“Sən olasan, Gülüstan”
9 may 1992-ci il...
Şuşa işğal olunmuşdu. Hər yanda erməni əsgərləri var idi. Onlar qarşılarına çıxanı öldürür, hər yeri dağıdıb yandırırdılar.
Mehman hələ də Şuşadaydı. O, müharibəyə gələndə əslən şuşalı olan sevdiyi qıza söz vermişdi ki, Şuşasız qayıtmayacaq.
İşğal olunmuş Şuşada qalan bir Şuşa dağları idi, bir də Mehman. Əl-ələ verib düşmənə qarşı savaşırdılar. Mehman öncə Sarı dağın qoynuna çəkilmişdi. Sanki hücuma keçmək üçün dağlarla məsləhətləşirdi.
Sabaha yaxın Sarı dağın ətəyində qan su yerinə axırdı. Dağlardan güc alan Mehman düşmənə hücum çəkmişdi. Təkbaşına ordu kimi savaşırdı. Onlarca erməni məhv etdi. Düşmən bölüyünü viran qoydu. Üç saata yaxın davam edən döyüşdə bir tərəfdə Ermənistan ordusu, digər tərəfdə Mehman və Şuşa dağları var idi.
Həmin gün Mehman yoxa çıxdı. Ermənilər nə qədər axtardılarsa, tapa bilmədilər. Elə bil Mehman da dağa çevirilmişdi.
7 iyun 1992-ci il...
Şuşanın dağlarına çevrilməsindən bir ay sonra Bakıda Mehmana "Milli Qəhrəman" adı verdilər. Şuşanın dağlarına çevirildiyi üçün...
Mehmanın anası oğlunun qəhrəman medalını öpüb gözlərini yumaraq sinəsinə elə basdı ki, elə bil Şuşanın dağlarını qucaqladı.
Şuşalı qız Şuşanın dağlarına məktub yazdı ki, səni gözləyəcəm...
5 noyabr 2020-ci il...
Azərbaycan əsgəri Şuşaya daxil oldu. Hər yanda Azərbaycan əsgərləri var idi. Onların arxasında dağ kimi dayanan Şuşa dağları görünürdü. Başı dumanlı, azad dağlar elə mehriban dayanmışdılar ki, elə bil sevincdən qucaqlaşmışdılar. Sanki şuşalı qız Şuşanı azad edib qayıdan Mehmana sarılmışdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!