Tanrının evi - Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər... - Azər TURAN

Azər TURAN

Üçrəngli bayrağımız nə 1918-ci ildə, nə də 1992-ci ilə qədər Qarabağda dalğalanmayıb. Buna tarixi fürsətimiz olmayıb.

İndi o, ilk dəfədir ki, Qarabağ səmasında dalğalanır…

Bəlkə də yüz ildən çoxdur ki, Şuşa məscidinin minarəsində azan verilmirdi.

İlk dəfədir ki, Gövhər Ağa məscidinin minarəsindən azan səsi eşidilir.

Üçrəngli Azərbaycan bayrağının da, o azanın da yolunu Qarabağa Vətən müharibəmiz açdı.

Şuşa qalasına bayrağı əsgər sancdı!

Şuşa məscidində azanı əsgər verdi!

 

***

Vətən müharibəmiz Dağlıq Qarabağın nəinki ermənilərin xəstə təxəyyülünün bəhrəsi olan respublika, hətta 1923-cü ildə Sovet İttifaqı K(b)P MK Qafqaz Bürosunun plenumunda uydurulmuş muxtar vilayət statusunu heçə sayan siyasi sənədin imzalanmasını təmin etdi. Ermənistan alçaldı və məğlub edildi  

Qarabağı rəsmən Dağlıq və Aran hissələrinə bölən təsəvvür siyasi düşüncəyə nə vaxtdan daxil olub? 1921-ci ilin 4 iyulunda Qafqaz Bürosunun plenumundan qabaq Dağlıq Qarabağ anlayışı mövcud olubmu? Ermənilərin "yaylaq bizim olsun, qışlaq sizin" deyə Qarabağın dağlıq hissəsinə iddiası hansı məntiqlə yaranıb?

1906-cı ildə Tiflisdə canişin Vorontsovun sədrliyi ilə keçirilən Erməni-Azərbaycan konfliktinə həsr olunmuş ilk konfransda da ermənilər bu iddia ilə çıxış etmişdilər. Niyə məhz Dağlıq Qarabağ? Hətta "Qarabağnamələr"də də Dağlıq Qarabağ istilahı heç bir halda görünmürsə, hətta 1906-ci ilin fevralında keçirilən həmin konfransda onlar Qarabağda yalnız dağ əhalisi deyilən bir zümrəni təmsil edirlərsə, bəs o zaman Dağlıq Qarabağ təbiri hardan meydana çıxdı? Və bu ermənilər nə zamandan Qarabağın dağ əhalisi oldular? İki yüz ildən öncəki tarixin bu suala cavabı yoxdur… Tarixin cavabı başqadır. Tarixin cavabı türkcədir. Məsələn, ən qədim sivilizasiya örnəklərindən olan 2500 yaşlı Pazırıq xalçası da Qarabağda toxunulubsa və təbii ki, özündə sak-iskit dövrünün əlamətləri və türk-oğuz yaddaşının bütün tarixi mərhələlərini və naxışlarını bütövlükdə ehtiva edirsə, harmoniya və rəmzlərlə dolu elə bir möhtəşəm sənət abidəsi bəlli bir müddət ərzində yaylaqda deyil, qışlaqda toxunula bilərdisə, bəs o zaman niyə ermənilər bu gün Ermitajda qorunan o xalçaya da "Qarabağda erməni xalçaçı tərəfindən toxunmuşdur" deyə iddia etdilər?

Vorontsovun sarayında keçirilən toplantıdan sonra Əli bəy Hüseynzadənin yazdığı məqalə barədə ötən sayımızda bəhs etmişdim.

Həmin toplantıda ermənilər bizi köçəri adlandırırmış, "Mşak" qəzetinin redaktoru Kalantar bir az da irəli gedərək "köçərilik öz-özlüyündə insanın çox alçaq və səfil dərəcədə olmasına dəlalət edir. Ancaq qeyri-mədəni xalqlar köçəri olur" - demişdi.

