Cəllad dığa. Portretə cizgilər - Rüstəm KAMAL

Rüstəm KAMAL

Məni son vaxtlar cəllad obrazı, daha dəqiq desək, türkün qatı düşməni cəllad erməni fiquru çox maraqlandırır.

XX əsrin soyqırımlarından, qətliamlarından sonra düşünürsən: kimdir bu cəlladlar? Hardan gəliblər? Bütün xalq (toplum) necə olub ki, cəllada çevrilir? 150 ildir ki, bu cəlladların vəhşiliyinin qarşısını niyə ala bilmirik? Niyə cəllada bu qədər zəif müqavimət göstəririk? Onun qurbanı olmaq yalnız türkün taleyinə yazılıb?

Ermənilərin başımıza gətirdikləri faciələri haqqında şahid xatirələrini, folklor yaddaşında qan donduran əhvalatları oxuduqca bu qənaətə gəlmişəm ki, "erməni" və "cəllad" sinonim sözlərdir.

Cəlladın tarixi obrazı adətən Şərq hökmdarları timsalında təqdim olunurdu. XX əsrin əvvəllərində ermənilərin törətdiyi qanlı qırğınlardan o dövrün mətbuatında yana-yana çox yazılıb. Onu, da təəssüf ki, 70 il ərzində tozbasmış arxivlərdən qaldırıb oxumağa qoymadılar...

İfrat tolerantlığımız, etnik travma yaddaşımızın zəifliyi üzündən bu cəllad obrazına yetərincə diqqət yetirməmişik. Sovetlər Birliyinin təbliğ etdiyi və inandırdığı "xalqlar dostluğu" ideyası cəllad erməni obrazını az qala "yaddaş faylı"ndan silmişdi. Yalnız M.C.Bağırovun obrazını Müşfiqin, Cavidin cəlladı kimi təsəvvürümüzə gətirdik...

Yüzillərin qaramatından gələn türkə nifrət paranoyası erməni cəlladının üzünə-gözünə yansıyıbdır. Zahiri çirkinlik-eybəcərlik "pişik kimi qulaq çırmaqlayan erməni səsi" (O.Mandelştam), murdar əməllər iç dünyasının təzahürüdür - onun nifrət enerjisi Başqasına yönəlib. "Başqası" erməni təhtəlşüurunu daim məşğul edən bir mifik personajın - türkün adıdır.

Qanlı qətllər, rəhmsiz, qəddar cinayətlər törətməklə bu dözülməz ağrıdan qurtulmaq istəyir. - Günahsız qurbanlarının sayı artdıqca qorxu hissindən qurtula bilmir və erməni cəlladını tarix və ömrü boyu izləyir. Ona görə də cəlladın qarşısını saxlamaq olmur.

Nə qədər ki, bu mənfur etnosun təhtəhşüurunda cəllad arxetipi var - daim qurbanlıq axtarışında olacaqdır. Məmməd Altunbay "Gələcəyə uçan türk" kitabında Gəncə xatirələrində Mığırtıc və Hambarsum adında küçələrdə dilənən iki yetim erməninin bir müsəlman ailəsində böyüyüb necə asanlıqla nankorluq və şərəfsizlik etmələrini xatırlayır.

Bəyim xanım qırğınlarda fəal iştirak edən həmin ermənilərin birindən soruşur: "Atamın ölüm halında küçədə tapdığı iki yetim uşaqdan biri sən deyilmisən? Atanızı, ananızı öz erməniləriniz öldürmədimi? Sizi ölümdən qurtaran, böyüdən və oxudan atam deyilmi? İyirmi beş il atamın çörəyi ilə böyümədinizmi? Son on il içərisində sərvət sahibi, ev sahibi, ailə sahibi etmədimi?".

- "Bəli, Bəyim Soltan! Söylədiklərinizin bir təkinə etiraz edəcək deyiləm... Mənim üçün insanlıqdan əvvəl iki şey var dünyada. Birincisi, Gəncə türklərinin kökünü qazımaq və türkün bu tarixi şəhərini ermənilərin malı etmək...

İkincisi də, adlı-sanlı ermənilər kimi Leninin yanında yer almaqdır. Bunlar üçün də hər şeydən öncə çox zəngin olmam lazım" (Məmməd Altınbay. "Gələcəyə uçan türk").

Cəlladlıq funksiyası sivilizasiyanın ermənilərə qazandırdığı bir irsiyyətdir.

"Bir gün Adil müəllim həmkəndlisi Əliş kişi ilə Mərdürüs kəndinə gedir. Mərdürüsdə bir qoca erməni onlara yaxınlaşıb söhbət etməyə başlayır. O, Allahaman dərəsindən Yuxarı Rəmeşinə piyada gedib. 1930-cu ildə qoca erməninin qardaşı ilə atası Rəmeşində qırğın törədənlərin içində olub, orada qurdurluq ediblər. Ətraf kəndləri soyub talayan erməni qurdurunu Novruzun atası Qəhrəman kişi ürəyiyumşaqlıq edib, evində qonaq saxlayıb, ona sığınacaq verib. Qəhrəmanın iki ayağını güllə ilə vurub topal edən erməninin əmisi oğlu ilə Zeynalın başını kəsmişdi" (S.Əhmədli. "Bir elin dastanı").

