Nizami CƏFƏROV
Bizim günlərdə yalnız Ordumuzun deyil, Milli ruhumuzun da Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanın gözləri qarşısında Azərbaycan xalqının yeni Tarixi yaradılır. Əlbəttə, bu yaradıcılıq missiyası belə bir fəlsəfi həqiqəti bir daha təsdiq edir ki, Tarix nə qədər keçmişdə qalırsa, o qədər də gələcəkdən gəlir. Həm də bir millətin özünüdərk imkanlarının miqyasca genişlənən təsdiqi səviyyəsində...
İrəvan (Rəvan) şəhərinin tarixi, əsas etibarilə, 1530-cu illərdə onun Azərbaycan Səfəvilər dövləti tərkibində yaradılan Çuxursəd bəylərbəyliyinin mərkəzi olması ilə başlayır. Və məlumdur ki, İrəvan bəylərbəyliyinin Bədir xan Ustaclı, Şahqulu sultan Ustaclı, Məhəmməd xan Toxmaq Ustaclıdan başlayaraq, demək olar ki, bütün hakimləri Azərbaycan türkləri olmuşlar. Əhalinin əksəriyyəti isə, tamamilə təbiidir ki, Azərbaycan türklərindən ibarət idi.
XVI, XVII və XVIII əsrlərdə Səfəvi-Osmanlı müharibələrinin gedişində vaxtaşırı Osmanlı işğalına məruz qalsa da İrəvan, prinsip etibarilə, həmişə Azərbaycan Səfəvi şəhəri kimi tanınmışdır.
İrəvanın yaxınlığında yerləşən, tədricən bütün ermənilərin dini mərkəzinə çevrilən Eçmiadzin (Üçkilsə) monastırının başçılarını - katolikoslarını da müəyyən məsləhətləşmələrlə məhz Çuxursəd bəylərbəyiləri təyin edirdilər ki, bu da monastrın yalnız ruhani mərkəz olması deyil, həm də kifayət qədər böyük təsərrüfat müəssisəsinə çevrilməsi, imkan düşəndə ermənilərin xeyrinə hətta siyasətə də müdaxilə eləməsindən irəli gəlirdi. Nə yerli hakimlərin, nə Səfəvi, nə də Osmanlı hökmdarlarının Üçkilsədə və onun ətrafında məskunlaşmış ermənilərə qarşı heç vaxt ədalətsiz münasibət göstərmədiklərini tarixi mənbələr dönə-dönə təsdiq etsə də, ermənilərin öz hamilərinə xəyanəti, satqınlığı barədə məlumatlara çox tez-tez rast gəlinir.
Çuxursəd bəylərbəyiliyi Nadir şahın qətlindən sonra xanlıq elan edilir. Və xanlıq taxtında Pir Mahmud xan əyləşir.
Xanlığın ərazisi xeyli geniş olub on beş mahala bölünmüşdü: 1) Qırxbulaq, 2) Zəngibasar, 3) Gərnibasar, 4)Vedibasar, 5) Şərur, 6) Suzan, 7) Dərək, 8) Saatlı, 9) Tala, 10) Seyidli-Axaclı, 11) Sərdarabad, 12) Qərpi, 13) Abran, 14) Dərəçisək və 15) Göyçə.
Bəylərbəyilik dövründə olduğu kimi xanlıq dövründə də ermənilər provakasiyalarından nəinki əl çəkir, hətta mərkəzi hakimiyyətlə əlaqənin zəifləməsindən (Nadir şahdan sonra mərkəzdə tez-tez hakimiyyət dəyişmələri baş verirdi) istifadə edib onun (provakasiyaların) miqyasını daha da genişləndirirdilər, daha böyük iddialara düşür, yerli əhalini sıxışdırmaq üçün hər cür təbdbirlərə əl atırdılar.
Azərbaycan tarixçiləri Fuad Əliyevlə Urfan Həsənovun mövcud (və kifayət qədər zəngin) mənbələr əsasında yazdıqları "İrəvan xanlığı" kitabında deyilir:
"Ermənilərin bu dini mərkəzinin (söhbət Eçmiadzin-Üçkilsədən gedir - N.C.) qol-qanad açmasına, adətən, həmin bölgədə daimi hakim olan azərbaycanlı feodallar şərait yaradırdılar... Eçmiadzin monastr təsərrüfatı inkişaf edərək, XVIII əsrdə bir növ "dövlət daxilində dövlətə" çevrilmişdi".
