaranda edə bilərəm. Amma bu gün burada yox. Gör neçə vaxtdır, bu günü gözləyirik.
Lələtəpə yüksəkliyi olduqca mühüm post idi. Ordan baxanda strateji baxımdan Füzulinin qalan bütün ərazisini, sonra Beyləqanı, hətta İmişlinin konturlarını görmək olurdu. Elə möhkəm istehkamlar tikmişdilər ki, onları keçib Lələtəpəyə qalxmaq ağıla gəlməz idi. Erməni əsgərlərinin işi formal olaraq keşik çəkdikləri ərazidə var-gəl etmək idi. Yəni azərbaycanlılar baxanda görsünlər ki, postda kimsə var. Həm də öz komandirləri də arxayın olsunlar.
"Kitayski post"da iki erməni əsgər keşik çəkirdi. Hərdənbir də qarşı-qarşıya gəlib yerlərini dəyişirdilər.
- Növbəti yerdəyişmə olanda hücuma keçəcəyik. Onda fikirləri yayğın olacaq. - Kəşfiyyat qrupunun rəhbəri Ağayev üzünü gizir Rüstəmova tutdu: - Uzaqdakı sənindir.
Rüstəmov başa düşdü. İti bıçağını əlində tarazladı. Rauf və Səlim üzünü çevirib geri dönən erməni əsgərinin üstünə şığıyıb onu yerə yıxdılar, nəfəsini çıxmağa qoymadılar. Süpürləşməni duyan o biri əsgər silahını tarazlayıb atəş açmaq istəyəndə Rüstəmovun bıçağı köksünə sancıldı. Sıçrayaraq diz üstə çökən erməninin səsini çıxarmasın deyə, dərhal ağzını qapadılar, Rüstəmov bıçağı daha da dərinə soxdu.
İlk həmlə uğurla başa çatdı. Artıq-əskik səs-küy olmadığından hər şey əvvəlki kimi idi. Sanki bu kiçik basqı olmamışdı.
Ağayev məlumat vermək üçün ağzını ratsiyaya tutdu. Rauf tez yaxına gəlib astadan pıçıldadı.
- Cənab komandir, belə deyin. "Çin bizdədir!". Postun adını rus dilində desəniz, duyuq düşərlər.
Ağayev duruxdu. Hərbi qayda var. Əməliyyat zarafat yeri deyil. Hər şey dəqiq və konkret olmalıdır...
Amma Şair də düz deyir...
Yaxşı, Şair deyən kimi olsun. Başa düşməsələr, hamının bildiyi adla deyər.
Kombriq Bərxudarov kapitan Ağayevin siqnalını görən kimi səbirsizcəsinə: - Bəli, bəli, eşidirəm, - dedi.
- Çin bizdədir...
Komandirin başa düşməkdə çətinlik çəkdiyini səngərdəkilərin hamısı hiss etdi. Açıq-aşkar tövşüyürdü. Həyəcandan da ola bilərdi. Nəyisə götür-qoy edirdi. Açıq danışa bilmirdi, sual verib nəyisə aydınlaşdırmaq da istəmirdi... Nəhayət, səs gəldi.
- Şair səninlədir.
- Bəli!
- Onun ağzı ilə danışırsan?
- Bəli.
- Yəni aramızda olan Çin ölkəsi bizdədir.
- Bəli.
- Deməli, hər şey qaydasındadır.
- Elədi ki, var!
- Elədirsə, uğurlar!
Hər şey plan üzrə gedirdi. Postlar bir-birinin ardınca qısa süpürləşmədən sonra təslim olurdu. Mümkün qədər atəş açmamaq əmr edilmişdi. Yuxulu ermənilər ilk anlarda nə baş verdiyini anlamırdılar. Bir zərbədən kazarmanın döşəməsinə sərilirdilər. Uzunmüddətli müşahidələr bəhrəsini verirdi. Azərbaycan əsgərləri əlləri ilə qoyublarmış kimi bütün cığırları və keçidləri uğurla adlayaraq götürürdülər. Düşməni qəfil yaxalayıb axırlarına çıxırdılar. O qədər sürətlə işləyirdilər ki, düşmənlər əl də tərpədə bilmirdilər.
Lələtəpənin ətəyindəki beş postun mərkəzi dördüncü post idi. Ratsiyada danışığı onlar da tutdular. Yaşlı bir erməni döyüşçü əlini-əlinə vurub şaqqanaq çəkdi.
