O yerdə ki, barıt müşk qoxuyur... - Sevinc Nuruqızı

     Hərdən mənə elə gəlirdi ki, bizim Şuşa qarşısındakı günahımızı heç nə yuya bilməz. İllərin nisgili, ağrı-acısı, həsrəti ilə Şuşanı elə bir incitmişik ki... Elə bir ağrıtmışıq ki... Amma yudu... Şəhidlərimizin müqəddəs qanı yudu bu günahı. Şuşanın yolunda şəhadət ən mübarək şəhadətdir... Yerdə yox, göydə şəhadətdir.

Şuşa sıldırımdadır... Dağların boynuna dolana-dolana qalxan yolun yerdən uzaqlaşdıqca müqəddəsliyə yaxınlaşdığını düşünmüşəm həmişə... Düşünmüşəm ki, Şuşa bizi öz yüksəkliyi ilə Yaradana daha yaxın edir... Həmişə mənə elə gəlib ki, Şuşa bu yurdun mehrabıdır. Şuşa bizim günahlarımızın yuyulduğu yerdir.

Mən Rəbbimi göylərdə axtaranlardan olmuşam. Zaman-zaman Onun qəlbimə köçdüyünü dərk etsəm də, Onu axtaranda Göy üzünə baxmışam. Və həmişə düşünmüşəm ki, bu yurdun Rəbbinə gedən yolu məhz Şuşadan keçir. O getdikcə yüksələn dolamaları hər qalxanda səmaya bir pillə yaxın olursan, yerə bir pillə uzaq... Yer dənizin səviyyəsində qalır. Sən isə səmaya doğru gedirsən - dəniz səviyyəsindən kilometrlərlə yüksəyə... Bu, qanadsız uçmaqdan savayı bir şey deyil. Bu, sadəcə, ruhun yüksəlişinə doğru zümrüd rəngli qanadsız uçuşdur. Mənə həmişə elə gəlib ki, Cıdır düzü Yaradanla birbaşa ünsiyyət alanıdır. Və o alandan arzular daha yaxşı havalanır, xəyalların gerçəyə çevrilməsinə bir an qalır... Bəlkə də Şuşanı itirəndən sonra belə düşünməyə başlamışam. Bəlkə də günlərin bir günü xatirələrimi saf-çürük edəndə baxıb görmüşəm ki, Cıdır düzünün o nəfəstutan gözəlliyində, yerlə göyün arasında, buludların əlçatacaq yüksəklikdə köç etdiyi məkanda, ağappaq duman ilə pərdələnən dağların qoynundan qalxan kəklikotu ətrinin hakim olduğu zirvədə mən daha xoşbəxt imişəm... Və bu xoşbəxtlik həmin o yerlə göyün arasındaca mənim bütün düşüncəmə elə hopub ki, Şuşanı itirəndən sonra mən Yaradanı itirdiyimi düşünmüşəm. Onunla - Rəbb dediyimiz o ucalıqla ünsiyyətim qırılıb. Düşünmüşəm ki, Rəbbimə doğru qanadlanan arzularımda o kəklikotu ətri çatmır və yaxud əlçatacaq qədər yaxından keçən bulud köçunun sərinliyi yoxdur, ya da ki, o ağappaq süd kimi dumanın pərdələdiyi ismət azalıb...

Mən Şuşaya qalxanda Yerdən sürətlə aralandığımı zənn edərdim... Elə bilərdim ki, Şuşanın Yerlə heç bir əlaqəsi yoxdur. Onun çaydaşı döşənmiş küçələri ilə Cıdır düzünə qalxanda, əsrarəngiz bir ortama düşərdim. Göylərə baxardım, qollarımı geniş açıb xarıbülbüllərin arası ilə qaçar, duman qaynayan dağların mənzərəsinə heyran olardım. Sonra özlüyümdə nağıllar düşünərdim. Düşünərdim ki, əl-ayaq çəkiləndə Cıdır düzünün nəhayətsiz genişliyində mələklər rəqs edirlər. Havada uça-uça. Düşünərdim ki, bizdən fərqli olaraq onlar bu zümrüd xalını ayaqlamazlar... Ayaqları gəlməz... Düşünərdim ki, hər gecə bu şəhərin dolanbac küçələrində Yer üzünə ulduzlar enər, bu ulduzların işığında Şuşa gözlərini yumar və ta o ulduzların işığını günəşin ilıq şüaları əvəz edənədək bu xoşbəxt yuxudan ayılmaz...

