Əsgər atası - Sevinc ELSEVƏR

Sevinc ELSEVƏR

    Mən uşaq olanda filmlərin çoxu rusca yayımlanırdı. Rusca "da ilə net" dən başqa bir şey bilməzdim onda. Atamınsa başı çıxardı. Çünki əsgərliyini Rusiyada çəkmişdi. Sovet dövründə əsgərlikdə olanların hamısı rusca az-maz bilirdi. Hətta böyük əmim az-maz bildiyi halda, kənd məktəblərindən birində rus dili müəllimi işləyirdi. Əmim qocalıb təqaüdə çıxana qədər kənd məktəbində rus dili müəllimi oldu. Bildiyimə görə, dörd il hərbidə olmuşdu. Dörd ilə camaat elə institut qurtarırdı. Əsgərlikdən ona qalan rus dili olmuşdu, ömrünün axırına qədər bu dil ona çörək qazandırmışdı.

   Atam da rusca əmimdən bir az az bilərdi, bəlkə də bir az çox. Həmişə televizorda film göstəriləndə kəsdirirdim atamın böyrünü. Tez-tez soruşurdum: "Filankəs nə dedi? Bəhmənkəs nə dedi? Tərcümə elə, ata!".

Atam da ta ki, yorulanadək tərcümə edərdi. Atamın hesabına ruscanı da az-maz öyrənirdim. Həyatı, filmləri də.

   Mən uşaq olanda "Əsgər atası" (1964, Rezo Çxeidze) filmini tez-tez göstərirdilər. Bu filmi çox sevirdik, nə qədər göstərsələr, o qədər baxırdıq. Bu filmə nə qədər baxmışdımsa da, bir dəfə də ağlamamışdım. Ancaq bu günlərdə filmi təkrar izlədiyimdə göz yaşlarıma hakim ola bilmədim. Ata ilə oğulun cəbhədə görüşdüyü səhnədə göz yaşlarına boğuldum.

   Oğul yolu gözləyən, oğlunun dalınca ölümü gözə alaraq, uzaq yol qət eləyib cəbhəyə yollanan Georgi Maxaraşvilinin saflığı adamı mütəəssir edir. O, müharibənin iblisanə surəti qarşısında uşaq qədər safdır, məsumdur. Sanki qoca bir uşaqdır. Gördüyü amansızlıqlar, qəddarlıqlar onu təəccübləndirir.

Almanların atəşə tutduğu, bombaladığı taxıl sahəsi yananda, var gücüylə odu söndürməyə çalışır.

"Çörək yanır!" - deyə hay salır. Ancaq adamlar onun yanından ona fikir belə vermədən qaçıb gedirlər. Hərə öz başının hayındadır, hər kəs öz canını qurtarmağa çalışır. Bu vəziyyətdə Georgi kişi dəli təəssüratı oyadır.

  Başqa bir səhnədə bombardmandan qaçıb gizlənməyə çalışanda Georgi kişinin və əsgər yoldaşlarının üstünə bir parça torpaq düşür. Georgi kişi canını düşünmür. Üstünə düşən bir parça torpağı götürüb deyir:

- Torpaq yaxşıdır! Münbitdir!

Sonra, sanki torpağın dilindən danışır:

- Artıq vaxtdır! Yaz gəlib, əvvəl şumlamaq lazımdır, sonra əkmək!

Alman torpaqlarında isə Georgi kişi üzüm tənəklərini görəndə, sanki köhnə dost, sevgili ilə görüşür. O, üzüm tənəklərini balaca uşaq kimi əzizləyir:

- İndi hamının yadından çıxmısan! Heç kim sənə baxmır, mənim əzizim! Sənə qulluq eləmək lazımdır!

Sovet əsgərləri tanklarla üzümlüyü əzib məhv etmək istəyəndə Georgi kişi özünü az qala tankın önünə atır, hətta leytenantı söyür, onunla əlbəyaxa döyüşə çıxır.

Tankçı deyir:

- Bəs sən görmürsən onlar bizim sahələri nə günə qoyublar?

- Onu onlar eləyiblər! - Georgi cavab verir. - Sən də faşist olmusan?

Sonra o, alman uşaqlarını göstərir:

- Bax, alman uşaqları! Get güllələ, öldür!

Müharibədə hər şey öz dəyərini itirir. Təbiət də, ağaclar da, quşlar da, elə insanlar da! Hətta uşaqlar da!

Müharibədə torpaq özü də zərər görür. Torpağın da canı ağrıyır! - qoca gürcü təxminən belə düşünür.

Üzümlükdəki səhnədən sonra yol boyu Georgi kişinin qaş-qabağı yerlə gedir. Yanındakı yoldaşı ona nə olduğunu soruşanda Georgi fikirli-fikirli deyir:

- Fikirləşirəm mənim oğlum Qoderdzi indi necə olub? O, elə ürəyi yumşaq idi!

Oğlunu sağ-salamat tapıb-tapmayacağından qabaq Georgi kişini oğlunun indi necə adam olduğu maraqlandırır. Görəsən, müharibə onun oğlunu qəddarlaşdırmayıb ki? Onun yuxa ürəyi daşlaşmayıbmı?