- Ara, bu azərbaycanlılar, deyəsən, qırılıb qurtarıblar. İndi də cinlərlə oturub dururlar. Ay sizin... - söyüş söydü.
- İçək qəhrəman, igid erməni əsgərlərinin sağlığına. Dünyanın bütün cin-şeytanları da gəlsələr, bizə bata bilməzlər.
Başçıları polkovnik-leytenant Maksim Qriqoryan dolu stəkanı başına çəkdi. "Vahh!" eləyib silkələndi, atılıb-düşdü. Sosiskanı ortadan bölüb gəvələdi. Yeyə-yeyə də yenə "vahh! vahh!" eləyirdi. Deyəsən, içi çox yanırdı. Özünü göstərmək istəmişdi, amma tut arağı onu əməllicə xıxırtmışdı.
Yan-yörəsindəkilər də tut arağını başlarına çəkib pufuldaya-pufuldaya əllərini yeməyə uzadırdılar ki, ikinci raportu da eşitdilər: - İkinci Cin də bizdədir!
Yenə ştabı qəhqəhə bürüdü. Bir neçəsi özündən getdi. Bayaqki erməni təntənəli şəkildə bəyan etdi:
- Sabah şəxsən özüm generaldan xahiş edəcəm ki, mənə təkbaşına icazə versin, gedim Horadizi götürüm. Mənim o Mubarızdan nəyim əskikdir? Vayy, bu azarbaycanlılar nə günə qaldılar, ara, adamları yoxdur, qırılıb qurtarıblar. Sizi inandırıram ki, cinlər bizim hücumu görsələr, qorxularından onlar da avtomatlarını azarbaycanlılara tuşlayacaqlar. Sağ qalmaq üçün cəsur erməni əsgərlərinə tabe olub müsəlmanların qanını axıdacaqlar. Görərsiniz.
Axırıncı postda da işlər düz gətirmədi. Səngərin divarına sıyıb qayıdan orta yaşlı erməni azərbaycanlı əsgərləri görüb bağıra-bağıra posta təpildi:
- Türklər ağzımızın içindədilər.
Əsgərlər mövqe tutduqları yerdən postu gülləbaran etdilər. Amma çox güclü müqavimət gördülər. "Deyəsən, çətin olacaq". Ermənilərin mövqeyi möhkəm idi.
Mayor Elnur Əliyev:
- Uşaqlar, gəlin, elliklə posta girək, - dedi.
Hamı bir nəfər kimi irəli atıldı. Birdən dəstənin qabağına bir qumbara düşdü. Dəstə üzvlərinə heç nə olmasın deyə, Elnur özünü qumbaranın üstünə atdı.
- Salamat qalın, uşaqlar!
Dalğadan hərə bir tərəfə düşdü. Əsgərlərin hamısı yüngül bədən xəsarətləri aldılar. Ölən yalnız mayor Əliyev idi. Bədəni parça-parça olmuşdu.
Hamının göz yaşı içinə axdı...
Elə bu an komandirin səsi gəldi. - Niyə gecikirsən?
Rota komandiri vəziyyəti olduğu kimi dedi:
- Cənab komandir, yaman dirəniş göstərirlər, həm də çoxdular... Elnur Əliyev həlak oldu...
...Hiss olundu ki, kombriq sarsıldı. Uzun pauza verdi...
Eşitdikləri sözə əsgərlər inanmadılar.
- Bir az dözün, özüm gəlirəm!
Maksim Qriqoyan durmadan döyüşçülərini ruhlandırırdı. - Qorxmayın! İndi bizimkilər köməyə gəlib bunların anasını ağladacaqlar!
Ən müxtəlif yerlərdən atəş açılırdı. Ermənilər daldalandıqları yerə yaxşı bələd idilər. Həm də sayca çox idilər. İçəri girmək mümkün deyildi. Yaxına getmək də müşkül idi. Onlar ştabın ağzındakıları yaxşı görürdülər. Azərbaycan əsgərləri isə qaranlıq ştabda onları görmürdülər.
