Qalib ölkənin vətəndaşı olmaq - Mətanət VAHİD

Esse

Mətanət VAHİD

 

Müharibə bitdi! 44 gün davam edən Vətən müharibəmizdə Qələbə qazandıq. Ali Baş Komandanımızın bu günlərdəki hər müsahibə və çıxışında xüsusilə vurğuladığı bir məsələ vardı: torpaqlarımız uğrunda silahlarımız yox, əsgərlərimiz vuruşur, düşmən üzərində qələbəyə əsgərlərin döyüş əzmi sayəsində nail oluruq.

Bu müharibədə ən böyük qalib Azərbaycan əsgəridir. O bizim inamımızı, özgüvənimizi, sayğımızı özümüzə qaytardı. Hər qarış torpağımız işğaldan azad olunduqca inamımız qətrə-qətrə geri döndü, qandallanmış duyğularımız, qəfəsə həbs olunmuş sevincimiz, qürurumuz azad oldu. "Əməliyyat 44 günə bitdi, amma əmin olun ki, 44 il danışılacaq!" - Türkiyənin Müdafiə Naziri Hulusi Akar qələbəmiz münasibətilə düzənlənən tədbirdə belə dedi. O şəraitlərdə həmin şücaətləri göstərmək üçün şir ürəyi yemiş olmalısan. Bu uca qalibiyyət üçün sənə borcluyuq, Azərbaycan əsgəri! Sən bizə qalib ölkənin vətəndaşı olmaq qürurunu yaşatdın! Bayrağımızı yenidən Xudafərin körpüsü üzərində ucaltdın! Sən bizə Şuşada 28 il sonra səslənən ilk azanın həyəcanını hiss etdirdin! Doğma torpaqlarımızı kəndbəkənd, şəhərbəşəhər işğaldan azad etdikcə sevinc göz yaşlarımıza səbəb oldun!..

Bu günlərdə terrorçu Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terror əməllərini də, bütün müharibə ərzində təmkin nümayiş etdirən şəhid valideynlərini, övladlarını və yaxınlarını da unutmuruq. Acınız acımızdır. Torpaqlarımızın hər qarışının canlar və qanlar bahasına geri alındığını bir an belə unutmayacaq, həlak olanları ömrümüz boyunca sevgi və sayğıyla anacağıq. Q.Fixte vətənpərvərlik anlayışını ətraflı şərh edərkən vətən sevgisini insanın əbədi həyat arzusu və inamı ilə bağlayır. Başqa sözlə, əbədiyyətə inanmayan vətəni sidq ürəklə sevə bilməz. Nahaq deməyiblər ki, vətəni sevmək imandandır. İgid oğullarımız torpaq uğrunda döyüşə yollanarkən "Təki Vətən yaşasın!" deyə, ölümü gözə alaraq ölümsüzlük qazandılar - Vətən həm də burada dolaşan şəhid ruhlarının mədfənidir.

5 il əvvəl Qismət Rüstəmovun "Elegiya" hekayəsi haqqında essemi "Ana deyil, övladdır Vətən" adlandırmışdım: "Bəlkə, əslində, vətəni anamız kimi deyil, balamız kimi sevməliyik. Bəlkə, onda daha çox lazım bilərdik Vətənin qayğısına qalmağı, təəssübünü çəkməyi" - yazmışdım. Bu günün gerçəkliyi isə Vətəni bizim hər kəsimizə, hər şeyimizə çevirib. Bu gün bütün Azərbaycan Qarabağ, bütün azərbaycanlılar qarabağlılardır. Qarabağlı olan və olmayan hər kəs üçün indi Qarabağ - Vətən deməkdir, azadlıq düşüncəsidir, ideologiyadır.