Bu sual elə tamaşaçını da düşündürür. Ancaq bu sualın cavabını filmin axırlarına doğru tapırsan. Mühasirədə olan Sovet əsgərlərinin arasında Qoderdzi də var, Georgi kişi də, sən demə, öz oğlunu da xilas etmək üçün vuruşurmuş. Təsadüf nəticəsində ata-bala uzaqdan da olsa görüşürlər. Onda Qoderdzinin atasına ilk sualı kəndləri haqqında olur. O, kəndi, sevimli üzüm tənəklərini soruşur. Deməli, Georginin qorxmasına ehtiyac yox imiş. Müharibə Qoderdzini pis adama çevirə bilməyib.

Oğlu qollarında can verən ata çarəsizcə deyir: "İndi anana nə cavab verəcəm?".

Eynilə "Yalan" (2006, rejissor Ramiz Əzizbəyli) filminin qəhrəmanı Yavər kişi kimi. Yavər də oğlunun öldüyünü öyrənəndə, ilk ağlına gələn sual bu olur: anana nə deyəcəm?

Yavər də Georgi kişi kimi ürəyi yuxadır. Adlı-sanlı, döşü medallı çoban olan, bütün ömrünü dağda qoyunlarla keçirən Yavər tez-tez öz-özünə deyir: "Heç bilmirəm bu uşaq harda böyüdü. İndi əsgər gedir...".

  Böyütdüyü quzuları sallaqxanaya göndərəndə ürəyi ağrıyır. Deyir ki, quzuları verməyə əli gəlmir. Onları böyüməmiş restoranlara daşıyırlar. Yavər böyüdə bilmədiyi quzuları sallaqxanaya, oğlunu isə cəbhəyə göndərir. Yavər müharibəni də insan sallaqxanası adlandırır.

Yavərin komandirlə söhbətində iki həqiqət toqquşur.

Yavər:

Heç bilmədim uşağım harda böyüdü!

Komandir:

- O, səninçün uşaq idi, mənimçün yetişmiş əsgər idi!

- Babam müsəlman-erməni müharibəsində öldürüldü, atamı 19 yaşında faşistlər öldürüb, indi də oğlumu ermənilər...

- O ölməyib, kişi! Şəhidlər ölməzdir!

- Ölməyibsə, bəs hanı? - ata ürəyi fəryad edir.

   Ən təsirli əsgər atalarından biri də "Tütək səsi" (1976, rejissor Rasim Ocaqov) filmindəki İsfəndiyar kişidir. Bilənlər bilir ki, bu film İsa Hüseynovun "Tütək səsi" və "Saz" hekayələrinin motivləri əsasında ekranlaşdırılıb. İsfəndiyar kişi də "Saz" hekayəsinin əsas qəhrəmanıdır. İsfəndiyar kişinin əhvalatı filmin ən təsirli əhvalatı olmaqla yanaşı, film içində kiçik filmdir. O da oğlu Rəhmanın yolunu gözləyir, kənd yolunun üstündə maşından düşüb kəndə girən əsgəri görür. Dumanda onun izinə düşür, haylayır, ancaq əsgər nə geri dönüb baxır, nə kişiyə hay verir. Çayı keçən xəyali əsgərin dalınca İsfəndiyar kişi də çayı keçir, qarşıdakı sahildə Qurban kişi ilə qarşılaşır:

- Kəndə əsgər gələ, belə sakitlik ola? - Qurban kişi qocanı sakitləşdirməyə çalışır. Ancaq İsfəndiyar kişi sakitləşmir. Onun qulağına oğlunun səsi gəlir: "Nə vaxt qayıdaram, bu çaldığım ruhanini bir də eşidərsən"... Sonra kişinin qulağında ruhani havası səslənir. Kəndin içi ilə qaça-qaça evə gedir. Qoca qaçır, sazsa dayanmadan çalır... ancaq evə girəndə kişi sazı həmişəki yerində, divardan asılı görür.

  Kəndə gələn qara məktubları Millinin gizlədiyi barədə Qurban kişi İsfəndiyar kişiyə əvvəlcədən demişdi. Kişinin ata ürəyi şübhələnir, qəfil narahatlığının səbəbini öyrənməyə çalışır, o, qızdan məktubları tələb edir. Qızsa ağlayaraq "pis məktublardır onlar", - deyir, qocaya oğlunun qara kağızını verməyə əli gəlmir. İsfəndiyar kişi onsuz da hər şeyi özü başa düşür, oğlu Rəhmanın da qara kağızının o kağızlar içində olduğunu anlayır.

Dərdli sazı özü döşünə sıxıb ruhanini çalır, kənd İsfəndiyar kişinin başına yığışır.

Filmin sonunda kəndə doğrudan da, naməlum bir əsgər gəlir. Xəbəri eşidən bütün kənd yığılır, onu qarşılamaq üçün hamı yüyürür. İndi o, hamının atası, qardaşı, oğlu, əridir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!