Üzeyirlə Rövşən nisbətən irəlidə idi. Çəmləyib qapısı dəmir torla örtülmüş kazarmaya iki qumbara atdılar. İkisi də tora dəyib bir az geri düşdü. Toz-duman hər yeri bürüdü. Hiyləgər Qriqoryan kazarmanın ağzına çıxıb yaxında olan əsgərləri axtarırdı. Toz, tüstü seyrələndə birdən Üzeyiri gördü. Üzeyir çökəyin içində gizlənmişdi. Qriqoryan avtomatı qaldırıb onun sinəsini nişan aldı. Bayaq atılan qumbaranın əsgərlərin hamısını öldürdüyünü zənn etdiyindən çox arxayın olmuşdu. Sağ qalmayacağını hiss edən Üzeyir bir anın içində var gücünü toparlayıb yuxarı dikəldi. Avtomat güllələri onun qurşağının aşağısını tutdu.
- Rövşən, məni vurdular!
Rövşən yaxındaydı. Üzeyirə atəş açanı gördü. Havaya uçub darağı boşaltdı. Qriqoryan onu görmədiyindən arxayınlaşmışdı. Tut arağının da təsiri olmamış deyildi. Başına dəyən güllələrdən ləngərlədi. Ağzı üstə yerə sərildi. Son dəfə tətiyi çəkdi. Güllələr səngərin divarlarına girdi.
Elə bu an kombriq Bərxudarov iki əsgərlə yetişdi. Səngərdəkilər aslana döndülər.
Bərxudarovla gələn qranatomyotçu silahını çiynində rahatlayıb atəş açaraq dəmir toru vurub dağıtdı. İçəridə vay-nəfsə qopdu Briqada komandiri əmr etdi:
- Ən azı bir nəfəri diri tutmalıyıq, həm diqqətli olun, həm də ehtiyatlı.
Horadizi götürmək istəyən erməninin yalvarışları eşidildi.
- Ara, bizim nə günahımız. Biz özümüz gəlməmişik ki. Bizi gətiriblər. Yazığınız gəlsin! Bax, silahımızı qoyub çıxırıq.
Kombriq "əl saxlayın!" işarəsi verib dedi:
- Çıxın! Dəyməyəcəyik.
Sonra Rövşənə dönüb: - İçərini yaxşı-yaxşı yoxla! - dedi.
***
Döyüşün ikinci günüydü. Ermənilər göz bəbəkləri kimi qoruduqları, arın-arxayın oturduqları Lələtəpəni qoyub xeyli uzaqlara qaçmışdılar. Çox zəif müqavimət göstərirdilər. Buna səbəb həm də oydu ki, Ağamirin cəsur artilleriyası döyüş zamanı ermənilərin on bir tankını vurub onları sözün əsl mənasında sarsıtmışdılar. Heç cür başa düşə bilmirdilər ki, Azərbaycan əsgərləri bu qədər dəqiqliklə onların axırına necə çıxa bilərlər. Ona görə də açıq-aşkar döyüşdən imtina edib, sağ qalanlar da tankdan çıxıb pərakəndə halda qaçmağa başladılar. Komandirləri əsgərlərini saxlaya bilmirdilər. Onların sırasında indi mülki adamlar daha çox gözə dəyirdi. Deyəsən, tələm-tələsik ermənilər yaşayan rayonlardan yığıb gətirmişdilər. Onların da naşılıqları o saat görünürdü. Döyüşə girən kimi gülləyə tuş gəlirdilər. Hiss olunurdu ki, zorla gətiriliblər. Ölərkən onları gətirənlərin ünvanına söyüş söyürdülər. Narazılıqları çöllərə səpilmiş qurumuş meyitlərinin sifətindən də görünürdü.
Ratsiya ilə xəbər verdilər ki, vuruşmanın lap önündə mayor Səməd Nəsibov, bütün polkun sevimlisi Ruhin Piriyev və bir gizir atılan mərmilərdən həlak olmuşlar. Düşmən onların meyitini götürməyə imkan vermir. Bəlkə də özləri götürmək istəyirlər. Kəşfiyyat qrupunun baş leytenantı Elşən: - Mən gedib onları gətirərəm! - dedi.
Hamı ümidlə, həm də nigarançılıqla ona baxdı. Meyitlər güllə selinin altındaydı. Bəlkə, doğrudan da, kimsə sağ idi. Ermənilərin canfəşanlığı bununla da bağlı ola bilərdi... Komandir Mirzəyev Elşənə və onun qrupuna xeyir-dua verdi. - Gedin. Allaha əmanət olun!
