İtkin ruhlar şəhəri - Şuşa - Hədiyyə ŞƏFAQƏT

Hədiyyə ŞƏFAQƏT

 

***

İyirmi altı il əvvəl qismətimə Şuşada ali təhsil almaq düşmüşdü. Qismətimə düşmüşdü, nəsibimə düşmədi. Şuşa artıq iki il idi düşmən əlinə keçmişdi, hələ ümidimizi tam üzməmişdik, amma yaralar təptəzəydi, səsi qulaqlardan, havası ciyərlərdən, görüntüsü gözlərdən silinib getməmişdi. Amma necə uzaq, necə uzaq, necə uzaqdı...

Artıq heç bir quru xətti, heç bir hava xətti bizi aparıb Şuşaya çıxarda bilməzdi. Təkcə könlümüzün niskil yerində ildən-ilə uzanana-uzana daha da uzaqlaşan, get-gedə üfüqin taa o tayına yaxınlaşan, əvvəl batmaqda olan, sonra batmış günəşin qoyub getdiyi qırmızımtıl-mavi fonda canlanan dağ kimi bir dağa çevriləcəkdi Şuşa...

 

***

Doxsanıncı illərdə bir dəfə təsadüfən Oğuzda "Süd zavodu" deyilən ərazidə məskunlaşmış şuşalı ailəyə qonaq olmuşdum. Sonra necə oldusa oğlanlı-qızlı bir dəstə gənc yığışıb zavodun yaxınlığındakı bir təpəyə getdik. Yuxarıda mənə uzaqları, çox uzaqları göstərib dedilər: "Yağışdan sonra aydın havada buradan Cıdır düzü görünür"...

Ağlım kəsmədi, həqiqətən görünə bilərdimi? Amma onlar buna əmin idilər, qadınlı-kişili, uşaqlı-qocalı o təpənin üstünə çıxıb Cıdır düzünün görünüb-görünmədiyini yoxlayırdılar. Dönüb özümüz, yəqin, kəndimiz səmtə boylanmışdım. Əlli kilometr o yanda olardı, ya olmazdı, amma görünmürdü, nə özü, nə dağları. O zaman düşündüm, deməli, həqiqətən ucalığın göründüyü nöqtə həmişə çox-çox uzaqlarda olur...

 

***

...Və biz Şuşanı gördük. Mənim kimi ömründə bir dəfə o tərəflərə getmək qismət olmayanlar da, Şuşadan sonra doğulanlar da, Şuşada vuruşub sağ qayıda bilənlər də, anasından qoparılan övlad kimi Şuşanın qollarından dartılıb ayrı salınanlar da... gördülər. Yuxularında gördülər, gözləri yol çəkəndə gördülər, başlarını aşağı dikəndə gördülər...

Mənə elə gəlir, Şuşanı ancaq şuşalılar hamımızdan fərqli, hamımızdan daha aydın gördülər, axı göz yaşlarının arxasından hər şey dumanlı olsa da daha yaxın görünür...

 

***

Biz tərəflərdə yayın ortasında hava tutuldumu, yağış tökdümü, çaylar selləndimi... dağlarımızın başını duman alar. Sonra o duman sürünüb çay aşağı yollanar... Vaxt irəlilədikcə əvvəl göyün üzünün maviliyi qayıdar, sonra dumanın qaralığı seyrələr, ağarar, yumşaqlaşar. İllərdir o mənzərə qarşısında qeyri-iradi: "Şuşanın dağları başı dumanlı..." - deyib susmuşam.

Heç zaman bu mahnını bu misradan o yana oxuya bilmədim...

Deyir, şuşalı qocaların oynaqları sızıldayanda: "İndi Şuşada duman olacaq" deyirmişlər...

 

***

Nə gizlədim, çox qorxurdum. Məsələn, Süd zavodunun yaxınlığındakı təpəyə çıxıb Cıdır düzünü gördüyünü deyən, Şuşanın dağlarının başı dumanlı olduğunu xatırlayan, xəritəyə barmağını qoyub "evimiz burdaydı" göstərən, Şuşada qalan məzarının yerini xatırlayan, Şuşada doğulmuş son insanın bir gün bu dünyanı tərk edib gedəcəyindən çox qorxurdum...

Xatirələr yaddaşın kökü, arzunun nəfəsidir.

Bəs həsrət?

