Ruhumuzun paytaxtımız Şuşa şəhərinə müzəffər Ordumuz tərəfindən Azərbaycan bayrağının sancıldığı anın yazısıdır bu. Bütün duyğularım, qəlb titrəyişim "Şuşa azad oldu, Laçın qurtuldu, Kəlbəcər düşməndən geri alındı!" müjdəsinə hesablanmışdı. O mutlu müjdənin, saatın, dəqiqənin, saniyənin yazısıydı düşüncələrimdəki. Bir nəfəs çəkimlik vaxt önündəydim. Bir an məsələsi qalırdı arada. Saatım, dəqiqəm, saniyələrim üstümə yürüyən müjdəçilərdi. Yarı Qara dəniz, yarı Göy Xəzər sevdası çağlayıb-coşur içimdə.
Gözlərim önündə ölkə başçımızın ümumxalq birliyini simvolizə edən sıxılmış yumruqları, yaddaşımda istiqlal şairi Xəlil Rza Ulutürkün dünyanı oyadan hayqırtısıdı:
Dağlardan atlanır köhlən şəlalə,
Şəlalə dağların mərd övladıdır.
İldırım buludun, tufan dənizin,
Cəsarət kişinin istedadıdır.
Fərqindəyəm, Cəsarət və Kişilik istedadının bütün dünyaya görk edəcəyi müjdəni bəkləyirəm. Fərqindəyəm, o müjdə xəbəri bax elə bu saat, bu dəqiqə, bu saniyə Ali Baş Komandanımızın dilindən səslənəcək!..
Ruhu şad olacaq Qoç Koroğlunun!
Babək qılıncına xəbər yetəcək... Əlincə, Savalan yallı gedəcək.
Ruhu şad olacaq Ulu Öndərin!
Yenidən, yenidən, bir də yenidən o böyük dahinin son çağırışı söz-söz, sətir-sətir əzbərlənəcək. Yenə əziz-əziz yada düşəcək. Möhtəşəm həyatının düz altmış ilini xalqının hər günü, hər sabahı ilə yaşamış, müstəqil, azad Azərbaycanımızın qurucusu və memarı olmuş ümummilli lider o mübarək çağırışı zamanı canı qədər əziz olan xalqına hədsiz qürur hissi ilə xitab edirdi ki, həyatının son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Eyni zamanda "Lakin mənim hələ tamamlamadığım çox perspektivli planlarım var" - deyə öz böyük haqqıyla üzünü qədirbilən həmvətənlərinə tutub, onları qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, siyasi varisi İlham Əliyevə səs verməyə çağırırdı.
Əslində, bu çağırış ömrünü xalqının, vətəninin müstəqilliyi və inkişafı naminə girov qoymuş müdrik bir şəxsiyyətin, dahi siyasətçinin öz xalqı və vətəninə son yaxşılığı, son böyük xidməti idi... Çünki öz siyasi varisinin simasında o, gələcəyin ən qüdrətli dövlət başçısını, siyasi liderini görürdü və bu qənaətdə yanılmadığının fərqindəydi. Fərqindəydi ki, onun siyasi varisi və ciyərparası "yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".
Ona görə də Ulu Öndər dərin bir arxayınlıqla bütün həmvətənlərini əmin edirdi ki, İlham Əliyev onun axıra qədər başa çatdıra bilmədiyi taleyüklü məsələləri, planları və işləri layiqincə başa çatdıracaq. Elə bu inamla da "mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!" - deyə həmvətənlərinə səslənirdi.
Haqlıydı!
Çünki ümummilli lider, lap erkən, gənc yaşlarında tarix səhnəsinə çıxmış və zamanın gedişini dönməz iradələrinə tabe edə bilmiş türk dövlət başçılarının haqqında yetərincə məlumatlı idi. Dahi siyasətçi haqlı olaraq öz layiqli siyasi varisinin simasında gələcəyin Metesini, Attilasını, Babəkini, Fateh Sultan Mehmetini, Şah İsmayılını görməkdə səhv etmirdi. Bu gerçəkliyi Dədə Qorqudcasına fəhm edə bilmişdi. Və öz xalqını, vətənini kimə əmanət etdiyinin fərqindəydi. Dədə Qorquddan gələn bir müdrikliklə hiss edirdi ki, gec-tez onun cismani yoxluğu sevimli xalqına dərin üzüntü yaşadacaq. Eyni zamanda, qəlbən inanırdı ki, onun cismani yoxluğunun təsəllisini qədirbilən xalqı etimad göstərib dövlət idarəçilik sükanının arxasına gətirdikləri siyasi varisindən alacaqlar.