Təcili yardım maşını ilə həmin koordinata sarı irəlilədilər. Bizimkilər də həmin istiqaməti güllə yağışına tutub düşmənin başını qatır, onları irəliləməyə qoymurdular. Ölmüş bildikləri döyüşçüləri maşına yığanda gördülər ki, Ruhin sağdır. Çatlamış dodaqlarını yalayıb: - Qardaş, Şahin, gəldinmi? - dedi.
Elşən ratsiya ilə xəbər verdi ki, Ruhin ağır yaralanıb, qardaşını arzulayır. Tez Şahini döyüşün hansı qolunda olmasını tapıb onu Lələtəpənin zirvəsinə çağırdılar. Bu işi kapitan Ağayeva tapşırdılar. O da Raufa göstəriş verdi.
Geri qayıdanda Elşən sürücüyə bərk-bərk tapşırdı. - Çalış, cığırdan çıxma, bu yolu bizim sapyorlar yoxlayıb, təmizdir, bir az asta sür, həyəcanlanma.
Mərmilər təcili yardım maşınının gah sağına, gah soluna, gah önünə, gah da arxasına düşürdü. Yaxında partlayan növbəti mərmi maşını bərk tutdu. Sürücü nə qədər etdisə də, müvazinəti saxlaya bilmədi. Qrup üzvləri də, yaralılar da, meyitlər də hərə bir tərəfə düşdü. Təcili yardım maşınının qabaq hissəsi dağıldı. Möcüzə baş vermişdi. Heç kim ciddi xəsarət almamışdı.
Prosesi diqqətlə izləyən Mirzəyev yeni avtomobil göndərdi. Sürücü heç nəyə baxmayaraq təpələri aşaraq gəlirdi. Resorun qırılmasının, dağılmasının hayında deyildi. Elşən sol ayağını çəkə bilmirdi, yara təzə olduğundan axsaya-axsaya onlara tərəf gələn maşına tərəf yeriyirdi.
- Yaralıları götürün!
Hamını bir yerə toplayıb təhlükəli zonadan uzaqlaşdı.
Dizindən aşağı axan qan dayanmırdı. "İnpoketi" açıb içindən jqut çıxartdı, onunla baldırını yuxarıdan bərk-bərk sıxdı.
Xoşbəxtlikdən, Elşənin sümüyünə bir şey olmamışdı. Baldırı dağılmışdı. Həkim də tez sarıyıb qanaxmanın qabağını saxladı.
***
Lap yaxından Raufun - Şairin səsi gəlirdi.
Dəlilərim, bu gün dava günüdü,
Müxənnət ölkəsi talanmaq gərək!
Qoç iyidlər yarasından bəllənər,
Şərbəttək qanını yalanmaq gərək!
Koroğlu içəndə düşmən qanını,
Mərd meydanda nərəsindən tanını,
Qırın vəzirini, tutun xanını,
Leş-leşin üstünə qalanmaq gərək!
Şahin Şairin sözlərindən lap vəcdə gəldi. O da ürəkdən "Leş-leşin üstünə qalanmaq gərək!" deyərək nərə çəkdi. Ermənilər tez aradan çıxa bilsinlər deyə, texnikalarını, silahlarını da atıb qaçırdılar, təki ələ keçməsinlər.
Raufun boğuq səsi gəldi.
- Şahin! Qardaşın yaralanıb. Bəlkə aşağı - hospitala aparmaq lazım gəldi. Yanında olsan yaxşıdı.
Şahin deyilənləri adi söz kimi qarşıladı. Bu saat ilk ağla gələn söz yaralanmaq idi. Müharibədir dəə... Hamı yaralanır. Yaralanmaq yaxşıdır, təki ölmək olmasın. Şairin də üz-gözü qan içindəydi. Alnında, sifətində, boynunda sıyrıntılar vardı. "Əşşi, yəqin, adi şeydir. Vaxt itirməyə dəyməz".
Nərə çəkə-çəkə irəli yüyürdü:
- Heç bu ləzzəti yarımçıq qoyallar?
Şahin güllə yağışının altında rəqs edirmiş kimi atıla-atıla gah sağ, gah da sol tərəfdəki çökəklərə girərək düşmənin düz üstünə yeriyirdi. Rauf onu döyüşdən aralaya bilməyəcəyini anlayıb axır sözünü dedi:
- Ağır yaralıdır. Səni istəyir... Deyir, sözüm var.