Həsrət düşüncə, yanğı, qovrulma, dua və ümid deməkdir. Həsrət bitdimi, hər şey bitər. Canatma bitər, əl uzatma bitər, inadlaşma bitər.

Mübarizə bitər.

Mən ən çox həsrətin bitməyindən qorxurdum. Çünki həsrəti bitmiş heç bir insanın qəlbinin dərinliyində dərd düyünlənməz. Həsrəti bitmiş insan heç zaman dərdini, qəzəbini, sevgisini bölüşməyə insan axtarmaz. Axtarmazsa danışmaz, onu kimsə eşitməz.

Həsrətin bitdiyi yerdən o üzdə əvvəl boşluq yaranar, sonra o boşluğu nəsə doldurmağa başlar.

Mən o həsrətin bitməsindən çox, yaranan boşluğun nə iləsə dolmasından qorxurdum...

Bir gün heç kimin Şuşa hekayələri dinləyə bilməyəcəyindən qorxurdum.

Bir gün heç kimin "Şuşada.." deyib danışmağa başlamağa sözü olmayacağından qorxurdum.

Çox qorxurdum, çox.

Qorxduğum kimi olmadı.

Olmadı, İlahi!

 

***

Bir anda göz yaşları ölkəsinə çevrildik. Bir günlük "Göz Yaşları Ölkəsi" olduq. Sehrləndik, sehrdən çıxdıq. Möcüzə qarşısında donub qaldıq, əlimiz -ayağımız, dilimiz-dodağımız əsdi.

Ürəyimizin içindən, sanki incə, çox incə bir teldən dünyanın ən yüksək gərginlikli cərəyanı keçib beynimizə çatanda əvvəl donduq qaldıq, sonra... qışqırdıq, hönkürdük, yanımızda kim vardısa qucaqladıq...

Bir anda on milyonluqdan çıxıb bir adam olduq.

O adam bir sağına baxdı, bir soluna baxdı...

Bir ayağının altına baxdı, yer ayağının altından qaçmadımı deyə, bir göy üzünə baxdı, göy bölünüb başına düşəcəkmi deyə...

Hər yeri dolduran səs o adamın qulaqlarında səslənəndə qəlbinin ən dərin yerində iyirmi səkkiz illik bir mücrü açıldı, bir cəngi asta-asta yüksəlməyə başladı...

O adam ölkənin orta yerində qəlbinin dərinliyindəki cənginin sədaları altında qol qaldırıb oynamağa başladı...

Dünyanın ən inanılmaz rəqsi. Tanrının həyatı heçdən yaratması kimi bir anda yaranan Varlıq rəqsi...

Hər şeyin yoxdan var ola biləcəyinə inanmayan qaldımı Şuşa alınan gün? O rəqqas ölkənin hər məhəlləsində, hə küçəsində, hər evində, hər məhəlləsində gah cavan oğlan, gah ağsaqqal kişi, gah gənc qız, gah ağbirçək qarı... sən, mən, o, biz cildində qolunu qaldırıb oynamağa başlayanda heç bir məntiqin, heç bir soyuqqanlılığın, heç bir götür-qoyun, heç bir laqeydliyin qalmadığını kim görmədi?

Orda, gecənin qaranlığında fəda olan canların verdiyi son nəfəs, pıçıldanan son sözlər, sıxılan son yumruqlar, yumulan son gözlər, son döyüntülər... İlahi! ...canımıza can verdi. Qolunu qaldırıb dəlicəsinə rəqsinə dalan o bir adamlaşmış ölkənin cəngisi qəlbinin dərinliyindəki mücrüdə o fəda olan canların qanıyla açıldı.

Yoxsa səslənməzdi o səs...

Yoxsa on milyonluqdan çıxıb bir adam olmazdıq...

Biz bir daha belə bir şey yaşamayacağıq.

Bizim bir itkin Şuşamız vardı, çox uzaqlarda. İndi bizim Şuşamız var, bizə "damarımızdakı qandan yaxındır"...

Onun taleyində bir itirilmək taleyi vardı, bircə dəfə də qaytarılmaq. İkincisi ola bilməz. İkincisini Tanrı yazdısa da o Rəqqasın eşqi qarşısında pozar...

 

***

İllər əvvəl dili bayatılı-əfsanəli bir yaşlı qadınla görüşə getmişdim. Yolda bələdçim bir az məlumat verib: "Oğlu Şuşada həlak olub" - deyə əlavə etdi.

