Qarabağda Səlcuq şikəstəsi - Elxan Zal Qaraxanlı

    Dünya boyu səslənən musiqilər arasında iki havanın mənim könlümdə xüsusi yeri var - biri "Qarabağ şikəstəsi"dir, biri də "Koroğlu cəngisi". Bu havalar bizim mahiyyətimizdi. Onlar azərbaycanlı adlanan etnosun formalaşmasında rol oynayan ən mühüm amillərdən biridir. Bunlar könlümüzün qəhrəmanlıq və böyüklük duyğusudur. Üzeyir Hacıbəyov "Koroğlu" operasının uvertürasında "Cəngi" və "Şikəstə"ni birləşdirib dünya azərbaycanlılığının himnini yaratdı. Bu hava bizim uzun illər içimizdə yatıb qalmış əsir ruhumuzu Qarabağ və Azərbaycan uğrunda ulu savaşa qaldırdı. Qarabağ Azərbaycandır - dedik, Azərbaycanı Qarabağsız görmədik. Bizim müstəqilliyə doğru gedən yolumuz da Topqapı meşəsinin qırıldığı anlardan başladı. Müstəqillik, millət barədə düşüncələrimiz hələ dumanlı olsa da, genetik yaddaşımızda uyuyan Vətən sevdası bizi ulu savaşa səslədi. Qarabağ böyük bir qayənin, böyük bir yolun istinad nöqtəsi oldu. Müstəqilliyi Qarabağ savaşı fonunda qazandıq. Savaşda yenilsək də, itirilmiş torpaqları, Qarabağı qaytarmaq əzmi bizi, azərbaycanlıları daim ayaqda tutdu. Və İsa Məsihin mövludunun 2020-ci ilində Azərbaycan xalqı kimsənin gözləmədiyi halda öz varlığını çox əzəmətli şəkildə ortaya qoydu:

 

Bu qələm, bu süngü...

Biz varıq!

Kiflənmiş düyünü açarıq.

Qafaları qaynatmaq zorundayıq,

Türk qanını oynatmaq zorundayıq.

 

     Artıq uzun illər idi ki, mən Rusiya və erməni mətbuatında belə bir tendensiyanı izləyirdim - müxtəlif müəlliflər mətbuat səhifələrində Azərbaycan torpaqlarını bölüşdürməyə başlamışdılar. Arqumentləri də bu idi ki, 2021-də Rusiya və Türkiyə arasında bağlanmış Moskva və Qars müqaviləsinin müddəti bitir, buna görə də Ermənistan Rusiyanın dəstəyi ilə Naxçıvanı, Azərbaycanın və Türkiyənin bir sıra bölgələrini özünə birləşdirəcək. Bu sərsəm güruh ömrü boyu belə xülyalarla yaşasa da, hansı qüvvəsə onları buna tam inandırmışdı. Hətta dövlət adamları da ağızları köpüklənə-köpüklənə istədikləri vaxt Azərbaycanı fəth edəcəklərini, qələbələrini Bakıda qeyd edəcəklərini söyləyirdilər. Lap yüz il öncə olduğu kimi. Erməni qan görməsə rahat olmaz - deyirlər. Onda Osmanlı tokatı yedilər və bir az rahat oldular. Bir az da Sovet hökuməti qanlarına girdi. Bundan sonra 70 il yazıqlıq oyunu oynadılar. SSRİ dağılana yaxın təzədən hərəkətə keçdilər. Ermənistan ərazisində silahsız müsəlmanları öldürməyə başladılar. Hələ Sovet dönəmində Livandan və Suriyadan göndərilən quldur dəstələri İrəvanda, Göyçədə, Zəngəzurda, Ermənistan SSR-in digər bölgələrində silahsız insanlara qənim kəsildilər. Biz türklərin yaddaşı çox gödəkdir, 1988-89-cu illərdə Ermənistan SSR-də öldürülən müsəlmanların sayı barədə heç zaman dəqiq-düzgün statistika aparılmadı. Azərbaycan yazıçısı "Daş yuxular" adlı cızmaqarasında Sumqayıtda ölən hayların halına ağladı, hər şeyin baiskarı "yerazlardır" yazdı. Daşnak puluna satılmış vicdanından bir dəfə sormadı ki, uşağı tonqalda yandırılmış, əqrəbası və yaxınları dəmir borulara salınaraq qaynaqlanmış bu insanları intiqama sövq edən hansı duyğudur? Ermənistandakı soyqırım Xocalı soyqırımı qədər dəhşətli hadisə olsa da, nədənsə, üstündən sükutla keçildi.

