Otuz ilə yaxın yaşadığımız ağrıların içindən ümid, inam libasında bir deyim hər an boy göstərərdi: "Dünya belə qalmaz!". Müdriklərdən birinin dedikləri yadıma düşdü: "İnsan atadan, anadan birini itirərsə ömrünün yarısını itirər. İnamını itirərsə hər şeyini itirər". Bizi məhz illərlə itirmədiyimiz o inam yaşatdı...
Sentyabrın iyirmi yeddisindən bura qədər baş verən zəfər olaylarını, sanki şirin bir röyada görürəm. "Mümkünsüz" olanı mümkün edən müdrik Prezidentimiz, qüdrətli sərkərdəmiz İlham Əliyevin, torpaqlarımızın erməni murdarlarından təmizlənməsində qanlı döyüşlərə alp-ərənlər kimi atılan əsgər və zabitlərimizin rəşadəti önündə diz çökürəm. Azərbaycan 44 günlük müharibədə 30 ilə yaxın müddətdə işğal olunmuş torpaqlarını özünə qaytarmaqla dünyanın hərb tarixinə (təkcə Azərbaycanın yox!) qızıl hərflərlə yeni səhifələr yazdı. İndi bütün dünya - super dövlətlərdən tutmuş cırtdan ölkələrə kimi Azərbaycanın böyük qələbəsindən, bütün müstəvilərdə məharət və igidliklə döyüşən Ali Baş Komandanından, onun müzəffər ordusundan, ətrafında yumruq kimi birləşən xalqından danışır və hələ neçə illər danışacaqlar...
Nə qədər qürurverici günlər yaşayırıq!.. Bir kəlbəcərli kimi ömrümün yarısını, sanki yaşamamışam. Yaşasaydım vaxtilə belə yazmazdım:
Torpağım silindi el yaddaşından,
Saxlancım qalmadı çopur daşından.
O qarlı-qartallı dağlar başından
Elə ki, başladı köç - yaşamadım.
Bu illər ərzində mən də yurd yerimi dərd yerimə çevirmişəm. Atam, anam, əmim, dayım, bir çox doğmalarım bu dərdlə dünyadan köçüblər...
1988-ci ilin fevral ayında Dağlıq Qarabağda məlum qovğa başladı. Kəlbəcərin Ağdərədən keçən dədə-baba yolu bağlandı. Saqqallı ermənilər daşın, ağacın dalında gizlənib bu yoldan keçən Kəlbəcər sakinlərinə güllə atmağa başladılar. Bu yolda nə qədər itkilərimiz oldu. Dədə Şəmşirin qızı Çimnaz xanım, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Şahlar Şükürov da bu qanlı yolda həlak oldular. Kəlbəcərlilər beş il - 1988-1993-cü illərdə mühasirə vəziyyətində yaşadılar. Yeganə ümid Yevlax şəhərindən Kəlbəcərə açılan hava yolundakı 1 vertolyota idi ki, duman olanda 18 nəfər tutan bu vertolyot da uçuşunu təxirə salırdı və binəva yurddaşlarım günlərlə Yevlağın küçələrində var-gəl etməli olurdular. Başqa bir yol da Murov-Xanlar (indiki Göygöl) yolu idi ki, bu dağ yolu da çox qorxulu, hər gün qəza baş verən bir yerdən keçirdi.
1989-cu ilin payızında Yevlaxdan vertolyotla Kəlbəcərə gedəndə gördüklərim məni dəhşətə gətirmişdi. Rayonda təkcə elektrik işığı yox, həyat sönmüşdü. Ciddi ərzaq qıtlığı vardı. Sabaha ümid yox idi. O zaman gördüklərimi qeydə alıb qayıdanda "Yolları bağlı dağlar" adlı məqaləmi S.Rüstəmxanlının baş redaktoru olduğu, əl-əl gəzən "Azərbaycan" qəzetində dərc etdirmişdim. Həmin yazıdan bir hissəni xatırladıram: "Kəlbəcər ərazi etibarilə Ermənistana ən yaxın, Azərbaycana isə ən uzaq rayondur. İndiki vəziyyətdə o, sərhəd boyunda qala qapısına bənzəyir. Bu "qapını" unutmaq, onun daha da möhkəmləndirilməsi qayğısına qalmamaq ağır nəticələrə, dözülməz fəlakətlərə səbəb ola bilər". (Adil Cəmil, "Yolları bağlı dağlar", "Azərbaycan" qəzeti, 1989).
Dərhal mənə o zamankı ölkə rəhbərliyindən ittihamedici zənglər gəldi. Guya yazdıqlarım yalan imiş... Həyat göstərdi ki, mənim yazdıqlarım, baş verə biləcək fəlakətlərin proqnozu doğru çıxdı.