Şuşa haqqında son yazımı 2005-ci ilin mayında yazdım. Şuşanın 13-cü bədnam işğal günü ərəfəsində... Və elə həmin gün söz verdim ki, bu mənim sənin haqqında sonuncu yazımdır, Şuşa. Bir də mən sənin haqqında işğal yazısı yazmayacağam. Qismət olsa, Qələbə yazısı yazaram. Qismət olmasa, heç nə... Doğrudan da, yazmadım. O mənim son yazım oldu. Hər il mayın 8-də yazdığım mövsümi yazılarım məni Şuşadan bir az da ayırır, deyə düşündüm. Düşündüm ki, belə getsə, Şuşa nəinki mənim yazılarıma, heç yuxularıma da gəlməyəcək... Küsəcək məndən...

Və yazmadım. Düz 15 il Şuşa haqqında yazmadım. Səhv etdim, düz etdim, bilmirəm.

Düşündüm ki, onun haqqında yazmaq yox, onun tale yazısını yeniləmək lazımdır. Bir daha əmin oldum ki, Şuşanı qələmlə almaq olmaz. Şuşa canla alınmalıdır. Şuşanın yolunda qan tökmək lazımdır. Yazmadım... Amma sən demə, yazan biz deyilmişik. Sən demə, 15 ildə mənə bu yazını, sadəcə, pıçıldayan olmayıb... 2 ay bundan öncə Şuşa haqqında şeir gəldi...

 

Şuşam - mənim başdaşım

 

Buludların ağlayır,

Deyilmi?!

Səni qıran nədir belə

Deyimmi?!

Bizdən əsən soyuqdumu

Yeldimi?!

Biganəlik xətrinəmi

Dəydimi?!

Ah... Nə yaman dolub gözün,

Can Şuşam!

Mən nə deyim?!

Deyim alış, yan, Şuşam?!

Mən nə deyim?!

Üzüm yaman qaradır...

Mən nə deyim?!

Bağrım qara yaradır...

Harda düşüb, bilmirəm ki

Mənliyim...

Şuşam - mənim itirilmiş

Kimliyim.

Şuşam mənim

Daşa dönmüş göz yaşım...

Şuşam mənim əsir düşmüş

Yaddaşım...

Mən yoxam ki...

Mən ölmüşəm

Şuşam - mənim başdaşım...

...Və bu şeirlə üstümə elə bir nisgil ələndi ki... Yazdım... Oxşadım yurdumu. Əsir torpaqlarımın kədəri ələndi üstümə... Ağdam üçün darıxdım, Şuşa üçün darıxdım... Özümə də qəribə gəldi. Özüm də heç nə anlamadım. Haradan axdı bu nisgil?! Sən demə, o tarixi 44 gün gəlirmiş. Kim deyir ki, mustik qanunauyğunluq yoxdur?! Var... O yurd yerlərinin harayından yata bilmirdim müharibəyə qədərki son 2 ayda... Çağırırdılar bizi...

 

Səni yağışının rəngindən

Tanıyaram, Vətən!

İşıl-işıldı, deyilmi?!

Səni çiskininin ətrindən

Tanıyaram, Vətən!

Yovşan ətirliydi, unutmadım...

Səni küləyinin

Mehrindən tanıyaram

Elə cana yaxındı ki,

Yadımdadır

Mən tanıyaram,

Sən yağ təki...

Kədərimi suya çək

Bir az çiçək ətri qat.

Bir az təzə biçilmiş ot ətri...

Sağsansa, xəbər elə,

Bir ovuc yağış ələ...

Vətən...

 

Sağ idi Şuşa... Qəlbindən yara alsa da, sağ idi... Yaşayırdı Şuşa... İntizarla yol gözləyirdi... İnildəyirdi, ağrıyırdı, ağlayırdı... Dağlarının başındakı duman göz yaşı olub ələnirdi... Cıdır düzündə yallı gedən erməni çəkmələrinin yerində hələ də ot bitməmişdi. O ayaq yerləri yandırmışdı torpağı, qarsalamışdı. Bütün gücünü-qüvvəsini çəkib çıxartmışdı yerin təkindən. Bulaqlarının suyu çəkilmişdi. Dilində-dodağındakı nəğmə itmişdi. Zümzümə də edə bilmirdi Şuşa. Adicə ağı da deyə bilmirdi, bayatı da çağıra bilmirdi... O yallı hələ də onun sinəsini kötəkləyirdi... O yallını oynayanların tərli bədənləri, kirli ağızları, kin-küdurətlə dolu beyinləri, qana susamış vicdanları, körpə qətlləri törətmiş əlləri doğma Azərbaycan musiqisinin sədaları altında necə iyrənc görünürdü... Unuda bilmirdi Şuşa, silə bilmirdi yaddaşından o iyrənc rəqsi... Yallı onun üçün matəm rəqsi idi... Şopenin "Matəm marşı"ndan fərqlənməyən bir ağırlıq yağırdı üstünə yallı ilə. Gecələri yata bilmirdi... Gözləri yumulurdu...

