Gözün aydın, Şuşam mənim, «mərdilklə, gözəlliklə qoşam mənim»! Gözün aydın, Cıdır düzü, qırx pilləkan, Daşaltı çayı, Xan qızı bulağı, Qala divarları, «Ərim gəldi» yamacı. Gözün aydın, Xarıbülbül!
Kirsdən, Bağrıqan dağından, Qırxqız yaylaqlarından əsən küləklər Cıdır düzünü dezinfeksiya edəcək, bu müqəddəs yerdə rəqs edən təlxəklərin izi-tozu qalmayacaq.
28 il gözlədiyimiz, inandığımız, həsrətində qovrulduğumuz gün gəldi.
Gözünüz aydın olsun, şuşalılar. Bu gün vətəndə və dünyanın hər yerində yaşayan azərbaycanlıların hamısı şuşalıdır.
Ruhunuz şad olsun, böyük Cavanşirlər nəsli Pənahəli xan, İbrahim xan, Xurşidbanu Natəvan, ruhunuz şad olsun, Mir Möhsün Nəvvab, Cabbar Qaryağdıoğlu, Üzeyir bəy, Bülbül, Hacıbəylilər, Ağaoğlular, Bədəlbəylilər, Şuşinskilər...
Ruhunuz şad olsun, Azərbaycana İlham kimi oğul bəxş etmiş ulu öndər.
Müzəffər ordumuz, Sizin vəsiyyətinizə oğul qeyrətiylə əməl edən cəsur Prezidentimiz, Ali Baş Komandan xalqımıza yalnız doğma Qarabağı deyil, həm də milli qürur hissini qaytardılar. Cəbhədə ordumuz düşmən istehkamlarını darmadağın etdiyi kimi, Prezidentimiz də illər boyu dünyanı sarmış mifləri dağıdıb, həqiqətlərimizi dünyaya çatdırdı. Uzun illərin yalanları bir ay içində dünyanın gözündə ifşa olundu.
Nə gizlədək, Qarabağın müvəqqəti də olsa yağı əlinə keçməsi başımızı vüqarla qaldırmağa imkan vermirdi. XX əsrdə böyük uğurlarımızla yanaşı, daima qövr eləyən yaralarımız da bizi müstəqilliyimizin xoşbəxtliyini bütün qəlbimizlə yaşamağa qoymurdu.
Hələ keçən əsrin əvvəllərində aldığımız yaralar – 1918-ci ilin mart soyqırımı, 1920-ci ilin aprelində XI Qızıl Ordu qarşısında müqavimət göstərməməyimiz, Gəncə üsyanının amansızcasına yatırılması, 37-ci il, Təbrizin 46-cı il 21 Azər faciəsi, Bakının Qara Yanvarı, Xocalı müsibəti, Ermənistandan, dədə-baba yurdlarından görünməmiş qəddarlıqla qovulan 200 mindən artıq soydaşımızın ağrıları – bütün bu qaysaqlanmış yaralarımıza bir ayın içində məlhəm qoyuldu. Otuz illik həsrət, xəcalət, nisgil bitdi...
Bir ay içində minillik tariximizin bəlkə də ən böyük, ən şərəfli zəfərinin şahidi olduq.
Torpaqlarımızı qarış-qarış, kənd-kənd, şəhər-şəhər, təpəsi, yüksəklikləri, dağları, dərələriylə azad edən qəhrəman ordumuza eşq olsun!
Şuşamızı inanılmaz hünərlə, şücaətlə, fədakarlıqla azad edən döyüşçülərimizə eşq olsun!
Əsgərlərimiz, zabitlərimiz, generallarımız qələbədən sonra sağ-salamat qayıdıb Zəfər paradında vüqarla iştirak etsinlər...
Zəfər yollarını qanıyla suvaran, doğma torpaqları yağı tapdağından qurtarıb doğma torpağa qovuşan şəhidlərimizin ruhu şad olsun.
Şükür ki, Polad iradəli Mübarizlərimizin qanı yerdə qalmadı. Gecə qaranlığında quldurcasına qətlə yetirilən dinc əhalinin, yüzə yaxın insanın, körpə balaların qanı yerdə qalmadı.
Uçurulan məscidlərin, dağıdılan binaların, yandırılan meşələrin, güllələnən heykəllərin, susdurulan muğamların qisası alındı.
Dözümünüz qarşısında baş əyirəm, şəhid ailələri. Fədakarlığınızla fəxr edirəm iki cəbhədə döyüşən həkimlər, tibb bacıları, koronavirusa yoluxmuş xəstələri və ikiayaqlı virusların yaraladığı əsgərlərimizi həyata qaytaran yorulmazlar.
Alqış sizə, atəş altında ön cəbhədən xəbərlər çatdıran jurnalistlər, operatorlar.
Gözünüz aydın, insanların dərdlərini görəndə gözü yaşaran, şəhid ailələrinə, yaralılara, körpələrə ana şəfqətiylə yanaşan Mehriban xanım.
Gözün aydın, tarixin sınaq saatında yumruq kimi birləşən xalqım.
Gözün aydın, qızım Günel. Atası Azərbaycana yanıqlı məktub yazan oğlu Qarabağın Qarabaxtın axır ki, bəxti açıldı.
82 yaşım var, Allaha, taleyimə, ordumuza, Ali Baş Komandana dua edirəm ki, uşaqlığımın, yeniyetməlik çağımın, ahıl illərimin şəhəri Şuşanın azad olunduğu günü görə bildim. Gözün aydın...
8 noyabr 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!