1992-ci ilin fevral ayında Xocalı soyqırımı baş verdi. Üstündən çox az keçəndən sonra - həmin il aprel ayının 5-də Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndləri erməni faşistlərinin vandalizminə qurban getdi. Ermənilər 33 nəfər kənd sakinini ağlagəlməz işgəncələrlə qətlə yetirdilər, bir neçə yurddaşımızı girov götürdülər. Bu qətliam öz məzmununa görə Xocalı qətliamının davamı idi. Lakin kəlbəcərlilər o zamankı Müdafiə naziri Rəhim Qazıyevə bu faciədən danışanda onun belə bir qətliamdan xəbərsiz olduğu üzə çıxmışdı...
Xatırladıram ki, Ağdaban saz-söz sənətinin korifeylərindən olan Dədə Şəmşirin doğma kəndi, qətlə yetirilənlər isə qohum-əqrəbası idi. Ustadın öz əlləri ilə tikdiyi ev və bu evin içində tutiya kimi qorunub saxlanan Ağdabanlı Qurban və Aşıq Şəmşir poetik irsini yaşadan əlyazmalar da odlara qalanmışdı...
1993-cü ildə, aprelin 2-də təklənmiş, 5 il mühasirədə qalmış Kəlbəcər erməni işğalına məruz qaldı. Kəlbəcər 5 il mühasirədə ölüm-dirimlə yaşadı, ancaq heç kəs yurdunu tərk etmədi. Xalqın bu iradəsinin müqabilində o zamankı hakimiyyət strukturları yurddaşlarıma nə hərbi, nə iqtisadi, nə də mənəvi kömək göstərmədilər. Beş il ərzində Kəlbəcəri öz yurddaşlarımızdan təşkil olunmuş özünümüdafiə dəstələri qorudu. Yetərincə şəhid verdik. Əsir və girov düşənlərimiz erməni zirzəmilərində hələ də imdad diləyir. Erməniyə əsir düşməmək üçün əl-ələ tutub özlərini hündür bir qayadan atan qızlarımızın Tərtər çayına qarışan qanı namusumuzu yudu...
O qızlar Tərtərin göz yaşı oldu,
Tarixin pozulmaz yaddaşı oldu.
Göydələn zirvələr başdaşı oldu
Özünü qayadan atan qızlara.
Ev-eşikləri erməni atəşində külə çevrilən Kəlbəcər sakinləri yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. Xilas olmağın yeganə yolu qarlı aşırımlardan keçən Murov yolu oldu. Bütün fəsillərdə qarlı-buzlu Murovun dəli təbiəti də bu el köçünə rəhm etmədi. Bu dağ yolunu aşıb Göygöl rayonuna gələn karvanda soyuqdan, qəzadan ölənlərimiz də az olmadı, yük maşınının üstündə gələn, şaxtadan sifəti cadar-cadar olmuş anamı görəndə tanımamışdım...
Bu faciədən sonra illərlə kəlbəcərlilər özlərinə gələ bilmədi. El-oba dağılıb ölkənin 400-dən artıq yaşayış məntəqəsinə səpələndi. Harada, necə gəldi yaşadılar. Ancaq onları yaşadan bir ümid, bir inam heç zaman ölmədi. Bu günləri görən nisgilli yurddaşlarımın indi ürəyi atlanır ki, tezliklə doğma Kəlbəcərimizə qayıtsın. Torpaqlarımız işğaldan azad olunduqca Prezidentimizə, ordumuza bu xalqın sayı qədər dualar, alqışlar, təşəkkürlər ünvanlanır. Ali Baş Komandanımızın dilindən hər gün yeni yaşayış məntəqələrinin, şəhər və kəndlərimizin alınması xəbərini eşitdikcə, sanki yenidən doğuluruq. Belə məqamlarda düşünürəm ki, Kəlbəcərin alınması xəbərini qəfil eşitsəm necə, hansı ovqatda olaram? Odur ki, deyirəm:
Mənə bu xəbəri qəfil deməyin -
Axan göz yaşıma gülə bilərəm.
Dərd-qəmin içində çox ölmüşəm mən,
İndi də sevincdən ölə bilərəm.
Mənə bu xəbəri qəfil deməyin -
Düşünün qəfildən öləcəyimi.
Yenilməz əsgərim qaytarır geri
Keçmişə söykənən gələcəyimi.
Mənə bu xəbəri qəfil deməyin -
Qanımı dondurar sevinc təlaşı.
Vətən həsrətinin yaşı qədərdi
Vətənçün döyüşən əsgərin yaşı.
Mənə bu xəbəri qəfil deməyin,
Eşidib-gördüyüm yuxudu yəqin.
Düşmənin bağrına sancılan qurşun
Mənim nifrətimin oxudu yəqin.
Mənə bu xəbəri qəfil deməyin,
Qəmin də karvanı ötən olurmuş...
Vətən savaşında, yurd davasında
Hər insan bir zərrə vətən olurmuş...
Gözün aydın, Azərbaycan! Murdarların ləpirindən təmizlənən yurd yerlərimizdə alaçıqlar qurmağa, evlər tikməyə elliklə gəlirik. Tanrının mərhəməti, Prezidentimizin qüdrəti, ordumuzun rəşadəti sayəsində!
"Dünya belə qalmaz" demişdik, qalmadı ki, qalmadı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!