Düz 28 ildi canına yığılan əcaib qəhqəhələr, yanıq yerləri, çapıq, əzik, göynək yerləri ağrıdırdı. İndi isə... Qala divarlarının o üzündən addım səsləri gəlirdi. İzdiham getdikcə yaxınlaşırdı. Ruhlar nigaran-nigaran səmada süzür, qəhərlə baş-başa vermiş dağları yarıb keçir, Cıdır düzünə çatanda yerə enir və nəhayətsiz ənginlikdə, yerlə göyün birləşən məqamında susmuş, sönmüş, çökmüş düzün ortasında həsrətlə üzü dağlara baxır, onların sarsılmış qürurunu qaytarmağa çalışırdılar...

Şuşa uğrunda gedən savaşı incələdikcə bir daha anladım ki, Şuşa təkcə mənim üçün Yaradanın iqamətgahı deyilmiş. Şuşa bu yurdun bətnindən su içənlərin hər biri üçün zirvə imiş. Elə bir zirvə ki, ora qalxanda şəhadət müqəddəsləşir, Vətən uğrunda candan keçmək şərəf işinə çevrilir. Orada başqa heç nə yoxdur, yalnız Yaradan və insan var. O göy üzünə yaxın, yer üzünə uzaq məkanda. Orada səndən əvvəl Vətən var, orada səndən sonra Vətən var, o məqamda dost candan əzizdir, o savaşda müqəddəs amal uğrunda gerçəkləşən ölüm dəhşətli deyil...

Əsrlər keçəcək, bizim ordunun memarı olduğu Şuşa savaşı yüksək sivilizasiya dövrünün ən müqəddəs ruh savaşı kimi tarixə düşəcək. O yerdə ki, barıt müşk qoxuyur, o yerdə ki, səmalar layla oxuyur, o yerdə ki, bulaqlar nur çeşməsidir, o yerdə ki, dağlar səni qoruyur. O yerdə - Şuşada Azərbaycan oğlu bütün dünyaya, ağzı doğru dadmayana, gözü yalnız qara görənə, dodağı türlü-türlü yalanlar pıçıldayana sübut etdi ki, o döyüş meydanında yalın əllə döyüşə girənlərdəndir, yumruğu daş, məsləyi yurd uğrunda müqəddəs savaş olanlardandır. 300 əsgərin şah əsəri oldu Şuşa savaşı. Dağlarda döyüşün unikal meyarı oldu. "Bundan yaxşı döyüş olmaz, bundan əzmli döyüşçü olmaz, bundan böyük Vətən eşqi olmaz deməmizə" imkan yaratdı. Bizim əsgər ən böyük əsgər ola bildi. Bizim əsgər Vətən uğrunda zirvəyə dırmandı, qara, çovğuna davam gətirdi, yaralısını kürəyində, şəhidini ürəyində daşıdı. Düşmənə əlbəyaxa döyüşün nə demək olduğunu anlatdı. O, meydan oxudu... O, hər yerdən göründü - şimaldan, cənubdan, şərqdən, qərbdən... "Bir addım geriyə çəkilmə!". Əmr belə idi! Əsgər əmri yerinə yetirdi. Bir amal uğrunda irəlilədi. Üç rəngin gözəlliyini Şuşa qalasının üstündə dalğalandırmaq üçün o, qana susayan düşməni əzdi, vurdu, keçdi. Daldalanmağa səngəri olmadı, barıt acılı boğazının yanğısını söndürməyə bir qurtum su tapmadı, aramsız güllə saçan silahının lüləsində isitdi buz bağlamış əllərini...

Və bizə Şuşanı qaytardı... Bundan böyük jest olarmı?! Saatlarımızı 1992-ci il mayın 8-də saxlayıb, 2020-ci il noyabrın 8-də quraydıq gərək. 8-dən 8-ə olan 28-i yaşamayaydıq gərək. Donduraydıq yaddaşımızı... Yaşadıq. Bu günləri görmək üçün Yaradan bizə möhlət verdi. Şuşaya qovuşma ləzzətini anlamamız üçün şans verdi bizə... Şuşalı günümüzə baxıb özü də sevindi... Sevincimiz mübarək!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!