 

Göyçənin ahı dağ imiş,

Gözünün yaşı ortada.

Dan uyudan buludların

Qanlı qumaşı ortada.

 

Səbrimiz dar, həsrət uzun,

Yolu bağlanıb Murğuzun.

Qıraqdan baxır oğuzum,

Erməni başı ortada.

 

Ey Zal oğlu, varmı odun,

Öc istəyir qara budun,

Xilasçımız tanrıqutun

Qisas savaşı ortada.

 

***

     Bu günlərdə məşhur rus jurnalisti Nevzorovun bir çıxışını dinlədim. O, 1990-cı illərin əvvəllərində Qarabağa səfərindən danışır, Sovet ordusunun Pskov diviziyasından olan desantçıların Qarabağı azərbaycanlılardan necə təmizləməsini təsvir edir. Pskov diviziyası SSRİ-nin ən döyüş qabiliyyətli hərbi hissəsiydi, Azərbaycanda onlarla savaşa biləcək əsgərlərimiz hələ yox idi. Hətta desantçılarla Goranboy batalyonunun döyüşü barədə danışan Nevzorov həyatında gördüyü ən qorxmaz adamın Goranboy batalyonundan olan Vəzir adlı bir şəxsin olduğunu bildirir. Nizami orduya yalnız hünərlə qələbə çala bilməzsən. Artıq ermənilərin savaşda azərbaycanlıları məğlub etməsi mifinin dağılma vaxtıdır. Erməninin ancaq silahsız adama, məzluma gücü yetib. Güc görən kimi isə ağalarının ətəyindən yapışıb, - qoymayın ay aman, türklər bizi qırdı - deyirlər. Bu, bunların genetik kodudur, bu, bunların xislətidir. İndi qabaqlarına nizami ordu çıxıb, harayları bütün dünyanı başına götürüb.

Azərbaycan ordusu

Bayrağında Ay gəlir... Çök!

Ölümə qənşər duran

Basılmaz alay gəlir... Çök!

 

***

     Mən hələ "Daş bitik"lərdə yazmışdım: "Yüz illər keçəcək və siz təzədən diriləcəksiniz... Türk olmanın dadını bulacaq, törənizə dönəcəksiniz. Onda türklərin atası gələcək və sizi qazanmadan-qazanmaya aparacaq". Gəldi və apardı. İndi erməninin başına dünya dardı. Dünya boyu arxasında gizlənməyə sahib axtarırlar. Çünki başlarına Səlcuq qapazı dəydi. Səlcuqların ikibaşlı qartalı yüz illərdən sonra Azərbaycan torpaqları üzərində havalandı, onun ölüm saçan oxları əsgər libası geymiş çoluq-çocuq qatillərini siçan deşiklərinə doldurdu. Qarabağın mübarək havası yağıların gətirdiyi üfunətdən təmizlənməyə başladı. Səlcuq Bayraqdarın ərsəyə gətirdiyi "Bayraqdar 2" adlı dəmir qartallar Səlcuq babalarımızın qüdrətli oxlarının çağdaş təzahürü oldu. Rusiya kimi qüdrətli ölkənin ürətdiyi ən gəlişmiş silah sistemləri onların qarşısında aciz qaldı. İndi Qarabağda yeni savaş tarixi yazılır, lap min il əvvəl olduğu kimi. Tarix təkrar olunur, ikibaşlı qartal yenə də Azərbaycan və Anadolu torpaqları üzərində öz möhtəşəm uçuşunu davam etdirir.

 

Min türkmən atlısı yayı çəkəndə,

Min düşmən torpağa sərili qalır.

Türkün dörd gözü var, beş duyğusu var,

Kimsə türk oxundan yan qaça bilməz.