Qafqazda erməni varlığını hesaba almayan Hüseynzadə Qafqazın keçmişini Azərbaycan türkləri ilə yanaşı, gürcülərin, çərkəzlərin və ləzgilərin simasında dəyərləndirirdi və elə həmin günlərdə yazdığı başqa bir məqaləsində "Bu məmləkətin ab-havasında hürriyyət rayihəsi vardır, bu xalqın açıq alnında hürriyyət nuru bərq vurur, bu camaatın xilqət və təbiətində bir hürriyyət işığı gizlənib!.. Məncə, Qafqaz türkləri türklərin ən hürriyyətpərəstidir. Köçəbəliyi ona qəbahət biliyorlar. Ah! O köçəbəlik!.. O köçəbəlik hürriyyət şövqünün böyük bir əlamətidir! Bu məmləkətdə heç bir qüvvət hürriyyət şövqünü məhv edəməz! Heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürəməz" - deyərək Kalantarın, Xatisovun, Arutunyanın və hətta həmin toplantıda Bakı ermənilərini təmsil edən Muşekyanın, Arakelyanın nüvəsini sancırdı.

1920-ci illərin əvvəllərindən ermənilərin sovet siyasi leksikonuna sürüdükləri "Dağlıq Qarabağ" anlayışı böyük bir mədəniyyətin yaradıcısı olan tərəkəmə elini "mədəniyyətsiz köçəri" qismində təqdim etmək, sonralar Azərbaycan türklüyünün Qarabağdakı varlığını şübhə altına almaq üçün idi.

Maraqlıdır, görəsən, Kalantardan 75 il sonra - 1981-ci ildə yenidən bizi "mədəniyyətsiz köçəri" adlandıran Zori Balayan Ermənistanın və dünya erməniliyinin indiki bu məğlub, rəzil, miskin günlərində hardadır?

Yadıma Xəlil Rza Ulutürkün 35 il əvvəl - 1985-ci ildə Zori Balayanın "Ocaq" kitabı ilə bağlı mənə yazdığı məktubu düşür: "Necə zavallı, necə miskin imiş "Ocaq" yazarı Zori Balayan. Bəşəriyyətə sazı və misri qılıncı, muğamatı və xalça gülzarını, Naxçıvan memarlığını, Nəsimi və Füzuli xəzinələrini, Vaqif dürdanəsini bəxş etmiş bir milləti dönə-dönə, utanmadan, həyasızlıqla "vəhşi", "barbar", "mədəniyyətsiz köçəri", "başkəsən" adlandıran, bu cür başından yekə danışmağa ağız bəhəm edən zatıqırıq nə qədər dargöz və cahil imiş! Ədəbi xuliqan, yaxud ədəbsiz dələduz Zori özünü zora salaraq Oljas Süleymenovun böyük alim-şair qələmindən çıxmış "Az i Ya" kitabını ləkələmək üçün necə də dəridən-qabıqdan çıxır. Türk kainatı ilə rus arasında ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri qızışdırmaq, alovlandırmaq qəsdilə sonuncunun ardından girib ağzından çıxır və əksinə... Qədim slavyan, o sırada rus mədəniyyətinin dərin qatlarında aydın və möhtəşəm bir türk layı var. Oljas Süleymen öz kitabında bu günəş kimi həqiqətlərin yalnız bir qığılcımını deyir və bu həqiqət qığılcımı Zori Balayanı cin atına mindirir. "Az i Ya" kitabını "Aziyasentrizm"də - Asiya mərkəzçiliyində, panislamçılıqda, türkçülükdə ittiham etmək üçün dəridən-qabıqdan çıxan zavallı türk respublikalarında əhalinin say artımından, aman Tanrı, necə qorxur və yeganə nicatını "sovetskiy narod", "edinıy splav" gerçəkliyində arayır. Kimisə qızışdırmağa çalışır ki, bu artan ulusu ümumsovet dəyirmanında üyüdüb "vahid ərintiyə" çevirsin....

