Hekayə
Bala qartal yuvadan boylanıb ətrafa baxdı. Meşə, çöl-çəmən, çaylar ayağının altında idi. Axı yuvası hündür dağın zirvəsində yerləşirdi. Ana qartal ətrafı təəccüblə seyr edən balasının başına qanadı ilə sığal çəkib təbəssümlə dedi:
- Qartallar zirvədə yaşayar, ən yüksəkdə uçarlar.
- Ana, axı mən uçmağı bacarmıram.
- Öyrənəcəksən, balacan. Çünki sənin qanadların var. Nəinki uçmağı, ov ovlamağı, dost qazanmağı da bacaracaqsan!
- Ay ana, mənim dostlarım olacaq?! Nə yaxşı! Özümə çoxlu dost tapacağam...
Ana qartal günlərlə balasına qanad çalıb uçmağı, ov ovlamağı öyrətdi. Sonra isə balasını qanadının altına çəkib ona tapşırdı:
- Dostlarını isə özün seçəcəksən. Unutma, özün kimi qanadlı dostlar tapmalısan!
Bala qartal bir gün zirvədəki yuvasından uçub dost axtarışına çıxdı. Xeyli yol qət etdi, nəhayət, meyvə bağındakı alma ağacına qondu. O, ağacdakı qoşa yarpaqlı, qıpqırmızı almanı görüb sevincək söylədi:
- Axır ki, səni tapdım qanadlı dostum! Nə gözəl qanadların var?
Alma nazla qartala baxıb dedi:
- Bunlar qanad deyil, yarpaqlarımdır. Düzdür, qanadlara bənzəyir, amma mən uça bilmirəm. Bütün yarpaqlar, budaqlar ağacların qol-qanadıdır. Bu yarpaqlar ətraf mühiti təmiz oksigenlə təmin etməyə, insanlara dincəlmək üçün kölgə salmağa, yaşıllığımızdan zövq almağa xidmət edir.
Almadan qanadlara bənzər yarpaqlar haqda faydalı məlumatlar eşidən bala qartal qanadını sinəsinə qoyub almanın qarşısında baş əydi:
- Gəl, səninlə dost olaq. Mən bala qartalam.
Alma gülümsədi və elə saplağındaca fırlana-fırlana dedi:
- Mən şirin almayam. Meyvə bağındakı bütün meyvələrlə dostam. Amma qartal dostum yox idi.
Bala qartal almaya lap həsəd apardı:
- Şirin alma, sənin nə çox dostların var? Amma sən mənim ilk dostumsan.
Dostlar bir xeyli söhbət etdilər. Onlar yeni dostluğa çox şad idilər.
Bala qartalı qarşıda növbəti dostluqlar gözləyirdi. O, alma ilə sağollaşıb sevinə-sevinə uçub getdi. Alma ağacının yarpaqları və budaqları bala qartala əl elədi.
Dost tapmaq üçün bala qartal çox uzaqlara uçdu və gəlib, böyük, ucsuz-bucaqsız, qoynu səma kimi mavi, dalğaları bulud kimi ağappaq okeanın sahilinə çatdı. Okeanın sahili bir tərəfdən meşə, digər tərəfdən sıldırım qayalarla əhatələnmişdi. Bala qartal sıldırım qayaya qonub həyatında ilk dəfə gördüyü mavi gözəlliyi iti gözləri ilə seyr etməyə başladı. Okeandan əsən meh bala qartalın ipək kimi tüklərinə anasıtək nəvazişlə sığal çəkirdi. Bala qartal qanadlarını açıb səmada, okeanın üzərində qıy vuraraq doyunca süzdü. Sonra yenə qayaya qonub məğrur duruşu ilə gözlərini sanki okeanın bitdiyi üfüqə zillədi. Birdən üfüqdə qaraltı bir nöqtənin sahilə doğru, ona tərəf gəldiyini gördü. Qara nöqtə getdikcə böyüyür, böyüdükcə ağappaq yelkənlər aydın görünürdü.
Böyük, ağ yelkənli gəmi küləyin nəfəsi ilə okean sularını yara-yara sahilə çatdı. O, okean və dənizləri gəzib-dolaşıb, bütün dünyanı səyahət etmişdi. Bala qartal gəminin ətrafına dolandı. Ən hündür yelkən dirəklərindən birinə qonub gəmini salamladı. Gəmi bala qartalı gülərüzlə qarşıladı. Bala qartal ağ yelkənli gəmiyə öz dostluğunu təklif etdi:
- Mən ilk dəfədir ki, belə iri qanadlar görürəm. İstərdim ki, mənim dostum olasan.
Gəmi gülümsəyərək cavab verdi:
- Qanad dediyin yelkənlərimdir. Bala qartal, mən bu iri yelkənlərimin köməyi ilə səyahət edərkən saysız-hesabsız dostlar qazanmışam. Dünyanın hər yerində dostlarım var. Adalar, yarımadalar, kitlər, balinalar...
- Nə böyük dostların var? Ağ yelkən, sən də mənim ən böyük dostum
olarsan?