Tədricən İrəvana da ayaq açan (daha çox tacir, xırda sənətkar, işbaz kimi) ermənilər sarayda müəyyən mövqe tutmağa çalışır, hətta hakimiyyətdə təmsil olunmağa can atır, fürsətdən istifadə edib "xristian qardaşlar"ı - gürcüləri İrəvana "dəvət etmək"dən də çəkinmirdilər. İş o yerə gəlib çatmışdı ki, bəzən İrəvan xanları hədər yerə qan tökülməməsi üçün gürcülərin İrəvana yürüşünün qarşısını almaqdan ötrü Üçkilsə başçılarının vasitəçiliyindən istifadə etməyə məcbur olurdular.
"İrəvan xanlığı" müəllifləri yazır:
"Düşmən qüvvələri İrəvandan uzaqlaşdıqdan sonra xana çatdırıldı ki, II İraklinin qoşunları İrəvana yaxınlaşdıqları zaman şəhərdə olan bir sıra erməni ailələri "xristianların" İrəvanı almalarını arzulamışlar. Bundan xəbər tutan Hüseyn Əli xan həmin ermənilərə divan tutmağı qərara aldı".
Məsələ burasındadır ki, "satqın ermənilər"in cəzalandırılması heç zaman xanlığın təhlükəsizliyini təmin edəcək səviyyəyə qalxmır, Üçkilsənin - "dövlət daxilində dövlət"in müdaxiləsi ilə yumşaldılır, gələcək daha böyük xəyanətlər üçün münbit (və qarşısıalınmaz) zəmin hazırlayırdı.
Rusların Qafqaza işğalçı yürüşlərinin başladığı XVIII əsrin sonu XIX əsrin əvvəllərində onların qarşısında dayanan əsas qüvvə Qacarların idarə etdiyi İran ( mahiyyəti etibarilə Azərbaycan) dövləti idi. Və demək olar ki, bütün Cənubi Qafqazın idarəçiliyi Qacarların əlində cəmlənmişdi. Yerli hakimlər (xanlar, eləcə də Gürcüstan valisi) artıq Şimali Qafqazda möhkəmlənmiş, lakin Mərkəzi Qafqazın (dağlıların) güclü müqavimətilə üzləşmiş ruslara az və ya çox dərəcədə simpatiya göstərəndə Qacarların qəzəbinə tuş gəlir, ciddi cəzalandırılırdılar ki, bunun klassik nümunəsi 1795-ci ildə Tiflisin darmadağın edilməsi idi.
Həmin illərdə əsasən Qafqazın Cənubundakı təhlükəsiz yerlərə səpələnərək ticarətlə məşğul olan (və özlərinə siyasi dayaq axtaran) ermənilər həm yerli hakimiyyətlərlə "diplomatik" münasibətlərini saxlamağa çalışır, həm də real (və kifayət qədər qüdrətli) güc olan Rusiyanın himayəsinə girməyə cəhd edirdilər. Lakin ruslar Cənubi Qafqazda (və ümumiyyətlə heç yerdə) heç bir siyasi-inzibati hakimiyyəti və ya nüfuzu olmayan ermənilərə ilk dövrlərdə yalançı vədlər verməkdən, onların xəfiyyəlik məharətindən faydalanmaqdan o tərəfə keçmək fikrində deyildilər.
1801-ci ildə Gəncəni çətinliklə də olsa zəbt edən gürcü əsilli rus generalı Sisianov 1804-cü ildə İrəvanı tutmaq əmri aldı. Ancaq İrəvan xanı ruslara nəinki tabe olmaq fikrinə düşmədi, hətta onlara, mənbələrin göstərdiyi kimi, çox sərt məktublar yazıb tələb etdi ki, yalnız İrəvan xanlığının yox, ümumiyyətlə İranın sərhədlərini tərk etsinlər. Əsəbləşmiş Sisianov bir sıra döyüşlərdən sonra iyulun əvvəllərində İrəvanı mühasirəyə alsa da, payız girənə qədər davam edən həmin mühasirə heç bir nəticə vermədiyindən get-gedə gücdən düşən ruslar geri çəkildilər.
Sisanovun başı Bakıda kəsilib Tehrana - Fətəli şah Qacara göndərildikdən sonra onu əvəz edən İvan Vasilyeviç Qudoviç 1807-ci ildə İrəvan üzərinə yeridi. Və İrəvanın müdafiəçilərinə belə bir iddialı müraciət göndərdi: "O vaxt qoşuna hələ döyüş sənətində o qədər də təcrübəli olmayan, gənc generallardan biri Sisianov başçılıq edirdi, indi isə komandanı mən verirəm, güclü rus ordularını otuz ildən çox öz arxasınca aparan "adam"...
Ancaq ruslar İrəvanı işğal edə bilməyib biabırcasına məğlub oldular. Qış düşdükcə güclənən şaxta onların əhədini kəsdi, Qudoviçin bir gözü tamamilə tutuldu.
Və düşmən böyük itki verib geri çəkilməli oldu.