 

İkibaşlı Səlcuq qartalı - Azərbaycan və Türkiyə. Şəcərələri Göy Türklərdən və Xəzərlərdən gələn Səlcuqoğulları səltənətinin yadigarları. Yüz illərdən sonra onlar yenə də bir bədəndə birləşdilər, ikibaşlı qartala çevrildilər. Türk əsrinin ilk çeyrəyində, 2020-ci ili türk ilinə döndərdilər. Çox köpüklü xülyaları gedər-gəlməzə göndərdilər. Öncə Türkiyə Suriya və Liviyada, indi də Azərbaycan Qarabağda çağdaş hərb sənətinin dastanını yazdı. Dəmir Səlcuq qartalları Qarabağ səmasında "Qarabağ şikəstəsi"ni yağıların anladığı dildə səsləndirdilər. Müzəffər ordumuzsa, rəşadət və hünəriylə cəngi havası çaldı.

 

Bizim ərənlərin hərəsi bir bars,

Türk boyun əydirər, türk kölə olmaz.

Bizə diş qıcıtsa ya firəng, ya fars,

Erməni halına salmağımız var.

 

     Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev - iki böyük öndər. Tanrının inayəti ilə onlar hər ikisi demək olar ki, eyni zamanda, Türk əsrinin lap əvvəlində dövlət başına gəldilər. Əsrin Türk əsrinə dönməsinin təməlini qoymaq üçün gəldilər. Aram-aram, türk hökmdarlarına layiq bir hövsələ ilə məmləkətlərini gəlişdirdilər, camaatlarını hazırladılar və böyük zəfərlərin təməlini qoydular. Bu zəfər böyük bir yolun başlanğıcıdır, Turan yolunun!

Çöldə hünər qovlayanda

At yüyürək, ər qızaq.

İşıldayan dan yerini

Burunlayır yalquzaq.

 

Ox havada yatmaz olur,

Deşik sinə hayqırtı.

Ərənliyin uyquları

haraylayır göy Qurdu.

 

Yer üstündə ölməz elim,

Göyə dayaq duranım.

Sənə yellər yerikləyir

Turanım, hey Turanım!

 

***

"Ey düşmən, burası Turan qapısı" - deyib ulu xocamız Əli bəy Hüseynzadə. Bu ünü, təzədən Azər Turan yada saldı, yazdı ki, "indi də Qarabağdır Turan qapısı". Yəni Qızıl Almaya doğru gedən yolun eşiyidir.

      Qarabağ Azərbaycandır - dedi Prezident İlham Əliyev. Qarabağsız Azərbaycan, Azərbaycansız Turan olmaz.

Tanıdığım ən vicdanlı rus ziyalılarından olan Maksim Şevçenko Rusiyanın gələcək yüksəlişi Qarabağdan, Azərbaycanın ərazi bütövlüyündən keçir - dedi. Çünki Turan sevdasında Rusiyanın da yeri var. Sadəcə, beynini parazitlər zəbt eləyib Rusiyanın, beyni kütləşib, ona təlqin olunmuş özgə xatirələrlə yaşayır. Kremldə oturub Kremli tikənlərin qanına yerikləyiblər əsrlər boyu. Eynən ermənilər kimi. Bunların hər ikisini təxminən eyni vaxtlarda, XVIII əsrdə proqramlaşdırdılar, onlara tarix kitabları yazdılar, onları monastrlarda çoxaltdılar, kilsələrdə beyinlərə yeritdilər. Zaman-zaman Çingizin səltənəti varyaqlaşdı, Avropadan gələn katolik elitası pravoslav imperiyası qurdu. Yerli əhali isə kölələrə, təhkimlilərə çevrildi. Məqsəd islamın və pravoslavlığın hamisi Osmanlı səltənətini çökdürməkdi. Bunun üçün qızlığında Bavariya şahzadəsi imperatriça II Yekaterina böyük vəsaitlər xərcləyərək Avropanın avantüraya meyilli ən istedadlı adamlarını Rossiya imperiyasının mərkəzinə topladı. Rusiya dövlətinin, Rusiya xalqının tarixi yazıldı, rus dilinin izahlı lüğəti yaradıldı. Bu dilin ilk daşıyıcıları Rossiyanın pravoslavlığı qəbul etmiş Avropa-türk aristokratiyası oldu və onlar bu gün böyük rus mədəniyyəti adlanan bir kültür formalaşdırdılar...