 

***

Qarabağa müqəddəs torpaq deyirik. Niyə? Səbəblər çoxdur. Birini də Xəlil Rza yuxarıda xatırlatdığım məktubda yazmışdı: "Qarabağ qədim türkcədə Ulu Tanrı deməkdir". Qəribədir ki, sufilərin ilk səma ayinləri də Azərbaycanda - Qarabağ dağlarında - Ulu Tanrının evində keçirilib. Səma Qarabağda müsəlmanlaşan (və sufiləşən) türk şamanlarının ibadət ayinidir. Qədim şamanist türklərin əvvəlcə xristianlaşması, daha sonra islamlaşması prosesi də Turanın hər yerində, o cümlədən Qarabağda, Oğuz xanın nəvəsi Avşarın ata yurdunda baş verib və dediyim kimi, tarixdəki ilk səma ayinləri də Konya ilə eyni vaxtda, bəlkə daha əvvəl, Qarabağda Qarabağ türkləri arasında görünüb... Mirzə Bala Məmmədzadə demişkən, "Zamanımızda Qarabağın saz və söz sənətkarlarının beşiyi halında olması şaman-türk musiqi ənənəsinin bir davamı sayıla bilər".

***

Qarabağ şəhidləri Ulu Tanrının dərgahına - Qarabağ dağlarına merac etdilər. Səsimiz onlara çatırmı? "...Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər, / Sana ağuşunu açmış duruyor Peyğəmbər".

Amma əfsus ki, çağdaş poeziyamız bu qırx dörd gün ərzində şəhidləri vəcd halında və metafizik bir üslubda, ruhlarının eşidəcəyi bir dildə əzizləyə bilmədi. Ədəbiyyatımız millətimizi dünyada tanıda bilməsə də, qırx dörd gündə ordumuz onu dünyaya təqdim etdi. Kaş ki, müzəffər Ali Baş Komandanımızın yanında da Atatürkün çevrəsində olduğu kimi, azərbaycanlı bir Mehmet Akif Ərsoy olaydı:

 

Şühəda gövdəsi, bir baxsana dağlar, daşlar...

O rüku olmasa, dünyada əyilməz başlar.

Yaralanmış təmiz alnından, uzanmış yatıyor,

Bir Hilal uğruna ya Rəbb nə günəşlər batıyor?

Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər!

Göydən əcdad enərək öpsə o pak alnı dəyər.

Nə böyüksən ki, qanın qurtarıyor Tovhidi...

Bədrin arslanları ancaq bu qədər şanlı idi.

Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın?

"Göməlim gəl səni tarixə" desəm, sığmazsın.

... "Bu daşındır" deyərək Kəbəni diksəm başına:

Ruhumun vəhyini duysam da keçirsəm daşına;

Sonra göy qübbəyi alsam da rida namiylə,

Qanıyan lahdinə çəksəm bütün əcramiylə,

Lor buludlarla açıq türbənə çatsam da tavan,

Yeddi qəndilli Sürəyyayı uzatsam oradan;

Sən bu avizənin altında, bürünmüş qanına,

Uzanırkən, gecə mehtabı gətirsəm yanına,

Türbədarın kimi ta fəcrə qədər bəklətsəm;

Gündüzün fəcr ilə avizəni ləbriz etsəm,

Tüllənən məğribi axşamları sarsam yarana,

Yenə bir şey yapa bildim deyəməm hatırana.

... Sən ki, İslamı kuşatmış, boğuyorkən hüsran

O dəmir çənbəri köksündə cırıb parçaladın,

... Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sana ağuşunu açmış duruyor Peyğəmbər.

 

***

Müharibə günlərində qalib ordumuzun televiziya ilə yayınlanan döyüş epizodlarını izlədikcə mən orada ölən ermənilərə baxa-baxa əziz Təbrizini Daşaltıda itirən Xəlil Rza Ulutürkün misralarını xatırlayırdım: "Südəmər balamın ağ boğazında / Göy ləkələr qoyub o beyni çopur... / Vur, ölən daşnakdır, insan deyil, vur".

 

***

Bir az əvvəl Şuşa məscidindən bir görüntü yayınlandı. Şuşaya bayraq sancan dünyanın ən güclü əsgəri 28 illik həsrətdən sonra Gövhər Ağa məscidinin döşəməsini süpürürdü...

 

***

Məfkurəvi müharibəmiz - Qarabağ savaşı Türk gücünün və Türk ruhunun zəfəri ilə başa çatdı...

Tanrı türkü qorusun!

 

12 noyabr 2020

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!