Söz elə bil indi çatdı. Şahinin əli tətikdə dondu. Şair üzünü çevirib irəli cumdu, xeyli aralandı. Yenə "Koroğlu"dan şer deyirdi.
Hoydu, dəlilərim hoydu,
Yeriyin meydan üstünə!
Havadakı şahin kimi,
Tökülün al qan üstünə!
"Görəsən, qardaşı nə demək istəyir. Yəni belə ağır yaralıdı?".
Cəmirtkənliklərin arasıyla geri sürünürdü. Arxa cəbhədəkilər yaralıları daşıyırdılar. Cəld və tədbirli tərpənirdilər. Çovutma güllədən savayı onları heç nə tutmazdı. Düşmənin başı qaçmağa qarışmışdı. Ermənilər canlarının hayındaydılar.
...Ruhin döyüşdən 3 ay əvvəl kurs keçmişdi. Bədəncə arıq uşaq idi. Qardaşı Şahin zarafatla deyirdi ki, ə, sən Allah, ondan muğayat olun, bərk külək əssə, götürüb aparacaq, əldə-ayaqda itəcək.
Şahinin belə deməyinə baxmayaraq Ruhin çox zirək və əldən itiydi. Göz yumub açınca avtomatı açıb yığırdı. Hətta zabitlər belə onun kimi sürətli deyildi. Belə arıq uşaq 60-70 dəfə jim edirdi, 35-40 dəfə turnikdə dartınırdı. Söz tapa bilməyənlər bunu onun çəkisinin azlığı ilə bağlayırdılar. Ruhin gülümsəyib bircə bunu deyirdi: - Yaxşı, avtomatı söküb yığmağım nəylə əlaqədardı?
Avtomatı 9 saniyəyə sökürdü, 18-19 saniyəyə yığırdı.
Ruhin kursda birinci oldu. Çox özündən deyən oğlanlardan fərqli olaraq hərbi normativləri artıqlaması ilə yerinə yetirdi. Döyüş təmrinlərini sürətlə və uğurla başa vurmaqda ona çatan olmadı. Şahin bu dəfə də zarafatından qalmadı:
- Sən ölmüyəsən, eyni kişidən, eyni arvaddan olan doğma qardaşımı, deyəsən, yaxşı tanımamışam.
Ruhin erməni əsgərlərini ot kimi biçirdi. Düşmən özü məəttəl qalmışdı ki, atılan güllələr ondan necə yan keçir. Gözlərinin qabağındakı azərbaycanlı əsgər erməniləri bir-bir dənləyir, onlar isə onu vura bilmirlər, güllələrin hamısı yan keçir. Axırda sözləşib Ruhini qumbara ilə öldürməyi qərar alırlar. Üç qumbara atırlar. Biri ayaqlarının altına düşür. Qəlpələr bütün bədəninə dolur. Yıxıla-yıxıla da olsa, yenə atəş açır, ona yaxınlaşıb hər ehtimala qarşı əsir götürmək istəyənləri qanlarına qəltan edir.
Şahini görən kimi əl elədilər. Onu haylayanların üzlərindəki təlaşı görüb götürüldü. Ruhinə yaxınlaşanda onu qan içində gördü. Bütün varlığı sarsıldı. - Qardaş, qardaş! - deyib onun başını qucaqladı. Gözündən sel kimi yaş axmağa başladı. - Qardaş! - deyib bir də haray çəkdi. Bərk-bərk bağrına basdı.
- Yavaş, ağrıdır... - Ruhin inildədi. Şahinin dərhal qolları boşaldı.
- Necə oldu?.. - "yaralandın" sözünü demədi. Artıq idi...
- Böyrümdə qumbara partladı. Elə bil məni götürüb... göydən yerə çırpdılar.
Döyüş uzaqlardaydı, Nüzgar kəndinə doğru düzəngahlarda arxa cəbhədəkilər əyilib eləmədən yaralıları daşıyırdılar. Nəhayət, onlara da yaxınlaşdılar. Şahinin də köməyi ilə Ruhini xərəyə qoydular. Sürətlə aşağı, avtomobillərin yanına qaçdılar. Şahin qardaşının başı üstündən aralanmadı: - Mən də gedirəm!
Tibbi personaldan heç kim dinmədi...
Davamı gələn sayımızda
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!