Gözümüzü açandan eşitmişik ki, şovinist ermənilər hətta körpələrinə belə, türk düşmənliyini təlqin edirlər, onlara özlərindən olmayan hər kəsə qarşı nifrət aşılayırlar. Bizim milləti isə həmişə bağışlayan, barış mövqeyi tutan görmüşük. Onların öz övladlarına aşıladığı özlərindən olmayana nifrət hissi olubsa, biz öz övladlarımıza özümüzün olana sevgini aşılamışıq. Sevgi nifrətdən güclüdür. Bu gün torpaqlarımızı mənfur ermənin işğalından azad edən əsgər Vətənə sevgisindən bu qədər əzmli, bu qədər qorxmazdır və bunlar əsla pafos deyil. Sevgi nifrətdən güclü olmasaydı, o, əsgərimizin qolunda qüvvətə, canında təpərə çevrilə bilməzdi. Nifrət sevgidən güclü olsaydı, erməni əsgəri silahını bu vaxta kimi "bizimdir" deyə, ikiəlli yapışdığı torpaqlarda atıb getməzdi. Türkə nifrət torpaq uğrunda son damla qanına kimi döyüşməkçün yetərli deyil. Yurda sevgi isə insana, gərəkirsə, son nəfəsinədək onun uğrunda döyüşmək üçün ruh verir.

44 gün sürən Vətən müharibəmizdə ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə bütün vətəndaşlarımız mübarizəyə qoşuldu. Hər cür pafossuz, sözün, səsin, rənglərin belə, döyüşdüyü bu müharibə milli birliyimizin bariz nümunəsi oldu. Müharibə boyunca üçrəngli bayrağımızın timsalında rənglərimiz də mübarizəyə qatıldı. Bu gün ölkəmizin bütün küçə və meydanlarının, rəsmi və qeyri-rəsmi qurumlarının qarşısında, prospektlərdə şütüyən nəqliyyat vasitələri üzərində dalğalanan bayraq ürəyimizi dağa döndərən qürur yerimizdir.

Müharibə boyunca səslər də döyüşdü, musiqi tərcihlərimiz də dəyişdi. Televiziya və radio efirlərimizdə Vətəni vəsf etməyən, döyüşə çağırmayan, əsgərimizi övməyən mahnılar səslənmədi; səslənsəydi, yersiz, zamansız olardı.

O cümlədən söz də silahdır bu gün. Əsgərlərimizin səngərdə tarix yazdığı bir zamanda hisslərin aşıb-daşsa da, ürəyin köksünə sığmasa da, nəsə yazmaq çətindir; lakin susmaq, bitərəf qalmaq, mövqe bildirməmək bizdən olmamaq deməkdir. Bu günlərdə, ölkəmizin, demək olar, bütün mətbuat orqanlarının əsas mövzusu haqq savaşımız oldu. Hazırda "Xalq yumruq kimi birləşməlidir" ifadəsi həmişəkindən daha artıq realdır. Bu günlərdə Azərbaycan xalqı sözü, səsi, əzmi ilə mənfur erməninin başına endirilən qəzəb yumruğu oldu.

Səngərdə düşmənlə üz-üzə qalan əsgər qardaşlarımızın, torpaq uğruna canını fəda edərək ali mərtəbəyə ucalmış şəhid vətən övladlarının haqqı ödənilməz. Bu torpaqların geri dönməsinə lap başdan bunca böyük inamımız rəşadətli Milli ordumuzun qüdrətinə, cənab Ali Baş Komandanın siyasi səbatına, ölkəmizə hər cür dəstək olmaqla düşmənlərimizi düşməni bilən dostlarımıza və adı tarixə böyük hərflərlə həkk olunmalı olan Azərbaycan xalqının gücünə inamdan qaynaqlanırdı.

Müharibə bitdi. 44 gün davam edən Vətən müharibəmizdə Qələbə qazandıq. Qalib ölkənin vətəndaşı olmağın bizə hansı itkilər bahasına başa gəldiyini isə heç zaman unutmamalıyıq. Mən bu qısa müddətli olsa da, bizə tarixi yenidən yazdıran müharibə günlərinin bizi bir çox münasibətlərə yenidən baxmağa sövq edəcəyinə inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, tarixin acı səhifələrinin təkrarlanmaması üçün bir şeyi unutmayacağıq: Biz bu döyüşü qazandıq, haqq savaşımız isə davam edir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!