Oktyabr ayının 16-dan - 17-nə keçən gecə... Gəncə şəhəri... Gecə saat 00:45. Uğultulu bir partlayış səsi ilə tozanaq qalxır, göz-gözü görmür. Analar dizlərinə döyərək haray çəkir, atalar dəli kimi əlləri ilə dağılmış, viran olmuş evlərinin uçuqları arasında övladlarını axtarır. O gecə cox körpənin həyatı üçün son oldu. Şirin yuxuya gedən bir körpə, axı hardan bilərdi sabahı qaralacaq. Yatdığı bu ana qucağı son mənzili olacaq. Onlar sülh qərarının ilk gecəsinin qurbanı oldu. Qaranlıqda qorxu içində ağrı hiss edən bir uşaq ağlayır. Dağıntılar arasında qalan Xədicənin fəriştə vücudu yaşamaq uğrunda mübarizə aparırdı.
Valideynlərinin bir yaşlı bacısı ilə məşğul olduğunu görən balaca Xədicə çay şüşəsinin arxasınca gedir və həmin otaqda yuxulayır. Həyat bir az əvvəldən onların taleyini ayırıbmış. Xədicəni yaşatmaq üçün... Mənfur düşmən gülləsi körpə balalarına şirin layla deyən valideynlərini və bir yaşlı bacısını hədəf aldı. Bacısı anası ilə bir tabutda gömüldü. Xədicə isə ana qucağına bir ömürlük həsrət qaldı... Bu gecə üç yaşlı bir uşaq ailəsini itirdi. O, dövlətimiz tərəfindən nəzarətə, həkimlərimiz tərəfindən müalicəyə götürüldü. Bir neçə gündən sonra sağalaraq evlərini, ailəsini istədi. Yanından heç ayrılmayan xalası göz yaşları içində onu necə sakitləşdirəcəyini düşünürdü. Dağılan evini körpə uşağa necə göstərsin axı? Xədicə elə hey ağlayırdı. Gah anasını, gah da atasını çağırırdı. Gözü yollarda idi. Balaca əlini qapıya uzadaraq, evə, valideynlərinin yanına getmək istədiyini bildirirdi. Xədicə yalnız öz çay şüşəsi ilə yuxuya gedirdi. Bu çay şüşəsi ona doğma, yeganə əşya idi, dağıntılar altında qalarkən hər ağlayanda çay şüşəsini ağzına yaxınlaşdırır, kiriyirmiş. Bir neçə həftə keçdi, xalası Xədicəni öz bağçasına aparırdı. Bağça onların evlərinin yaxınlığında yerləşirdi. Xədicə xalasının əlini buraxıb dəli kimi evlərinə, dağılmış xarabalıqlara tərəf qaçdı. Sevinc içində dönüb xalasına və oraya toplanan insanlara baxdı. Bir qrup məktəbli yiyəsiz qalmış oyuncaqların sıra ilə düzüldüyü yerə gül qoyurdu. Onlar Xədicəni qorumaq məqsədi ilə uzaqlaşdırmaq istədilər. Bura həm tozlu, həm də daş-kəsəkli idi. Xədicə isə çox xoşbəxt idi. Xalası onun əlindən tutaraq, istədiyi yerə doğru apardı. O, məktəblilərin gül qoyduğu oyuncaqlardan birini götürdü. Bu onun və bacısının ən sevimli oyuncağı idi. O, yağışın altında qalmış və hələ də evlərinin qoxusunu daşıyan oyuncağı ən əziz varlığı kimi möhkəm qucaqladı. Xədicə yetim qalmış oyuncağına, sanki öz doğması kimi sahib çıxdı.
Erməni vəhşiliyi minlərlə Xədicəni ailəsiz, yaxud yetim qoyub, gələcəyini şikəst edib. Onlar yalnız yatmış, köməksiz vəziyyətdə olan uşaqlarla mübarizə aparmağı bacarır, "Xocalı faciəsi"ndə olduğu kimi.
Xədicə bütün uşaqlar kimi, dünyada ən qiymətli varlığını - ailəsini Vətən üçün şəhid verdi. Adətən analar öz övladlarını Vətən torpağı uğrunda fəda edir. Gəncə şəhərində baş vermiş erməni terroru gecəsində bu ağır yük körpələrin zərif çiyinlərinə, uşaqlıq həyatına qismət oldu. Onların uşaqlığına uşaqlığını itirmək, böyüməmiş böyüklük nəsib oldu. Və bu gecədən Xədicənin ailəsi bütöv Azərbaycan oldu.
Fidan NizamƏddinqızı
filologiya üzrə fəlsəfə doktoru, dosent
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!