Qadınla söhbət edə-edə gözüm tez-tez başının üstündəki hərbi geyimli gəncin şəklinə sataşırdı. Baxışımı o tərəfdən çəkmək istəsəm də olmurdu. Qadın bunu hiss edəndə özü də çevrilib baxdı, hardasa bir dəqiqə. Sonra dedi: "Oğlumdur, Şuşada itkin düşüb. Yəqin, onlar tərəfdədir, çox çəkməz, qayıdıb gələcək"...

Bələdçimin üzünə baxdım, gözlərinin içiylə: "Heç nə deməyin" deyə xəbərdarlıq edirdi.

Qadın, deyəsən, inanmadığımı düşündü, meydan oxuyurmuş kimi sərt səslə dilləndi: "Nişanlısı da gözləyir, gələn kimi toyunu edəcəyəm".

Qayıdanda bələdçim də, mən də hələ o sözlərin təsiri altındaydıq. Nəhayət mən: "Bəs deyirdiniz..." - deyə sözə başlamaq istəyəndə başını yellədi: "Bir yerdə döyüşürdük, gözümün qabağında vurdular, ürəyindən dəydi. Amma götürə bilmədik, orda qaldı"... "Eləsə..." - deyən israrım qarşısında yenidən sözümü kəsdi: "İnanmır, qəbul eləmir, deyir gələcək". "Nişanlısı?". "Qız Bakıda yaşayırdı. Ərə gedib, oğluna da adını qoyub. Anasına demirlər", - dedi...

Görəsən, o ana sağdırmı?

Kaş sağ olmayaydı...

 

***

Dəlicəsinə bir haray qopdu məndən... Təkdim...

Az sonra qapı döyüldü, açdım.

Alt mərtəbədəki qonşuydu. Bir an susub bir-birimizə baxdıq. Nəsə tam əlaqəsiz söz dedi, deyəsən, quru çörəyimiz olub-olmadığını. Heç zaman belə etməzdi, biz quru çörəyimizi sakitcə qapısına qoyardıq. Mən də, deyəsən, "yoxdur" dedim, ya da "gözləyin baxım", indi ha edirəm, o anlar yadıma düşmür. Mətbəxə gedib çörəyə baxdımmı, baxmadımmı?

Özümə gələndə qucaqlaşıb ağlayırdıq...

Sonra: "Evə qalxırdım, çığırtısına gəldim", - dedi...

Mən nə o gözəl anamı, nə də dünyalar qədər sevdiyim atamı itirəndə belə hönkürməmişdim...

Qırx üç illik həyatımda heç zaman belə sevindiyim yadıma gəlmir...

Pəncərəmdən o üzdə şəhər çalxalanır. Əlimi alnıma aparıram, neçə gündür xəstəyəm, əlim qaynara toxunur elə bil. "Yox" deyirəm, "nəsə etmək lazımdır"... Bir anda Təranə xanım yadıma düşür, ona səs yollayıram, sonra başqa bir dostuma. Sonra başqa bir dostuma... Çox keçmir cavab gəlir: "Allah sənə insaf versin, bu nədir?".

Sakitləşə bilmirəm, xəbərin veriləcəyini bildiyim andan başlayan təlatüm sakitləşmək bilmir, insan necə özünü o divardan bu divara, o otaqdan bu otağa, yerdən göyə vurarmış?

Biləyimdən ağrı qalxır, xəbəri gözlədiyim zaman yumruğumu necə dizimə-dizimə döydüyüm yadıma düşür, bəlkə də başqa yerə vurmuşam, xatırlamıram... Ağrı məni sakitləşdirir. Həyatımda ilk dəfədir bir ağrını bu qədər sevirəm...

***

Sonra bildim... on milyonluğun bir adamlaşan zərrəsi olduğumu sonra bildim...

Sakitcə geyinirəm, dərman atıram, fotoaparatımı götürüb çıxıram... Zərrəmi götürüb bir adamlaşan on milyona tələsirəm..

...Axşam qayıdan kimi zabit dostuma yazıram: "Ümid edirəm, sağsan. Minnətdarlığımızı qəbul et, bizə halallıq ver, əsgər!".

Bir gün sonra cavab gəlir: "Sənin itkin ruhlar şəhərindəyəm, sağam. Halal, halal, halal olsun"...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!