Bu təklifdən sevinən gəmi okean dalğalarının üzərində yırğalanıb dedi:
- Qartalla dost olmaq mənim üçün fəxrdir!
Ağ yelkən bala qartala dünya səyahətindən danışdı. Macəra dolu söhbətə okean sularında yaşayan delfinlər də qulaq asırdılar.
Delfinlər, aradabir gəminin ətrafında sürətlə üzür, sudan çıxıb hündürə tullanır sanki havada uçurdular.
Bala qartal şən delfinləri görüb çox sevindi:
- Deyəsən daha bir qanadlı dost tapdım. Delfinlər, mənimlə dost olarsız?
Delfinlərin üzündə təbəssüm görünürdü. Delfinlərdən biri digərinə:
- Bala qartalla dostluğa nə deyirsən?
O biri delfin razılıq əlaməti olatraq başını yellədi:
- Dənizdə dostlarımız çoxdur, səmada da bala qartal dostumuz olsun!
Bala qartal ağ yelkən və delfinlərlə dostluğundan çox məmnun idi. Hələ dostlar əyləncəli yarış da keçirtdilər. Delfinlər suda, bala qartal havada bir-birini ötməyə çalışırdılar. Qalib gələn isə dostluq oldu. Dostlar vaxtın necə keçdiyini hiss etmədilər.
Yeni dostlar axtarışında olan bala qartal bir xeyli uçmuşdu ki, gül-çiçəkli, bağ-bağatlı, ikimərtəbəli bir ev gördü. Evin pəncərələrindən biri açıq idi. Zərif, ağ tül pərdə xəfif-xəfif dalğalanırdı. Dibçəkdəki çəhrayı çiçəkli ətirşahın xoş ətri ətrafa yayılmışdı. Bala qartal böyük maraq və ehtiyatla tül pərdənin arxasından içəri boylandı.
Otaqda, pəncərənin yanındakı masanın qarşısında balaca bir oğlan əyləşib kitab oxuyurdu. Masanın üstü isə rəngbərəng kitablarla dolu idi. Sərin meh kitabın açıq səhifələrini vərəqləyirdi. Bala qartal açıq kitabları qanadlara bənzədərək düşündü: "Bu uşağın nə qədər qanadı var?!"
O, maraqla uşaqdan soruşdu:
- Balaca, bu qədər qanad sənin nəyinə gərəkdir?
Uşaq qartalı görüb heyrətləndi:
- Aaa... Bala qartal, sən hardan uçub gəldin?
- Mən dost axtarışına çıxmışam. Özümə qanadlı dostlar axtarıram. Qanadların yaman çoxdur. Gəl, səninlə dost olaq.
Balaca oğlan əvvəlcə çiyinlərinə, sonra ətrafına baxdı:
- Qanadlarım? Mənim qanadlarım yoxdur...
Bala qartal masanın üzərindəki kitabları uşağa göstərib:
- Bəs bunlar? Məgər sən bu qanadlardan istifadə etmirsən?
Oğlan qartalı başa düşdü. Qartal açıq kitabları qanadlara bənzətmişdi. Elə düşünmüşdü ki, bu "qanadlar"ı taxıb uçmaq olarmış.
- Bəli, bu kitablar mənim qanadlarımdır. Kitablar bütün insanların qanadıdır! Nə qədər çox kitab oxusan, bir o qədər yüksəyə qalxmağa, arzularına çatmağa, uzaqlara uçmağa qanadların olacaq. Mən kitabları oxuduqca, gözəgörünməz qanadlarım bitir.
Bala qartal qanadlarını qaldırıb onlara baxdı:
- Deməli, qanadlar təkcə bu cür olmurmuş... Ağıllı insan, mənimlə dost olsan, çox sevinərəm.
Oğlan, toppuş əlləri ilə qartalın qanadına sığal çəkdi:
- Əlbəttə, bala qartal! Tez-tez gəl, sənə də oxuduqlarımdan öyrədərəm, maraqlı nağıllar danışaram. İndi isə dərslərimi hazırlamalıyam.
Elə bu zaman balacanın nənəsi əlində yenicə bişirdiyi isti, ləzzətli qutabla otağa daxil oldu. Bala qartal, nənə onu görməsin deyə pərdənin arxasında gizləndi. Nənə təbəssümlə nəvəsinə qutabları uzadıb yanağından öpdü, başına sığal çəkib:
- Ay mənim qolum-qanadım, şirinim-şəkərim, ağıllı balam, - söylədi.
Nənə ilə nəvə şirin-şirin söhbət edərək qutabların dadına baxarkən bala qartal anasını xatırladı. Anası üçün yaman darıxmışdı. O, astaca pərdənin arxasından çıxıb, pəncərədən uçub yuvasına - anasının yanına getdi.
İndi bala qartalın dünyada ən şirin, ən böyük, ən şən, ən ağıllı və mehriban dostları vardır. Dostlarının hər birininsə özünəməxsus qanadları...
Elvira MƏMMƏDOVA
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!