Yermolovdan sonra Qafqaza Paskeviç göndərildi. Peterburq onun qarşısına təxirəsalınmaz bir tələb qoymuşdu: İrəvanı tutmaq.
İrəvanı ruslar kənardan belə təsvir edirdilər:
"Qala quru tərəfdən dərin, su ilə dolu xəndəklə əhatəyə alınmışdı. Divarların arxasından çoxsaylı məscidlərin günbəzləri, minarələri iynə kimi nazik qübbələri görünür".
İrəvana girmək üçün əvvəlcə Sərdarabad qalasını almaq lazım gəlirdi. Qalanın (və şəhərin) müdafiəsinə isə vaxtilə Sisianovu, Qudoviçi geri oturtmuş sərdar Həsən xan başçılıq edirdi.
1827-ci ilin sentyabrında Paskeviçin əmri ilə rus qoşunu İrəvanı artelleriya atəşinə tutdu. Şəhər qəddarcasına darmadağın edilir, evlər, məscidlər uçub əhalinin başına tökülürdü.
Ancaq İrəvan düşmənə təslim olmaq istəmirdi.
Və nəhayət, Paskeviç sona qədər əzmlə müqavimət göstərən şəhəri aldı. Ruslara son gülləni atan Həsən xan tərksilah edildi.
İrəvan alındıqdan sonra elə şəhərin qapıları ağzında işğalçı orduya Paskeviçin əmr-müraciəti oxunmuşdu. Və orda deyilirdi:
"...Siz çarın şöhrəti, rus silahının şərəfi üçün çox çalışdınız... Rusiya sizə minnətdar olacaqdır ki, onun böyüklüyünü və möhtəşəmliyini müdafiə etdiniz"...
Mənbələr bir-birinin ardınca məlumat verir ki, Azərbaycan türkləri İrəvanı, ümumiyyətlə Cənubi Qafqazı təbii bir Vətən təəssübkeşliyilə müdafiə edəndə Paskeviçin bütöv bir dəstə erməni casusu vardı ki, ruslara xəbərçilik etməklə məşğul idilər. Gürcülərə gəldikdə isə, onlar "pravaslav qardaşlığı"nı dəstəvuz edib elə əvvəldən Qafqazın bütün qapılarını Rusiya imperiyasının üzünə açmışdılar. Çünki Qacarlar gah dağılan, gah da müvəqqəti birləşən Gürcüstanı sonacan təsir altında saxlaya bilməmişdilər.
1828-ci ilin fevral ayının 9-dan 10-a keçən gecə imzalanan Türkmənçay müqaviləsi İrəvan (eləcə də Naxçıvan) xanlığının Rusiyaya keçdiyini təsdiq etdi.
Qafqazın harasında sakitlik oldusa, ermənilər orada (xüsusilə ticarət üçün şərait olan şəhərlərdə) məskunlaşmağa başladılar. Ənənəvi etnik vərdişlər sistemindən və ya arxetipdən gələn bu psixologiya ermənilərin yeni tarixi şəraitdə də Vətən iddialarının məzmununu, hüdudlarını təsdiq etmiş oldu. Çar I Nikolaya erməni irəligələnlərinin təqdim etdikləri Rusiya tərkibində "erməni dövləti" layihələri oyununun axırı onunla nəticələndi ki, çarın 21 mart 1828-ci il tarixli fərmanı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazisini əhatə edən "Erməni vilayəti" yaradıldı. Və həmin vilayəti erməniləşdirmək məqsədilə buraya İrandan qırx min erməni köçürüldü. Lakin "Erməni vilayəti" çox yox, 1850-ci ildə İrəvan quberniyası təşkil edilənə qədər mövcud oldu. İrəvanın (və keçmiş İrəvan xanlığının ərazisinin) zorla erməniləşdirilməsi prosesi, tamamilə təbii olaraq, çox uzun sürdü.
Regional (və beynəlxalq) siyasi maraqlar XX əsrin əvvəllərində ermənilərə mərkəz (payxtaxt) olaraq hər hansı başqa bir yeri deyil, məhz İrəvanı seçdi ki, bu, əslində, tarixin ironiyası idi. Necə ola bilər, Azərbaycan türklərinin yaradıb qanları bahasına düşməndən dəfələrlə, tarixin gözləri qarşısında müdafiə etdikləri şəhər onu hər addımda satan bir topluma bağışlansın, həmin toplum isə bu şəhərin sahiblərini öz yurd-yuvasından hayasızcasına didərgin salıb öz yerlərini möhkəmləndirsinlər?.. Odur ki, belə bir sual yalnız onların havadarlarını yox, eyni zamanda özlərini də həmişə narahat etməli olacaqdır ki, İrəvanı öz paytaxtları saymağa ermənilərin mənəvi haqları varmı?..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!