Cəllad bütün tökülən günahsız qanlara görə tövbə etmir və günahını anlamır. Bəlkə ona görə də cəllad dığalarının dini düşüncəsi "günah" və "tövbə" sözlərini tanımır. İkinci Qarabağ savaşında erməni keşişinin silah götürüb azərbaycanlıları öldürməyə çağırması da bu instinkdən gəlir.

Cəllad başqasının ağrısından və ölümündən feyziyab olur. İnsanı öldürmək üçün çeşidli işgəncələr və ağlasığmaz əzablar vermək cəllad dığanın stixiyasıdır. Mirzə Bala Məmmədzadəni 1918-ci ilin martında Bakıda erməni vəhşiliyindən bəhs edən xatirələrindən (prof. A.Tahirlinin "Mühacirlər mart qırğını haqqında, yaxud susmayan bir səs" məqaləsinə istinadən) sadəcə bir neçə misal gətirmək kifayətdir: "Erməni əsgərlər müsəlman məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, süngürlərlə dəlik-deşik edir, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, üç-dörd günlük südəmər körpələri isə süngülərinə taxırdılar" yaxud:

"Mələk qədər sevimli bir azərbaycanlı körpə Bakının bir divarına mıxlanmışdır. Mıx körpənin düz ürəyinin üstündən vurulmuşdur; bir yığın qızlı-oğlanlı uşaq ölüləri, üzərində qocaman çoban körpələri, onlardan biri məsum bir körpəni gəmirir...; çılpaq bir qadın ölü vəziyyətdə yerə sərilmiş, bu ölü vücüdun qurumuş döşlərini bir yavru əmməkdədir" (Mirzə Bala Mehmetzade. "31 mart").

Bu vəhşətləri oxumaq üçün gərək güclü ürək sahibi olasan... Göründüyü kimi, Məmməd Altunbay da uşaqlıq travmasından qurtula bilmir: "Ozan küçəsinə gəldiyimiz zaman fəryadlar yerə-göyə sığmaz oldu. Uşaqlıq günlərimin ən ağılalmaz və unudulmaz günlərindən birini o gün - Gəncənin Ozan küçəsində yaşadım. Küçənin həmən baş tərəfində devrilib qalmış bir fayton diqqətimizi çəkdi. Faytonun iki atından biri vurulmuş, küçə daşlarının böyük bir qismi vurulan atın qanlarıyla bələnmişdi. Heyvan davul kimi şişib qalmış, gövdəsində açılan güllə yaralarına iri-iki milçəklər doluşmuşdu. Ötəki at görünmürdü. Devrilən arabanın içində bir-biri üzərinə yıxılıb qalmış iki cəsəd görünürdü. Üzləri parçalandığı üçün cəsədlərin kimə aid olduğu anlaşılmırdı" (Məmməd Altunbay. "Azadlığa uçan türk")

Erməni cəlladlığının qaydalarından biri də öz qurbanına qarşı şəfqət, mərhəmət hissindən imtinadır. Axı, şəfqət - mərhəmət hissi cəlladın mövqeyini zəiflədir, onun zorakılığını və təcavüzünü lazımsız edir. Axı "başqasının" üzərində üstünlük yalnız zorakılıqla, təcavüzlə təsdiqini tapır.

Qətliam-ölüm ehtirası Cəllad erməninin gözünü elə örtüb ki, sadəcə türkün varlığından qorxub, onu həmişə özünə təhlükə bilib. Erməni qonşularını düşmən gözündə görür. Cəlladın qurbanını təqib etməsi üçün içindəki qurbanlığın obrazını inkar etməlidir. Ona görə də türkün xasiyyətini, davranışını, dilini mükəmməl öyrənir. Onun zəif yerlərini yaxşı bilməlidir: "1919-cu ilin Novruz bayramına az qalmış ermənilər kəndə hücum ediblər. Mənim dörd gənc əmimi Alışarda (Sofluda) ermənilər öldürüblər: Şərif, Yusif, Məhəmməd və Eldar adlı gənclər olub. Anaları Nərgiz mamam daima şükür edərdi. Deyərdi ki, nə yaxşı ki, oğullarımı öldürdükdən sonra əllərini, qollarını, ayaqlarını kəsməyiblər. Torpağa bütöv gediblər..." (E.Məmmədova - Kekeç. "Soyqırımı və deportasiya Dəstəgerd (Zəngəzur) qaçqınlarının xatirələrində").

Cəllad qurbanına içində oyanan nifrət hissinin subyektiv, ona xas olan cəhət kimi duymur, onu obyektə, yəni hər dəfə qurbanlığın üstünə atır, səbəbini onda görür. Adi paranoik öz xəstəliyinin qanunlarına tabedir. Bildiyimiz kimi, fazişmdə paranoikin hərəkətləri siyasiləşdirilirdi, xəstə maniyanın obyekti gerçəkliyə uyğun olaraq müəyyən edilirdi. Dəlilik sistemi normaya çevrilmişdi. Normadan kənara çıxma isə nevroza gətirib çıxarmışdı. (V.Klemperer. "Üçüncü Reyxin dili. Filoloqun cib kitabçası", rus dilində).

Bunu erməni faşizminə də şamil etmək olar.

Cəllad erməni ədəbiyyatımızın arxetipik obrazına çevrilməlidir. H.Cavidin "İblis"i kimi... Ən azından bunu erməni süngüsü və qurşunu ilə qətlə yetirilmiş analarımızın və körpələrimizin fəryadı, şəhidlərimizin ruhu tələb edir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!