Təbii ki, Ulu Öndərdən müdrik və yenilməz idarəetmə dərsi almış cənab İlham Əliyev ona göstərilən bu etimadı fəaliyyətinin elə ilk günlərindən ləyaqətlə doğrultmağa başladı. Öz dahi atasının imkan tapıb tamamlaya bilmədiyi və çox perspektivli planlarını qətiyyətlə gerçəkləşdirmək üçün var gücüylə çalışdı, bütün sahələrdə Heydər Əliyev siyasətinin qarantı oldu. Və əminliklə bəyan etdi: "Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm...".
Dedi və etdi də!
Heç unutmadığım, göz yaddaşımın əbədi saxlancına çevrilmiş bir məqam var... Mən o məqamı dərin üzüntü içində televiziya ekranından izləyirdim; qədirbilən xalqımız öz dahi övladını, ümummilli liderini sonsuz ehtiramla son mənzilə yola salırdı. Böyük Öndərin siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev möhtəşəm izdihamın önündə irəliləyirdi. Hələ çox gənc və atasının adaşı olan oğlunun əli ovcundaydı. Son, lap son anda, artıq vida anı yetişdiyi məqamda Prezident sövq-təbii, bütün kədərini, təəssüfünü ifadə edəcək bir tərzdə yeniyetmə oğlunun əlini bərk-bərk sıxdı, yumruqları düyünlədi... Bu, sonsuz itkinin, əbədi ayrılığın qarşısında mərd, möhkəm dayanmağın, özünü toparlaya bilməyin vacib mesajıydı... Həyatın zalım və amansızlığına, ölümün soyuq üzünə qarşı üsyan, etiraz ifadəsi kimi sıxılmışdı o yumruq...
Və mən ikinci dəfə o yumruğu erməni məkrinə, erməni xəyanətinə, dünyanın ikiüzlü siyasətlərinə qarşı düyünlənən, qalxan gördüm. Bütün yaramazlıqlar, vandalizm və faşizm əlamətləri önünə nida işarəsi qoymaq üçün düyünlənmişdi bu yumruq! Bu dəfə cənab Prezidentin əlləri əziz qardaşı, xalqımızın sevimlisi Rəcəb Tayyib Ərdoğanın əllərindəydi. Hilallar qovuşmuş, bütünləşmiş, bir cismdə bir can olmuşdur.
Təbii ki, bir-birinin ardınca erməni işğalından azad edilən bölgələrimizdən gələn müjdə xəbərini kiprik qırpmadan, nəfəs çəkmədən gözləyən xalqımız (və bütün türk dünyası) bu məqamlarda Ulu Öndərin öz siyasi varisinin simasında gələcəyin ən qüdrətli dövlət başçısını görməsi həqiqətinə bir daha şahidlik edir. Artıq bütün dünya şahid olur ki, ümummilli liderin etibar etdiyi, böyük inamla güvəndiyi siyasi varisi həqiqətən də yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Məhz bu səbəbdən öz siyasi varisinin onun axıra qədər başa çatdıra bilmədiyi taleyüklü məsələləri, planları və işləri layiqincə başa çatdıracağına əmin olduğundan öz həmvətənlərinə "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" təminatı verirdi. Bu təminat, əslində, türk gəncliyinin daim ayaqda olan, fövqəladə iradəyə malik təbiətinə bəslənən inamdan irəli gəlirdi. Heydər Əliyev böyük bir uzaqgörənliklə gəncliyə, onun daxili potensialına inanırdı. Və heç təsadüfi deyil ki, onun siyasi varisi də əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətini uğurla davam etdirdi. Müdrik ustadı kimi, tərəddüd etmədən "Türk hissiyyatlı, İslam etiqadlı, müasir qiyafəli, Avropa qafalı" (Əli bəy Hüseynzadə) gənclərə idarəetmə sahəsində yüksək vəzifələri etibar etdi. Məhz bu etibarın, siyasi uzaqgörənliyin nəticəsidir ki, ölkə başçısının köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov kimi cavan, praqmatik düşüncəli, dünya siyasətini gözəl bilən və çox enerjili kadrlar ölkəmizin idarəetmə sistemində layiqli yer tuturlar. Onların simasında xalq öz siyasi liderinin uzaqgörən seçimini qəlbən alqışlayır, ona inanır. Bu gün dünyanın gözü qarşısında Azərbaycan gerçəkliyini, Dağlıq Qarabağ həqiqətlərini Çanaqqala zəfərinə götürən, bütün Türk dünyasına o şanlı zəfərin sevincini yaşadan haqq savaşında ölkə başçısının uzaqgörən seçiminin, mühüm qərarlarının müstəsna, heç vaxt unudulmayacaq böyük yeri var.
Mənimsə bütün varlığım, qəlb titrəyişim o böyük müjdənin havasına uçunur. Bu, bir an, bir nəfəs çəkimi məsələsidir. Aldığım hər nəfəs, ruhum, düşüncəm "gəlsin gəlməli xəbər" istəklisidi. Dəqiqələri, saniyələri sayıram...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!