      Əgər ruslar nəhəng Osmanlı Çinarını çökdürmək üçün qurulan bu çoxəsrlik əməliyyatda qasırğa rolunu oynayacaqdısa, ermənilərə ağac qurdu rolu yazıldı. Özlərini hay adlandıran və müsəlman ərazilərində yaşayan bu xristian icması ruslar kimi, eksperiment üçün ideal xammal idi. Qriqoryan kilsəsi ətrafında toplanan, müxtəlif xalqlardan formalaşan bu icma dövlət düşüncəsindən uzaqdı və dini həyatla yaşayırdılar. Pravoslavlığa və Vizantiyaya müxalif olan Qriqoryan kilsəsi Vizantiya ilə mübarizə aparan müsəlman hökmdarların diqqətini cəlb elədi. Onlara dini və ticari sahədə böyük güzəştlər edildi. Vizantiyanın və onların müttəfiqləri Albaniya və Gürcüstanın bir çox məbədləri Qriqoryan kilsəsinə verildi. Ruslar Azərbaycanı zəbt etdikdən sonra isə yalnız Alban məbədləri deyil, onların yazılı irsi də erməniləşdirildi. Guya orijinalları məhv olmuş qədim erməni mətnləri ortaya çıxarıldı. Ən acınacaqlısı odur ki, bizim Azərbaycan tarixi də həmin "qədim" erməni mətnləri əsasında yazılıb və bu tendensiya bu gün də davam edir.

 

***

Tezliklə Qarabağ torpağı düşmən tapdağından tamamilə azad ediləcək. Amma düşünürəm ki, əsl savaş ondan sonra başlayacaq. Qələm savaşı. 

Bu dəfə Qarabağı yalnız qılıncla deyil, həm də qələmlə almalıyıq. Çünki burası müqəddəs bir məkandır, onun uğrunda gedən qələm savaşı hələ uzun çəkəcək. Qarabağ Turan qapısıdır.

 

Könlümün aynası, anamın laylası,

Bu dağlar, bu bağlar, nəğməli bulaqlar,

Nə doğma, nə şirin,

elimin, yurdumun musiqi naşiri,

bu günü dünənə bağlayan qara bağ,

Qarabağ, Qarabağ!

Sən odlu baxışdan, qayadan, naxışdan,

Ovsunlu söz üzən Vaqifin sözüsən.

Sən dərdi qaralmış, bəxtini qar almış

Bir şair ananın ağlayan gözüsən.

Sən Dədəm Qorqudun qırx dilli qobuzu,

Sən dədəm dağların başında qor buzu,

Müqəddəs suların dilində nəğməsən.

Sən ağır günümdə ağrımı bölməsən,

Ovutmaz sinəmi nə bəndə, nə Allah,

Qarabağ, Qarabağ!

Mənim ilk nənnimi oxudu Daşaltı,

Çəmənin döşəyim, çiçəyin başaltım,

Səsini dinlədim, ürəyim boşaldı,

Beşiyim Qarabağ, məzarım Qarabağ,

Talemə yamanan soyuğa, qara bax.

Qarabağ, Qarabağ!

Günahsız bir qızın bəxtini çaldılar,

Bir nakam aşiqi çöllərə saldılar,

Bəlalı sevdadan bir nəğmə çaldı tar,

Bir nəğmə çaldı tar, dağlar mat qaldılar.

Dağları mat qoyan səsləri yaşatdı

Nəğməli ellərin musiqi muzeyi,

Bir gün də onları döşürüb

Notlara çevirdi Üzeyir.

Elimin musiqi yükünü

dünəndən sabaha daşıyan araba,

Qarabağ, Qarabağ.

Biz sənin qoynunda yer verdik yadlara,

O gündən bəxtinə həkk oldu zil qara.

Quşların susdular, bulaqlar ağladı,

Yüz illik ağaclar qaralar bağladı.

İçinə çəkildi Azığın kahası...

Gec, ya tez hər şeyin verilir bahası.

Çaldı öz surunu İlhamın ordusu,

Rus qaçır dörd ayaq, erməni qan qusur.

Türk gəlir, qaç qurtar, sonundur, ey yağı,

Ərənlər gətirir üçrəngli bayrağı.

İşğalın tifaqı qalacaq xaraba,

Küllüyün altından boy verir Qarabağ!

Başlayır yeni çağ,

Bu yerlər yenə də gülüstan olacaq!

 

21.10.2020

Tovuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!